İranda milli məsələnin
qoyuluşu
"Xalq Cəbhəsi" qəzeti mərhum
tarixçi, tarix elmləri doktoru, professor Seyidağa Onullahinin
araşdırma yazısını təqdim edir
1-ci
yazı
İran çoxmillətli
ölkədir. Bu ərazidə yaşayan millətlər dil əlamətlərinə
görə iki yerə - İran və türkdilli millətlərə
bölünürlər. İrandilli xalqlar - fars, kürd, lor,
gilək, bəluc, talışlardan ibarət olduğu halda,
türkdilli xalqlar isə Azərbaycan türkləri,
qaşqaylar, türkmənlər, əfşarlar, şahsevənlər
və s. etnik tayfalardan ibarətdir. Saylarının
az-çoxluğundan asılı olmayaraq irandilli xalqlarla
İran və Güney Azərbaycanda türklər sakindirlər.
Türkdilli xalqların əsas hissəsi Güney Azərbaycanın
vilayətləri ilə yanaşı, Xorasan, İsfahan əyalətində,
Həmədənda, Qəzvində, Savədə, Ərakda,
Soltanabadda, Tehranda, Gilanda və Mazandaranda məskunlaşmaqdadır.
O cümlədən qaşqaylar fars əyalətində, həmin
əyalətin Qarabağ rayonunda məskən salıblar. Onlar
öz dil və adət-ənənələrini qoruyub
saxlayıblar. Məsələn, I Şah İsmayıl
dövründən Fars əyalətinə
köçürülmüş qaşqaylar indi də
köçürüldükləri ərazidə farslarla birgə
yaşamaqdadırlar. Lakin öz dil və milli ənənələrini
qoruyub saxlayıblar. Hətta milliyyətcə fars olan
oğlanlara qız ərə verməkdən imtina edirlər.
Luis Favustun yazdığı kimi, Azərbaycan əhalisinin əksəriyyəti
İranın digər şəhərlərinə
köçüblər. Buna görə də İranın əksər
mahalında azərbaycanlılar sakindirlər. Lakin azərbaycanlılar
öz dil və mədəniyyətlərinə olan
bağlılıqlarını itirməyiblər. Hətta
onlar İranın digər bölgələrində
yaşadıqları üçün özlərini Azərbaycanda
olduqlarından daha yaxşı dərk edə biliblər.
XIX əsr ingilis şərqşünası
Eduard Braun yazır ki, İranın Cənubu və
Şimalı arasında sakin olmuş irqlər arasında o qədər
də əlaqə və məhəbbət yoxdur. Bu onu
göstərir ki, Güney Azərbaycanda sakin azərbaycanlılar
arasında fars şovinizminin ayrı-seçkilik
salmalarını gündəlik həyatlarında hiss edirlərsə,
İranın digər şəhərlərində yaşayan
azərbaycanlılar bilavasitə bu ayrı-seçkiliyi
gündəlik həyatlarında, uşaq
bağçasından tutmuş, ibtidai, orta, ali məktəblərdə,
idarələrdə şahidi olurlar.
Ərəb istilasından sonra
XI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə
türkdillilər olublar. Min il ərzində həmin
türkdilli hakimlər fars dili və irandillilərin mədəniyyətinin
inkişafında mühüm rol oynayıblar. Sultan Mahmud Qəznəvinin
sifarişi ilə Firdovsi «Şahnamə» əsərini
yazıb. Digər tərəfdən, türkdilli əhali islam
dinini qəbul etdikdən sonra belə ərəb və fars
dillərinin təsiri altına düşməyib öz dil, adət-ənənələrini
unutmadılar. Lakin XX əsrin 30-cu illərindən
başlayaraq «vahid İran», «vahid millət», «vahid dil», «İran
milləti», «İran müsəlman milləti», başqa
sözlə paniranizmin, panislamizmin, İranın rəsmi
dövlət siyasətinə çevrildi. Bu siyasəti fars
şovinizmi ilə yanaşı, farslaşmış, sapı
özümüzdən olan baltalar - Seyid Həsən Təqizadələr,
Seyid Əhməd Kəsrəvilər, Rzazadə Şəfəqlər,
Məhəmmədcavad Məşkurlar, Əbdüləli Karənglər,
Mahmud və İrəc Əfşarlar, Mənüçöhr
Mortəzəvilər və sairləri davam etdirdilər.
Paniranistlər İranı fars
məmləkəti, İranda yaşayan xalqları «İran
milləti», «İran ümməti» kimi, fars dilini isə
İranın vahid dili etmiş və edirlər, başqa dilləri,
hətta Azərbaycan dili ilə yanaşı kürd,
talış, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri
yasaq ediblər. Məktəb, mədrəsə və idarələrdə
fars dilində danışmayanlar cəzalandırılırdı.
