Türk dastanları
Türk
xalqlarının mədəniyyəti dünya mədəniyyətinin
əsas tərkib hissəsidir
3-cü yazı
“Bilqamıs”
Şumer (türk) dastanıdır. Şumerlər qədim Şərqdə zəngin mədəni
irsə sahib olan xalqlardan biri olmuşdur. Şumerlərin
etnik mənsubiyyəti, Dəclə və Fərat
çayları arasında yaşayana qədər bu ərazilərə
haralardan gəlmələri, dili, mədəniyyəti, məişəti,
idarəçilik sistemləri və s. haqqında elmi mənbələrdə
müxtəlif fıkirlər mövcuddur. Şumerlər
təkcə qədim Şərqdə yox, o cümlədən
Qərbdə də elm və mədəniyyətin, əkinçilik,
şəhərsalma, siyasi idarəçilik və başqa sahələrin
inkişafında mühüm rol oynamışlar. İngilis alimi L.Bullinin dediyi kimi, “Qərb mədəniyyəti
də Şumerdəki ana ocaqdan şölələndi.
Misir, Babil, Assuriya, Finikiya, qədim yəhudi və nəhayət,
Yunan mədəniyyətlərinin mənbəyini də
Şumerdə axtarmaq lazımdır.” Şumer
tarixi və mədəniyyətinin görkəmli tədqiqatçısı
Kramerin “Tarix Şumerdən başlayır” fıkri təsadüfı
səslənmir, tarixə, fakta söykənməklə
böyük həqiqətləri təsdiqləyir. Şumer dili Şərqin ən əhəmiyyətli
mədəniyyət və siyasi dili olub. Təxmini
hesablamalara görə daş və gil
lövhələr üzərinə bu dildə 150-dən
çox mətn yazılıb. Şumer dili eyni
zamanda dövlət dili kimi qədim Şərqin
aparıcı dilləri sırasında yerini mühafızə
edə bilib. Əldə olunan mətnlərin, maddi
sübutların və s. təhlili onu göstərir ki,
Şumerlər etnik baxımdan türklərə daha yaxın
olublar. Şumer dili ilə türk dillərinin söz köklərindəki
oxşarlıq, bir sıra digər dil xüsusiyyətləri
eyniliyi, əski Şumer mifoloji mətn,
dastan və nəğmələri ilə türk
folklorundakı süjet, düşüncə və s. sistemləri
arasında yaxınlığın olması genetik baxımdan
Şumer-Türk bağlılığını təsdiqləməyə
imkan verir.
“Bilqamıs” da daxil olmaqla Şumerlərin digər
yaradıcılıq nümunələri ilə türkün
təxminən XVII-XVIII əsrlərə qədər yaranan
mifoloji və dastan tipləri arasında müəyyən əlaqələr
mövcud olub.
“Bilqamıs” (bəzi mənbələrdə “Gilqamış”,
“Bilqəmes”, “Bilqamış”) Şumer ədəbiyyatının
ən möhtəşəm abidəsidir. Əsər təxminən
5 min il bundan əvvəl Dəclə və Fərat
çayı hövzələrində yaşayan Şumerlər
tərəfindən şifahi şəkildə
yaradılıb, e.ə II minillikdə Akkad dilinə tərcümə
edilərək 12 gil lövhə üzərinə
köçürülüb. Əsərin müxtəlif
variantları olsa da, bütün variantlarda Bilqamıs (hər
şeyi bilən adam mənasında) mərd
və igid insan kimi təqdim olunub. O, e.ə. təxminən
2800-2700-cü illərdə yaşayıb, Şumer
şəhəri Urukun əsasını qoymuş və ona rəhbərlik
etmiş (kahin və sərkərdə kimi) tarixi şəxsiyyətdir.
Bilqamıs şər qüvvələrə
qarşı vuruşan, ağlı və gücü birləşdirən,
dünyada harmoniya yaratmaq istəyən, qorxu bilməyən qəhrəman
tipidir. Dastanda məzmun lövhələr şəklində
təqdim olunur. Bu hissələrdə Bilqamısın
Urukun əsasını qoyması, Enkidu ilə dostluğu, Sidr
meşələrinə səyahəti, orada Humbabanı
öldürmələri, Humbabanı öldürdüyünə
görə Enkidunun Allahın qəzəbinə gəlməsi
və Enkidunun ölməsi, sonda Bilqamısın əbədi
həyat ardınca uzaq ellərə getməsi, orada dirilik
çiçəyini tapıb elinə gətirərkən
ilanın yolda həmin çiçəyi oğurlaması və
s. ilə bağlı mətnlər diqqəti cəlb edir.
“Bilqamıs” dastanında özünə yer tapmış
yerüstü və yeraltı aləm, ölümə
qarşı mübarizə, əbədi həyat
axtarışı, yuxu yozumu, türk düşüncəsində
el ağsaqqalı və el qəhrəmanının xalqa
münasibəti və s. məsələlərə bu və
ya digər formada əski türk abidələri və
yazılı ədəbiyyat nümunələrində də
rast gəlmək mümkündür.
