1997-2005-ci illərdə Güney Azərbaycanda ziyalıların fəaliyyəti

 

2-ci yazı

Sözügedən hadisələrdən sonra hakim rejim Cənubi Azərbaycanda təzyiq və təqibləri gücləndirərək siyasi fəaliyyət məkanını xeyli məhdudlaşdırdı, özü üçün təhlükəli ideya və tələblərin qarşısını zorakılıqla (Tehran və Təbriz universitetinin tələbələrinə (09.07.1999) amansız divan tutulması, zəncirvari qətllər) və “qanun çərçivəsində” (qəzetlərin bağlanması, redaktor və jurnalistlərin həbs edilməsi və s.) almağa başladı. 1999-cu ildən başlayaraq ziyalıların milli hüquqlar uğrunda mübarizəsi yalnız bəzi istisnalar xaricində, əsasən, milli-mədəni yöndə təkmil və intensiv formada davam etmişdi. Azərbaycanlı tələbələr 90-cı illərin ikinci yarısına kimi petisiyalar formasında etirazlarını bildirirdilərsə, qeyd olunan tarixin sonundan daha çox dərgilər vasitəsilə milli-ideoloji aspektdə mübarizə aparmışlar. Milli məsələnin araşdırılması və işıqlandırılmasına üstünlük verən ilk tələbə dərgiləri 90-cı illərin ikinci yarısında Tehranda (“Çiçək”, “Öyrənci”, “Çağrı” və s.) işıq üzü görmüşdü.

Sonra İranın və Cənubi Azərbaycanın bir çox şəhərlərində tələbə dərgiləri nəşr olunmağa başladı. Azərbaycançılıq ideyası ətrafında birləşən qüvvələri əlaqələndirən və informasiya mübadiləsi rolunu oynayan nəşrlər arasında Tehranda çıxan “Yol” dərgisinin, milli məsələnin ideoloji-siyasi, qlobal və beynəlxalq problem kimi araşdıraraq kütlələrə çatdıran, Ərdəbildə çap olunan “Sayan” jurnalının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ümumilikdə tələbələrin nəşr etdikləri mətbu orqanlarda, əsasən, ana dilinin milli kimliyin formalaşmasındakı rolu, türk dilinin tarixi, İranda demokratik quruluşun yaradılması, radio və televiziya verilişlərində etniklərin heysiyyətini alçaldan proqramların tənqidi, ictimai, mədəni həyatın bütün sahələrinə həsr olunmuş mövzular işıqlandırılırdı. 2001-ci ildə “Azərbaycan tələbə dərgiləri əncü- məni”nin təşkilatçılığı ilə 30-a yaxın dərginin iştirak etdiyi Azərbaycan Tələbə dərgilərinin I sərgisi keçirildi. Lakin tez bir zamanda Elm Nazirliyi tərəfindən “Azərbaycan tələbə dərgiləri əncüməni”nin fəaliyyətinə rəsmi şəkildə qadağa qoyuldu.

Qeyd edilən dövrdə yaranmış ictimai-siyasi şəraitdə azərbaycanlıların milli-mənəvi təzyiqlərə məruz qalması ilə yanaşı, rejimin milli-maddi dəyərlərin də məhv edilməsi yönündə atdığı addımlar tələbələrin etirazları ilə qarşılanırdı. Onlar Azərbaycanın ən mühüm tarixi-mədəni abidələrindən biri olan Ərk qalasının dağıdılmasına etiraz (2000), Ana Yasanın 15-19-cu maddələrinin gerçəkləşdirilməsi, M.Çöhrəqanlının həbsdən azad edilməsi tələbləri ilə aksiyalar keçirirdilər. Hakim rejim milli hərəkatın güclənməsi və genişlənməsinin qarşısını almaq üçün müxtəlif vasitələrdən, o cümlədən hərəkatı daxildən parçalamaq, müxtəlif qrupları və liderləri bir-birinə qarşı qoymaq siyasətini yürüdür, eyni zamanda da milli mübarizənin mövcudluğunu, xalqın ana dilində təhsil istəyini, ümumilikdə türklüyü danmağa yönəlik təbliğat aparırdı. İranın mədəniyyət və irşad nazirinin müşaviri, Dövlət Teleradio Şirkətinin sədr müavini, milliyyətcə azərbaycanlı olan Əli Əsgər Şiirrdust Bakıda nəşr olunan “525-ci qəzet” ə müsahibəsində “İranda Azərbaycan televiziya proqramlarının Azərbaycan türkcəsində yayımlanmasına əhalinin marağı olmadığı üçün türk məktəblərinin açılmasına da ehtiyac yoxdur”, İranın mədəniyyət və irşad nazirinin müavini isə Təbrizdə ona verilən “Ana dili ilə bağlı konstitusiya maddəsi niyə icra olunmur?” sualına cavabında “Türk sivilizasiyası adlı bir sivilizasiya yoxdur” demişdi.

