Güney Azərbaycanda 1989-1997-ci illərdə
ziyalıların fəaliyyəti
2-ci yazı
Qeyd edək ki, bu dövrdəki tələbə hərəkatının
xarakterik xüsusiyyətlərindən biri milli tələblərin
İran hakim dairələrinə ünvanladıqları
müraciətlərdə ifadə olunması idi. Tələbələr, əsasən,
milli haqlar, o cümlədən ana dilindən istifadə
hüquqlarının reallaşdırılması ilə
bağlı tələblərini İran ali
hakimiyyət orqanlarına, müxtəlif rəsmi şəxslərə
ünvanladıqları müraciətlərdə ifadə
edirdilər. Cənubi Azərbaycan üzrə tədqiqatçı
Vidadi Mustafayev tələbə hərəkatının bu
dövrünü “petisiyalar mərhələsi” kimi xarakterizə
edir.
Azərbaycanlı
tələbələrin İran prezidentinə
ünvanladıqları digər məktubda deyilirdi:
“İİR Ana Yasasının 15-ci maddəsinin icrası
zamanı gəlib, iki dilli məktəblər təsis
olunmalıdır. Çünki bizim
hamımız müsəlman və iranlı
olmağımızla müştərəkik, nəinki dildə.
Gərək bilək ki, əgər İran
xalqlarının dilləri məsələsini nəzərə
almasaq və onların mədəni və digər istəklərini
görməsək, gələcəkdə onun acı nəticələrini
yaşayacağıq. Mədəniyyət
və təhsil proqramlarını hazırlayan şəxslər
gərək təcili qeyri-rəsmi dillərə, məxsusən
Azərbaycan dilinə lazımi əhəmiyyət verməlidir”.
Meşkinli tələbələr hakimiyyətə
ünvanladıqları açıq məktubda əsas qanunla
təsbit olunmuş ictimai-siyasi və mədəni haqların
onlara verilməsini tələb edirdilər. Bu müraciətin
ardınca ərdəbilli tələbələr bəyanat
yaymışdılar. Meşkinli tələbələrin
açıq məktubunu müdafiə edən bəyanatda “Azərbaycan”
sözünün Ərdəbil vilayətinin adından silinməsinə
kəskin etiraz ifadə olunurdu. Hər iki sənəddə
Ərdəbil radio-televiziyasının tutduğu mövqe pislənir
və qeyd edilirdi ki, bu kütləvi informasiya vasitəsi Azərbaycan
dilini və Azərbaycan mədəniyyətini eybəcərləşdirir:
“Yerli əhali üçün hazırlanan 15 dəqiqəlik
veriliş də fars dilində aparılır. Radio-televiziyanın
ictimai, mədəni və tərbiyəvi proqramlarından
istifadə etmək istəyən savadsız Azərbaycan kəndlisinin
haqqıdır ki, başa düşdüyü dildə
proqrama tamaşa etsin”. Təxminən eyni məzmunlu
məktublar Urmiya və Tehran universitetlərinin azərbaycanlı
tələbələri tərəfindən də
yazılmışdı. Bu petisiyalar mərhələsi
1996-cı ilə qədər davam etdi.
Bəhs
olunan dövrdə Cənubi Azərbaycanda Azərbaycan
türkcəsinin radio və televiziyada əsas dil kimi işlədilməsi,
ana dilində məktəblərin açılması
günün tələbi kimi irəli sürülürdü.
Bu sənədlər ziyalıların bəhs
edilən illərdəki mübarizəsinin mahiyyətini
aydın şəkildə ortaya qoymaqla yanaşı,
onların tələblərinin ədalətli, həmçinin
İran qanunlarına uyğun olduğunu, ən
mühümü isə tələbələrin Azərbaycan
xalqının ictimai-siyasi maraqlarının ifadəçisi
rolunda çıxış etdiyini göstərir. Beləliklə,
bu illərdə siyasi yönümlü qüvvələrdə
müşahidə olunan birlik təşəbbüsləri
ziyalıların, xüsusən də tələbələrin
fəaliyyətində də özünü büruzə verdi. Ziyalı milli qüvvələr
Azərbaycan türkcəsinin funksiyasının genişləndirilməsi
ilə yanaşı, dilin özünün assimilyasiyaya məruz
qalması problemini digər məsələlərin fonunda daha
aktual mövzu kimi irəli çəkir, qabardırdılar.
