Türk dastanları
Türk
xalqlarının mədəniyyəti dünya mədəniyyətinin
əsas tərkib hissəsidir
2-ci yazı
“Boz qurd” dastanları Göytürklərin yeni nəslinin
yaranması və formalaşması haqqında 3 variantlı rəvayətlərdən
ibarətdir. Digər dastanlar kimi bu dastanın da tam mətni əldə
yoxdur. Dastan kiçik parçalar şəklində
Çin mənbələrində mühafızə olunub.
Çox güman ki, dastan dünyanın
yaranması ilə bağlı türkün mifoloji-bədii
düşüncəsindən sonrakı dövrlərdə
formalaşıb. Çünki burada
dünyanın ilk yaranmış insanlarından yox,
düşmənin qəddarlığı nəticəsində
bütünlüklə öldürülmüş
(ayaqları kəsilmiş 10 yaşlı oğlandan başqa)
Göytürklərin sonrakı soy artımından söhbət
gedir. Bu artımda boz qurd Ana qurd vəzifəsini
icra edir. Dastanın qısa məzmunu belədir: Lin
adlı düşmən xalq türkləri məğlub edirlər.
10 yaşlı oğlan uşağından
başqa bütün insanları öldürürlər.
Həmin oğlanın ayaqlarını kəsib
bataqlığa atırlar ki, öz əcəli ilə
ölsün. Bir dişi qurd oğlanı ətlə
bəsləyir, ondan hamilə qalır. Düşmən
oğlanın sağ qaldığını bilib onu
öldürür. Qurd qaçıb gizlənir.
Bir mağarada 10 oğlan uşağı
doğur. Onlar böyüdükdən sonra
kənardan gətirilən qızlarla evlənirlər. Yeni törənən övladlar mağaraya
sığmadığı üçün Altay
dağları ətəklərində məskunlaşırlar.
Göründüyü kimi “Boz qurd” dastanlarında
Göytürklərin əcdadları, onların xalq olaraq
formalaşması əksini tapıb, türkün dastan təfəkküründə
əcdadlarının qurddan törəməsi fıkri təsdiqlənib. Təxminən
I minilliyin ortalarında formalaşmış “Ərgənəkon”
dastanındakı hadisələr müəyyən mənada
“Boz qurd” dastanları ilə səsləşir. Daha doğrusu, bu dastanda türk xalqlarının
soykökü, qəbilə qrupları şəklində birləşməsi,
qədim həyat tərzləri barədə verilən
fıkirlər təxminən “Boz qurd” dastanlarındakı
fıkirlərə yaxındır. “Ərgənəkon”
dastanında Oğuz xan soyundan olan Moğol xanı İl xanla
Tatar xanı Sevinc xan arasında gedən vuruş nəticəsində
moğollar öldürülür, dustaq olanlar isə
düşmənlərin soylarını qəbul edirlər.
İl xanın oğlu Qiyanla qardaşı
oğlu Nüküz öz qadınları ilə qaçaraq
dağlar arasında yerləşən ünçatmaz bir yerə
gəlirlər. onlar bu yerin
adını Ərgənəkon ("hündür dağ
yamacı, vadi, keçid" və s. mənalarda) qoyurlar və
uzun müddət burada yaşamalı olurlar. “Boz
qurd” dastanlarının qəhrəmanları mağaraya
sığmadıqları kimi, bu dastanda da 400 ildən sonra
Ərgənəkonun onlara darlıq etdiyini görürük.
Moğolların hökmdarı Börtə
Çinə xalqı başına yığaraq onlara belə
deyir; “Ey müqəddəs Boz qurd ananın cəsur
oğulları və övladları! Söyləyəcəklərimi
yaxşı dinləyib düşünün. Bizim atalarımıza qədim zamanlardan bəri
Ərgənəkon yurdu müqəddəs məkan olub. Aradan uzun illər keçdi.
