Azərbaycanda
insan azadlığına verilən önəm
və dövlət siyasəti
İnsan hüquq və azadlıqlarının
qorunması mövcud dünyanın ən vacib tələblərindəndir. Bu
tələbin həyata keçirilməsi bütün
ölkələrdə vacib amil olsa da,
buna əsasən demokratiyanın bərqərar
olduğu, sivil cəmiyyətlərin
formalaşdığı ölkələr diqqət göstərir.
İnsan hüquq və
azadlıqlarının dövlət tərəfindən
qorunması
prosesi Azərbaycanda mütəmadi olaraq həyata keçirilir.
Hətta, bu gün Azərbaycan
insan hüquq və
azadlıqlarının müdafiəsi, vətəndaşların
hüquqi və siyasi
savadlığının artırılması sahəsində
bir çox Avropa ölkəsini geridə qoyur.
Xüsusilə son illər Avropada
insana münasibət bunu
sübut edir.
Azərbaycan təkcə Cənubi
Qafqazda yox, Avropa və Asiyada
demokratiyanın inkişafı, hüquq və
azadlıqların qorunmasında özünəməxsus inkişaf yolu keçib.
Siyasi plüralizm, söz azadlığı
və dövlət siyasəti
Ümummilli
lider Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışından sonra
digər sahələrdə olduğu kimi, insan hüquq
və azadlıqlarının qorunması istiqamətində də
ciddi addımlar atıldı. 1995-ci il 12 noyabrında Heydər Əliyevin təşəbbüsü
ilə qəbul edilən Konstitusiya və Ana qanunda “Əsas insan və vətəndaş
hüquqları və azadlıqları” adlı üçüncü fəslin insan hüquqlarının geniş
dairəsini əhatə edən 48 maddəni özündə əks
etdirməsi Azərbaycan insan hüquq və azadlıqlarının həyata
keçirilməsinə əsaslanan yeni
dövlət quruculuğunun
başlanğıcını qoydu.
Heydər Əliyevin siyasətini uğurla
davam etdirən Prezident
İlham Əliyev 2003-cü ildən etibarən
insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində ciddi addımlat atdı.
Bu
siyasətin nəticəsi olaraq, Azərbaycanda
şəxsiyyətin toxunulmazlığı, söz,
mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər
hüquqlara malik
olması, siyasi plüralizm
demokratik cəmiyyətin əsas
atributları kimi bərqərar oldu. 50-yə yaxın siyasi
partiyanın sərbəst fəaliyyəti siyasi plüralizmin, 4500-ə yaxın qəzet və
jurnalın qeydiyyatdan keçməsi, əhalinin
internetə çıxışının 80 faizdən çox olması mətbuat və söz azadlığının sübutudur. Bununla
yanaşı, dini-etiqad
azadlığının təmin edilməsi də insan hüquqlarının qorunması ilə səciyyələnib.
İnsan
hüquqlarının müdafiəsində yeni
dövr
Prezident İlham Əliyevin 2006-cı il
28 dekabr tarixli sərəncamı
ilə “Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” qəbul edildi. Bu, insan
hüquqlarının qorunması istiqamətində yeni dövrün
başlanğıcı hesab olunur. Təbii ki, bu dövrə qədər ölkədə bu istiqamətdə müsbətyönlü iş aparılmışdı və ortada ciddi nəticələrdən
söhbət etmək mümkün idi. Bu fəaliyyət planı da məhz
əvvəlki illərin bazasına istinad
edilərək qəbul edildi. 2011-ci ildə
isə bu istiqamətdə səmərəli
işlərin aparılması və bir
sıra nüanslara diqqətin
artırılması məqsədilə dövlət
başçısı həmin ilin 27 dekabr tarixində “Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının (MFP) təsdiq edilməsi haqqında” yeni sərəncam imzaladı.
İnsan
Hüquqları XXI əsr-Azərbaycan Fondunun
sədri Şahin Camalov
bildirib ki, Azərbaycanda
insan hüquq və
azadlıqlarının qorunması dünyanın ən
öndə gedən nümunələri sırasında daxildir: “Bu
istiqamətdə Milli Fəaliyyət
Proqramının qəbulu və keçən müddətdə
proqramda nəzərdə tutulmuş
işlərin həyata keçirilməsi insan
hüquq və azadlıqlarının
qorunması işində mühüm əhəmiyyət
kəsb edib”.
