Tanınmış bəstəkarın 80 illiyinə həsr edilmiş növbəti tədbir

 

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bəstəkarın həyat yaradıcılığı haqqında məlumat verib.

Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.

Alla Bayramova qeyd edib ki, Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Görkəmli bəstəkarın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri, incə. zərif ruhlu lirik mahnıları xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər.

Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova Elza İbrahimovanın həyat yaradıcılığı, əsərlərinin əsas məqamları, onun yaradıcılığının televiziya radio kanallarında təbliğ olunması haqqında məlumat verib.

Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və digər incəsənət ustalarının ifasında bəstəkarın mahnı yaradıcılığından nümunələr səsləndirilib.

 

Xalq Cəbhəsi.- 2018.- 17 fevral.- S.16.