Güney Azərbaycanda 1989-1997-ci illərdə
ziyalıların fəaliyyəti
1-ci yazı
80-ci illərin sonu və 90-cı illərin əvvəllərində
dünyada və regionda gedən geosiyasi proseslər cənubi
azərbaycanlı ziyalıların ana dili uğrunda mübarizəsinə,
milli-maarifçilik fəaliyyətinə təkan verən
müsbət impuls oldu. Əgər 1920-ci illərdən 1991-ci ilə
kimi cənubi azərbaycanlıların dil və mədəni
haqlar uğrundakı mübarizəsi əsasən avtonom şəkildə
gedirdisə, bəhs olunan mərhələdən etibarən
bu mübarizə artıq Şimali Azərbaycan faktoru olmadan təsəvvür
edilmir.
İranda cənubi azərbaycanlıların dil və
milli haqlar uğrunda mübarizəsi Cənubi Azərbaycanı
Şimali Azərbaycana əhəmiyyətli dərəcədə
yaxınlaşdırdı. Azərbaycan
Respublikasının müstəqillik qazanması, Türkiyə
və Bakı kanallarının izlənilməsi azərbaycanlılar
arasında milli mənsubiyyət məsələsini
aktuallaşdırdı və milli kimliyin əsas
ünsürü olan ana dilinə böyük ehtiyacın
olduğunu onlara hiss etdirdi. Ziyalıların
Azərbaycan tarixi, dili, milli kimliyi barədə
araşdırmaları ana dildə ədəbiyyat
böhranını qismən də olsa aradan
qaldırırdı. Doktor M.T.Zehtabinin “Azərbaycan
Türkçəsinin Morfolojisi”, “Türkçənin
Leksikolojisi”, “Türkçənin Sentaksi si”, “Ana Dili Bilgisi”,
dilçi alim Əli Hüseynzadə Daşqının
“Türkcə-Farsca sözlük”, “Farsca-Türkcə
sözlük”, “Farsca-Türkcə danışıq dili”,
“Türkcə Dilbilgisi”, “Dil və Dilçilik”, “Dilin iç
üzü”, İbrahim Rəfrəfin “Ana dili”, “Türk dili dərs
ocağı” adlı kitabları cənubi azərbaycanlıların
türk dilini öyrənməsi üçün böyük
əhəmiyyətli nəşrlər kimi qiymətləndirilməlidir.
Belə kitabların nəşrinin
artırılmasına ehtiyac əvvəllərdə olduğu
kimi təkcə ziyalıların deyil, sadə insanların da
ana dilinə maraqlarından irəli gəlirdi.
Bu mərhələdə ziyalıların müntəzəm,
qarşılıqlı faydalı fəaliyyət göstərmələri
üçün vahid mərkəz ətrafında birləşməsinə
meylin artması müşahidə olunur. 1991-ci ildə Təbrizdə
azərbaycanlı milli ziyalılar (Dr. M.Zehtabi, Rza Sərraf,
Rza Qəffari, Yaqub Takavi, Səməd Sərdariniya və s.) tərəfindən
qurulmuş Azərbaycan Mədəniyyət və
Kültür Ocağı (AMKO) belə təsisatlardan idi. Qurum Azərbaycan dili, tarixi, mədəniyyəti ilə
bağlı seminarlar keçirir, türkcə kitabların
tanıdılması və təbliğində yaxından
iştirak edirdi. Dr. Məhəmmədtağı
Zehtabi və Rəhim Cavadbəylinin təşkilatçılığı
ilə 1993-cü ildə Təbrizdə türk dilində
yazılmış “Gəlin təbiəti təmizləyək”
şüarı ilə aksiya keçirilməyə
başlandı. Xalqın daha sıx cəmləşdiyi
yerlərə, əsasən, Aynalı dağa, Şirincə və
Yam kimi istirahət parklarına gedib təmizlik işləri
aparmaqda əsas məqsəd cəmiyyətə yol
açmaqla türklük və milli kimliklə bağlı
düşüncələri paylaşmaq, bildirişlər
yaymaqla xalqı maarifləndirmək idi. 1996-cı ildə
M.Çöhrəqanlı və R.Cavadbəyli tərəfindən
yaradılan Milli Hərəkat Quruluşu çox az müddət fəaliyyət göstərdikdən
sonra Milli İslami Hərəkat və onun ardınca da Azərbaycan
Milli Azadlıq Cəbhəsi yaradıldı. Lakin
İranda mövcud olan siyasi vəziyyətin təsiri
altında bu təşkilatların mövcudluğu yalnız
epizodik xarakterli oldu.