Proqramın məqsədi
insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, cəmiyyətdə hüquq
mədəniyyətinin inkişaf etdirilməsi,
normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin
təkmilləşdirilməsi istiqamətində tədbirlərin
davamlılığının təmin edilməsidir. MFP-də normativ-hüquqi
bazanın təkmilləşdirilməsi ilə bağlı
göstərilir ki, Azərbaycan
Respublikasında qəbul edilən qanunların ilk
növbədə Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit edilmiş insan
hüquq və
azadlıqlarının təmin olunmasına yönəldilməsi
zəruridir. Proqramda əhalinin müxtəlif qruplarının
hüquqlarının müdafiəsi ilə bağlı qeyd olunur ki,
əhalinin müxtəlif qruplarının, o
cümlədən insan
hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən
zəif hesab olunan
qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar,
ahıllar, əlillər və başqalarının insan hüquq və
azadlıqlarının daha səmərəli
qaydada təmin edilməsi məqsədilə
fəaliyyət istiqamətləri müəyyən olunur. Göstərilən istiqamətlərdə
mühüm tədbirlər həyata keçirilib, bu
qrupların insan hüquqlarının
müdafiəsi məqsədilə beynəlxalq təşkilatlarla
birgə layihələr icra edilibdir.
Şahin
Camalov qeyd edib ki, MFP-nin
qəbul edilməsi, həmçinin İşgəncələr
əleyhinə Milli Preventiv
Mexanizmin (MPM), dövlət qurumları
yanında İctimai Şuraların
yaradılması Azərbaycanın insan hüquq və azadlıqlarının
qorunması ilə bağlı beynəlxalq təcrübəyə
söykənən bazaya malik olduğunu göstərir.
“İstənilən sahədə
inkişafı müəyyən etmək üçün
əvvəlki illərlə müqayisə aparmaq
lazımdır. Bu gün
ölkədə mövcud qanunvericilikdə
belə əvvəlki illərlə müqayisədə köklü surətdə irəliləyişlərin
olduğunu görmək olur.
Mütəmadi olaraq
da bununla bağlı qanunvericilik bazasına dəyişikliklər, əlavələr
edilir, təkmilləşdirilir. Azərbaycanda
insan hüquq və
azadlıqlarının qorunmasında müsbət tendensiya mövcuddur”, - deyə
Şahin Camalov
vurğulayıb.
Humanizm və
ədalət
Azərbaycanda insan
hüquq və azadlıqlarının
qorunması sahəsində əfv və amnistiyalar
xüsusi yerə malikdir.
Məhbusların bağışlanması və
cəmiyyətə yenidən adaptasiya
olunması ilə bağlı ilk nəhəng
addım ümummilli lider
Heydər Əliyevin 1995-ci il 4 may tarixli “ Prezident
yanında Bağışlama Məsələləri
Komissiyasının yaradılması haqqında” fərmanını
imzalanması ilə başladı. Heydər Əliyevin 2001-ci
il 19 iyul tarixli fərmanı ilə
komissiyanın adı dəyişdirilərək “Əfv Məsələləri
Komissiyası” olub. 1995-ci ildən bu günədək 50-dən artıq əfv sərəncamı
imzalanıb ki, bunun nəticəsində
də minlərlə məhbus azadlığa qovuşub.
Prezident İlham
Əliyev hər il imzaladığı əfv
və amnistiya sərəncamları ilə
yüzlərlə məhbus azadlığına qovuşur. Dövlət
başçısının sonuncu dəfə
bu ilin 24 mayında
imzaladığı əfv sərəncamı 634 məhbusa şamil olundu.
Konstitusiya
Araşdırmalar Mərkəzinin sədri, Ədliyyə Nazirlyinin Penitensiar Xidməti
yanında İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev
əfv siyasətinin insan hüquq
və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Prezident
yanında Əfv İnstitutunun insan hüquq və
azadlıqlarının müdafiəsində rolu
böyükdür. Minlərlə insan bu institutu
sayəsində ailəsinə, azadlığına qovuşur. Bu institutu məhbuslara bir növ ikinci həyat, ikinci şans verir. Yenidən düzəlməyə, cəmiyyətə
xeyirli olmağa imkan yaradır. Eyni zamanda, dövlətin müstəsna hüquqlarından
olan bağışlamaq hüququnu
tətbiq edir, dövlət
başçısının humanizm siyasətini
həyata keçirir. Yəni,
başqalarına xas olmayan,
yalnız dövlət başçısının müstəsna
səlahiyyətlərinə aid olan institutudur”, - deyə hüquqşünas qeyd edib.
