Güney Azərbaycanda 1989-1997-ci illərdə
ziyalıların fəaliyyəti
3-cü yazı
Həsən Raşidinin “Türklər
və İranda onların tarix, dil və kimlikləri
haqqında araşdırma”
adlı kitabının
İranda türkçülüyün
formalaşmasında mühüm
rolu var. Raşidi də yuxarıda qeyd olunan müəlliflər
kimi Əhəmənilərdən
3000-3500 il əvvəl indiki İran coğrafiyasında
qüdrətli mədəniyyətlərin
olduğunu qeyd edir. Müəllif farsların dili ilə bağlı məsələyə diqqət
çəkərək göstərir
ki, Əhəmənilər
eradan 550 il
əvvəl burada dövlət qurduqları zaman rəsmi dil kimi Elam dilindən
istifadə ediblər.
O, adı çəkilən
qədim tayfaların dillərinin qədim farscadan köklü fərqli olduğunu yazır. Həsən Raşidi göstərir ki, irqçi tarixçi olan Həsən Pirniya belə Şumer
dilinin Ural-Altay dil qrupuna məxsus olması fikrindədir. Əhəmənilərin yazını Elamlılardan
öyrənmələrini Firdovsi
belə “Şahnamə”sində
göstərib. Müəllif
fars dilinin
Sasanilərdən qalma
pəhləvi dilindən
əsaslı şəkildə
fərqləndiyini yazır:
“Səlcuq sarayına yaxınlaşmaq istəyənlər
əvvəlcə Əfqanıstan
və Tacikistandan buraya gətirilmiş Dəri dilini öyrənmiş və bu dildə türk
hökmdarlarını tərifləməyə,
əvəzində isə
ənam almağa çalışmışlar. Bu
dil Türk imperatorluğunda elm və
din dili olan ərəbcənin yanında
kargüzarlıq və
şeir dili oldu. Türk dili isə sarayın və ordunun danışıq dili funksiyasını yerinə yetirirdi. Bir sözlə, paniranistlərin iddialarının
əksinə olaraq, özünün yerli dilini dəyişənlər
Azərbaycanın “azəricə”
danışan əhalisi
deyil, indiki İranın mərkəzi
əyalətinin (Farsistan) Pəhləvi
dilində danışan
Pars əhalisi idi. Onlara farscanı türk hökmdarları gətirmişdilər.
Həsən Raşidi
türk sülalələrinin
bu siyasətinin Azərbaycan türklərinin
tarixində sonralar faciələrə səbəb
olmasını göstərir:
“Keçən min il ərzində türk sülalələrinin yanlışlarından
birisi də şayəd odur ki, onlar öz
dillərinə, xüsusilə
də rəsmi və dövlət məktublaşmalarında az
önəm verdilər”.
Cənubi Azərbaycan ziyalılarının
ana dilini ideoloji-tarixi baxımdan qətiyyətlə müdafiə
etmələri milli fikir həyatında yeni hadisə sayılmalıdır.
Qeyd edək ki, bu
dövrdə milli fikirli ziyalılarla yanaşı, İran türk əsilli intellektuallar arasında da həm İranda,
həm də İrandan kənarda yaşayan, fərqli görüşlərin daşıyıcısı
olan, İranın ərazi bütövlüyünün
qorunmasına çalışan,
eyni zamanda cənubi azərbaycanlıların
öz dilinə yiyələnmək istəyinə
çox kəskin reaksiya verən şəxslər var idi. Həmid Əhmədi, Turac
Atabəki, Səkinə
Berenci- yan, Təbatəbai və digərləri İranı
çoxmillətli ölkə
kimi yox, çoxmədəniyyətli ölkə
kimi qəbul edirdilər. Onlar İranın
ərazi bütövlüyünün
pozulması təhlükəsinin
mövcudluğunu etiraf
etsələr də, onun əsas səbəbini İran İslam Respublikasında milli haqların tapdanmasında deyil, demokratik hüquqların olmamasında görürdülər.
Problemin həlli üçün isə hesab edirdilər ki, yalnız İrandakı rejim dəyişməlidir
və indi də həmin baxışları təbliğ
edirlər. Digər bir
Azərbaycan türk əsilli araşdırmaçı
Əli Mürşidzadənin
milli hərəkata münasibətdə mövqeyi
də maraqlıdır.
O, ifrat millətçilik
və fars
monopolizmini irançılıq,
iranpərəstlik hesab
edir, azərbaycanlıların
öz ana dilinə, milli mədəniyyətinə isti
münasibətini isə
xarici amillərin təsiri altında yaranmış türk millətçiliyi, pantürkizm
kimi dəyərləndirir.
İki mövqe
arasında ortaq xətt tutan ziyalı Rza Bərəhaninin də fikirləri diqqəti çəkir. Rza Bərəhaninin 1987-ci ildə çap edilmiş “Mənim torpağımın sirləri”
kitabında ikili kimlik məsələsi qoyulur, müəllif bir tərəfdən azərbaycandilli və azərbaycanlı olduğu
üçün, digər
tərəfdən isə
İran adət-ənənələrinə
bağlı, iranlı
olmasına görə
fəxr etdiyini bildirir. Rza Bərəhani “İran inqilabında nə baş verdi
və nə olacaq?” adlı məqalədə göstərirdi
ki, Azərbaycan heç zaman İrandan ayrılmayacaq. Çünki bu, camaatın
istəyinə bağlıdır.
