Dağlıq Qarabağ: 26 il sonra Xocalı qətliamı ilə bağlı son dərəcə qəribə səssizlik

 

Azərbaycanın Xocalı şəhərinin keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından və tamamilə dağıdılmasından 26 il keçir. 1992-ci il fevralın 26-na keçən gecə bu şəhərdə 613 azərbaycanlı, o cümlədən 63 uşaq və 107 qadın qətlə yetirilib.

WorldMedia “Atlantico”, (Fransa) Emmanüel Düpüinin müəllifi olduğu yazını tərcümə edib.

...Hadisədən bu qədər vaxtın keçməsinə baxmayaraq, heç kəs, o cümlədən Fransa, Avropa və dünya siyasətçiləri Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı faciəsi olan bu qətliama açıq, konkret münasibət bildirməyib. Xoşbəxtlikdən, bu səssizlik qarşısında öz əsərlərilə Xocalı qətliamı haqda danışan mədəniyyət və ədəbiyyat xadimləri – jurnalistlər, fotoqraflar, bəstəkarlar və rəssamlar var. Bu ağrılı mövzuya biganə qala bilməyənlərin hər üçü fransızdır.

Biz onlara iki sadə sual verdik.

- Nə üçün əsərlərinizin qayəsi olaraq Xocalı mövzusunu seçmisiniz?

- Öz əsərlərinizlə dünyaya hansı mesajı çatdırmaq istəyirsiniz?

Cavab belədir:

Rza Deqati – fotoqraf-jurnalist:

Mən fotoqraf-jurnalist kimi, böyük beynəlxalq nəsrlərlə işləmişəm. Hazırda “New York Times” jurnalı, bir sıra Avropa nəşrləri ilə, xüsusilə “Qamma” fotoqrafiya agentliyilə əməkdaşlıq edirəm. İran inqilabından sonra regionda izlədiyim müxtəlif mövzular (Yaxın Şərqdə və Afrikada cərəyan edən hadisələr, Əfqanıstandakı müharibə) arasında SSRİ-nin süqutundan əvvəl bu ölkənin də daxil olduğu böyük layihələr olub. Moskvaya və Azərbaycana ilk səfərimi hələ 1987-ci ildə etmişəm. Beləliklə, mən Sovet İttifaqında hadisələrin inkişafını, xüsusilə Azərbaycanda olarkən Bakıda törədilmiş və “Qara yanvar” adlandırılan hadisələri yaxından izləmişəm.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistan rus ordusunun köməyilə Dağlıq Qarabağda müharibəyə başladı. 1992-ci il fevralın sonunda Azərbaycanın bir şəhərində qətliamın törədildiyi haqda xəbər aldım və dərhal Parisdən Bakıya yollandım. Bakıda mən Qarabağ istiqamətində yola düşmək istəyən Fransız humanitarlar, Dünya Həkimləri və Sərhədsiz Əczaçılar Qrupuna qoşuldum. Bu qrupun tərkibində Azərbaycanın bir hissəsini və cəbhəni keçərək Ağdama getdim. Ağdamda bizi Dağlıq Qarabağda erməni silahlı qüvvələri tərəfindən əvvəlki günlərdə törədilmiş faciələr haqda danışan, çox çətin vəziyyətə olan əhali qarşıladı. Hadisələri daha yaxşı anlamaq üçün biz Ağdamın mərkəzi meydanına getdik. Orada öz yaxınları, çoxsaylı itkinlər barədə məlumat almağa çalışan yüzlərlə insan, xüsusilə qadınlar və qocalar var idi. Onlar harada olduqlarını bilmirdilər. Bu adamların əksəriyyəti Xocalı sakinləri idi. Beləliklə, onlar bizə fevralın 26-na keçən gecənin dəhşətlərini danışdılar.

Onların bildirdiklərinə görə, erməni silahlı qüvvələri evləri, kəndləri mühasirəyə alaraq, evlərə od vurur, qaçan insanlara atəş açırlarmış. Bu insanların danışdıqlarını dinlədik. Bütün şahidlərin dedikləri üst-üstə düşürdü. Onların hər biri eyni hadisəni yaşamışdı. Həmin meydanda ermənilər tərəfindən işğal edilmiş zonalardan cəsədləri gətirməyə gedən Beynəlxalq Qırmızı Xaç Komitəsinin heyəti də var idi. İnsanların əksəriyyəti güllə ilə qətlə yetirilmiş, çoxunun bədəninin müxtəlif hissələri kəsilmişdi.