Bu siyasət 54 il şahlıq dövründə, hətta
1979-cu il fevral inqilabının qələbə
çalmasından keçən müddətdə panislamizm
formasında davam etdirilir. Panislamist pərdəsi altında
millət və milliyyət inkar edilir, bütün millətlərin
islam dini altında eyni hüquqa malik «islam ümməti»
adlandırılır. Halbuki islam dini heç də milliyyəti
inkar etmir. Din qədər dil də zəruri amildir.
M.Ə.Rəsulzadə 1952-ci ildə
İstanbulda nəşr etdirdiyi «Azərbaycan» jurnalında
yazırdı: «Millət anlayışını ifadə edən
iki söz var: milliyyət və millət. Bunlardan birincisi, yəni
milliyyət dili, dini, irqi, etnik, tarixi-coğrafi, iqtisadi və
siyasi amillərin təsiri ilə meydana gələn etnik bir
topluluğu ifadə edir. Millət isə bu topluluqda ümumi
bir ifadəni anladır». M.Ə.Rəsulzadə sözünə
davam edərək yazır: «Milliyyət etnik
anlayışdır, millət siyasi anlamdır, daha doğrusu
milliyyət rüşeymdir, millət cocuqdur, milliyyət
ağacdır, millət onun meyvəsidir. Milliyyət
anadır, millət yavrudur» («Azərbaycan», 1952, sayı 5).
M.Ə.Rəsulzadə millət
anlamını dil birliyi, adət birliyi, «ənəneyi-tarixiyyə»
və nəhayət «etiqadi-diniyyə» birliklərinin məcmusundan
mütəşəkkül bir məhsul hesab edirdi. Deməli,
bir xalqın, millətin əlamətlərindən biri də
dindir. Din və dil məsələsində M.Ə.Rəsulzadənin
fikirləri ilə müsəlman dünyasının
mümtaz siması, 1838-ci ildə Həmədanın Əsədabad
kəndində anadan olmuş Seyid Cəmaləddin Əsədabadinin
fikirləri ilə üst-üstə düşür.
M.Ə.Rəsulzadə milli birlik üçün dinin roluna
yüksək qiymət verir. Lakin Seyid Cəmaləddin Əsədabadi
kimi üstünlüyü dildə görürdü: «Din, dil
qədər mətin və möhkəm ola bilməz.
Çünki dil davamlıdır, başdır, tərəqqi
və təkamül edərsə də, əsaslı bir dəyişikliyə
uğramaz. Halbuki, tarixdə dinini dəyişmiş bir
çox millətlər mövcuddur. Əxlaq və adət
üzərindəki fövqəladə təsiri
baxımından dinin də millətdə böyük bir
iştirakı vardır. Dillə bərabər dini də bir
olan milllətlərin mərifəti-qövmiyyələri daha
tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf
edib».
Seyid Cəmaləddin Əsədabadi
dili millətin əsas və yeganə varlıq nişanəsi
adlandırır və milli iftixarı hesab edirdi. O, doğma
xalq dilinin vacib və zəruriliyindən bəhs edərək
yazırdı: «Bir millətin ana dilində olmayan maarif o millət
arasında necə yaıla bilər? Elm və maarif o zaman millətin
şərəfinə səbəb olur ki, ondan istifadə edə
bilsin». Sonra Seyid Cəmaləddin sözünə davam edərək
demişdir: «Elm və maarif hər bir millətin öz dilində
tədris olunarsa, həm onun mənimsənilməsi asan olar, həm
də o, beyinlərə tez həkk olunar və gec silinər».
Deməli, Seyid Cəmaləddin milli birlik üçün
dinin roluna yüksək qiymət verdiyi halda,
üstünlüyü dildə görürdü. Deməli,
türk oğlu türk olan Seyid Cəmaləddin millətin əlaməti
olaraq din və dili əsas götürüb dilə
üstünlük verdiyi halda, hazırda İran İslam
Cümhuriyyəti dövlət və din
başçıları islam dinindən sui-istifadə edərək
İranda sakin müxtəlif etnik, irq və dillərə mənsub
xalqları, millətləri «İran milləti», «müsəlman
ümməti» adlandırmaqla millətin formalaşmasında nə
qədər gülünc görünsə də dinə
üstünlük verirlər. Bir məsələni də
unutmaq olmaz ki, təklikdə olan milli əlamət ola bilməz.