Qeyd edək ki, əslində bu mövqeyi bölüşən, yəni
Azərbaycan türk kimliyi ilə qürur duyan, ancaq iranlı mənsubiyyətindən imtina
etməyən ziyalıların
da sayı az deyildi.
Uzun illər Azərbaycan türkcəsində işıq
üzü görmüş
“Varlıq” dərgisinə
və çeşidli
nəşrlərə müəlliflik
etmiş, İran türklərinin çox görkəmli və nüfuzlu ziyalılarından
olan Cavad Heyət də həmin mövqeyin qatı müdafiəçilərindən
idi.
Bəhs edilən illərdə milli-demokratik təfəkkür daşıyıcısı olan yeni nəsil yazarlarının yaradıcılığında demokratik ideyaların əsas istiqamətlərini araşdırdıqda həmin ədiblərin daha mübariz və aydın düşüncəyə, müasir dünyagörüşünə malik olduqları görünür. 90-cı illər Cənubi Azərbaycan ədəbi mühitində öndə olan Səhər Ərdəbili, Nuşin Musəvi, Rəsul Rəhimi Dizəli, Rəşid Kərbasi, İbrahim Zahid, Məhəmməd Rza Məlikpur, Vəli Şahməmmədi, Əli Fərzizadə və Pərvizin yaradıcılığı bu baxımdan daha xarakterikdir. Onların yaradıcılığında ana dilinin zənginliyi, bədii imkanlarının böyüklüyü əks olunur, bu dilin hüquqsuzluğuna etiraz edilir, onun məhv olmaması üçün xalqa müraciətlər yer alırdı. Əslində, İranda cənubi azərbaycanlılardan ibarət böyük bir ana dilli ədəbi potensialın mövcudluğu hakim rejimin ana dilində təhsil qadağasının uğursuzluğunu sübut edirdi. Bu ədəbiyyatı yaradanların ana dilində təhsil almamasını nəzərə alsaq, Azərbaycan dilinin özünüqoruma mexanizminin nə qədər güclü olduğu ortaya çıxır. Yazıçı və şairlərin dil uğrunda mübarizəsi təkcə qeyd olunan çərçivədəki fəaliyyətlərlə məhdudlaşmırdı. Nuşin Musəvi, Həsən Raşidi ilə Əkbər Azadın Tehranda qurduqları “Çiçəklər quruluşu”, “Tehran Sahir Ədəbi dərnəyi”, “Sabir Ədəbi dərnəyi”, “İşıq gəncləri”, Yəhya Şeydanın qurduğu “Təbriz Azərbaycan ədəbi məclisi”, “Tehran Azərbaycan Gənclər cəmiyyəti”, “Sulduz şeir və ədəbiyyat dərnəyi”, “Qum ədəbiyyat ocağı”, “Yarpaq kültür cəmiyyəti” kimi qurumlar Azərbaycan dili və mədəniyyətinin geniş yayılıb təbliğ olunması, cənubi azərbaycanlılar arasında milli özünüdərk prosesinin güclənməsinə xidmət edirdi. Tehran “Çiçəklər qrupu” tərəfindən təşkil olunan qurultayda “yaradıcılıq” problemləri qoyulmaqla yanaşı, eyni zamanda ana dili məsələsi də öz əksini tapmışdı. 1997-ci ildə Zəncanda “Omide Zəncan” qəzetinin redaktoru Məhəmməd Kərimi Bağbaninin rəhbərliyi ilə “Türk dili və ədəbiyyatı” seminarı təşkil olunmuşdu. Seminarda türk dili qrammatikasının öyrənilməsi, dərs kitablarının yazılması, azərbaycanca kursların açılması qaydaları və başqa məsələlər qoyulmuşdu. Həmin illərdə evlərdə qeyri-rəsmi şəkildə qurulmuş türkcə kurslarının sayı artırdı. Təbrizdəki dövlət məktəblərində də bəzi müəllimlərin dərsləri Azərbaycan dilində izah etməsi yuxarı dairələri, təbii ki, qıcıqlandırırdı. İran maarif nazirinin Təbrizdəki yerli maarif orqanına göndərdiyi sərəncamda qeyd olunurdu: “Dəfələrlə həmkarlarımıza tədris prosesində ancaq fars dilində danışma barədə tövsiyə etməyimizə baxmayaraq, təəssüf ki, yenə də bəzi həmkarlarımız yerli dildə dərs deyirlər və məktəb direktorları bu məsələnin qabağını almırlar”.
Ümumiyyətlə, çox yüksək səviyyədə olmasa belə, milli ideya ətrafında təşkilatlanmış ədəbi-mədəni qüvvələrin sözügedən istiqamətdə fəaliyyətinin cənubi azərbaycanlılar arasında milli özünüdərk hissinin stimullaşdırılmasında effekti böyük idi. Yüksələn xətlə davam edən bu proses nəticəsində ana dili probleminin ən zəruri məsələlərdən biri və birincisi olması cənubi azərbaycanlılara təlqin edilirdi. Bu mübarizə yolu onların fəaliyyətinə hakim rejim tərəfindən hər hansı siyasi-ideoloji damğa vurulmasına mümkün qədər imkan verməməyə xidmət etsə də, ara-sıra təzyiqlərlə üzləşirdilər.
Yeganə Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 20 fevral.-
S.14.