“Alpamış”,
“Yusif və Əhməd”, “Şeybani xan”, “Arzugül”, “Rüstəm
xan” və s. özbək, “Satuq Buğra xan” Qaraxanlı,
“Çingiznamə”lər silsiləsinə daxil olan
“Çingiz xan” geniş mənada Orta Asiya türkləri,
“Maaday Qara” Altay, “Ural batır” başqırd, “Qoblandı
batır”, “Qənbər batır”, “Ayman Şolpan” və s.
qazax, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora
batır” və s.Tatar (Kazan və Krım tatarları), “Leyli və
Məcnun”, “Fərhad və Şirin”, “Arzu-Qəmbər”,
“Koroğlu “ və s. İraq-türkman, o cümlədən
digər türk xalqlarının yaratmış olduqları
dastanlar türk mədəniyyətinin təməl
daşıyıcılarından biri olmaqla (ümumtürk və
milli türk anlamında), ayrı-ayrılıqda həmin
xalqların milli kimliklərinin təsdiqi, ictimai-siyasi
baxışlarının və epos təfəkkürünün
göstəricisi olmaq baxımından böyük əhəmiyyətə
malikdirlər. (Kitabda özbək, qazax, tatar,
İraq-türkman ədəbiyyatları ilə bağlı
yazılmış icmallarda adları çəkilən
dastanların bir neçəsi haqqında məlumatlar verilib.)
“Kitabi-Dədə
Qorqud” estetik mükəmməlliyi, yüksək fəlsəfı
idrak tərzi, forma əlvanlığı və s. xüsusiyyətləri
ilə fərqlənən eposdur, türkün ana
kitabıdır. Dastanda mifık təsəvvürün real təsəvvürləri
əvəzləməsi, daha doğrusu, ictimai-siyasi, ailə-məişət
və s. məsələlərin üstünlüyü
türk epos təfəkküründə yeni mərhələyə
keçidin başlanğıcı kimi xarakterizə oluna bilər.
Yəni “Dədə Qorqud”dakı bu əvəzlənmə
əslində türkün bir mükəmməl təfəkkürdən
(mifologiya dövründən) digər mükəmməl təfəkkürə
(tarixi dövrə) qədəminin yeni formasıdır. “Dədə Qorqud” türk xalqlarının
yaratmış olduğu milli mədəniyyət abidələri
içərisində ən zəngin və ən möhtəşəm
sənət əsəridir. Məşhur tədqiqatçı
alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının
bütün əsərləri tərəzinin bir gözünə,
“Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də
“Dədə Qorqud” tərəfı ağır gələr”.
“Kitabi-Dədə Qorqud” oğuz elləri həyatından,
oğuz igidlərinin şücaətlərindən bəhs edən
qəhrəmanlıq dastanıdır. Bu səbəbdəndir
ki, dastanın üzünü köçürən katib
kitabı “Kitabi-Dədəm Qorqud ala lisani-taifeyi oğuzan” adlandırmışdır.
Dədə Qorqudun Drezden və Vatikan
kitabxanalarında saxlanılan 2 əlyazma nüsxəsi
vardır. 1815-ci ildə alman şərqşünası
Dits Drezden kitabxanasında saxlanılan əlyazmanı üzə
çıxarıb və dastan haqqında ilk məlumat verib.
Vatikan nüsxəsini isə 1952-ci ildə Ettori
Rossi nəşr edib. Dastanın Drezden
nüsxəsi 1 müqəddimə, 12 boydan, Vatikan nüsxəsi
isə 1 müqəddimə, 6 boydan ibarətdir. Ortaq
türk abidəsi olmaqla yanaşı, “Dədə Qorqud”un yarandığı coğrafı ərazi
daha çox Azərbaycanla, dili isə Azərbaycan dili ilə
bağlıdır.
Dədə Qorqudun şəxsiyyəti, dastanın
hansı dövrdə yaranması, ha¬disələrin konkret
olaraq hansı zamanda baş verməsi, dastan mətnlərinin nə
zaman yazıya alınması ilə bağlı
Qorqudşünaslıqda müxtəlif fıkirlər
mövcuddur. Lakin faktlar Dədə Qorqudun Məhəmməd
peyğəmbər zamanına yaxın Bayat boyunda
yaşamış tarixi şəxsiyyət olduğunu sübut
edir. Dastanın VI-VII əsrlərdə
formalaşması, elə həmin dövr hadisələ¬rini əks
etdirməsi, təxminən X əsrdən əvvəl
yazıya alınması ilə bağlı fıkirlər
artıq təsdiqini tapıb.
