“Hətta su ilə çörək də
yesəm, o seriallara çəkilmərəm”
Səidə
Quliyeva: “Ailəsini sənətinə qurban verən
adamları heç cür qəbul etmirəm”
Akademik
Milli Dram Teatrının aparıcı səhnə ustası,
xalq artisti Səidə Quliyevanın APA-ya müsahibəsi
- Səidə
xanım, dediniz, radioda “Bulaq” verilişinin səsyazmasından
gəlirsiniz. Vaxtilə populyar olan bu verilişə
indi qulaq asanların sayı çoxdurmu, reaksiyalar olurmu?
-
Artıq 15 ildir, “Bulaq” verişi ilə əməkdaşlıq
edirəm. Məhluqə Sadıqova
dünyasını dəyişəndən sonra çox
böyük müsabiqə oldu. Təsəvvür
edin, radio və televiziyanın diktorları da həmin
müsabiqəyə qatılıbmış. Mənim də xəbərim yox. Elə
oldu, məni də dəvət etdilər və İlham
Əsgərovla bir yerdə mətn oxumağımız qəbul
olundu. Bu veriliş mənim
üçün çox doğmadır. İstərdim,
məşqlərə, çəkilişlərə də
eyni həvəslə gedim. Özü də
reaksiyalar həddən artıq çoxdur. Xaricdən o qədər
adamlar zəng edir ki... Kanadadan, Finlandiyadan, İsveçdən,
İrandan azərbaycanlılar zəng edir, xoş sözlər
deyirlər. Hətta İlham Əsgərovla bizə
şeirlər də yazırdılar. İlhamdan
sonra on gün verilişi ağlaya-ağlaya yazdım.
-
Verilişin mətnlərini əvvəllər Mövlud
Süleymanlı yazıb. İndi kimlər yazır?
- Tahir Talıblı radioda xalq
yaradıcılığının baş redaktorudur. Həm də
“Bulaq” yazır. Ondan başqa Əhməd
Oğuz, Ənvər Çingizoğlu çox gözəl
yazırlar. Biz indi də Mövlud
Süleymanlını yad edirik, ondan sitatlar çəkirik.
Mənim üçün böyük məktəb
olan “Bulaq”ın təməlini Mövlud Süleymanlı qoyub.
- Yolda məşhurluqla
bağlı söhbətimiz oldu. Bəzən məşhur
aktyorlar da deyir ki, artıq bizi tanımayan nəsil yetişir.
Sizi də tanımayanlar çoxdur?
- Şükürlər olsun, bu gün şəhərdə
olanda, məclisə gedəndə hətta uşaqlar da məni
tanıyır.
- Seriallar
tanıdıb...
- Əlbəttə. Məni indiki nəslə teatr
tanıtmayıb. Teatrla gəncliyimdə öz
yaşıdlarıma, orta yaşlı insanlara
tanınmışam. Çünki cavan
vaxtı çox məhsuldar, ardıcıl işləyirdim.
Amma mənə elə gəlir yenə az
iş görmüşəm. İndi gənclər teatra az gəlirlər. Onları cəlb
etmək lazımdır. Ailədə
valideynin teatra marağı yoxdursa, uşağın da
olmayacaq. Mənim oğlum Mədəniyyət
və İncəsənət Universitetinin operatorluq kursunda
oxuyur. Ondan yaxşı həkim olardı.
Amma həmişə çəkilişlərdə
yanımda olub deyə, kinoya həvəsi böyükdür. Həmişə
deyirəm, Fərhadın operatoru olduğu filmdə rol alsam,
xoşbəxt olaram. Aydın məsələdir
ki, bizim evdə yalnız sənət söhbətləri
gedir. Mənim atam o qədər teatr həvəskarı
olub ki, Ələsgər Ələkbərov rəhmətə
gedəndə dedi ki, bir də o teatra gedə bilməz. Yəni Ələsgər Ələkbərova matəm
saxlayırdı. Mənim ürəyimdə
teatr sevgisini valideynlərim yaradıb.