Prezident İlham Əliyevin tarixi
addımı
Prezident
İlham Əliyevin “Penitensiar
sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan
alternativ cəza və prosessual
məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi
barədə” 2017-ci il 10 fevral
tarixli sərəncamı isə insan hüquq və
azadlıqlarının müdafiəsində tarixi
addım oldu.
Bu sərəncamın
verilməsinin əsas qayəsi cəzaçəkmə müəssisəsindəki
insanlara humanist
yanaşmanın tətbiqidir. Cəza siyasətinin
humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın
sosial ədalətin bərpası, məhkumun
islah edilməsi məqsədlərini rəhbər
tutmaları, cəza təyin etmənin ümumi
əsaslarına ciddi riayət etmələri;
qanunvericiliyin təkmilləşdirilməsi
yolu ilə cinayət-hüquq siyasətinin
liberallaşdırılmasına nail
olunması.
Bu
məqsədlə cinayətlərin
dekriminallaşdırılması, alternativ
cəzaların alternativ cəzaların tətbiqi,
ictimai təhlükə törətməyən
və az ağır cinayətlərə
görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının
daha da məhdudlaşdırılması
ilə bağlı
qanun layihələrinin hazırlanması
nəzərdə tutulub.
İnsan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətində atılan bu
addımın hədəfləri:
- Cinayətlərin, xüsusilə
iqtisadi fəaliyyət sahəsində
cinayətləri dekriminallaşdırılacaq.
- Azadlıqdan məhrum etmə
ilə yanaşı alternativ cəzaların
tətbiqi genişləndiriləcək, mövcud
alternativ cəzaların tətbiqi əsasları
təkmilləşdiriləcək.
- Cinayətin
ictimai təhlükəliliyi amilinə
diqqət artırılacaq, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə
əlaqədar olmayan cəza tədbirinin
tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları
müəyyən olunacaq.
-
Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş
hissəsinin daha yüngül
cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad
etmə və şərti məhkum etmə
institutlarının daha geniş
tətbiq edilməsi həyata keçiriləcək.
- Həbsin alternativ qətimkan tədbirləri ilə əvəz
edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə
törətməyən və az
ağır cinayətlərə görə həbs qətimkan
tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması prinsipi tətbiq ediləcək.
Hüquqşünas
Vüqar Babayev hesab edir ki,
Avropa hüquq məkanının
bir parçası olaraq,
Azərbaycanda cəzaların liberallaşdırılması
cinayət törətmiş şəxslərin cəmiyyətdən
təcrid edilmədən islah olunması, əsas
insan hüquqlarından biri
olan azadlıq hüququnun,
şəxsiyyətə hörmət prinsipinin
inkişaf etdirilməsi baxımından çox önəmlidir: “Azərbaycanın
Cinayət Prosessual Məcəlləsində
təqsirləndirilən şəxs barəsində həbs qətimkan
tədbirinin seçilməsi qaydaları və şərtləri
müəyyən edilib, Konstitusiya
Məhkəməsi və Ali Məhkəmənin
Plenum Qərarlarında qətimkan tədbirlərinin
seçilməsinin praktik şərtləri
izah edilib. Sadalanan sənədlərdə
həbs qətimkan tədbirinin təqsirləndirilən şəxs
barəsində müstəsna hallarda
seçilməli olması, buna məhz
şəxsiyyət və dövlət əleyhinə
ağır və xüsusilə ağır cinayətlərin
törədilməsi zamanı digər qətimkan tədbirlərinin
seçilməsinin mümkünsüz
olduğu zaman yol verildiyi göstərilib.
Lakin buna baxmayaraq, bir sıra hallarda yenə də qətimkan tədbirləri
seçilərkən əsassız olaraq
həbs qətimkan tədbirləri seçilir
və təqsirləndirilən şəxslərin hüquqları
pozulurdu. Burada həm həbs qətimkan tədbirinin seçilməsi
ilə əlaqədar olaraq məhkəmələrə
müvafiq təqdimat və vəsatətlər
verən cinayət təqibi orqanlarının, həm də bu təqdimatları təmin edən məhkəmələrin
rolu az deyil”.
Hüquqşünas qeyd edib ki,
bu addım dövlət
başçısının insan hüquq və azadlıqlarına verdiyi önəmin təzahürüdür.
Asif Nərimanlı
Xalq cəbhəsi.- 2018.- 5 iyul.- S. 12.