Qarabağ xanlığının ərazisi
və təbii-coğrafi mövqeyi
4-cü yazı
İki tərəfdən
axan Kür və Araz çaylarının təsərrüfat
əhəmiyyəti az idi. Çünki
Kür çayının sahilləri dik və sərt, Araz isə
hündür qayaların arası ilə dar yataqla
axırdı. Qarabağda daha bir sıra çaylar var.
Qarqar, Qaraçay, Kürəkçay, Mehri, Basit, Malvalin,
Çavundur, yaxud Qapan, Həkəri, Xaçın,
Xanaşın, Qozluçay Araza tökülür. Mənbəyini Sarıdağdan götürən
Mehriyə sağ tərəfdən Zuvar, Xout və Kalaxan kimi
kiçik çaylar tökülür. Mənbələrdə
daha sonra bildirilir ki, Gülüstan müqaviləsindən
sonra Türkmənçay müqaviləsi bağlanan dövrə
qədər Rusiya ilə İran arasında sərhəd rolunu
oynayan Çavundur, yaxud Qapançay Qapan mahalında
Qapıçıq dağından başlayır və sağ
tərəfdən Saxarsu, Bisdirqin, Ausu, Siralurd, Arsud, Toxaş,
Dev, Qilidzur, Bix, Kerxana, Güztgün və Gecili çaylarını
qəbul edir. Yuxarı axarında Ginli
adlandırılan Həkəri çayı Hacısamlı
mahalında iki çaydan - Şalva və Ələkçidən
yaranır və (Şərifan kəndinin yanında) Araza
tökülür. Bazarçay Sarıdərə
dağından başlayır, mənsəbinə yaxın Bərgüşad
adlanır. Xaçınçay
Xaçın mahalındakı dağlardan, Qozluçay Dizaq
mahalmdakı dağlardan başlayır. Qarqarçay Şuşa yaxınlığında
üç kiçik çayın (Xəlfəli, Ballıca
və Xocalı) çaylarının birləşməsindən
yaranır. Xanlığın çox
mühüm çayı olan Tərtər Hacısanlı
mahalında iki kiçik çayın (İstisu və Zəylik)
birləşməsindən yaranır və Kürə
tökülür. İncəçay Giləbörd
mahalında Gülüstan dağından başlayır və
İyirmidörd mahalının kəndlərinə
yayılır. Qardbəy Ciləbörd
mahalındakı Murovdağdan başlayıb Qaraçinar
çayı yanında iki qola - Goran və Kürəkçaya
ayrılır. Goran Kürə
tökülür.
Qarabağ çayları gəmiçilik
üçün yararlı deyildi. Kür, Araz, Xaçın və
Bazarçay çaylarında çoxlu balıq ovlamaq
mümkün idi. Həkəri və Bərgüşad
çaylarının mənsəblərində kifayət qədər
iri qızıl balıqlarına, habelə suitilərə rast
gəlmək olurdu. Suvarma üçün ən əlverişli
çaylar aşağıdakılar idi: Tərtər 137 kəndi,
Qarqar 42 kəndi, Bazarçay 22 kəndi, Həkəri 33 kəndi,
Qa pançay, yaxud Çavundurçay 12 kəndi, Qəndalaş
çayı 7 kəndi su ilə təmin edirdi. İri
və xırda çaylarla yanaşı, bulaqlar və kəhrizlərdən
də suvarmada geniş istifadə olunurdu.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, çaylardan dəyirmanları hərəkətə
gətirmək üçün də istifadə olunurdu:
"İstisu və Turşsu mineral su mənbələri də
xanlıqdan uzaqlarda da məşhur idi. Ərazinin
relyefinin və iqliminin müxtəlifliyi, torpağın, bitkilər
və heyvanlar aləminin müxtəlifliyini şərtləndirirdi.
Xanlığın düzənlik hissəsində
torpaq gilli olduğu üçün məhsuldarlıq
aşağı idi". Dağlıq hissədə
qara torpaqlar üstünlük təşkil edirdi. Burada payızlıq buğda, arpa, kətan, darı,
və pərinc yetişdirmək olurdu.
Xanlığın heyvanlar aləmi rəngarəng idi. Burada Qafqaz
maralına, ceyranlara, dağ keçilərinə, ayılara,
canavarlara, çöl donuzlarına, tülkülərə,
vaşaqa, dovşanlara rast gəlmək olurdu.
Quşlardan qartal, qırqovul, qırğı geniş
yayılmışdı: "Ərazidə zəngin
yeraltı sərvətlər olsa da, onların çoxu
öyrənilməmiş və əhaliyə məlum deyildi.
Faydalı qazıntılardan mis filizi, əhəngdaşı,
dəyirman daşları üçün istifadə olunan
daşlar, saxsı üçün gil, qılınc
və xəncərlərin bəzədilməsində istifadə
olunan kvars məlum idi.