1993-cü ildə azərbaycanlı tələbələr
Təbrizdə yeni bir qurum - Yeni Güney Azərbaycan Milli
Oyanış Hərəkatı (Yeni GAMOH) adlı təşkilat
da yaratdılar. Lətif Həsəni adlı tələbənin
rəhbərliyi ilə yaradılmış təşkilat
türk milli kimliyinin tanınması, modernləşmə,
sekulyarizm və dini əqidə azadlığının təmin
edilməsi yönündə fəaliyyət göstərəcəyini
bəyan etmişdi. Yeni GAMOH ölkədə baş
vermiş ictimai-siyasi, mədəni hadisələrə
münasibət bildirir, bir sıra tədbirlərin (Babək
qalasına yürüşlər, Səttarxanın, Milli
Hökumətin hər il keçirilən
anım günləri) təşkilatçısı və ya
yaxından dəstəkçisi kimi çıxış edərək
xüsusi fəallığı ilə seçilirdi. Təşkilat tam gizli şəkildə fəaliyyət
göstərirdi, yalnız 2002-ci ildə xaricdə bürosu təsis
edilmişdi. 1997-ci ildə Tehranda da Cənubi
Azərbaycan tələbə hərəkatının fəaliyyətini
mərkəzləşdirmək, təkmilləşdirərək
inkişaf etdirmək məqsədilə Azərbaycanlı
Biliyurdlular Toplumu (AzBilTop) adlı qurum
yaradılmışdı. AzBilTop aydın
surətdə dərk olunmuş məqsədləri (azərbaycanlı
tələbələr və gənclər arasında fikir
birliyi yaratmaq, Azərbaycan türkcəsinin inkişafı,
yayılması və tanıdılması uğrunda
mübarizə, türkcə nəşrlərin genişləndirilməsi,
siyasi-ictimai, mədəni, elmi seminarların təşkil edilməsi
və ya onlara dəstək göstərilməsi) olan bir qurum
kimi yaranmışdı. AzBilTop Azərbaycanlı
Biliyurdlular Toplumu Araşdırma Mərkəzi adlı elmi
qurum yaratmışdı. Qurum “Federaliz”
adlı mətbu orqan təsis etmişdi ki, bu nəşrin
yayılmasına dövlət tərəfindən qadağa
qoyuldu.
Hər iki təşkilat - həm Yeni GAMOH, həm də
AzBiLTop azərbaycanlıların milli-ictimai, milli-mədəni
maraqları naminə fəaliyyət göstərən,
yalnız demokratik dəyərləri əsas götürən
təsisat idi.
Tələbə təşkilatlarının mədəni fəaliyyəti,
əsasən, bu tədbirlərin keçirilməsindən
ibarət idi: hər il türkcə kurslar açaraq oxuma-yazma
dərsləri verilir; Qarabağ və dünya müsəlmanlarının
soyqırımı ilə bağlı konfranslar keçirilir,
fotosərgilər nümayiş olunur; şeir və musiqi gecələri
təşkil edilir; məşhur Azərbaycan tarixi şəxsiyyətləri
və qəhrəmanlarını anma mərasimləri və
simpoziumlar təşkil olunur; “Ana dili günü” proqramı
hazırlanır; müasir Azərbaycan ədəbiyyatı, Azərbaycan
folkloruna həsr edilmiş toplantılar keçirirdilər.
1990-cı illəri səciyyələndirən cəhət
siyasi motivin aparıcı və qabarıq olmasında idi ki, bu
dövrdə milli hüquqlar uğrunda mübarizə
açıq siyasi müstəviyə keçdi. Ana dili
uğrunda açıq siyasi-ideoloji tələblər 1995-ci
ildə İslam Şura Məclisinə seçkilər
zamanı milli ziyalı, deputatlığa namizəd doktor Mahmudəli
Çöhrəqanlı tərəfindən qoyuldu. Namizəd öz milli proqramında Təbrizin və
bütün Azərbaycanın milli düşüncəli
ziyalılarının dövlət işlərinə cəlb
edilməsi, bu regionun iqtisadiyyatının çiçəkləndirilməsi,
xalqa zülm edənlərlə mübarizənin gücləndirilməsi,
ana dilinin geniş işlədilməsi və digər bu kimi məsələlər
qaldırırdı. Azərbaycan Mədəniyyət
və Kültür Ocağı, cənubi azərbaycanlı tələbə
təşkilatları və siyasi təsisatlar da başda olmaqla,
milli qüvvələr Çöhrəqanlının
seçki kampaniyasına yaxından dəstək verərək
birlik nümayiş etdirdilər. Mahmudəli
Çöhrəqanlı səsvermədə rekord səs
toplasa da, hakim rejimin həmin dairədə seçkilərin nəticələrini
etibarsız sayan antidemokratik və antiazərbaycan qərarı
geniş etirazlara, qarşıdurmaya səbəb oldu. Yüzlərlə tələbə həbs olundu.
