“Qeser” dastanı və etnik-mədəni,
tarixi-coğrafi mühit
3-cü yazı
Miladdan öncə II minillikdən başlayaraq m.s. I minilliyin
sonunadək davam etmiş “xalqların böyük
köçü” tarixində semit-hamitlərlə,
hind-avropalıların şərqə, öntürklərin:
etruskların, massaqet-sakların, hunların, oğuzların,
qıpçaqların, fin-uqorların qərbə yayılmaları
ilə bunların maddi-fiziki görünüşlərində,
mənəvi-ruh aləmlərində ciddi dəyişikliklər
yaranır. Tayfaların, tayfa birliklərinin
siyasi-hərbi təzyiqlərə görə yerdəyişmələri
öz qapalı maddi-mənəvi dünyalarında da baş
verir. Bəzən bu cür
qarşıdurmaların gərginliyindən bunlar məcburiyyət
qarşısında min kilometrlərlə uzaqlara – tamamilə
yad maddi-ruh aləminin içərisinə köç etmək
məcburiyyətində qalırlar. Kökləşmiş
tarazılıqlı hal nə qədər özünü yad
mühit əhatəsində qoruyub müdafiə etsə də,
okeandakı ada kimi, böyük qitə - qədim dünya, ata
yurd ilə əlaqələri istər-istəməz zəifləyir,
tədricən hər cəhətdən aşınmaya
uğrayır. Belə vəziyyət zəif
də olsa əvvəlki yüzilliklərdə bənzəri səbəblərə
görə köç etmiş eyni irqi-etnik, mədəni
dünyanın davamçıları ilə münasibətlərdə
də yaranır. Bunun da əsas səbəbi
yeni qonşuların öz irqi-etnik dünyalarından
olmasına baxmayaraq, zaman və məkanın təsiri nəticəsində,
daha qədimlərdə oxşar taleyi yaşamaqla nisbətən
də olsa ortaq dəyərlərdən itirmələridir.
Lakin belə vəziyyətdə təzadlı
hal yaranır. Bir tərəfdən, əgər
yeni gələnlər artıq kökləşmişlərə,
ortaq dəyərlərdən itirənlərə, ata yurddan təzə
ruh, güc verici maddi-mənəvi hava gətirirlərsə,
digər tərəfdən də əvvəlkilər yad
mühitdən aldıqlarını bunlara verməklə, yeni
gələnləri hər cəhətdən “zədələyirlər”.
Yenə də bütün “itkilərə”
baxmayaraq, həm əvvəlkilər, həm də sonra gələnlər
etnik-genetik dünya üçün siyasi-mədəni cəhətdən
bir-birlərinə çatışmayan tərəflərdən
kömək edirlər. Bunların bir-birində
çatışmayan cəhətləri tamamlamağı ilə
əvvəlkilər, gələcəkdəkilər
üçün hərtərəfli zəmin
hazırlayırlar. Massaget-sakların əvvəlki
yüzilliklərdə fədakarlıqları olmasaydı
hunlar 20-30 ilə bütün Avropanı təsir altına
alıb itaətdə saxlaya bilməzdilər. Çünki zəif də olsa, massaget-saklar öz maddi-mənəvi
varlıqlarını həmin ərazilərdə qoruyub
saxlamışdılar. Hunlar da öz
növbələrində avarlar, bulqarlar üçün yol
açmışdılar. Bunlardan da sonra
Avropada, tarix səhnəsində oğuzlar (quz, peçeneq),
qıpçaqlar (kuman, poloves) özlərini güvənli
hiss edirlər. Səlcuqların Asiyanın
cənubi-qərbindəki üstünlükləri
monqol-tatarların həm Avropada, həm də Asiyadakı fəthlərini
asanlaşdırır. Çünki eyni etnik-genetik
dünyaya aid tayfalar, xalqlar arası yuxarı təbəqədə
gedən siyasi-hərbi çəkişmələrə
baxmayaraq, kütlələr qədim ortaq dəyərlərin
təsiri nəticəsində tez bir zamanda birləşirlər,
qalib xana, xaqana tabe olurlar, keçmişlə həmin
dövrün əlaqəsi qırılmır.
Oğuz
türkləri mənbələrə görə m.ö. III, m.s. V əsrdə Ural dağlarından şərqdə,
VIII əsrdən başlayaraq isə Qara dənizin şimal ərazilərində,
Balkan yarımadasında yaşayıblar. Oğuzlar
həm də Ordosda, Xuanxe (Sarı) çayının sahillərində
aid olduqları irqi, etnik-genetik dünyanın mərkəzində
öz varlıqlarını göstəriblər. Tayfanın, tayfalar birliyinin aid olduğu etnik-mədəni
dünyanın və tamamilə yad mühitdə öz
varlıqlarını necə qorumalarını müəyyənləşdirmək
üçün Ordosdan məlum olan oğuzlardan alayuntlu,
alayontluların taleyinə nəzər yetirmək yetərli
olardı. Oğuzların Ordosda
olduqları yüzilliklərə yaxın zamanda, IV-V əsrlər,
qonşu ərazi Amdoda (Qərbi Tibet), mənbələrin
verdiyi məlumatlara görə, qyan tayfasından olan türk mənşəli
Qeserin nəsilləri də öz xanlıqlarını
yaradırlar. Həmin dövr
üçün diqqəti çəkən məqamlardan biri
də Ordosdaki türkyutların 639-cu ildə seçilmiş
yeni xanı Aşina Sımonun törələrə görə
yox, şəxsi istedadına əsasən seçilməsi və
onun görünüşdə qərb (avropalı)
xalqlarının insanlarına bənzəməsidir. Çinlilər də 9 oğuzların, uyqurların
daha çox avropalılara bənzədiklərini qeyd edirdilər.
