“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit

 

Ortaq dünya baxışları, kultlar, inanclar, mənəvi ruh qavrayışlarının dastanlarda əksi

 

4-cü yazı

 

P.S.Pallasın, Y.Klaprotun Qeser haqda verdikləri məlumat, dəyərləndirmə, mifoloji-emosional, bədii-bənzətmə məzmunlu deyil. “Qeser”in monqollar, türklər, tibetlər arasında maddi-mənəvi cəhətdən tutduğu gerçək qiymətləndirmədir. “Qeser” bütünlüklə dünya xalqlarının şifahi xalq ədəbiyyatında nadir dastanlardandır ki, o həm də ural-altay xalqlarının bəzilərində dini məzmunlu, müqəddəs sayılacaq səviyyədə, dəyərdə tutulur. Bu haqda A.David-Neel də yazıb: “Tibetdə, lamalar ölkəsində, eləcə də hər hansı bir digər ölkədə xalq əsərləri mövcuddur, baxmayaraq ki, bunlar dini hisslərlə doludur – ona görə ki, dini ideyalar Tibetdə həmişə hakimlik edir, həm də bu əsərlər Tibetin dünyəvi ədəbiyyatı sayılır.., bunların içərisində ən məşhuru tibetlərin milli epik poeması olan Linqli Qeser haqdakı qəhrəmanlıq dastanlar silsiləsidir”. Qeserin Tibet mənbələrinə görə türklüyü və Orta Asiya mənşəli bon dinini buddaçılığa qarşı qoruyub qalib gələcəyi halda məğlub olması, tərəfdarları tərəfindən əfsanələşdirilərək dini səviyyəyə çatdırılıb. Tarixi cəhətdən də həmin hadisələr VIII əsrin əvvəllərində Çin (Tan imperiyası) – Tibet müharibələri ilə uyğunlaşdırılıb. “Qeser”in qeyd edilən xüsusiyyətlərinə (dini səviyyəli, müqəddəs məzmunlu) ən uyğun gələn dastan “Dədə Qorqud”dur, onun da seçilib xüsusiləşməsini şərtləndirən əsaslar həmin səbəblərdir.

"Qeser"in monqol mətnini rusca 1836-cı ildə və almanca tərcüməsini isə 1839-cu ildə Peterburqda nəşr etməklə, dastanı geniş mənada aşkarlayıb təqdim edən ilk mütəxəssis akademik Y.İ.Şmidtdir. Rusiya şərqşünaslığında, monqolşünaslığında "Qeser"lə maraqlananlara O.M.Kovalevskini, A.V.İqumnovu, yazıçılardan V.P.Parşini, M.A.Zenzinovu da aid etmək olar. A.M.Pozdnev dastanın daha çox tərcüməsiylə, A.A.Bobrovnikov isə onun dilini (qramatika) öyrənmək cəhətdən müsbət əhəmiyyətli işlər görüblər. İlk buryat alimi D.Banzarov "Qeser"ə münasibəti, macar alimi Aleksandr Çoma de Kereş də ilk dəfə dastanın Tibet mətninin var olması haqda məlumat verməyi ilə tanınırlar. Q.N.Potanin "Qeser"in Pekin-monqol mətnini dastana yox, "kitab rəvayətləri"nə, “bensen uligerlər”ə aid edərək onun təhsilli insanlar tərəfindən yaradılmasına diqqəti yönəltməklə, həm də dastanın türklər (uyqurlar) tərəfindən tibetlilərə təsir etməsini müdafiə edir.

Moraviyalı xristian dini təbliğatçısı Franke folklorşünaslıq tarixində "Qeser"in Tibet (Ladak) mətnlərinin toplanması və seçilib uyğunlaşdırılmasında əhəmiyyətli iş görüb. O, seçilmiş parçaları əlaqələndirərək "Yaz əfsanələri (mif)" və "Qış əfsanələri (mif)", "Aşağı Ladak mətnləri"nə bölüb. Franke həm də dastanın, Q.N.Potanindən fərqli olaraq, Tibet mənşəli olmasını müdafiə etməsi ilə tanınır. B.Laufer Franke ilə razılaşmayaraq "Qeser"in tibetlilərin, monqolların, türklərin eyni səviyyədə ortaq şifahi xalq yaradıcılığı incisi olmasını müdafiə edir, həm də monqol başlanğıcını, dolayı yolla da olsa, önə çəkməyə cəhd edir.