Göy tanrı bizi qorudu, böyüdük və
çoxaldıq. Bunun üçün müqəddəs
Ərgənəkon yurdu qarşısında hamımız
başımızı əyib hörmət bildirəyin.
Fəqət bizim ulu dədələrimizin məzarlarının
yerləşdiyi müqəddəs vətənimizin də bu
yüksək dağların arxasında olduğunu
unutmamalıyıq. Artıq
atlarımızı ata vətənimizə doğru sürməyin
zamanı gəldi. Tatarları vətənimizdən
qovub çıxarağın. Beləcə
intiqamımızı alaq, torpaqlarımızı geri qaytaraq.”
Onlar Ərgənəkondan çıxmaq
üçün heç bir yol tapa bilmirlər. Bir dəmirçi onları başa salır ki, burada
dəmir mədəni var. Dağı (dəmiri) əritmək
üçün 70 körük düzəldirlər. Bir dəvənin keçə biləcəyi
ölçüdə dağı əridərək oradan
xilas olurlar. Vətənlərinə
qayıdaraq tatarlardan intiqamlarını alırlar.
“Alp ər Tonqa” qəhrəmanlıq dastanıdır. Alp ər Tonqa
e.ə. VII əsrdə Sakalar dövründə
yaşamış, təxminən e.ə. 624 və ya
625-626-cı illərdə iranlılar tərəfındən
hiylə ilə öldürülmüş Türk
xaqanıdır. Alp ər Tonqa Turan
hökmdarı Beşengin oğludur. Onun Barsxan, Qaraxan,
Şidə və Alak adında 4 oğlunun olması
haqqında məlumatlar mövcuddur. Mənbələrdə
o, igidliyi ilə ad çıxarmış, bilikli, əxlaqlı
türk hökmdarı kimi təqdim olunur. Alp sözü
qədim türklərdə “güclü”, “bahadır”, “qəhrəman”,
“cəsur” və s. mənaları ifadə edir. Alp ər Tonqa
müəyyən zamanlarda Mavərənnəhr, Yeddisu, Savran,
Şaş (Daşkənd), Sayram, Talas, Şu vilayətlərində
hökmranlıq edib, həmin ərazilərdə abadlıq
işləri ilə məşğul olub, yeni şəhərlər
tikdirib. Əbu Reyhan əl-Biruninin “Dünya
iqlimlərinin təsviri” əsərinə əsaslansaq deyə
bilərik ki, Xanbalıq (Balasaqun), Ramitan və Əfrasiyab (Səmərqənd)
şəhərlərini Alp ər Tonqa inşa etdirib. “Alp ər Tonqa” dastanı həcm etibarı ilə
böyük olsa da, əsərin tam mətni əldə edilməyib.
Bu dastanın qısa mətni əsasən
Firdovsinin “Şahnamə”, Y.Balasaqunlunun “Qutadqu bilik” və
M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərləri
əsasında bərpa edilib. Lakin bunlarla
yanaşı Rəşidəddin Fəzlullahın “Came üt
Təvarix” (“Tarixlər toplusu”) və Əbu Reyhan əl
Biruninin “Dünya iqlimlərinin təsviri” əsərlərində
dastanla bağlı verilmiş məlumatlar öyrənilib, həmin
məlumatlardan lazımi səviyyədə istifadə edilib.
Əksər mənbələrdə, xüsusilə
Firdovsinin “Şahnamə” əsərində Alp ər Tonqa
Əfrasiyab adı ilə tanınır. Bu faktı
Y.Balasaqunlu 1069-1070-ci illərdə yazmış olduğu
“Qutadqu bilik”də belə xatırladır: “İndi baxsan
görərsən ki, türk bəyləri Dünya bəylərinin
ən yaxşılarıdır. Bu türk bəyləri
arasında adı məşhur Tonqa Alp Ərdir ki, taleyi bəllidir.