Qeyd olunan dövrdə ana dilindən istifadə hüququ
uğrunda mübarizədə cənubi azərbaycanlı tələbələrin
xüsusi fəallığı diqqəti çəkir. Azərbaycanlı
tələbələrin milli hüquqlar uğrunda mübarizəyə
qoşulması, əsasən, İran-İraq müharibəsindən
sonraya təsadüf edir ki, həmin dövrdə dövlətin
siyasətində farsçılıq meyillərinin güclənməsi
müşahidə olunurdu. İranın hakim rejiminin azərbaycanlıların
milli hisslərinə etinasızlıq göstərməsi,
eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə münasibətdə ikili siyasət
yeritməsi, islam qardaşlığı prinsipinə məhəl
qoymadan Ermənistana hərtərəfli yardımı cənubi
azərbaycanlı tələbələrin fəallaşmasına
bilavasitə təkan vermişdi.
1990-cı illərin əvvəllərində Azərbaycanlı
tələbələrin mübarizəsinə Şimali Azərbaycandakı
hadisələrin və dünyadakı ictimai-siyasi proseslərin
ciddi təsiri var idi. Tələbələr cənubi azərbaycanlıların
mübarizəsinə yeni keyfiyyət və dinamika, milli məsələyə
daha fərqli yanaşma metodu gətirmişdilər. Dünyada və regionda gedən mövcud proseslər
onların ana dili, milli kimlik, milli mədəniyyət
anlayışlarına münasibətini daha da cilalayıb
duruldur, problemin həllinin beynəlxalq prinsiplərini
araşdırmağa sövq edirdi. 1948-ci il
İnsan Hüquqları Bəyannaməsi, Milli
Azadlıqların Hüquqları Haqqında 1960-cı il Bəyannaməsi,
Beynəlxalq Ana Dili Günü (21 fevral) və s. sənədlərlə
tanışlıq tələbələrə öz fəaliyyətlərini
genişləndirməyə hüquqi əsaslar verirdi. Tələbələr ilk əvvəllər İran
Konstitusiyasının 15-ci maddəsində təsbit olunmuş
hüquqların reallaşdırılmasını tələb
etsələr də, sonrakı inkişaf prosesində əsas
qanunun 19 və 48-ci maddələrinin də həyata
keçirilməsi tələbi ilə çıxış
etməyə başladılar. 19 və
48-ci maddələrin yerinə yetirilməsi tələbinin tələbələr
tərəfindən açıq şəkildə və
davamlı olaraq irəli sürülməsi gənc nəslin
milli hərəkatda daha qabaqcıl mövqe tutduğunu, eyni
zamanda o vaxtadək milli hərəkatın bütövlükdə
zəifliyini göstərirdi.
1991-ci ildə Təbriz Universitetinin “Vəhdət”
sarayında Nizami Gəncəvinin 900 illik yubileyi keçirilərkən
azərbaycanlı ziyalılar və tələbələr
şairin timsalında milli kimlik məsələləri
mövzusunda çıxışlar etmiş,
türkçülük məsələləri
qabardılmışdı. 1992-ci ilin sentyabr
ayında Təbrizdə həm cənubi azərbaycanlı
ziyalıların, eyni zamanda Şərqi Azərbaycan vilayətinin
valisi Əbdül Əlizadənin həm də Azərbaycan
Respublikasından gələn dilçi alimlərin
qatıldığı dilçilik seminarı keçirilir.
1993-cü
il aprelin 13-də Tehran Universitetinin məscidində
keçirilən Qarabağ şəhidlərini anım mərasimi
Tehranda yaşayan azərbaycanlıların on minə yaxın
adamın iştirak etdiyi izdihamlı nümayişinə
çevrildi. Tehranın mərkəzindəki
İnqilab küçəsində keçirilən icazəsiz
aksiyada Ermənistanın cinayətkar siyasətinə nifrət
bildirməklə yanaşı, Azərbaycan adının
Ərdəbil ostanının üzərindən
götürülməsi ilə bağlı İran rejiminin qərarına
etiraz etmişdilər. Bu hadisələrin ardınca may
ayında Təbriz Universitetinin tələbələri
“Ölüm olsun erməni daşnaklarına, Qarabağda qan
axır, təbrizli gendən baxır, Qarabağda qan axır,
öyrənci gendən baxır” şüarları altında
etiraz mitinqləri keçirmişdilər. Bu
hadisələr tələbələrin öz milli
varlığına bağlılığını əks
etdirir.
İranda hakim rejiminin ideoloji, ictimai-publisistik sahədə
etdiyi “yenilik” “azəri” terminini yenidən gündəmə gətirməsi
oldu. Azəri qövmüetnosuxalqı, azəri türkcəsi,
azəri dili, azəri kimliyi terminləri daha çox işlədilməyə
başlandı. Etnosun adının dəyişdirilməsi
ilə yanaşı, rəsmi, yarımrəsmi mediada və
qurumlarda şovinist mövqeyi ilə seçilən dairələr
yenidən türklərə qarşı təhqiramiz
münasibət sərgiləməyə başladılar.