Qeyd etmək lazımdır ki, "Qeser"ə XVIII-XIX əsrlərdə toplayıcılar, şərhçilər tərəfindən yanaşma, qiymət vermə əsasən səthi xüsusiyyət daşıdığı üçün (dastana ancaq qədim şifahi və yazılı abidələrə maraq cəhətdən yanaşılaraq, əsasən, haqqında məlumat verilirdi) onlardan sonrakı yüzilliklərin elmi tədqiqatlarının səviyyəsini gözləmək də düzgün olmazdı. B.Y.Vladimirtsov qeserşünaslıqda daha çox dastanı tibetlilərə aid etməsi ilə, monqol mətninin tərcümə olmasını müdafiə etməklə və buryat "Qeser"inin dünya ədəbiyyatı abidələri incisi kimi "İlliada"dan da nəhəngliyini təbliğ cəhətdən tanınıb.

Fransalı səyyah Aleksandra David-Neel də dastanı tibetlilərə aid edir və "Qeser"in nə qədər dünyəvidirsə, bir o qədər də dini mahiyyət, əhəmiyyət daşımasını vurğulayıb. Monqol alimi Sumba-Xambo, hind Sarac-Çandra Das rus Y.İ. Şmidt, ingilislər Çarlz Bell və Cosef Rok Qeseri tarixi şəxsiyyət kimi qəbul etməklə onun hərbi rəhbər olduğunu müdafiə ediblər. Silven Levi də dastanı "İlliada", "Eneida", "Nibelunqlar" və "Roland"la eyni səviyyədə qəbul edib.

S.A.Kozin "Qeser"i ilk dəfə dərin elmi təhlil edərək bunun monqol və tibetlərin ortaq şifahi xalq yaradıcılığı əsəri olduğunu göstərib. İakinf Biçurin Qeseri çinli sərkərdə, Huan - Yuyla eyniləşdirib. Franke və səyyah R.Şou Qeseri birbaşa romalı Sezarla, alman şərqşünası A.Qrünvedel kayzer dərəcəsi ilə, Y.Klaprot çinli sərkərdə Huandiylə, Q.N.Potanin Çingiz xanla eyniləşdiriblər.

"Qeser" dastanının monqol, buryat, tibet, türk xalqları arasında yayılmış çox¬say¬lı fərqli mətnlərinin toplanıb dünya folklorşünaslıq elminə təqdim edilməsində, şübhəsiz, yerli mühitdən, dastanı yaradan xalqlardan çıxmış tədqiqatçıların da xüsusi yeri var. Bunlardan, XX əsrin əvvəllərində əhəmiyyətli dərəcədə fəaliyyət göstərmiş M.Xanqalov, S.F.Jamsarano rus və avropalı tədqiqatçılarla sıx ədəbi yaradıcılıq əlaqələrində olublar.

"Qeser"in tədqiq olunmasında tanınmış mütəxəssislərdən də çox böyük iş görən monqol alimi, akademik S.Damdinsuren olub. O, "Qeser" haqqında folklorşünaslıqda yaranmış bir çox tərəddüdlü məsələləri həll etməklə, bütünlüklə dastanın tədqiqi məsələsində yeni düzgün yol açıb.

Çin Xalq Respublikasında da bu günə qədər "Qeser" dastanının tərcümə edilməsinə, araşdırılmasına böyük diqqət verilir. Burada 2002-ci ildə "Qeser"in 1000 illiyi dövlət səviyyəsində qeyd edilib. Çinin ondan çox universitet, elmi tədqiqat mərkəzində bu gün də çoxsaylı tədqiqatçılar dastan üzərində ciddi araşdırmaları davam etdirirlər. Dünya ədəbiyyatının nəhəng, möhtəşəm dastanı "Qeser" üçün folklorşünaslıqda göstərilən geniş, dərin maraq yəqin ki, hər zaman davam etdiriləcək.

B.S.Duqarov qeyd edir ki, şamançılıq monqol xalqlarının qədim ictimai-mədəni həyatlarında dini-inanc görüşü olmaqdan başqa həm də ümumiliklə onların ətraf mühit haqda təsəvvürlərinin əsasını təşkil edirdi. Tarixlərinin müəyyən dövrlərində bu, onların aparıcı ideologiyaları, dünyabaxışları idi. N.N.Poppe də haqlı olaraq özünün nəşr edilməyən “Buryat-monqol qəhrəmanlıq eposu” (“Buryat-monqolskiy qeroiçeskiy epos”) monoqrafiyasında vurğulayırdı ki, şamançılığı əsaslı surətdə öyrənmədən şifahi xalq ədəbiyyatını, xüsusən də qəhrəmanlıq dastanlarını düzgün tədqiq etmək mümkün deyil. Həmin yanaşma cəhətdən Duqarovun monqol şamançılıq inancları ilə dastan yaradıcılığı ənənəsini ayrılmaz əlaqədə görməsi fikri V.Y.Proppun sehirli nağılların tarixi köklərini qədim ibtidai təsəvvürlərdə, mifoloji – ayinlərin əsaslarında axtarması nəzəri düşüncəsi ilə uyğunluq təşkil edir. Qeyd edilən əsaslara uyğun olaraq da bu yarımfəsildə, ural-altay xalqlarının mifologiyasında şamançılıq inanclarına, görüşlərinə geniş yer verilir.

