Akademik Teymur Bünyadovun 90 illiyinə həsr olunan elmi sessiya
keçirilib
Görkəmli tarixçi-etnoqraf alim,
əməkdar elm xadimi,
“Şöhrət” və
"Şərəf" ordenləri
laureatı, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin
müdiri, akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda
elmi sessiya keçirilib. Tədbirdə millət vəkilləri,
elmi ictimaiyyət, SEBA
Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının
Azərbaycan nümayəndəliyi,
Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri
və digər şəxslər iştirak
ediblər.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək
son illərdə Azərbaycan
arxeoloqlarının və
etnoqraflarının dünya
elminə verdiyi töhfələrdən, ölkə
rəhbərliyinin Azərbaycan
elminə göstərdiyi
diqqət və qayğıdan danışıb.
Qeyd edib ki, Teymur
Bünyadovun nümayəndəsi
olduğu alimlər nəsli Azərbaycanın
müstəqillik ideyasının
formalaşmasında və
qorunmasında müstəsna
rol oynayıb.
Sonra Arxeologiya
və Etnoqrafiya İnstitutunun
direktoru, tarix üzrə
elmlər doktoru, professor
Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim
Teymur Bünyadov” mövzusunda məruzə ilə
çıxış edib. O,
çıxışında akademik T.Bünyadovun həyat və
yaradıcılığından, milli
kadrların yetişdirilməsindəki əvəzsiz rolundan söz
açıb. Sessiyada millət vəkilləri - Fəttah Heydərov, Ziyad Səmədzadə, Milli
Azərbaycan Tarix Muzeyinin
direktoru, akademik Nailə
Vəlixanlı, professorlar - Qəzənfər
Paşayev, Şirindil
Alışanov, şair Nəriman Həsənzadə
və digərləri çıxış edərək
yubilyarı təbrik edib, xatirələrini
bölüşüblər. Sonda akademik Teymur Bünyadov çıxış edərək
tədbirin təşkilatçılarına və
iştirakçılarına öz minnətdarlığını
bildirib. Sessiya öz işini bölmə
iclasları ilə davam etdirib.
Xalq
Cəbhəsi.- 2018.- 8 fevral.- S.13.