“Dədə Qorqud”la özünə qədərki və
özündən sonrakı türk eposları arasında
ümumi bağlılıq mövcuddur. Bu bir tərəfdən
regional əlaqə, digər tərəfdən isə
milli-etnik düşüncə və yanaşmada təsdiqini
tapa bilir. Yəni Türküstandan Kiçik Asiyaya qədər
ərazilərdə yaşayan türklərin yaratmış
olduqları “Oğuz Kağan”, “Şu”, “Siyenpi”, “Ərgənəkon”,
“Dədə Qorqud”, “Manas”, “Alpamış” və s. dastan tipləri
arasında mil¬li-etnik ideyanın və estetik düşüncənin
təsirini inkar etmək mümkün deyil. Belə ki, “Dədə
Qorqud” dastanları ilə digər türk dastanları olan “Alp
ər Tonqa”, “Oğuz Kağan”, “Manas”, “Alpamış” və s.
müxtəlif süjet və motivlərdəki
oxşarlığın mövcudluğu sadəcə dastan
elementləri kimi yox, milli-estetik düşüncənin tarixi
vəhdəti və əlaqə tipi kimi xarakterizə olunmalıdır.
“Dədə
Qorqud” əslində türk-şərq ruhunun (nəcib, həm
də ali insan hisslərin) mənəvi təzahürüdür
ki, bilavasitə bunun qaynağında İslama keçidin təsiri
dayanır. “Rəsul əleyhissəlam zamanına yaxın”
hadisələrin Bayat boyu, Qorqud ata və s. ilə əlaqələndirilmə
prosesində verilməsi, sırf İslama keçid mərhələsi
ilə bağlanır. Bu cür tipoloji (həm tarixi, həm
regional, həm də milli-etnik) oxşarlıq “Manas”
dastanında Manasın atası Yakıp xana üz tutaraq
söylədiyi aşağıdakı sözlərdə də
təsdiqlənir: “Ak sakallı babacığım Yakıpxan.
Mən müsəlman yolunu açacağam
Kafirlərin malını saçacağam Həpsini
qovacağam”.
“Dədə Qorqud” və “Manas”da Xızır
(Xıdır) müqəddəsliyi, ona inam xüsusi planda əksini
tapır.”Dirsə xan oğlu Buğac boyu”nda Buğacın
anasına dediyi, “Ana, ağlamağıl, mana bu yaradan
ölüm yoqdur, qorxmağıl! Boz atlu Xızır
mana gəldi. Üç kərrə yaramı
sığadı.” sözləri ilə “Manas”da olan “Manası
Xızır qorudu, Manas yer kənarında qundaqlandı” və
yaxud yenə “Manas”da səslənən - “Sol başını
Xızır kollasın, Bakay, Xızır yanında olsun,
Bakay” - sözləri arasındakı oxşarlığı
milli-etnik düşüncənin genetikfunksional tipi hesab etmək
olar. Əslində türk dastanlarında genetik
yaddaşın yaratmış olduğu bu tipoloji bənzəyiş
daha çox milli təfəkkür hadisəsi kimi əhəmiyyət
kəsb edir; etnik-milli ideyanın təzahür müxtəlifliyini
təsdiqləyir.
Türk dastanlarında diqqəti cəlb edən məsələlərdən
biri də atlara verilən adlardır. Aydın məsələdir
ki, türk bahadırının ən böyük
silahdaşı onun atıdır. O, atın köməyi
olmadan tam görkəmdə təqdim oluna bilmir. Müəyyən məqamlarda at onun qələbəsi
və xilasının əsas səbəbkarıdır. Bu möhtəşəmliyin ən bariz tipini biz
“Koroğlu” dastanında izləyə bilirik. Bir növ “Dədə Qorqud”da Beyrəyin Boz
ayğırı, “Manas”da isə Manasın Akbozu türk
dastanlarında müşahidə etdiyimiz oxşar bir kult
sisteminin mükəmməlliyinə xidmət göstərir.
“Manas” möhtəşəm türk dastanıdır. Üç
hissədən (trilogiyadan) ibarət bu qırğız
dastanı Ç.Vəlixanov və Rodlov tərəfındən
aşkarlanmış, ilk dəfə 1885-ci ildə rus və
alman dillərində nəşr olunmuşdur. 12.452 misradan ibarət olan həmin nəşr
dastanın əsasını təşkil edir. Lakin manasçılar tərəfindən zaman-zaman əsərə
edilən əlavələr bu əsərin həcmini xeyli
artırıb, nəticədə “Manas”ın 65 variantı əmələ
gəlib, dastan misralarının ümumi sayı isə bir
neçə yüz minə çatıb. “Manas” həcm
etibarilə dünya ədəbiyyatının möhtəşəm
abidələri sayılan “İliada” və “Odisseya”dan 20 dəfə,
“Mahabharata”dan üç dəfə böyükdür. “Manas” bir növ qırğız ruhunun (həm də
tarixinin) bədii təcəssümüdür. Təsadüfı deyildir ki, dünya şöhrətli
qırğız yazıçısı Ç.Aytmatov
“Manas”ı “qırğız xalqının sinonimi” hesab edir.
“Manas”ın dastan kimi formalaşması IX-X əsrlərə
aiddir. “Manas”ı ifa edən şəxs
manasçı adlanır. Manasçılar
nadir istedad sahibi hesab olunurlar. Demək olar ki,
qırğız xalqı içərisində “Manas”dan az da olsa əzbər bilməyən insan yoxdur. Bu qırğız xalqının öz tarix və mədəniyyətinə
bəslədiyi böyük məhəbbətin təzahürüdür.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 23 fevral.-
S.14.