- Amma sənədlərinizi
universitetə verəndə razı olmayıblar...
-
Atamın yanında söhbət gedə bilməzdi ki, qız
uşağı aktrisa olsun. Anam mənə
kömək etdi. Ona çox minnətdaram.
İnstituta girəndə dayağım o idi.
İnstitutda Ədil İsgəndərovun kursunu
bitirdim. Ədil müəllim üç il
məni aktrisa kimi qəbul etmədi. Çünki
utancaq və gərgin idim. İndi də mənim
sinif yoldaşlarım deyir ki, Səidə, sən necə
aktrisa oldun? Çox məşhur insanlarla
bir yerdə oxumuşam. Ramiz Novruz, Nurəddin
Mehdixanlı, Bəxtiyar Xanızadə, Rafiq İbrahimov, Şəfəq
Əliyeva ilə tələbə yoldaşı olmuşuq. Mən Akademik Milli Dram Teatrına Nurəddin
Mehdixanlı ilə bir gündə işə qəbul
edilmişik. O vaxt gur saçlarım, hündür boyum
var idi.
“Milli bomba” filminə çəkiləndə Vaqif
Mustafayev təklif etdi, mən də onun sözü ilə
saçlarımı kəsməyə məcbur oldum. Anam görəndə
ağladı. Evlənən gündən
yoldaşım deyib ki, saçını uzun-qısa kəs, mənim
üçün fərqi yoxdur, amma rəngini dəyişmə.
Mən də saçımın rəngini dəyişmirəm,
ona verdiyim sözə sadiqəm. (Gülür).
Həmişə demişəm ki, ailəsini sənətinə
qurban verən adamları heç cür qəbul etmirəm.
- Sizi
Vaqif Mustafayevin filmlərindən sonra kəşf edənlər
də olub...
- Vaqif
Mustafayev “Space”yə prezident gedəndə onu təbrik etmədim.
Bir dəfə dedi, hamı məni təbrik elədi, səndən
başqa. Dedim, hə, etmədim. İstəmirdim
Vaqif Mustafayev “Space”yə rəhbər getsin. Çünki o, dünya səviyyəsində olan,
dünya kino standartına uyğun gələn rejissordur.
Mən onun aktrisasıyamsa, istərdim, onun filmlərində
yenə çəkilim, daha məşhur olum. Amma Vaqif
müəllim gedib oturdu “Space”də...
- ... ziyanı da sizə dəydi?
- Nəinki
mənə, bütün Azərbaycana dəydi. Televiziya
onun vaxtını çox alır, oturub orda, film çəkmir-eləmir.
O vaxt deyirdi, filmlər çəkəcəm, narahat olma. İndinin özündə də deyir, dörd filmim
var, Səidə, dördündə də varsan. Allah ömür versin, təki istədiyi filmləri
çəksin. Bircə onu bilirəm, məni
kino tərəfdən Vaqif Mustafayev kəşf edib.
-
Özünü təsdiq edən aktyorların epizodik rollarda
çıxış etməsi məsələsinə toxunmaq
istəyirəm. Aktyorlar arasında belə bir yazılmayan
qanun varmı ki, müəyyən yaşa və titula sahib olandan
sonra epizodlarda görünmək ayıb sayılsın...
- Əksinə. Şəxsən mən tamam fərqli
düşünürəm. Bunu bəyan
edirəm ki, bu gündən sonra epizod oynayacam.
“Xanuma” tamaşasında mənim rolum balacadır. Amma yaddaqalan
obrazdır. Demirəm ki “salam-sağ ol”
kimi epizodlarda çıxış edəcəm. Yox! Xarakteri olan epizodlarda görünmək istəyirəm.
Baş rol oynamaq istəmirəm.
- İnanım səmimiyyətinizə?
