İfası UNESCO-nun xətti
ilə vala yazılan ilk
azərbaycanlı musiqiçi
Fevralın 12-də anadan olmasının
107-ci ildönümü tamam
olan görkəmli tarzən, muğamların
mahir ifaçısı,
Xalq Artisti Bəhram Mansurovun bənzərsiz sənət
dünyası, qoyduğu
irs bu gün
də yaşayır və neçə-neçə
gənc tarzənin yetişməsinə təkan
verir, onlara yol göstərir. Klassik Azərbaycan muğamlarının qorunub
saxlanmasında və təbliğində böyük
xidmətləri olan Mansurovlar sülaləsinin
nümayəndəsi Bəhram
Mansurov 1911-ci il fevralın 12-də
Bakıda anadan olub. Bütün Mansurovlar kimi
o da İçərişəhərdə
boya-başa çatıb.
Mansurovların musiqi aurası
Bəhramın peşəkar
tarzən kimi püxtələşməsində böyük rol oynayıb. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meyilini
görüb deyərdi:
“Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin
qanındadı”. Ata yanılmadı. Zaman onun
nə qədər haqlı olduğunu göstərdi.
Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı
Alətləri Orkestrinə,
daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan
Dövlət Şərq
Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti
oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli,
Hüseynağa Hacıbababəyov,
Əlövsət Sadıqov,
Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə
Muradova, Sara Qədimova,
Əbülfət Əliyev,
Gülxar Həsənova,
Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət
Məmmədova, Baba Mirzəyev
və başqa sənətkarları müşayiət
etdi.
Bəhram
Mansurov ilk azərbaycanlı
musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”,
“Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah”
ilk dəfə UNESCO-nun xətti
ilə vallara və CD-lərə yazılıb, bütün
dünyaya yayılıb.
Bəhram Mansurov 1978 və
1983-cü illərdə Səmərqənddə
keçirilən Beynəlxalq
Muğam Simpoziumunda Azərbaycanı təmsil
edib. Görkəmli
tarzən 54 il
Opera və Balet Teatrında çalışıb,
muğam operalarında
xanəndələri müşayiət
edib. Onun ifasında olan
bütün muğamlar,
dəraməd, diringə,
təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan
musiqiçisi, tarzən
Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib. Xalq Artisti Bəhram Mansurov 1985-ci il
mayın 14-də, ömrünün
75-ci ilində vəfat
edib.
Xalq Cəbhəsi.- 2018.- 13 fevral.-
S.16.