Ağcabədi yaxınlığında birinin perimetri
300, digərinin 200 verst olan iki duz gölü vardı. Şuşanın
cənub-qərb istiqamətinin 160 verstliyində Oxçu kəndinin
yanında sakinlər uzaq keçmişlərdən dəmir
filizi çıxarırdılar. 1823-cü
ildə rus geoloqu Krijanovski burada çıxarılan filizi tədqiq
edib tərkibinin qranit, qneys (qədim metamorfik süxur), əhəngdaşı,
bazalt və kvarsdan ibarət olduğunu müəyyənləşdirmişdi.
Oxçu filizi boz dəmir daş olub bir pudunda
17 funt çuqun vardı. Krijanovski Şuşa
şəhərindən 400 sajenlik məsafədə 18 sajenlik
əhəng təbəqənin altında iki dəmir filizi təbəqəsi
tapmışdı. Bir təbəqənin 1 pud
filizində 20, digər təbəqənin 1 pudunda isə 18
funt çuqun var idi. Hər təbəqənin
1, 1/4 arşın və daha çox qalınlığı
vardı.
Xanlıqda
bir qədər acı tamı olan göl
duzu hasil olunurdu. İribuynuzlu malqara, atlar,
qoyunlar və balıq duzlamaq üçün Naxçıvan
duzundan istifadə olunurdu. Tikintilərin
çoxu alçaq və bəsit görkəmli idi.
Qazma və «qaradam»lara əksər hallarda
rast gəlmək olurdu. Bəylərin, digər
varlıların və xanın evləri isə hündür və
yaraşıqlı idi. Qarabağ
xanlığında nəqliyyat yolları çox zəif
inkişaf etmişdi. Üç yararlı
böyük yol vardı. Bu yollardan biri
Şuşadan Gəncəyə, digəri Şuşadan Şəkiyə,
üçüncüsü İrana uzanırdı. Araz üzərində böyük, hələ
1027-ci ildə tikilmiş və daşdan inşa olunmuş
Xudafərin körpüsü salınmışdı. Bu üç böyük yoldan savayı bir yol
Şuşadan Gorusa keçməklə Naxçıvana, digəri
Şuşadan Vərəndə məlikliyinin ərazisindən
keçməklə Ordubad və İrəvana uzanırdı.
Sonuncu iki yol dekabrdan aprelin sonunadək
keçilməz olurdu. Şuşadan
Üçqovaq (Ağdaş) kəndinə gedən yolun
mühüm ticari əhəmiyyəti vardı. Müxtəlif nəqliyyat vasitələrindən
istifadə olunurdu. At, dəvə, ulaq və
qatır başlıca nəqliyyat vasitələri idi.
Qarabağda
kənd təsərrüfatının durumuna gəlincə,
tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmalarına görə, Azərbaycanın digər
xanlıqlarında olduğu kimi, Qarabağ xanlığı əhalisinin
də böyük əksəriyyətinin əsas məşğuliyyət
sahəsi kənd təsərrüfatı idi. Əlverişli
iqlim şəraiti, münbit torpaqları, Kür və Araz
çaylarının arasında yerləşməsi
xanlıqda kənd təsərrüfatının
inkişafına münasib zəmin yaradırdı. Təəssüf ki, statistik materialların
yoxluğu xanlıqda kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişaf dinamikası
haqqında dolğun təsəvvür yaratmağa imkan vermir.
Həm də əldə olan materialların bir
qismi xanlığın varlığının son
dövrünə - XIX yüzilliyin əvvəllərinə
aiddir.
Qarabağ xanlığı ərazisinin
böyüklüyünə və kənd təsərrüfatı
üçün əlverişli olduğuna görə digər
xanlıqlardan müsbət mənada fərqlənirdi. Xanlıq daim
qarla örtülmüş dağlarla yanaşı, isti
düzənliklərlə də əhatə olunmuşdu.
Kənd təsərrüfatının əsas
sahələri əkinçilik və maldarlıq idi. Xanlıqda, xüsusən onun çaylara yaxın
yerlərində suvarma qurğulannm mövcudluğu əkinçiliyin
inkişafına böyük təkan verirdi. Rusiyanın işğalı zamanı Qarabağ
xanlığının ümumi torpaq fondu 1.354.000 desyatin (o
cümlədən 100 min desyatini əkinə yararlı) təşkil
edirdi. Əhalinin hər nəfərinə təxminən
1,1 desyatin əkin sahəsi
düşürdü.
Ümumi
torpaq fonduna nisbətdə əkinə yararlı torpaqların
cüzi hissə təşkil etməsi bir çox amillərlə
bağlı idi: xanlıq ərazisinin əhəmiyyətli
hissəsi meşələr və kolluqlarla
örtülmüş dağlardan və sıx
qamışlıqların bürüdüyü çöllərdən
ibarət olduğu üçün, əkinə yararlı
torpaqların ağaclardan və kollardan təmizlənməsi
işi çətinləşirdi; su ehtiyatlarının
azlığı böyük ölçüdə münbit
torpaq sahələrini istifadəsiz qoyur, bu torpaqlarda məhsuldarlığı
aşağı endirirdi; əkin sahələrinin suvarılmasında
yaranan problemlər Qarabağ ərazisindəki
çoxsaylı çayların dərin dərələrdən
axması, əkin sahələrinin isə hündür yerlərdə
- dağlarda, dağ yamaclarında yerləşməsindən
irəli gəlirdi; ərazinin yarğanlarla örtülməsi,
torpağın daşlı olması isə bir çox hallarda
suvarma üçün lazım olan kanalların çəkilişini
qeyri-mümkün edirdi; hədsiz məsrəflər tələb
etdiyindən feodalların su kanallarının çəkilməsinə
maddi marağı yox idi.