Məsələn, müsəlman farsdilli ilə və ya
irandilli ilə türkdilli türk bir millət ola bilməz. Necə ki, xristian erməni ilə xristian
rus bir millət deyil. Hələ 1887-ci ildə «Kəşkül»
qəzeti «Azərbaycan» imzası ilə dərc etdiyi bir
yazıda əcnəbinin bir azərbaycanlı türkü ilə
söhbətini dərc edib. Hansı millətə mənsub
olduğunu bilməyən və «müsəlmanam» deyən azərbaycanlının
islam dininə mənsub olduğunu bildirən əcnəbi ona
milliyyətini başa salıb deyir: «Sizə tatar deyən qələt
edir. Tatarlar Krımda, Qazanda olan müsəlmanlardır. Sizin millət
azərbaycanlıdır. Arazın o tayınjakı məmləkətin
tayfası da sizinlə birgə Azərbaycan millətidir».
Hakim fars şovinizmi və üzdəniraq bəzi azərbaycanlı
tarixçilər iddia edirlər ki, İranın çoxmillətli
ölkə olması ideyası İranda kommunist partiyası,
sonralar isə onun varisi İran Xalq partiyası tərəfindən
irəli sürülüb. Halbuki, İranda milli məsələnin
həll edilməsi uğrunda mübarizənin yüz ilə
yaxın tarixi var. O vaxt İranda nə kommunist partiyası, nə
də İran Xalq partiyası mövcud idi.
Azərbaycan türkləri İrana hökmranlıq
etdiyi vaxt, xüsusilə Nəsrəddin şah dövründə
(1848-1896) Azərbaycan dilinə qarşı bu biganəlik
milliyətcə fars olan Rza şah 1925-ci ildə hakimiyyətə
keçəndən sonra da davam etdirildi. Təsadüfi deyildir
ki, XIX əsr ingilis tarixçisi Eduard Boraun yazmışdı
ki, İranın Cənubu ilə Şimalı arasında sakin
olmuş irqlər arasında o qədər də əlaqə
və məhəbbət yoxdur. Bu da İran dövlətinin
iki müsəlman qardaş olan fars-türk arasında
ayrı-seçkilik siyasəti yürütməsinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, hələ XIX əsrin
sonu - XX əsrin əvvəllərində İranda mətbuat
səhifələrində «millət», «vətən» ifadələri
üzərində xüsusi dayandıqlarını faktlarla
görürük. Həmin mətbuat dövlətin vəzifələri
ünvanı altında millətin hüquq və vəzifələrinin
necə müəyyənləşdirilməsindən söhbət
açaraq müəyyən fikirlər irəli
sürmüşdülər. Hələ Məşrutə
inqilabı dövründə «millətiyan», «milliyyun»
istilahları, məşrutəçilik
«inqilabçılıq» mənasında yayılıb.
Məşrutə inqilabı nəticəsində
qəbul və təsdiq olunan İranın Əsas Qanununda millət
istilahı anlayışına görə bir ölkənin
sakini, bir dövlətin təbəəsi olmaq millət əlamətlərindən
sayılmaqla bərabər, əsas və başlıca əlamət
vahid dinə tabe olmaq hesab edilir, başqa sözlə desək,
bir ölkənin sakinləri və bir dövlətin təbəələri
müxtəlif dini əqidələrə malik olduqda onlar vahid
millət deyil, müxtəlif millətlər sayılırlar.
Azərbaycanlıların
özlərini bir millət kimi dərk etməsi Şeyx Məhəmməd
Xiyabani hərəkatı dövründə daha kəskin
xarakter aldı. 1920-ci ilin may ayının 27-də Şeyx Məhəmməd
Xiyabani deyirdi: «Azərbaycan azərilərə aiddir... Millət
həqiqi xidmətçilərini tanıyır. Azərbaycan
sözdə vətənpərvərlərin yalanlarına
inanmayacaq. Millətimizin özü bu vicdansızların toruna
düşməyəcək. Türkü türkə
qırdırmaq istəyirdilər. Millətimiz ayıq
olmalıdır, yaşamağın nə olduğunu bilməlidir.
İrəliləmək istəməyənlərin ölmələri
gərəkdir. Biz öz dəyərimizi bilməliyik,
özümüzə güvənməliyik. Bir millətin
şərəfli olması üçün ilk şərt
müstəqillikdir. Bir millətin müs-təqilliyi,
azadlığı o millətin cəsarət və qəhrəmanlıq
duyğularını qorumaqdır. Hər millət özünə
uyğun olan hökumətin qurulmasına icazə verir».
Şeyx Məhəmməd
Xiyabani qurduğu hökuməti milli namus kimi qiymətləndirərək
deyirdi: «Şərəf, iftixar, şanlı bir keçmiş
tarixə və yüksək bir dinə sahib olan bir millət
öz ölkəsində səfalət və rəzalət
içində yaşaya bilməz».
Xalq cəbhəsi.- 2018.- 3 iyul.- S. 14.