Müharibələr və basqınlar Qarabağ xanlığının iqtisadiyyatına böyük ziyan vururdu

 

5-ci yazı

Qarabağ xanlığında adətən əkin sahələrinin istismarı zamanı gübrədən istifadə olunmur, dirrik və bağlarının salınmasmda isə əksinə, gübrədən istifadə edilirdi. Qışda sərt küləyin tutduğu torpaq sahələrində (qar örtüyündən məhrum olan yerlərdə) əkin donmasın deyə yalnız yazlıq buğda və arpa əkirdilər. Payızlıq buğda və arpa, yazlıq dan, pərinc və çovdar isə adətən çökəkliklərdə, dağ yamaclarındakı dərin dərələrdə becərilirdi. Əkinçilər çovdar əkməyə nisbətən daha az maraqlıydı, Aran yerlərində əsasən payızlıq buğda və arpaya üstünlük verilirdi. Həkəri dərəsində isə çəltik sahələri və bostanlar daha geniş ərazini əhatə edirdi.

Taxıl bitkilərinin səpin və biçin vaxtı yerindən, iqlim şəraitindən asılı idi. Dağ kəndlərində taxılı aran yerlərə nisbətən bir, yaxud iki ay gec səpirdilər. İlk səpin ovalıq sahələrdə, adətən martın ortalarında, düzən yerlərdə martın sonu - aprelin əvvəllərində, dağlıq zonalarda isə yalnız aprelin sonunda başlayırdı. Payızlıq taxıl adətən sentyabr, yaxud oktyabr aylarında səpilirdi. Elatlar bəzən noyabrın sonuna kimi səpini davam etdirirdilər. Taxıl məhsulunun toplanması orta hesabla bir ay yarım davam edirdi və ovalıqda iyunun əvvəllərində, dağ kəndlərində isə iyunun sonu - iyulun əvvəllərində başlayırdı.

Qarabağ xanlığında kənd təsərrüfatı və aqrar münasibətlərə gəlincə, mənbələrdə göstərilir ki, səpilən toxumun miqdarı torpağın keyfiyyətindən və suvarılıb-suvanlmamasından asılı olurdu. Suvarılan sahələrə, habelə yetərincə rütubətli meşəiçi tarlalarda, çökəkliklərdə, dağ yamaclarındakı əkin sahələrinə nisəbətən daha çox toxum səpirdilər. Hər bir yerin öz səpin ölçüsü və qaydası vardı. Mirzə Camalın yazdığına görə, «suvanlan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) ağaclar və başqa hər cür bitki əkilərsə, bol məhsul əldə etmək olar. Arxdan lazımi qayda ilə istifadə olunardı, onun ətrafında beş-altı min ailə kənd salıb, rahatlıqla yaşaya bilər».

M.Mustafayevin mülahizələrinə görə, əkinçilik alətləri bütünlüklə kəndli təsərrüfatının özündə möhkəm ağaclardan hazırlanırdı. Kənd təsərrüfatında natural təsərrüfatın hökmranlığı əmək alətlərinin təkmilləşdirilməsinə imkan vermirdi. Böyük fiziki güc tələb edən alətlərdən istifadə olunurdu. Əsas əmək alətləri xış və kotan idi. Xışa bir və ya iki cüt öküz qoşaraq onunla yumşaq torpaqları şumlayırdılar. İri torpaq sahiblərinin təsərrüfatında 8-10 qoşqu heyvanının qoşulduğu kotandan Qarabağ xanlığında istifadə olunurdu. Şumdan sonra torpağı iri, bəsit mala və ya dırmıqla malalayırdılar.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, təbii fəlakətlər kənd təsərrüfatına böyük ziyan vurur, xanlığın aran hissəsində quraqlıq, dağlıq hissəsində isə tez-tez yağan gur yağışlar, dolu məhsulu təhlükə altına alırdı. Müharibələr, basqınlar, qarətlər və s. kənd təsərrüfatına dağıdıcı təsir göstərirdi. Quba xanı Fətəli xan öz yürüşləri zamanı xeyli Qarabağ kəndlisini Quba xanlığının ərazisinə köçürmüşdü. Onun 1783-cü ilin əvvəlində Qarabağa hərbi səfərində 10 min nəfərdən çox yalnız muzdlu dağıstanlı döyüşçünün iştirak etdiyi haqqında məlumat verilir. Basqınçılar Şuşa yaxınlığındakı kəndləri qarət etmiş, 100 min başa qədər qoyun, 30 min baş iribuynuzlu mal-qara aparmışdılar. Ətraf kəndlərin sakinləri Şuşaya və digər yerlərə qaçmışdılar. Onlar yolda ikən dağıstanlı döyüşçülərin basqınına məruz qalmış, bir hissəsi əsir götürülmüşdü.

