Qarabağ xanlığının ərazisi və təbii-coğrafi mövqeyi

 

3-cü yazı

 

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Qarabağ xanlığında baş verən siyasi prosesləri Azərbaycanın başqa xanlıqlarında da müşahidə etmək olardı. Xanlıqlar arasında gedən çəkişmələr onları zəiflədir, vahid dövlət quruluşunun yaranmasını ləngidir, xalqın sülh və əmin-amanlıq şəraitində yaşamaq intizarını uzadırdı.

Qarabağ Kür və Araz çayları arasında geniş bir ərazini tuturdu. Həmin ərazinin çayların qovuşuğuna yaxın şərq hissəsi ovalıq, qərb hissəsi isə dağlıq idi. Kür-Araz ovalığının bir hissəsi olan Qarabağ düzü şimal-qərbdən Gəncə-Qazax düzənliyi, qərbdən isə Kiçik Qafqazın Murov dağı və Qarabağ silsilələri, cənubdan və cənub-şərqdən Mil düzü ilə əhatə olunur. O, Şirvan düzündən Kür çayı vasitəsilə ayrılır. Dağətəyi hissədə hündürlüyü okean səviyyəsindən 500 metrə qədər yuxarıdır. Səthi zəif dalğavari və terraslıdır. Dağətəyi hissədə relyefi dərə və yarğanlıdır. Qarabağ düzü gil, çınqıl, qum və neft kimi faydalı qazıntılara malikdir. Qarabağ düzünün iqlimi əsasən mülayim, isti və quru subtropikdir. İllik yağıntı az (250-350 mm) olsa da, ərazisindən İncəçay, Tərtər, Xaçın, Qarqar və s. çaylarını keçməsi Qarabağ düzündə əkinçilik üçün əlverişli şərait yaradırdı. Orta dağlıqda vələs-palıd meşələri var. Tarixi Qarabağ vilayətinin mühüm hissəsini Kiçik Qafqazm Qarabağ və Zəngəzur dağ silsilələri təşkil edir. Qarabağ silsiləsi şimal-qərbdə Tərtər çayınm dərəsi ilə Murovdağ silsiləsindən, qərbdən isə Həkəri çayının dərəsi ilə Qarabağ yaylasmdan ayrılır. Yura və təbaşir sistemlərinin çökmə və vulkanik süxurlarından əmələ gəlmiş Qarabağ dağları polimetal filizlər, xromatit, mis, tikinti daşı, mərmər, kəc, əhəng xammalı, gil və s. ilə zəngindir. Mineral su ehtiyatlarına malikdir. Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərq çıxıntısının davamıdır. Dağların hündürlüyü 1400-dən 3740 m.-ə çatır. Dağlıq Qarabağın ərazisini 4 şərti zonaya bölmək olar: yüksək dağlıq zona 1800-3000 m yüksəklikdə olan, əsasən çəmənliklərdən ibarət yaylaq idi; yaylaqların ümumi sahəsi təxminən 37000 ha idi. Bu zonaya ildə 600 mm yağıntı düşür; dağlıq zona 950 m-dən 1800 m-ə qədər yüksəklikdə yerləşir. Bu zonada illik yağıntının miqdarı 400-600 mm-dir. Burada 169000 ha enliyarpaq meşələr var. Başlıca məşğuliyyət maldarlıqdır. Dağətəyi zona 300-dən 950 m-ə qədər yüksəklikdə olan mülayim isti iqlimə malikdir; aşağı zona 150-dən 300 m-ə qədər yüksəklikdə yerləşir və 38000 ha ərazini əhatə edir. İqlimi mülayim istidir, isti yayı olur, illik yağıntının miqdarı 260-300 mm-dir.

Dağlıq Qarabağın torpağı aşağı zonada tünd-boz, bir az yuxarıda qonur, tünd qonur və şabalıdı rəngdədir. Meşəlik ərazidə torpaq tünd boz, qızılı, alp çəmənliklərində torpaq gümüşlə zəngindir. Sərt yamaclarda torpaqda gümüş və duzlar azdır, aranda isə çoxdur. Dağlıq Qarabağdan Turağaçay, İncəçay, Canataq, Qabarlı, Kolatak, Ballıca, Xocalı, Xonaşen, Amaras, Köndələn, Quruçay, Qozlu, Aragül, Dolanlar çayları axır.