Orada elə cəsədlər var idi ki, bədən üzvləri kəsilmiş, gözləri çıxarılmışdı. Ağdamdakı bu meydanda qaldığım bir neçə gün ərzində mən çoxsaylı şahid ifadələri topladım və hələ də öz yaxınlarından xəbər gözləyən insanların şəkillərini çəkdim. Qırmızı Xaç Komitəsinin heyəti cəsədləri gətirən zaman bu insanlar öz yaxınlarını axtarırdı. Bu da çəkmək üçün ən həssas məqamlardan idi. Amma bir jurnalist-fotoqraf kimi, mən daha çox informasiya əldə etmək istəyirdim. Azərbaycanlı və erməni əsirlərin dəyişdirilməsilə bağlı danışıqlarda da iştirak etdim, danışıq səhnələrinin şəklini çəkdim. Vəziyyəti daha yaxşı başa düşmək üçün Dağlıq Qarabağı gəzdim, Şuşa şəhərinə getdim və bu günədək işğal altında olan kiçik Azərbaycan ərazisinin şəkillərini erməni işğalından bir qədər əvvəl çəkə bildim.

Fotoqraf-jurnalist kimi, mən insanlara reallığı gördüyüm kimi çatdırmaq istəyirəm. Münaqişə zonalarında çəkdiyim bu şəkillərlə göstərmək istəyirəm ki, müharibələrdən yayınmaq olar və xalqlar birgə insanlıq, qardaşlıq içində yaşamalıdır.

Fotoqrafiya sülh və əmin-amanlıq dünyasında yaşamaq üçün fərdlər, xalqlar və mədəniyyətlər arasında daim əlaqə yaradır. Mən çox müharibələr, münaqişələr, qırğınlar görmüşəm. Ancaq bununla belə, bəşəriyyətimizin gələcəyilə bağlı çox nikbinəm. Başqalarının yaşadıqlarını hiss edərək hamımız “ilahi missiya” – insanlığa yardım etmək üçün məsuliyyət daşıyırıq.

Pyer Tilua, bəstəkar:

İyirmi ilə yaxındır ki, mən Azərbaycana – ilk dəfə 2001-ci ildə Fransa səfirliyi yanında Bəstəkarlar Evi sayəsində kəşf etdiyim ölkəyə tez-tez səfər edirəm. O vaxtdan bu ölkəyə çoxsaylı səfərlər etmişəm. Əgər mən ilk dəfə bu ölkəyə musiqi və mədəniyyətə görə getmişdimsə, indi, hər səfərimə məni heyran qoyan mədəniyyətə, musiqiyə, həmçinin burada qurduğum sıx dostluq münasibətlərinə görə yollanıram.

Demək olar ki, Azərbaycan mənim ürəyimə daxil olub. Xatırlayıram, ilk səfərim zamanı Mstislav Rostropoviç haqqında fotosərgiyə baxmışdım. O vaxt heç bilmirdim ki, o, əslən Bakıdandır. Amma bu şəkillərə baxdıqda mənə aydın oldu ki, bu ölkə müharibə şəraitindədir, onun 1 milyona yaxın qaçqını var, ərazisinin 20 faizi işğal altındadır… və heç kəs bu vəziyyəti dəyişmək niyyətində deyil.

Daha sonra Qərbdə tamamilə naməlum, yaxud haqqında danışılmayan Xocalı faciəsilə tanış oldum... Əgər bir insanı, yaxud xalqı sevirsənsə, o zaman onun sevincini də, ağrılarını da özününkü kimi yaşayırsan. O zaman mən öz tərzimlə onlara necə kömək edə biləcəyimi, bu barədə necə danışa biləcəyimi araşdırmağa başladım… Çünki söz silahlara toxunmadan, münaqişələrin həlli ümidi ilə müzakirələr aparmağa imkan verir. Bu, effektiv və davamlı mədəni diplomatiyanın bir formasıdır! Onda mən bu faciənin qurbanlarının xatirəsini anmaq, onlara ehtiram göstərmək, ictimaiyyətin diqqətini bu məsələyə çəkmək üçün “Xocalı 613” əsərini bəstələdim. Qoy, sülh, onunla bərabər, gülüşlər və layihələr bir gün geri dönsün…

Musiqi, xüsusilə onun xatırladıcı qüvvəsi, insanların ürəklərinə göndərilən bir mesdır. Əlbəttə ki, o, qəlbləri titrəmək gücünə malikdir. Nietzçenin dediyi kimi, musiqisiz həyat səhv olardı. O, çox haqlı idi. Qardaş və dost olan insanlar bir gecədə nə vaxtsa barışmaq ümidi olmayan ən qatı düşmənə çevrilirlər. Fikrimcə, musiqi müqəddəs sülh dilidir. Yalnız musiqi eyni zamanda ağrını, qəzəbi, ümidi, üzrü ifadə edə, barışıq üçün vacib şərt ola bilər.