1995-ci ilin may ayında İran Televiziya və Radio Şirkəti
tərəfindən azərbaycanlıların heysiyyətini
alçaldan anket-sorğuda türklər qeyri-adi məxluqlar
kimi təqdim olunmuş, onlarla birgə yaşamaq və ailə
qurmaq məsələsi ictimai müzakirə predmetinə
çevrilmişdi. 2000-ci ildə İran Xarici İşlər
Nazirliyi tərəfindən nəşr olunmuş bir kitabda
türk sözünün mənası “əl-üzünü
yumayan”, “tərli və namaz qılmayan” kimi verilmişdi. Belə hadisələr sonrakı illərdə
zaman-zaman təkrarlanır. Hakim rejimin bu
cür reaksiyası hərəkatı zəiflətmədi, əksinə,
onun bumeranq təsiri Milli hərəkatda
türkçülük elementinin daha da güclənməsi
ilə nəticələndi.
1993-cü ildə Urmiyyə Universitetinin tələbələri
İran mediasında türkləri təhqir edən
verilişlərə etiraz olaraq keçirdikləri
nümayişlərdə yerli televiziyada türk dilində
hazırlanan proqramların vaxtının
artırılması, ana dilinin orta məktəblərdə və
universitetlərdə tədrisini tələb etdilər. 1995-ci ilin mayın 9-da Təbriz
Universitetinin tələbələri universitetin ərazisində
yuxarıda qeyd olunan sorğuya qarşı etiraz
nümayişi keçirmiş, prezidentə, məclis
deputatlarına, Azərbaycan, Zəncan və Ərdəbil
ostanlıqlarına, imam-cümələrinə məktub
yazaraq Təbriz Universitetində Azərbaycan dili bölməsinin
yaradılmasını himayə etməyi və sorğunun tənqidi
tələbini irəli sürmüşdülər. Tehran
Universitetinin azərbaycanlı tələbələrinin
İslam Şura Məclisinin Azərbaycandan seçilmiş
nümayəndələrinə göndərdikləri 5 bəndlik
müraciətdə tələblər əsasən
aşağıdakılardan ibarət idi: Dövlət
Televiziya və Radio Şirkətinin türklərə
münasibətdə təhqiredici və
aşağılayıcı verilişlərinə Azərbaycandan
olan məclis nümayəndələrinin cavab verməsinin
vacibliyi; Mövcud Əsas Qanunun 15-ci maddəsinə uyğun
olaraq “27 milyonluq iranlının dili olan türkcənin” məktəblərdə
tədrisi və ikidilli təhsilə keçid məsələsi;
Yeni yaranmış ostanın adında “Azərbaycan”
sözünün olmaması və “Ərdəbil ostanı”
adının dəyişdirilməsinin vacibliyi; Azərbaycanın
iqtisadi və başqa sahələrdə getdikcə geriləməsi;
Dövlət Televiziya və Radio Şirkətinin Təbriz,
Urmiyyə, Zəncan, Ərdəbil və Həmədan mərkəzlərində
türk dilində verilişlərin təşkili.
Müraciətin sonunda bu məsələlərin milli
qüvvələr tərəfindən dəfələrlə
qaldırıldığına baxmayaraq, hələ də həll
edilmədiyi vurğulanırdı. Həmin anket-sorğusu ilə
bağlı cənubi azərbaycanlı şairlər,
yazıçılar və incəsənət xadimlərinin
İranın bütün dövlət orqanlarına göndərdiyi
etiraz məktubunda deyilirdi: “Hüquq orqanlarının məsullarından,
möhtərəm millət vəkillərindən və
hakimiyyətdən bu işə tezliklə yetişib belə
bir anketləri hazırlayıb və yayanları məhkəmələrə
cəlb edib onlarla qanuni rəftar etmələrini, qəhrəman
türkdilli millətin ruhiyyəsinin zəifləməsinə
səbəb olan bu alçaq hərəkəti
qınamalarını istəyirik. Eyni zamanda tələbələrin
istəklərini himayə edib Ana Yasanın 15-ci maddəsinin
icrasını tələb edirik”. Bu
sorğuya qarşı Tehranda və Təbrizdə olan kütləvi
çıxışlar və yazılı etirazlar
anket-sorğunun Şərqi Azərbaycanda yarımçıq
saxlanması və mərkəzi hökumətin geri çəkilməsi
ilə nəticələnmişdi. Həmin
hadisədən sonra Ərdəbil Universitetində Azərbaycan
dilinin tədrisinə razılıq verilmişdi. Ancaq bu yeniliklər ara-sıra baş verir və
uzunömürlü olmurdu. Əslində
hökumətin sözügedən siyasəti bir tərəfdən
azərbaycanlılarla farslar arasında ziddiyyət yaratmaqla
ölkədə millətlərarası münasibətləri
gərginləşdirir, digər tərəfdən isə
xalqların öz milli kimliklərinə daha möhkəm
bağlanması və rejimə qarşı kütləvi
şəkildə etirazların yaranmasına səbəb
olurdu.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 16 fevral.-
S.14.