Verilmiş tarixi məlumatları müqayisədə
məqsəd Qeserin milli mənşəyinə -
türklüyünə, monqolluğuna, tibetliyinə haq
qazandırmaq deyil, ural-altay dünyasının qədim
birliyinə, həmin səviyyənin qərb aləmində -
yad mühitdə qorunub saxlanması inkişafına diqqəti
yönəltməkdir.
Alayantlı,
alayontlu kimi “Oğuznamə”də təqdim olunan qəbilə
birləşməsi alaçı, alak-bulak, bulakat, alka-bulak, alan, alaçin kimi adlarla tanınır. Çin qaynağında bu tayfaya bo-ma (ala-at) da
deyilir. Qədim türklər bunları
alat, ala-at da adlandırırmışlar. Türklərdə
də əski inanclara görə alnındakı
(qaşqasında) böyük ləkələrə görə
atlar güclü və uğur gətirən
sayılırmış. VII əsrdən
başlayaraq həmin tayfa türk etnik birliklərinin –
oğuzların tərkibində qərbə doğru
köç etməyə başlayır. Yəqin
ki, Balkan yarımadasında (Bolqarıstanda) bu gün də
öz varlıqlarını göstərən pomaklar - boma
(slavyanlaşmış türklər) tayfası, Azərbaycanda
(Abşeron) Ələt (ala-at) yaşayış məskəninin
adları, həmin bomaların (ala-at) bulqar, avar, oqur, oğuz
tayfalar birliyi daxilində bu ərazilərə yerləşmələri
ilə yaranıb. Əgər tele tayfalarından telengitlərlə
uyğun adlanan tilingitlərin (yəqin ki, yakutların,
üç-kurıkanların, uryanxayların tərkibində
şimala köç ediblər) Alyaskada da var olmaları diqqətdə
tutulsa, onda buradakı aleut tayfaları ilə
alat, ala-atların mənşəcə yaxınlıqları
yaranır. Həmin tarixi-coğrafi inkişaf əlaqəsi
cəhətdən “Qeser”in unqin-alar mətninin və
böyük buryat tayfalarından alarların adları ilə
Azərbaycanda Alar (Cəlilabad) yaşayış məskəninin
adı arasındakı yaxınlıq təsadüfi deyil, yenə
də hülakilərlə əlaqəlidir. Bəlli olur ki, öz qapalı etnik-genetik
dünyasının daxilində, yad mühitdən fərqli
olaraq, zaman və məkan çərçivəsində
böyük itkilər yaranmır.
Çingiz xan taycuitlərə qalib gəldikdən sonra
Kuba-Kaya ətrafında yerləşib qışlayır. Buradan da Qafqaz
dağlarının şimalında və cənubunda məlum
olan Quba (Azərbaycan), Qayakənd, Kubaçi, Quba
(Dağıstan) yaşayış məskənlərinin mənşəyi
məlum olur. Altay dastanı “Altay-Buuçay”ın fərqli
mətnlərindən birində (Ç.Alaqozovun) baş qəhrəman
Altay Kuuçunun (qu quşu əcdadlı)qadını
Erme-Çeçen, bacısı Erke –Çeçen
adlanırlar. Şimali Qafqaz xalqlarından
özlərini “noxçi” adlandıranlara çeçen
deyilməsi də yəqin ki, türklərin təsiri ilə
yaranıb. Halbuki, “noxçi” də “nox” (Nuh,
Naxçıvan, Enox (Ənnux) Şumerli hökmdar – tanrı ) və “çı” hissələrindən
ibarət olmaqla yenə də türkcədir.
Qərbi Azərbaycanda Ələyəz (Alagöz)
dağının adı da, böyük ehtimalla, eleqes monqol
tayfasının adının tarixiləşməsidir. Q.N.Potaninin
altay dastanlarını yazıya aldığı
dastançı Alaqozov Çımıyın soyadı da qeyd
edilən eleqes tayfa adından yaranmadır. Ağbabada, Borçalı da Əlləz
adının, soyadının varlığı da həmin
tayfa ilə əlaqəlidir. Bunu həmin
dağın qərb yamacında yerləşən Bürakan
yaşayış məskəninin adı da təsdiqləyir.