Cənubi Azərbaycan Milli Hərəkatı
İslam Şura Məclisinə öz təmsilçisini
seçə bilməsə də, baş verən hadisələr
Azərbaycanda çeşidli sosial qrupları birləşdirən,
əsas aparıcı qüvvəsi ziyalılar olan milli hərəkatın
yarandığını göstərirdi. Bu
mübarizədə tələbə hərəkatı
ziyalılar ilə birləşərək milli hərəkatın
aparıcı qüvvəsinə çevrildilər.
Bu mərhələdən etibarən sırf Azərbaycan
tarixi, kimliyi, dili ilə bağlı elmi araşdırmalar məhdud
çərçivədən çıxaraq daha geniş
ziyalı təbəqəsini əhatə etməklə
obyektiv milli konsepsiyanın yara-dılmasına
başlanıldı. M.T.Zehtabinin “İran türklərinin əski
tarixi” və “İslamaqədərki İran türklərinin
dili və ədəbiyyatı” əsərləri Azərbaycan
tarixinin qədim dövrünün tədqiqində yeni bir elmi
mərhələ idi. Müəllif Pars
tayfalarının gəlişinədək bu bölgədə
3500 illik möhtəşəm mədəniyyətlərin və
dövlətlərin olduğunu göstərərək
yazır: “Bu mədəniyyəti yaradanlar İraqda sumerlər,
İranın qərbi, mərkəzi, bütün Azərbaycan
və Xəzərin cənubunda arattalar, ilamlar, kassilər,
hurrilər, quttilər, lullibilər, gilzanlar, amerdlər, kaspilər,
mannalar, urartular olmuşlar”.
Müəllif bu tayfaların danışdığı
dilləri “bugünkü Türk dilinin babası”
adlandırır. “İran Türklərinin əski tarixi”nin
ikinci cildinin əsas mövzularından biri Partların etnik mənsubiyyəti
məsələsidir. Dr. Zehtabi Partların Ariya irqinə mənsub
olduğunu və Pəhləvi dilində
danışdığını iddia edən Həsən
Pirniyaya qarşı çıxaraq yazır: “Əşkani
hakimiyyətinin özəyini təşkil edən Dahi boyu
Sakaların bir qolu idi və onların türklüyü
şübhə doğurmur”. Əsərdə
Sasani dövründə bu coğrafiyaya yeni köçən
türk tayfaları haqqında, eyni zamanda Sasani
hökmdarlarının Azərbaycana köçürdükləri
farsdillilər haqqında da geniş məlumat verilir.
Cənubi azərbaycanlı
ziyalı Şahmərsi Pərviz Zare də türk dilinin yeni
tarixdə regiondakı yeri barədə maraqlı fikirlər
irəli sürür, beynəlxalq güclərin maraqları
naminə 18-ci əsrdən başlayaraq bu dilin siyasi məsələ
kimi qabarmasını önə çəkir. O, qeyd edir
ki, ruslar hələ 18-ci əsrdə Şərq dillərini
xüsusən də türk dilini dərindən öyrənmək
üçün Sibirə, Orta Asiyaya, Qafqaza mütəxəssislər
göndəriblər. Rusların bu tədqiqatlarda məqsədi
türklərin dilinin mad tayfalarına bağlı
olub-olmamasını yoxlamaq idi. Müəllif ehtimal edir ki, ruslar fars
dilinin Qafqazda çox geniş yayılmasından narahat idilər.
Çünki fars dili Qafqazı İrana
bağlaya bilərdi. Ruslar din və dil amilini əsas təhlükə
hesab edərək xristian dinini də daha çox təbliğ
edirdilər. Şahmərsi Pərviz Zare fars
dilinin isə ingilislər üçün önəminə
diqqət çəkərək hesab edir ki, türk-fars
arasında problemlər Herat müharibəsində türk
ordusunun gücünün ingilisləri narahat etməsi ilə
başlayıb. Müəllif ingilislərin
İranı zəiflətmək üçün türk-fars
qarşıdurması yaratmaq istiqamətində fəaliyyətini
qeyd edir. Farsları dəstəkləmək və fars dilini geniş təbliğ etmək,
türkləri isə alçaltmaq və zəif salmaqda məqsəd
tabe olmayan türkləri hakimiyyətdən uzaqlaşdırmaq
və farsları hakimiyyətə gətirmək idi. Beləliklə,
müəllif rusların türk dilini, ingilislərin isə fars dilini araşdırmaq və təbliğ
etmək yönündə fəaliyyətlərini
işıqlandıraraq onların əsas məqsədlərinə
aydınlıq gətirməyə çalışır.
Yeganə Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 17 fevral.-
S.14.