Beynəlxalq muğam
festivalı Cümhuriyyətin 100 illiyinə həsr olunacaq
Qədim
və zəngin milli musiqi sənətimizin
yaşadılması və
təbliği baxımından
əhəmiyyətli layihələrdən
olan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı bu il martın
7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının təşkilatçılığı
ilə beşinci dəfə gerçəkləşəcək.
Bu barədə Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib.
Ölkəmizdə 2009-cu ildən keçirilən festivalın hər dəfə önəmli hadisəni ehtiva edən mövzuya həsr olunduğunu deyən F.Əlizadə builki festivalın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr ediləcəyini vurğulayıb.
Qeyd edib ki, festival bundan sonra 3 ildən bir təşkil ediləcək: “Buna səbəb iki ilə yeni nəsil xanəndə yetişmir. Mərhələli şəkildə yeni tərzlər formalaşmalıdır. Ənənələrdən danışarkən diqqətə çatdırım ki, festivalın formatını genişləndirmişik. Birinci festivaldan üzü bəri ənənənin davamı olaraq 7 muğam hər axşam Beynəlxalq Muğam Mərkəzində səsləndiriləcək. Festivalın açılış konserti Heydər Əliyev Sarayında martın 7-də baş tutacaq. Əməkdar İncəsənət Xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə, həmçinin bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından uzun illərdir səslənməyən ariyanı daxil etdik”.
Festivalın bölgələrdə də
keçiriləcəyini bildirən F.Əlizadə deyib: “Həmişəki kimi
simpoziumun rəsmi
açılışı Milli Azərbaycan
Tarixi Muzeyində olacaq.
Daha sonra tədbir iki gün Gəncədə
davam edəcək. Martın 8 və 9-da qonaqlar Gəncədə inşa
edilən yeni filarmoniyanın binası ilə
tanış olacaqlar və orada
muğam konserti təşkil
ediləcək. Daha sonra
Bakıya qayıdacaqlar və paytaxtda hər
axşam Muğam Mərkəzində
muğam dəsgahları səsləndiriləcək.
Bundan əlavə, proqrama
Ü.Hacıbəylinin “Koroğlu”
operası, Marionet Teatrının “Leyli və Məcnun”, Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bəstəkarın
“Yeddi gözəl” baletinin
tamaşaları da daxildir.
Bəstəkarın yubileyi ilə əlaqədar
festival çərçivəsində məruzələr
təqdim ediləcək. “Muğam sənətində
azərbaycançılıq məfkurəsi” və “Qara Qarayevin əsərlərində
muğamın təcəssümü və izləri” əsas mövzular olacaq. Festival
günlərində, həmçinin Musiqili
Teatrda “O olmasın, bu
olsun” tamaşası, Akademik
Milli Dram Teatrında
ötən ilin may
ayında UNESCO-da nümayiş
olunan “Nəsimiyə ithaf”
layihəsinin Bakı premyerası, R.Behbudov
adına Mahnı Teatrında Mircavad Cavadovun “Cəngi” qrupunun konserti, Müslüm Maqomayevin “Şah
İsmayıl” operasının tamaşası qonaqlar üçün təqdim
ediləcək”.
Xalq Cəbhəsi.- 2018.- 10 fevral.-
S.16