Yüksək yerlərdə əkinlərə nadir hallarda rast gəlmək olurdu. İqliminin sərtliyi dağ zonasının sakinlərinə meyvə bağları və üzümlüklər salmağa imkan vermirdi və buna görə onlar yalnız yazlıq və payızlıq buğda, pərinc və arpa yetişdirməklə kifayətlənirdilər. Bu zona rütubətli iqlimi ilə fərqlənir, qısamüddətli və dövri yağışlar yağır, tez-tez duman olur. Yağışlar yalnız yaylaq otlarına əlverişli təsir göstərir, mədəni bitkilərə zərər yetirirdi. Bəzən taxıl əkinləri yetişməyə macal tapmırdı. Tez-tez yağan dolu kənd təsərrüfatında böyük itkiyə səbəb olurdu. Zəngəzur yaylası Tərtər və Arpa çaylarınadək meridian istiqamətində uzanır. Əsasən qranit və qranodioritlərdən əmələ gəlib. Silsilənin qərb yamacları çöl və yarımsəhra bitkiləri, şərq yamacları enliyarpaqlı meşələr (palıd, vələs, göyrüş, ağcaqayın) və subalp çəmənləri ilə örtülüb. Mis və molibden yataqları var.

Rzaqulu bəy Mirzə Camal oğlu Qarabağın təbiəti barədə yazırdı: «Qarabağm dağlıq yerləri və yaylaqları Göycə sərhədlərindən tutmuş Ordubada qədər başdan-başa cənnətə bənzər çəmənlikdir. Yaylaq olmasına baxmayaraq, burada qışda da mal-qara, qoyun, heyvan saxlamaq olur. Bu yerlər də Qarabağ səhrasının qışlaqları kimi çox səlamət olur və qışda mal-qaraya soyuqdan heç zərər toxunmur».

Dağlar düzənliyə tədricən keçir. Onların arasında böyük dərələr var, onlar düzənliyə yaxınlaşdıqca genişlənir, vadilər və çökəkliklər meydana gətirirlər. Bütün bu vadilər və çökəkliklər dağətəyi zonanı təşkil edir. Bu zonanm iqlimi mülayimdir, nə çox quru, nə də hədsiz rütubətlidir. Burada taxıl yetişdirməklə yanaşı, bağçılıq və üzümçülüklə də məşğul olurlar. Bu zonada yetişdirilən bitkilərin növü yerin topoqrafik quruluşundan çox asılıdır, yerin mövqeyi və yüksəkliyi başlıca şərtlərdir. Dərənin günəşli hissəsində bağlar və üzümlüklər yetişdirilir, günəş tutmayan tərəfdə isə yalnız taxıl yetişdirmək mümkün olurdu.

Düzənlik zonada əkinlərin sahəsi suvarma imkanlarından asılı idi. Düzənliyin iqlimi çox qurudur. İstilik yay aylarında gündüz 45 dərəcəyə çatır, bu nəinki mədəni, hətta yabanı otların bitməsinə imkan vermir. Ancaq suvarma qurğuları olduqda bu zonanın torpağı çox məhsuldar olur və isti iqlimə məxsus bütün mədəni bitkiləri yetişdirməyə imkan verir. Rzaqulu bəy Qarabağın aşağı zonasının təbiətindən bəhs edərək yazırdı: «Qarabağ səhralarına gəldikdə demək olar, dağın ətəyindən, Arazın Xudafərin körpüsündən başlayaraq Gəncə sərhədi və Cavad kəndinə qədər olan yerlərin hamısı Arazdan çəkilən arxlann suyu ilə suvarılırdı. Bir tərəfdən Qarqar, digər tərəfdən isə Köndələn çayları axır. Köndələn və Qarqar çaylarının kənarmda Qala təpəsinə qədər böyük bir arxın suyu Qarqar çayına tökülür. Bu böyük arxdan Cavad kəndinə qədər olan məsafə təxminən altı ağacdır...».

Bu zonada yazlıq və payızlıq buğda, arpa, pərinc və çəltik əkilirdi. Çəltiyi əsasən Həkəri boyunca yerləşən kəndlərdə yetişdirirdilər. Düzənlik zonada üzümlüklər, tut bağları, şaftalı, nar, şabalıd, heyva, xurma ağacları çox idi. Düzənlik zonada bütövlükdə taxıl əkinləri az idi, çünki sahələrin çoxunda meyvə və tut bağları var idi. Xanlığın ərazisinə daxil olan geniş Mil düzü ilin çox hissəsi ölü səhra olur və yalnız 3-4 qış aylarında canlanır. Bu zaman elatlar öz heyvan sürüləri ilə bura gəlirlər. Beləliklə, Qarabağ xanlığının ərazisini şərti olaraq 5 iqtisadi zonaya bölmək olar: yaylaqlar, dağ zonası, dağətəyi, aran zona və çöllük.