Ağa Məhəmməd şah Qacarın 1795-1797-ci illərdəki hücumları və 1804-1813-cü illər I rus-İran müharibəsi zamanı xanlığın iqtisadiyyatına xüsusilə böyük zərbə dəymişdi. Əhalinin sayı kəskin surətdə azalmışdı. N.Dubrovinin yazdığına görə, Qacarın hücumlarına qədər Qarabağda 60 min ailə yaşayırdı. XIX əsrin əvvəllərində (1805-ci ildə) isə bu rəqəm 10 minə enmişdi. Birinci rus-İran müharibəsi dövründə Qarabağın əhalisi daha 3 dəfə azalmış və müharibənin sonunda burada cəmi 3080 ailə vardı. Bu ailələr də talan edilmiş və dilənçi vəziyyətinə salınmışdılar.

Xanlıqda əkinçiliyin inkişafının sosial-iqtisadi şərtlərini aydınlaşdırdıqdan sonra onun ayrı-ayrı sahələrinin vəziyyətinə diqqət yetirək. Qarabağ xanlığında yetişdirilən başlıca əkinçilik məhsulları taxıl məhsulları (buğda, arpa, çəltik, dan və pərinc (buğda növü) idi. Lifli bitkilər (pambıq və kətan), yağ bitkiləri (kücüt və gənəgərçək) və tütün yetişdirilməsi də müəyyən yer tuturdu. İqlim şəraitinə görə buğda, arpa, pərinc və kətan başlıca olaraq dağlıq ərazilərdə yetişdirilirdi. Düzənlik ərazidə isə çəltik, pambıq, tütün, küncüt və darı becərilirdi.

Pambıq tarlalarını müxtəlif şəkildə suvarırdılar: bəzi yerlərdə hər 20 gündən bir, digər yerlərdə cəmi 3 dəfə - iyun, iyul və avqust aylarında. Yay ərzində 3-4 dəfə pambığı alaq otlarından təmizləyirdilər. Pambıq oktyabr ayının əvvəlində yetişirdi. Dəyirmanlar, adətən biroturacaqlı olub, arx suyu ilə hərəkətə gətirilirdi. Bütün Qarabağda XIX əsrin 30-cu illərinin əvvəllərində 471 dəyirman qeydə alınmışdı. Dəyirman sahibləri üyüdülən unun 1/20 hissəsini götürürdülər. Çəltiyi döymək üçün ayaqla hərəkətə gətirilən dişli dəmir silindrdən istifadə olunurdu. Bu proses çətin olduğu üçün onunla Qazıqumuqdan və Avanstandan gələn xüsusi işçilər məşğul olurdular. Onlar təmizlənmiş düyünün 1/5 hissəsini alırdılar.

Yağ istehsal etmək məqsədi ilə kətan, küncüt və gənəgərçək yetişdirilirdi. Qarabağda yağ çıxarılan 10 bəzirxana vardı. Bəzir xana sahibləri gördükləri işin müqabilində çıxarılan yağın l/20 tni mənimsəyirdilər. Gənərgərçək yağı acı olduğundan ondan qida məhsulu kimi istifadə etmək mümkün deyildi. Yay vaxtı həmin yağla kəllərin dərisini yağlayır, qışda isə otaqları qızdırmaq üçün istifadə edirdilər. 1832-ci ilin məlumatma əsasən, xanlıqda 20546 ev sahibinin 4 min ədəd xış və kotanı vardı, bu da öz növbəsində bir çox ailələrin bu alətlərdən istifadə etməsinin məhdud olduğunu təsdiqləyən faktdır. Yetərincə qoşqu heyvanı və əmək alətinin yoxluğu kəndliləri bu əkinçilik vasitələrini ümumiləşdirməyə və torpağı birgə becərməyə məcbur edirdi. Lakin bu, nadir istisnalıq idi və bir qayda olaraq yoxsul kəndli qoşqu heyvanı və əmək alətlərini icarəyə götürür, bunun ödəniş haqqı kimi məhsulun müəyyən qismini əkinçilik vasitəsinin icarədanna verirdi. Bu imkan da olmadıqda kəndlilər öz torpaqlarını icarəyə verir, yaxud öz torpağını tərk edib muzdlu işlə məşğul olurdular.

Xanlıqda yetişdirilən taxılın məhsuldarlığı yüksək olduğundan rəiyyət və rəncbərlərin məhsulu toplamağa qüvvəsi çatmırdı, nəticədə əlavə muzdlu qüvvəyə ehtiyac yaranırdı. Əmək miqrantları - muzdlu biçinçilər təkcə Qarabağ xanlığından deyil, digər xanlıqlardan da gəlirdilər. Adətən onlar üç gün ərzində topladığı hər çetvert çəltiyə görə məhsulun 1/5-i, buğda, arpa və darı biçinçiləri isə məhsulun 1/10 miqdarında natural haqq alırdılar.

XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın basqınlarının və XIX əsrin əvvəlində Rusiya işğalmm xanlığın iqtisadiyyatına böyük zərər yetirdiyini nəzərə alsaq, xanlıq dövründə daha yüksək məhsuldarlıq əldə edildiyini söyləmək olar. Əlverişli iqlim şəraiti və bərəkətli torpaq sahələri bağçılıq və üzümçülüyün inkişafına təkan verirdi. Bağçılıq və üzümçülük xanlığın Çavundur, Bazarçay çayları və onların qollarının hövzələrində daha geniş yayılmışdı. Araz çayına yaxın kəndlər də bağçılıq və üzümçülüklə məşğul olurdular. Xanlıqda yaşayan xristianlar ildə 70000 vedrə şərab və 3400 vedrə araq istehsal edirdilər. Qarabağda 3080 üzüm, yüzdən artıq meyvə bağları vardı.

Xanlıqda baramaçılıq və ipəkçilik inkişaf etmişdi. Qeyd edək ki, hələ XVIII əsrin əvvəllərində Qarabağda ildə 2 min yük, yəni 15 min pud xam ipək istehsal olunurdu. Baramaçıhqla Mehri, Güney, Çavundur, Bərgüşad, Dizaq, Cəbrayıl, Arazbar, Vərəndə, Otuziki, Kəbirli, Cavanşir, İyirmidörd, Çiləbörd mahallarında məşğul olurdular. Lazımi qədər baramaqurdu ilə təchiz olunmuş hər tut bağı ildə 6 batman, bəzən isə dörd və daha az, iki batman barama verirdi. XIX yüzilin əvvəllərində xanlıq ərazisində iki yüzə qədər tut bağı var idi və orta illik barama məhsulu 1700 puda bərabər idi. Digər bir mənbəyə görə, bu rəqəm 4 min puda çatırdı.

1832-ci ilin məlumatına görə, xanlıqda 1600-ə yaxm tut bağı vardı. Bir çox yerlərdə tut ağaclarına üzümlüklərdə və meyvə bağlarmda da rast gəlmək mümkün idi. Barama qurdlarını yemləmək üçün kifayət qədər tut ağacı olmayan ipəkçilər digər yerlərdən tut budaqları almalı olurdular. 1 stildən (60 zolotnik) çıxmış qurdları yemləmək üçün dağlıq bölgələrdə 18-20, düzənlik bölgələrdə isə 10-15 tut ağacının olması läzım idi. Düzənlik bölgələrdə tut ağacları daha yüksək və daha çox budaqlı olmaqla əkildikdən yalnız dörd il sonra qurdların yemlənməsi üçün yararlı olurdu. İrimiqyaslı ipəkçiliklə xanın özü və iri feodallar məşğul olurdular. İbrahimxəlil xanın yalnız Hindarxda 26, Cəfərqulu ağanın isə Doryan kəndində 12 tut bağları vardı. İpək məhsulunun illik miqdarı 1700 pud təşkil edirdi. Baramaqurdlarının toxumu feodallar, tacirlər və sələmçilərin əlində cəmlənmişdi.

Xanlığın iqtisadiyyatında meyvəçilik və üzümçülük əhəmiyyətli yer tuturdu. Bağ və bostançılığın inkişafını isə bir tərəfdən, təsərrüfatın qapalı xarakteri, digər tərəfdən aztorpaqlıq, su çatışmazlığı əngəlləyirdi. Bununla belə xanlıqda 100-ə qədər iri bağ mövcud idi və onların əksəriyyəti düzənlik zonada yerləşirdi. Bağlarda armud, tut, ərik, şaftalı, nar, heyva, əncir, gilas, albalı, alma, zoğal, qoz, gavalı, alça yetişdirilirdi. Toplanmış məhsulun müəyyən hissəsindən qax (yəni doğranmış və tumu çıxarılmış meyvələri qızmar günəş altmda qurutmaq) hazırlayıb qışa tədarük edirdilər. Zoğalın tumunu çıxardıb ondan axta, alçadan lavaşana və s. hazırlamaq geniş yayılmış dəb idi. Böyük meyvə bağları xana, bəylərə və məliklərə məxsus idi. Təkcə Ağdamda Qarabağ xanının 7 bağı (Güllü bağ, Ərikli bağ, Kətan bağ, Çirayuqi bağı, Bala bağ, Barlı bağ və Narlı bağ) vardı.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 17 fevral.- S.13.