Azərbaycan filmi beynəlxalq
festivalda uğur qazanıb
Rusiyanın Kazan şəhərində keçirilən
“ZILANT” beynəlxalq kinofestivalının
finalçıları arasında
azərbaycanlı rejissor
Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də nümayiş edilib. Ekran işi “Qısametrajlı
film” kateqoriyasında “Ən
yaxşı rejissor işi” nominasiyasında qalib olub. Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırıb.
Filmi, ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkova
təqdim edib. O,
ekran işi barədə danışıb
və Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd edib.
“Dəniz suyu içən it” qısametrajlı
filmi “NərimanFilm” kinostudiyasında çəkilib. Film, sevdiyi kişinin xəyanətinə məruz
qalan və doğulmamış övladını
itirən qadının
taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsənin olmadığı
çimərliyə gəlir
və bu yer onun həyat
tarixçəsinin aydınlaşmasının
səssiz şahidinə
çevrilir. Festival çərçivəsində, həmçinin “Kinokadrın
kompozisiyası” mövzusunda
ustad dərsi təşkil edilib.
Qeyd edək ki,
bu ilin aprel
ayında isə film Kamerunda
beynəlxalq festivalda təqdim ediləcək.
Baş rolun ifaçısı Natəvan Hacıyeva “Women`s Only Entertainment”
film festivalında “Xarici
kino sənətinin ən yaxşı
aktrisası” adına, filmin prodüseri isə Moskvadakı “Moscow Indie” müstəqil kino festivalında “Ən yaxşı qadın kinematoqraf” mükafatına layiq
görülüb.
Xalq Cəbhəsi.- 2018.- 27 fevral.-
S.16.