3 orta zonada oturaq təsərrüfatla məşğul olan kəndlilər yaşayırdı. Birinci və beşinci zonadan tərəkəmə maldarlar istifadə edirdi. Dağ zonası əkinçilik, aran zona bağçılıq, dağətəyi zona əkinçilik və bağçılıq rayonu idi. Dağətəyi zonanın bəzi kəndlərinin sakinləri əkinçiliklə, digər kəndlərin sakinləri isə əsasən bağçılıqla məşğul olduğu üçün tədqiqatçılar oturaq təsərrüfatla məşğul olan kəndləri iki hissəyə - dağ və aran zonasına bölüblər, dağətəyi əkinçi kəndlər dağ zonasına, bağçılıqla məşğul olan kəndlər isə aran zonasına aid edilmişlər. Elatlar qışlaqlardakı qazmalarda yaşayırdılar. Onlar istisnasız olaraq heyvandarlıqla məşğul olurdular. Burada Böyük Kirs, Kiçik Kirs, Murov, Sağsağan, Xonaşen, Ziyarat, Ala qara, Çırçıdağ və çoxlu başqa dağlar var.

Qarabağın dağlıq hissəsini iki zonaya bölmək olar: birinci zona dəniz səthindən 1800-3000 m yüksəklikdə yerləşir və gözəl çəmənliklərlə örtülüb, bəzi yerlərdə çılpaq qayalara rast gəlmək olur. Bu zona maldarların yaylaq yerləri idi. Cidalar, Tozağac, Qızılbulaq, Uzunyan, Daşbulaq, Cabbay, Keşişdağ, Çillik, Qırxqız, Sarıdərə, Sarıbaba, Kəllücan, Qızıldaş və bir çox digər dağlar elatların yaylaqları idi. Bütün bu dağların çox hissəsi meşələrlə, yaxud sıx otlarla örtülü idi və yalnız Mehri-Cüney mahalında çılpaq dərələr vardı. Gülüstan (Talış), Giləbörd, Kolanı, Hacısamlı, Qaraçörlü, Zəngəzur, Sisyan, Güney Mehri, Qafan, Dizaq və Vərəndə mahalları bu zonalarda yerləşirdi. İkinci zona dəniz səthindən 950-1800 m hündürlükdə yerləşir və maldarlıqla məşğul olmaq üçün daha əlverişli idi. Buranın iqlimi mülayim-soyuqdur, yaz və payızı çox yağıntılı olur.

Xanlığın ikinci hissəsi dağətəyi olub, dəniz səthindən 300-950 m yüksəklikdə yerləşirdi. Qarabağ bütün istiqamətlərdə cənub-qərbdən şimal-şərqə doğru axan çayların yaratdığı dərələrlə parçalanırdı. Bu dərələr ovalığa yaxınlaşdıqca genişlənərək vadilər və çökəkliklər yaradırdılar. Dağlıq və düzənlik hissənin iqlim şəraitinə malik olan dağətəyi zona xanlığın nisbətən yaxşı məskunlaşmış əkinçilik-bağçılıq rayonu idi. Üçüncü, düzənlik hissəsi düzənlikdən və çöllükdən (Mil düzü) ibarətdir. Düzənlik Qaraçayın mənsəbindən başlayaraq, Arazda Xudafərin körpüsünədək olan ərazini əhatə edir. Dəniz səthindən 150-300 m yüksəklikdə yerləşən bu rayonda əkinçilik, ipəkçilik və bağçılıq geniş yayılmışdı. Bu hissənin iqlimi daha quru olduğundan kənd təsərrüfatında süni suvarmadan istifadə edirdilər. İyirmi dörd, Cavanşir, 1-ci və 2-ci Kəbirli, Otuziki, Təklə-Müğan, Dizaq-Cavanşir və Arazlar mahalları düzən zonada yerləşirdi. Həkəri, Bərgüşad, Gavundur və Basit çaylarının mənsəbinə yaxın ensiz vadilər var idi. Bütün bu ərazilər məhsuldarlığı ilə fərqlənirdi.

Qarabağ torpağı çox rəngarəngdir: dağlıq zona qaratorpaqdır (Güney Mehri mahalının torpaqları istisna olmaqla, burada torpaq daşlıdır); Həkəri, Çavundur və Basit düzləri istisna olmaqla düzənlik zonada torpaq gilli, qumlu və qismən şorandır. Dağlıq zonalarda iqlim mülayim olduğundan yalnız buğda, arpa, pərinc, kətan və qismən darı yetişdirmək mümkün idi. Düzənlik zona isə isti iqlimə məxsus bütün bitkiləri yetişdirməyə imkan verirdi. İstifadəyə yararlı torpaqlar xanlığın Dizaq, Zəngəzur, Sisyan, Tativ, Çavundur və Bərgüşad mahallarında idi. Xanlığın təsərrüfat həyatında Tərtər çayı böyük rol oynayırdı, düzənlik hissədə Tərtər çayından 140 kəndin əkin sahələri suvarılırdı. Qarabağ silsiləsinin qərb yamaclarından axıb Araza tökülən Həkəri çayının suyundan 33 kəndin tarlaları bəhrələnirdi. Kür çayına tökülən Xaçın çayının suyu ilə bir neçə kənd, Qarqarçay vasitəsilə 42, Bazarçay vasitəsilə 22 kəndin tarlasını suvarmaq mümkün idi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 15 fevral.- S.13.