Milli ziyalı doktor Feyzullahi Vahidi onun bu cavabını İİR-in əsas qanununa hörmətsizlik kimi qiymətləndirərək nəzərə çatdırmışdı ki, əgər sivilizasiyada məqsəd texnologiya və sənayenin inkişafıdırsa, türklərin bu sahədə çoxlu nailiyyətləri olub. Əgər məqsəd qanun və qanunçuluqdursa, türklər tarixdə sivil qanunların yaradıcısı kimi göstərilirlər. Buna misal olaraq Beynəlxalq Haaqa Məhkəməsinin iclas zalında Sultan Süleymanın şəklinin asılmasıdır. İrandakı azərbaycanlıların bu illərdə rejimin tətbiq etdiyi fiziki, mənəvi, maddi repressiyalara daha çox məruz qalmasını ziyalıların, eyni zamanda mətbuat və hakimiyyət strukturlarında təmsil olunan azərbaycanlıların İran rəsmilərinə müraciətləri sübut edir. Azərbaycandan olan millət vəkilləri, mətbuat nümayəndələri, görkəmli ziyalılar, mədəni qurumlar M.Xatəmiyə müraciət edərək azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı bildirirdilər: “İranda türk icması üzərində fars sosial və mədəni hegemonluğu davam edir. Türklərə qarşı fars şovinizmi hegemonluğu və faşist münasibət onları diz çökdürüb, Azərbaycan vilayətinin türkdilli əhalisini mədəni, sosial və iqtisadi boykota gətirib çıxarıb”.

Müraciətdə, eyni zamanda Cənubi Azərbaycan türklərinin milli haqlarına, o cümlədən ana dilinə sayğı və hörmətlə yanaşılması, türk dilində məktəb, telekanal və qəzetlər açılması tələb olunaraq prezident Xatəmi İranın bütün ali məktəblərində türk dilinin öyrənilməsinə şərait yaratmağa və azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoyulmasına çağırılırdı. Bu müraciətlər cavabsız qalsa da, milli məsələnin hakim dairələr üçün nəzərəçarpacaq dərəcədə gündəmdə qalmasını təmin etməklə problemə ciddi yanaşmağı tələb edirdi. Yuxarıda da qeyd edildiyi kimi, ziyalılar İran İslam inqilabından sonra yazı dilinin qaydaya salınması sahəsində bəzi işlər görsələr də, ortaq qərara gələ bilməmişdilər. Sözügedən məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda ümumi toplantılar keçirilsə də, deyildiyi kimi, nəticə əldə olunmamış və bu işlər, əsasən, ziyalıların qeyri-rəsmi fərdi çalışmalarından ibarət idi. Bu istiqamətdə növbəti belə addım 2000-ci il iyunun 14-15-də Tehranda ortaq yazı qaydalarının qəbul olunmasına dair keçirilən I Türk Dili Orfoqrafiya Seminarı idi. “Çiçəklər” təşkilatı, Nəsimi Mədəniyyət Ocağı, “Mişov”, “Əndişeye no”, Güney Mədəniyyət Ocağı dərnəkləri və İran türk ziyalılarının iştirakı ilə və İran Türkcəsinin Yazı Birliyi Dil Konqresi çərçivəsində təşkil olunmuş həmin tədbirdə uzun mübahisədən sonra vahid türk əlifbası qəbul olundu.

II Türk Dili Orfoqrafiya Seminarı 2001-ci il iyulun 5-7-də Tehranın Əndişə Mədəniyyət evində keçirildi. Seminarda ümumi orfoqrafiya məsələləri qoyulmuşdu. 2005-ci ilin fevral ayında “Varlıq” və “Dilmanc” dərgilərinin təşkilatçılığı ilə “İmla birliyine doğru son çalışmalar” adı altında tədbir keçirilmişdi. Tədbirin keçirilməsində məqsəd yazı qaydalarında dəyişiklik etməklə bağlı yeni təkliflərin qəbul olunması idi. Daima yazı dilinin və yazı qaydalarının nizamlanması ilə məşğul olan “Varlıq”ın “İmla qaydaları” adlı kitabı yalnız 2002-ci ilə qədər mətbuatda istifadə olunmuşdu. Yeni nəsil ana dilini internet vasitəsi ilə kiril əlifbasından və ya latın əlifbasından öyrənməkdə idi. Bu da bir çox problemlərin yaranmasına səbəb olurdu. Tədbirin əsas məqsədi ana dilində yazı qaydalarının dəqiqləşdirilməsi idi.