Bütünlükdə bəşəriyyət tarixinin hərtərəfli inkişafına köklü surətdə təsir etmiş aparıcı azsaylı güclü mədəniyyətlərdən birinin ural-altay xalqlarına aid olması danılmaz gerçəklikdir. Bu fikri maddi və mənəvi dünyalar arasındakı qarşılıqlı, tarazlıqlı əlaqə də əsaslandırır. Dünya xalqları antropoloji cəhətdən üç əsas irqə: sarı-monqol, (ural-altay, sin-tibet və s.); deyilən hind-avropalı; qara-zənci (semit-hamit) bölünüb. Müqayisələr göstərir ki, tarixin hər dövründə sarı-monqol irq digər iki irqin birliyindən həm yaşadıqları ərazilərinin böyüklüyünə, həm əhalisinin çoxluğuna, həm də siyasi nüfuzlarının genişliyinə, təsirinə və iqtisadi ehtiyatlarının gücünə görə üstün olub. Müasir dövrdə də bu böyük fərq dəyişilməz olaraq qalır. Uyğun olaraq da tarazlıqlı səviyyədə üstün maddi-mənəvi gücün arxasında güclü mənəvi-ruh dünyası durur. Bu cəhətdən “Qeser”in dünya şifahı xalq ədəbiyyatının ən nəhəng, qədim dastanlarından biri olması da təsadüfi hal deyil.

XIII-XVI əsrlərdə monqol-türklər bütün Avrasiyanı, Şimali Afrikanı öz siyasi-hərbi, mədəni təsirlərində saxlamaqla Köhnə Dünyanın 70 % -dən çoxuna sahib idilər. Eyni ilə X.Kolumbun, davamçılarının Yeni Qitə deyilən Amerikanı “kəşf” (istila, müəllif) etdiyi və Sibir əsilli qəbul olunan yerli qızıldəriləri kölə vəziyyətinə saldıqları XV-XVI əsrlərə qədər də sarı-monqol irqə bütün dünyanın 90 %-dən çoxu aid idi. Sarı-monqol irqə aid, qeyd edilən, bütün maddi-mənəvi üstünlükləri digər cəhətdən onlara xas dünyabaxışları, inanclar, kultlar, mənəvi-ruh qavrayışları səviyyəsində ortaq genetik-etnik dəyərlərdə də təkrarlanmışdı. Həm də semit-hamit və hind-avropa xalqlarının mənəvi-ruh aləmlərinə güclü təsir etmişdi. Elmi dünyada öntürklərdən qəbul edilən şumerlərin, hurritlərin, etruskların, massaget-skiflərin dünya mədəniyyətinə danılmaz güclü təsirləri də nəzərə alınsa, müdafiə olunan fikirlərin rüşeyim şəklində təməlinin ən qədim dünyada qoyulmasını əsaslandırmaq olar. Ehtimal səviyyəsindən daha çox tarixi gerçəkliyə uyğun gələn həmin əsaslar əhatəsində də keçmiş dünyanın maddi-mənəvi tarixinə yenidən baxış və qiymətləndirmə tələb olunur. Bu cəhətdən A.Donukun fikirləri əhatəliliyi və əsaslılığına görə araşdırılan məsələni xüsusilə dəqiqləşdirib aydınlaşdırır. Ona görə qədim ural-altaylar da cəmiyyəti, ordunu idarə etmədə işlədilən, müqəddəs dəyərdə tutulan, köklü ortaq mənəvi-ruh dəyərlərindən yaranmış maddi-mənəvi yüklü çoxsaylı adlar, terminlər mövcuddur. Siyasi-mədəni əlaqələr nəticəsində bunlar semit-hamit, hind-avropalı xalqlar tərəfindən mənimsənilib, onlara aid mənbələrdə təhrif olunmuş linqvistik şəkillərdə verilib və türksoylulardan yadlaşdırılaraq onların keçmiş tarixini inkara yönəldilib.

 

Tahir Nəsib

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 14 fevral.- S14.