Adın yaranması birinci halda Toğrul,
Çağrı, Buğra bəylərin XI əsrin əvvəllərində
Bağdada yerləşmədən öncə kəşfiyyat
üçün yağma hərəkatları ilə buralarda
olduqları zamanla, Buğra xan ilə əlaqəlidir. İkinci halda hunların, göy türklərin, xəzərlərin
IV-XI əsrlərdə həmin ərazilərdə daimi var
olmaları nəticəsində inanc səviyyəsində
“böru kan”, “kan börü” (əcdad əfsanəsi, günəş
üzlü qurd) təsəvvüründən şəkilləşib.
Göründüyü kimi, iki min il əvvəl Qeserin vətəni
Amdoda, Ordosda monqollar, çinlilər, tibetlər, türklər
tərəfindən yaradılmış ortaq etnik adlar özlərini
7-9 min kilometr qərbdə də olduğu kimi qoruyub tarixiləşdirib.
Həmin tarixi-etnik inkişaf xüsusiyyəti
daha qədim dövrdə massaget-saklar, etrusklar vasitəsi ilə
də özünü göstərib. Buna
görə də qədim dünyanın maddi-siyasi, mənəvi-ruh
tarixi yenidən oxunub qiymətləndirilməlidir.
Ə.Əsgər Z.V.Toğana istinadən və müstəqil
fikir olaraq müasir dövrdə Azərbaycanın
şimali-şərqində yaşayan uyqur tayfalarından
padarları monqol-tatar siyasi birliyinin tərkibində
görür, bunların bəzi bölgələrdə
(Zaqatala) muğal, moğol adlanmalarını qeyd edir. Eyni səviyyədə Təkləli,
Muğanlı tayfa adlarının Şimalı Azərbaycanda,
Borçalıda, Qərbi Azərbaycanda, Qarsda və s. yerlərdə
geniş yayılmasını Monqolustanın cənubi-qərb,
Türküstanın şimali-qərb ərazilərindəki
Təklə-Məkan, Muğan çölləri ilə əlaqəlaqələndirir.
Çağatay türklərinin Babur Şahın
başçılığı altında XV əsrin sonu, XVI əsrin
əvvəllərində Hindistanda qurduqları türk
imperiyasına Moğollar (monqol adının təhrif
olunmuş şəkli) deyilməsi də türk, monol tayfalarının
siyasi çıxarlara baxmayaraq mənəvi-ruh cəhətdən
dünyanın hansı yerində olurlar-olsunlar daimi,
ayrılmaz olduqlarını göstərir. Bayat,
bayandır oğuz tayfalarının mütəxəssislərin
çoxu tərəfindən monqol əsilli qəbul etməsi
də işin mahiyyətini dəyişmir. Buryat-xorin tayfasının toteminin (onqon) qu quşu
olmasını S.B.Sidendambayev ortaq əcdad, törəyiş
anlayışı kimi türklərə aid etməklə belə
izah edir. “Göründüyü kimi,
türklərin Mərkəzi Asiyada hökmranlıqları ilə
əlaqəli xorinlər uzun müddət yaxın,
asılı vəziyyətdə olublar. Qarşılıqlı
qız alıb-veriblər”. Yaxud da xorinlərin
ilk əcdadı sayılan Xoriday haqda əfsanədə o, qu
quşu surətində olan qızla evlənir, bundan 11 oğlu
olur. Bunların da iki hissəyə bölünərək
qalzutların, xarqanayların və 11 xorin tayfasının
yaradıcıları, başçıları olmaları, bəllidir
ki, türklərdə börüdən doğulmuş 10
qardaşdan birinin qu quşuna çevrilməsi əfsanəsinin
təhrif olunmuş şəklidir. Müasir
tuvalarda Kuular soyadının yayqın olması da həmin əcdad
əfsanəsinin, genetik birliyin canlı qalmasıdır.
Beləliklə, ural-altay xalqlarının qədim
etnogenetik maddi-mənəvi birliyi nəticəsində
dünya şifahi söz sənətinin ən möhtəşəm
dastanlarından “Qeser” yaranır.
Qeser haqda avropalılara ilk məlumatı 1772-ci ildə məşhur
səyyah, tədqiqatçı, təbiətşünas və
tarixçi Pyotr Simon Pallas vermişdir. Şərqi
Sibirə səyahəti zamanı, o, Monqolustanda Maymaçon
(Altan - Bulak) şəhərində Qeserə yüksəldilmiş
məbəd ilə rastlaşır. Məbəd
haqda ətraflı məlumat verdikdən sonra Qeseri Pallas
"şərq tatarlarının Vakxı (Dionis), Heraklı
adlandırır", eyni zamanda onun haqda geniş əsərin
mövcud olduğunu xəbər verir. Qeser
haqda ikinci məlumat V.Berqman ilə əlaqəlidir, o,
folklorşünaslıq tarixində dastanın kalmıklardan
eşitdiyi VIII, IX hissələrini (boy) 1804-cü ildə alman
dilinə tərcümə etməsi ilə tanınır.
Tahir Nəsib
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2018.- 13 fevral.-
S.14.