2002-ci ilin dekabrında hökumət narazı qüvvələri razı salmaq, gərginliyi yumşaltmaq üçün Həmədan Tibb Universitetində türk dili və ədəbiyyatı kursu açdı. Türk dili doktor Hüseyn Düzgün tərəfindən tədris olunurdu. Lakin rejimin bu “ürəyiyananlığı” da əvvəlki illərdə olduğu kimi uzun müddət davam etmədi və tez bir zamanda müxtəlif səbəblər əsasında bağlandı. Bu dövrdə Hüseyn Düzgün Təbrizdə, Əli Rza Sərrafı Təbriz və Tehranda, Camal Ayrımlı Urmiya Universitetində, Əli Daşqın Təbriz, Sulduz, Xoy və Urmiyada Azərbaycan dilində qeyri-rəsmi fəaliyyət göstərən kurslar açmışdılar. Əsədulla Mərdani Şirazda qaşqay türkləri üçün türkcə kurslar açmışdı. Tehranda Həsən Raşidi Tehran və Kərəc universitetlərində, Məhəmməd Rza Bağban Kərimi Zəncan və Sənəndəc universitetlərində, Emin Əkbər-pur Urmiya universitetində, Sulduzlu Sirus Siyami Sənəndəc universitetində türk dilində kurslar təşkil etmişdilər. Azərbaycan dilinin inkişafı yolunda çalışan qurumlardan biri də əsası Urmiyada yerləşən, Sulduz, Səlmas, Qoşaçay şəhərlərində şöbələri açılan “Bilim Yolu” cəmiyyəti idi. Mühəndis Hamid Şafinin yaratdığı bu cəmiyyətin təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyatını tədris edən kurslar açılır, milli mədəniyyətin təbliğ olunması üçün müxtəlif vasitələrdən istifadə edilirdi. Qeyd olunan kurslar 2008-ci ildən bağlanmağa başlandı. Təzyiqlərə, məhrumiyyətlərə baxmayaraq, ziyalılar İran qanunvericiliyi çərçivəsində millətin tələblərini dilə gətirməkdən çəkinmirdilər. 2003-cü il iyunun əvvəllərində ölkədə hakimiyyət qanadları arasında toqquşmalar əleyhinə Tehranda, Təbrizdə, Ərdəbildə, Şirazda və İsfahanda keçirilmiş etiraz aksiyalarında Cənubi Azərbaycanla bağlı şüarlar türkcə, ümumiran problemləri ilə bağlı tələblər isə farsca səsləndirilirdi. Çıxışlar zamanı Azərbaycanın milli problemləri ilə bağlı şüarların aparıcı olmasına cəhd edilsə də, bu məsələ ümumiləşə bilmədi.

Qeyd olunan illərdə Qaradağ mahalının Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalasına edilən yürüş iştirakçılarının (əsasən, ziyalılar və tələbələr çoxluq təşkil edirdi) sayı da 1 milyonu aşaraq cəmiyyətin müxtəlif təbəqələrini əhatə edirdi. Həm bu amil, həm də rejimin ayrı-seçkilik siyasətinə məruz qalan digər millətlərin nümayəndələrinin bu yürüşə dəstək verməsi milli hərəkatın qarşısına qoyduğu məqsədə çatmaqda israrlı olmasından xəbər verirdi. İran hökuməti həmin aksiyaların avanqardı olan, rejim üçün təhlükəli hesab etdiyi milli ziyalı qüvvələri “zərərsizləşdirmək” üçün yeni hücuma başladı. Cənubi Azərbaycan türklərinin milli kimliyi, dili, milli hüququ sahəsində fəaliyyət göstərən nümayəndələr (“Şəms Təbrizi” qəzetinin baş redaktoru Əli Hamidi, Əli Süleymani, Əhməd Azəri və Babulla Azəri) Cənubi Azərbaycanın istiqlaliyyət əldə etməsinə çalışmaqda, Bütöv Azərbaycan yaradılmasına cəhddə və xaricdə yaşayıb İran əleyhinə fəaliyyət göstərən hərəkatçılarla əlaqələr qurmaqda ittiham olunaraq həbs olundular. Dr.M. Zehtabinin anma günü ilə bağlı onun Şəbüstərdəki məzarı önünə toplaşan ziyalıların böyük bir qrupu həbs edildi. Babək hərəkatının qarşısını almaq üçün milli qüvvələrə edilən təzyiq formalarından biri yürüşdə iştirak etdiyinə görə həbs olunanların məhkəməsinin bir çox hallarda bir və ya iki ilə qədər davam etdirilməsi idi. Məsələn, 2004-cü ildə Babək qalasına yürüşdə iştirak edən və həbs olunaraq bir neçə gün sonra külli miqdarda pul zəmanəti müqabilində azadlığa buraxılan hərəkatçılardan bir neçəsinin məhkəməsi 2005-ci ilin iyun ayında başlamışdı. Bu, fəal hərəkatçıların aksiyaya qatılmasının qarşısını almaq və yürüşün təşkilatçılığına maneçilik törətmək məqsədi güdürdü.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2018.- 27 fevral.- S.14.