Bununla belə,
xanlıq ərazisində kanallar az deyildi.
O dövrün müasirlərindən biri yazırdı ki, əhali
çaylardan su kanalları çəkib onların köməyi
ilə kifayət qədər müxtəlif növ taxıl əldə
edir. Qarabağda Kürək arxı ilə
yanaşı, digər arxlar da mövcud idi. Qeyd edək ki, mahallar çox zaman suvarma prinsipinə
uyğun olaraq çay və başqa su hövzələrini əhatə
edirdi. Təsadüfi deyildi ki, mahala
çox vaxt bir inzibati ərazi kimi su mahalı da deyirdilər.
Xanlıqdakı arxlarm ən qədimi Govurarx idi. Mirzə Camalm
yazdığına görə, uzaq keçmişdə Beyləqan
şəhərini inşa etdirərkən Sasani şahı
Kür çayından Beyləqan çölünə
böyük arx çəkdirmişdi. Viranedici
monqol hücumları zamanı bu arx
dağıdılmış və yalnız Əmir Teymurun
dönəmində Beyləqan şəhəri ilə bərabər,
bu məşhur arx da bərpa edilmişdi. Şərqin
böyük fatehi onu əcdadının şərəfinə
«Barlas arxı» adlandırmışdı. Lakin
sonralar, yəni XVIII əsrin birinci yarısında baş
vermiş hərbi münaqişələr nəticəsində
bu arx qismən dağıdılmışdı. Ancaq Pənahəli xanın dövründə və
İbrahimxəlil xanın hakimiyyətinin ilk illərində
bu arxdan istifadə olunur və xanlar ondan gəlir
götürürdülər. Arx xalq
arasında «Govurarx» adı almışdı.
Mirzə
Camal Govurarx haqqında yazırdı: «Doğrudan da bu,
böyük faydalı arxdır. Bu arxm suyu ilə
suvarılan əkin yerlərində taxıl, çəltik,
pambıq, çəkil (tut) ağacları və başqa hər
cür bitki əkilərsə, bol məhsul əldə etmək
olar. 1 çetvert (250 pud - Z.H.)
buğda səpilərsə, sahədən 20 çetvert məhsul
yığmaq mümkün idi. Bu torpaqlarda 1
çetvert çəltik və dan əkilərsə, təxminən
50 çetvert, hətta ondan daha artıq məhsul toplamaq olar.
Əkin işi iki baş öküzlə
asanlıqla görülürdü». Mirzə
Camal Govurarxdan başqa Arazdan çəkilmiş Kürək,
Luvar, Meymənə, Gəmiçi, Sarı, Araz, Qaşqay və
Xan arxlanndan istifadə olunması və gəlir
götürülməsi haqda məlumat verir.
Daimi su hövzələrinin olmadığı yerlərdə
süni suvarma metodu kimi kəhriz və quyulardan istifadə
olunurdu. Kəhriz yeraltı qalereyalardan ibarət olub, son hissəsi
su mənbəyinə birləşir, açıq hissəsi
isə yerin üst qatma qədər qalxırdı. Kəhrizlər bəzən bir neçə
qalereyadan ibarət olub bir ümumi arxda birləşirdi. Bununla da su öz mənbəyindən torpağm
yuxarı qatına axa bilirdi. Kəhriz qazan
ustalar «kənkan» adlanırdı. Quyulardan
su 15-20 vedrə tutumu olan dəridən düzəldilmiş
tuluqlarla çıxarılırdı. Tuluğun
su dolan ağız hissəsi kəndirlə bağlanır, at
və ya ulaq həmin kəndiri dartdıqca, o, quyu
üstündə qoyulmuş çarxa sarmaraq tuluğu
çıxarırdı, tuluqdakı su daşdan düzəldilmiş
iri çuxura tökülür, oradan isə arxlara
axıdılırdı.
Torpağa qulluq primitiv üsullarla aparılırdı. Xanlıqda
növbəli əkin sistemi mövcud idi. Hər il əkin tarlalarının 2/3 hissəsi dincə
qoyulur və bu sahələrdən otlaq, biçin yeri kimi
istifadə edilirdi. Daha yaxşı ot bitən
sahələrdən biçənək kimi, nisbətən zəif
ot bitən sahələrdən isə otlaq kimi istifadə
olunurdu. Həkəri çayı dərəsində
torpağı ildə iki dələ becərirdilər. Məhsulun - buğda və arpanın
yığımı başa çatdıqdan sonra sahədən
bostan, yaxud dirrik kimi istifadə edilirdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 16 fevral.-
S.13.