-
İnanın!
- Niyə,
imkanlarınız tükənib, yoxsa özünüzə əmin
deyilsiniz?
- Bəli,
mən bu gün teatrda özümə əmin deyiləm. Çünki problemlərim var. Məsələn, təzyiqim
olur. Şəkərəm. Bir dəfə
“Anamın kitabı” tamaşasında oynayırdım, təzyiqim
çox qalxdı. Onundan sonra məndə
fobiya yarandı. Amma mənim bu etirafım
tükənmək kimi anlaşılmasın.
- Tükənmək
nədir sizin üçün?
- Tükənmək
səhnədə yükü çəkə bilməməkdir.
Sürünə-sürünə, nəfəsim
darala-darala baş rolda oynamağı özümə rəva
bilmərəm.
- Sənətdə
sizi tənqid edənlər çox olub?
- Daha
çox tərifləyiblər məni. İnanın
səmimiyyətimə. Bütün
rejissorlarla işləmişəm. Deməli,
inanıb dəvət ediblər.
- Akademik
Milli Dram Teatrında xasiyyətcə çətin, “kapriz”li
aktrisalar kimlər olub?
-
Hökumə Qurbanova. Çox “kapriz”li idi.
O qədər ki, arxivində bu günə qədər
materialı yoxdur. Jurnalistlərə müsahibə
vermirdi, çəkilişlərə getmirdi. Hamısını başından edirdi. Onun kimi böyük sənətkar haqqında normal
materiallar yoxdur ki, adamlar daha yaxından tanısınlar.
Yaxud Nəcibə Məlikova. O da “kapriz”li aktrisa idi. Rahat insan idi Ətayə Əliyeva. Azərbaycan
teatrının ana simvolu... Bilirsiniz, necə
gözəl aktrisa idi? Vaqif Səmədoğlunun
“Yayda qartopu oyunu” tamaşasında onunla bir yerdə oynadıq,
mən bildim tərəf müqabili olmaq nə deməkdir.
- Sirr
deyilsə, maddi vəziyyətinizdən
danışmağınızı istərdim...
- Hamı
necə, mən də elə. Şikayət etməyi
sevmirəm, qənaətlə yaşamağı bacarıram.
Azərbaycan aktrisası necə dolanırsa, mən
də elə dolanıram. Bilirsiniz ki, Azərbaycanda
qonorar çox aşağı səviyyədədir. Son vaxtlar çəkilən serialların heç
birində yoxam. Heç çəkilmək
fikrində də deyiləm. Hətta su ilə
çörək də yesəm, o seriallara çəkilmərəm.
Bax, bunu birinci dəfədir deyirəm: ayaqqabım su çəkib,
pulum olmayıb, amma o səviyyəsiz filmlərə getməmişəm.
Təkliflər də olub. Niyə getməmişəm?
Birində rejissor xoşuma gəlməyib, o
birində ssenari. Maddi tərəf də
bizdə heç vaxt yaxşı olmayıb. Elə başa düşməyin ki, çox pula
yıxılanam. Amma zəhmətinin
haqqını istəyən insanları hər zaman yüksək
qiymətləndirmişəm. Olub ki, tələbə
rejissorun filmində pulsuz çəkilmişəm. Bu gün məni seriala dəvət etsələr və
rejissordan, ssenaridən razı olsam, ayı 1500-2000 min manatdan
aşağı çəkilmərəm. Çünki “Aramızda qalsın” serialından bu məbləği
almışam. Bəlkə ondan da
çox. Elə onunla da getdi. Çünki biz onda türklərlə işləyirdik.
Sonra elə oldu ki, onlar getdilər, azərbaycanlılar
gəldi, pul qıtlığı oldu, böhran yarandı,
serial bağlandı. O gündən sonra heç bir
serialda çəkilməmişəm.
- Yəni
təkliflər gəlib, imtina etmisiniz...