Mən bu əsəri baş vermis qətliamdan və onun ətrafında hökm sürən səssizlikdən şoka düşdüyüm üçün yazdım. Bu gün bu dərəcədə səssizlik olmamalıdır. Əgər varsa, onda musiqi özü üçün danışır, qurbanları anır, dəhşətli yaralara şahid olur və istəyir ki, ictimaiyyət həqiqəti bilsin, dünya ondan danışsın, qurbanlar daim yad olunsun. Mən arzu və ümid edirəm ki, bu əsər nə vaxtsa həmin dəhşətli faciəyə həsr edilmiş sülh və xatirə rəmzi olacaq.

Reno Baltzinger, rəssam:

Artıq 30 ildən artıqdır ki, mən silsilə portretlərlə bu dünyanın ağrılarını çəkirəm. Mifologiyanın (Danaya, Qorqon, Leda və Qu quşu) şiddətlərini təsvir etməyə başladıqdan sonra 14-18-ci illər müharibəsi, daha sonra isə Tiber keşişlərinin qətliamı ilə maraqlanmağa başladım. Bir çox mövzular məni hələ də şoka salır və mən onları qətiyyətlə ifşa etməkdə davam edirəm. “Don Kixot”la başlayan karyeram öz zirvəsinə Holokostla bağlı durmadan yenilənən işimlə, Xirosima və Naqasakinin əks etdirilməsilə çatıb.

Mənim bəşəriyyətə qarşı soyqırım və tam “apokalipsis” hesab etdiyim cinayət Holokostdur. Auşvitzdə və digər rəzillik meydanlarında Tanrı həqiqətən ölmüşdü. Atom bombasından sonra olduğu kimi, bəşəriyyət bu “fəlakət”dən də xilas ola bilməyəcək.

Bu baxımdan, Xocalı qətliamının mənə çox güclü təsir edib. Xocalı hadisəsi o vaxt mətbuat tərəfindən bilərəkdən gizlədilən kütləvi cinayət idi. Çünki bunun arxasında Ermənistan, mənim ölkəmdə, ABŞ-da və dünyada çox güclü olan erməni diasporu dayanırdı.

1992-ci il fevralın 26-na keçən gecə ruslar tərəfindən dəstəklənən erməni qoşunları Xocalıya daxil olub, 613 nəfəri qətlə yetirib, yüzlərlə azərbaycanlını girov götürüb. Həmin şəxslərdən sonralar nə bir xəbər gəldi, nə də onlar öz ölkələrinə təhvil verildilər. Xocalı Dağlıq Qarabağ münaqişəsinin təməl daşıdır. Beləliklə, məni ən çətin işimi yaratmağa beynəlxalq ictimaiyyətin Xocalı və Dağlıq Qarabağla bağlı səssizliyi olub.

Mən Xocalı cinayətinə dair 50-dən çox əsər hazırladım. Əlimdə olan dosyelər o qədər nifrət doğururdu ki, belə demək mümkündürsə, əsərlər sanki öz-özünə yaranırdı. Hər əsər həyatla ölüm arasında olan bir azərbaycanlının portretini – onun ağrısını, hadisələri anlamamasını, qorxusunu əks etdirirdi. Beləliklə, mənim işim yerə qoyulmuş, bədən üzvləri kəsilmiş, tanınmayan ölüləri təsvir etmək və onları ictimaiyyətə göstərmək idi ki, “baxın, görün!”.

Mən Fransada çoxsaylı sərgilər təşkil etmişəm. “Xocalı kolleksiyası”nı sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etmək imkanım da olub. Mən bunları yaymaq üçün Avropada və ABŞ-da, həmçinin Asiyada bütün mümkün media qurumlarından istifadə edirəm. Bu mövzuda 6 ildən bəridir ki, işləyirəm və bu məsələ həll olunanadək işləyəcəyəm. Bu, məni qəbul edən azərbaycanlılara və özümün özümə verdiyim vəddir. Səssizliklə və keçən zamanla heç vaxt barışmaq olmaz. Mən bu kolleksiyanı xocalılı uşaqlara ithaf etdiyim “Ağ əsər”lə bitirmişəm. Həmin əsər Fransada və Bakıdakı Heydər Əliyev Mərkəzində nümayiş etdirilib və bundan sonra da orada qalacaq.

Bu işimlə arzumu qismən həyata keçirmişəm: publika “Ağ əsər”in yanında olarkən sanki divara mismarlanır, onun əks etdirdiyi dəhşətlərə biganə qala bilmir. Təvazökar bir rəssam kimi, unutmağı və susmağı qadağan edirəm! Bunu heç vaxt etməyin! Bu məsələdə mən daim Azərbaycan xalqına bağlı olaraq qalacağam!

 

Cavid

 

Xalq Cəbhəsi.- 2018.- 23 fevral.- S.9.