Qara Qarayevin 100
illik yubileyinə həsr olunmuş
tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında xalq artisti Qara
Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA prezidenti, akademik
Akif Əlizadə Qara Qarayevin Azərbaycan musiqinin və bəstəkarlıq
məktəbinin inkişafındakı
rolundan danışıb.
Akif Əlizadə qeyd edib ki, bəstəkarın
yaradıcılığı Azərbaycanda musiqişünaslıq
elmi üçün qiymətli mənbə olub: "Böyük bəstəkar öz təkrarsız və özünəməxsus əsərləri
ilə musiqi tariximizi, musiqi nəzəriyyəçiləri üçün əvəzsiz
tədqiqat imkanları
yaradıb. Qara Qarayev öz
musiqiləri ilə hələ sağlığında
Azərbaycanı bütün
dünyada layiqincə
təmsil edib. O,
yaradıcılığında Azərbaycanın klassik əsərlərinə istinad
edirdi. Onun yaradıcılığının
əzəməti öz
kökünü məhz
milli klassikamızdan götürürdü".
Qara Qarayevin
yaradıcılığı haqqında məruzə ilə çıxış
edən professor Zemfira
Səfərova "Azərbaycan
musiqi tarixi" kitabının üçüncü
cildinin çap olunduğunu bildirib. O qeyd edib ki, kitab
Qara Qarayevin yaradıcılığı ilə
başlayır.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, xalq artisti Firəngiz Əlizadə Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. O, böyük
bəstəkarın tələbəsi
olmaqdan qürur duyduğunu deyib: "Xoşbəxtəm ki, bu böyük insanın təkcə tələbəsi deyiləm,
həm də onunla bir yerdə
çalışmışam. Qara Qarayev insan kimi
yüksək səviyyəli
ziyalı idi. Qara müəllim 110 musiqi əsərinə imza atıb. Onların hər biri əzəmətli, təkrarsız
əsərdir. Onun azad
düşüncəsi öz
yaradıcılığına da nüfuz etmişdi".
Sonda çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə
AMEA rəhbərliyinə təşəkkürünü
bildirib. Nazirin sözlərinə görə, Qara Qarayevin 100 illik yubileyi çərçivəsində
tədbirlər təkcə
Azərbaycanda deyil, dünyanın müxtəlif
ölkələrində də
keçiriləcək. Nazir TÜRKSOY-un bu ili Qara
Qarayev ili elan etdiyini diqqətə
çatdırıb. Həmçinin qeyd edib ki,
Qara Qarayevin yubileyi UNESCO-da da qeyd ediləcək.
Tədbirdə Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim olunub.
Xalq Cəbhəsi.- 2018.- 14 fevral.-
S.16.