- Bəli,
təkliflər gəlib. Hətta “Space”də 6-7
seriyalı filmə çəkildim. Normal
qonorara danışmışdım, bu günə qədər
həmin pulu verməyiblər. Mən də
dayandırdım. Vaqif müəllimin
adı var idi deyə, razılıq vermişdim. Amma pul məsələsi Vaqif müəllimlik yox,
sponsorluq idi. Günü iki yüz manata
danışmışdıq, bu günə qədər 140
manatımı verməyiblər. Hələ pulları az idi, Vaqif müəllimin adına görə
güzəşt elədim.
- İntriqalardan qorunmağın resepti necədir? Yəqin bildiniz bu sualı nəyə
görə verdim...
- Bildim. Bir dəfə də intriqaya düşməmişəm.
Mənim öz fikrim var. Məni öldürsələr
də ki, filan şeyə qol çək, çəkmərəm.
Kampaniyaçılığı sevmirəm.
İnsanları sevirəm, onlarla ortaq məxrəcə
gəlməyi bacarıram. Ailədə də
beləyəm. İntriqa təkcə
teatrda deyil. İntriqa hər yerdə var. Həkimlərin
də arasında var, jurnalistlərin də, müəllimlərin
də. İntriqa olmasa, o həyat,
yaşayış tərzi deyil ki. (Gülür).
- Nuriyyə
Əhmədova ilə bir çox filmlərdə tərəf
müqabili olmusunuz. Necə
xatırlayırsınız onu?
- Nuriyyə
haqqında danışmaq mənim üçün o qədər
çətindir ki... (Sükut). Onun başına gələn bütün hadisələrin
içində olmuşam. Heyf, çox heyf... Nuriyyə çox böyük sənətkar idi.
Nuriyyə ailəsinin qurbanı oldu. İki bala itirən ana idi. Qızı
öldürüləndə biz “Yerlə göy arasında”
filminə çəkilirdik. O film onu xilas etdi. Nuriyyə deyirdi, qızımın əri narkoman idi,
ona görə öldürmüşdü. Amma yox... Orda ad məsələsi olub. Qız
uşağın adını Faiq qoymaq istəyib. Oğlan da başqa ad istəyirmiş. Qısqanclıq olub. Deyib ki, sən
niyə Faiq adını qoymaq istəyirsən, qız da cavab
verib ki, xoşum gəlir. İndi bəlkə
biz bunu adi sözlərlə, adi dillə
danışırıq. Bəlkə
başqa səbəblər olub, deyə bilmərəm.
- Bir az da kitabdan, ədəbiyyatdan danışaq. Nə oxuyursunuz?
- Hər
şeyi oxuyuram. Akademik Güllü Əlibəyli
iki-üç il əvvəl mənə
kitab bağışlamışdı. Bu
yaxınlarda əlimə keçdi, çox böyük
maraqla oxudum. Dünya və Azərbaycan ədəbiyyatını
vaxtilə çox oxumuşam. Mən ikinci
sinifdə “Koroğlu” dastanını oxumuşam. Atam kitabı çox sevirdi, ona görə biz kitab
içində böyümüşük. 5-ci sinifdə Maksim Qorkinin bütün
külliyyatını oxumuşdum. Sonra atam dedi, Maksim
Qorkinin həyatı haqqında gözəl film çəkilib,
ona da bax. Başqa nə deyim? Məsələn, Çexovu çox sevirəm.
Azərbaycan ədəbiyyatından isə
ağlınıza gələn bütün müəllifləri
oxumuşam.
- Sonda nə sözünüz var?
- Allah
oğlumu mənə gec verib. Anaların istəyi
ancaq övladla bağlıdır. Həm də
o arzular tükənmir. Allahımdan
möhlət istəyirəm ki, oğlumun toyunu görüm, nəvəm
olsun.
Xalq Cəbhəsi.-
2018.- 13 fevral.- S.15.