O, yüksək biliyə və çoxlu ərdəmə
sahib idi Bilikli, idraklı xalqın seçilmişi idi. İranlılar ona Əfrasiyab deyirlər, bu
Əfrasiyab neçə-neçə ellər tutub.
Farslar bunu kitabda yazmışlar, kitabda olmasaydı, onu kim tanıyardı”.
Alp ər Tonqaya Əfrasiyab adı iranlılar tərəfındən
verilib. Qəribədir
ki, qədim iranlıların verdiyi bu ad “Türkün
qızıl kitabı”nda (Bakı, 1994, səh.37) “şər və
pislik ilahəsi”, Nemət Kəlimbatovun “Türk
xalqlarının ortaq ədəbi əsərləri”
(İstanbul, 2010, səh. 22) kitabında isə “çox
güclü”, “igid” mənalarında izah olunub. “Şahnamə”də
Əfrasiyab (Alp ər Tonqa) qüdrətli hökmdar, fədakar
insan kimi təsvir edilsə də, İran və
iranlıların düşməni kimi daha çox diqqətdə
saxlanılıb. Bu da “Şahnamə”
müəllifınin türkə olan birbaşa mənfı
münasibətlərindən doğub və
görünür, Sultan Mahmud ilə Firdovsi ziddiyyətlərinin
kökündə dayanan səbəblərdən biri də bu
olub. Firdovsinin “Şah- namə”sində
Turan ölkəsinin sərkərdəsi Əfrasiyab (Alp ər
Tonqa) ilə bağlı ona qədər bölüm
vardır. (“Əfrasiyabın kabus görməsi”,
“Əfrasiyabın Siyavuşa məktub yazması”,
“Əfrasiyabın Siyavuşla ova çıxması”,
“Əfrasiyabın iranlılara məğlub olması” və
s.). Ehtimallar belədir ki, Firdovsi “Alp ər Tonqa”
dastanının tam mətni ilə tanış
olub və “Şahnamə”də bu mətnlərdən
ustalıqla istifadə edib.
“Alp ər Tonqa” dastanının mövzusu İran-Turan
müharibələri ilə bağlıdır. Turan
hökmdarı Beşengin “iranlılar bizə çox
zülmlər veriblər, türkün öc almaq zamanı gəlib
çıxıb” müraciətindən sonra onun oğlu Alp ər
Tonqa “öc almaq” üçün İrana hücum edir. Alp ər Tonqa İran hökmdarını əsir
alır. Əfsanəvi sərkərdə
Zalın İran ordusuna köməyi türk qoşunlarına
xeyli ziyan vurur. Bundan əsəbləşən
Alp ər Tonqa əsir götürdüyü İran
hökmdarını öldürür. Zev
İranda hakimiyyətə gələndən sonra İranla
Turan arasında sülh bağlanır. Zevdən
sonra İran taxtına çıxan Keykavusun zamanında
müharibə yenidən başlayır. İran-Turan
müharibələri Keykavusun nəvəsi Keyxosrovun hakimiyyəti
dövründə də davam edir. Lakin
döyüşlərin birində Alp ər Tonqa məğlub
olur. O, bir mağarada gizli həyat sürür. Onun yerini öyrənib tutmaq istəyirlər. Alp ər Tonqa özünü çaya atır.
Hiylə işlədərək onu xilas etmək adı ilə
sudan çıxarıb öldürürlər.
Amma bir sıra tarixi mənbələr Keyxosrovun
Alp ər Tonqanı aldadaraq ziyafətə dəvət edib
öldürdüyünü təsdiqləyir. Alp ər Tonqanın ölümü Turanı matəmə
bürümüş, onun dəfnində qopuz çalan ozanlar
ağılar söyləyiblər.
“Şu” dastanı haqqında ilkin məlumatlar
M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən
əldə edilmişdir. Lüğətdə dastan ərəb
dilində verilib. M.Kaşğarinm “Divani
lüğət it-türk” əsərinə daxil edilmiş bu
dastan parçasında İsgəndərin adı Zülqərneyn
kimi ifadə edilir. Şu e.ə. 4-cü əsrdə
yaşamış Saka hökmdarıdır. Dastanda Şunun İsgəndər qoşunlarına
qarşı döyüş tədbirləri, düşmənə
qarşı türk ordusunun mübarizliyi əksini tapıb.
Dastanın sonunda göstərilir ki, İsgəndər
geri çəkildikdən sonra Şu Balasaquna gəlir və
Şu şəhərini tikir. Dastanda verilən
bu məlumatda türkün öz torpağına, yurduna sədaqəti,
ona sahib çıxmaq istəyi və əzmi əksini
tapır, hər bir türkdə qürur hissini artırır.
“Oğuz kağan” Hun türklərinin dastandır. Dastan XIII əsrdə
Uyğur yazısı və Uyğur türkcəsi ilə qələmə
alınıb. Oğuz kağan dastanın
baş qəhrəmanıdır. Belə
bir ehtimal var ki, Oğuz kağan Metenin simvoludur. Oğuz kağan Ay kağanının oğludur.
Əsər Oğuzun doğuşu ilə başlayır:
“Günlərin bir günü Ay Kağanın gözü
parladı, doğum sancıları başladı və bir erkək
cocuq doğdu. Bu cocuğun üzü göy kimi
parladı. Ağzı atəş
qızılı, gözləri ala, saçları və
qaşları qara idi”. Oğuz doğulan
kimi anasının döşündən yalnız bir dəfə
süd əmir. Sonra çiy ət yeyir,
şərab içir. Onun qəribə
zahiri görkəmi var. Ayağı öküz ayağı,
beli qurd beli, köksü ayı vücudunda, bədəni
tüklü olan bu insan qeyri-adi qəhrəman kimi təqdim
olunur. Oğuz kağan Tanrıya yalvararkən
göydən işıq düşür. İşığın
içində oturan bir qızla evlənir və ondan Gün,
Ay, Ulduz adında üç övladı doğulur.
Oğuz kağan bir gün ağacın koğuşunda
gözü göydən daha göy, saçları dərə
kimi dalğalı, dişləri inci kimi qız görür. Onunla evlənir.
Bu qızdan Göy, Dağ, və Dəniz
adında övladları dünyaya gəlir. Oğuz kağan bir gün toy (məclis) qurur. Toya xalqı dəvət edir. Toyun
sonunda “mən uyğurların xaqanıyam, yerin 4
bucağının xaqanı olmaq gərəkdir” deyərək
bu barədə olan fərmanını dünyanın 4 tərəfınə
göndərir. Dastanda ifadə olunan bu
fıkir türkün vahid dünya evi modelinə uyğundur.
Ətraf hökmdarlar Oğuzun
xaqanlığını qəbul edirlər. Urum xaqan isə ona tabe olmadığı
üçün Oğuz kağan onun üzərinə
qoşun yeridir. Yolda bir qurd onlara bələdçilik
edir. Urum xaqan döyüşdə məğlub
olur. Bundan başqa Oğuz kağan bir
çox yerlərə yürüş edir və qələbə
qazanır. O, Cürcet xaqanı, Məsər xaqanı məğlub
edib onların ərazilərinə sahib çıxır. Oğuz kağan böyük bir xaqanlıq
yaradır. Ömrünün sonunda bir
qurultay çağıraraq yurdunu oğlanları (Gün, Ay,
Ulduz, Göy, Dağ və Dəniz) arasında bərabər
bölür. Dastanda onun son sözləri belə ifadə
olunur: “Ey oğullarım, mən çox yaşadım,
çox vuruşlar gördüm, çox qarğı,
çox ox atdım. Ayqır ilə çox
yürüdüm. Düşmənləri
ağlatdım, dostlarımı güldürdüm. Mən Göy tanrıya borcumu ödədim.
Yurdumu sizlərə verib gedirəm
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 22 fevral.-
S.14.