Azərbaycan diasporu: dünəni, bu
günü, sabahı
Azərbaycanı elm, siyasət, mübarizə, diaspor,
biznes və mentalitet baxımından istənilən sahədə
təmsil etmək qabiliyyətində olan həmvətənlərimizin
sayı dünyada olduqca çoxdur. Əlbəttə, vətəni
qürbətdə pafosla, sözlə yox, səmimi qəlblə,
əməllə sevmək gərəkdir.
Hazırda dünyanın demək olar ki, əksər
ölkələrində azərbaycanlıların təşkilatlanma
prosesi sürətlə davam edir. Artıq ən ucqar hesab elədiyimiz
ölkələrdə də Azərbaycanın diaspor təşkilatları,
kültür dərnəkləri fəaliyyət göstərirlər.
“Harada doğulmağın fərqi
yoxdur, əsas odur ki, sən azərbaycanlısan”
Müasir tariximizdə dünya azərbaycanlılarının
milli həmrəyliyinə nail olunmasında ümummilli lider
Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O,
1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan
diasporunun nümayəndələri ilə
görüşündəki çıxışında
demişdi: “Siz düşünməyin ki, Azərbaycan bizim
üçün nə edib, düşünün ki, biz Azərbaycan
üçün nə etmişik. Onda, Azərbaycan da irəli
gedər, Azərbaycan diasporu da inkişaf edər. Bilirsiniz,
xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda
doğulmayıb. Nə olsun. Məgər, Amerikada yaşayan
ermənilər Ermənistanda doğulub, məgər onlar
Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona
görə də Ermənistan haqqında
düşünürlər. Amerikada yaşayan azərbaycanlıların
isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən
Turanda doğulmuşam. Harada doğulmağın fərqi
yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan
dilinin, mədəniyyətinin daşıyıcısısan”.
Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı milli həmrəyliyimizin nümayişinin ən
yüksək zirvələrindən biri oldu. Bu qurultay
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız və həmvətənlərimizlə
əlaqələrin möhkəmləndirilməsinə daha da
təkan verdi, bütün azərbaycanlıların həyatında
tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Eyni zamanda, xaricdə
yaşayan soydaşlarımızın Azərbaycançılıq
ideyası ətrafında sıx birləşərək təşkilatlanması
baxımından tarixi əhəmiyyət kəsb etməklə
bərabər, milli diaspor hərəkatının inkişafında
da yeni mərhələnin başlanğıcını qoydu.
2002-ci il 5 iyul tarixli Prezident fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması, həmin ilin dekabrın 27-də
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi
dünya azərbaycanlılarının təşkilatlanması
prosesini daha da sürətləndirdi.
Yeganə yolumuz birliyimiz və həmrəyliyimizdir
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev də
Heydər Əliyevin diaspor quruculuğu siyasətini uğurla
davam etdirir. Bu gün soydaşlarımız
yaşadıqları ölkələrin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında daha fəal rol
oynayır, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, zəngin mədəni irsimizin təbliği,
təcavüzkar Ermənistanın ideoloji təxribatlarının
qarşısının alınmasında qətiyyət
nümayiş etdirirlər.
Prezident İlham Əliyevin sərəncamları ilə
2006-cı və 2011-ci illərdə dünya azərbaycanlılarının
II və III qurultaylarının keçirilməsi diaspor
quruculuğu işinə və milli həmrəyliyimizin
möhkəmlənməsinə yeni təkan verdi. Bu dövrdə
xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması,
vətənimizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi
dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği
sahəsində mühüm işlər görülüb.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan
və türk diaspor təşkilatları rəhbərlərinin
I Forumu türkdilli xalqların həyatında mühüm
hadisəyə çevrildi.
Prezident 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında Diasporla İş üzrə
Dövlət Komitəsinin yaradılması haqqında fərman
imzaladı. Bunun ardınca isə Bakıda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası qəbul edildi.
İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyasının ərsəyə gətirilməsi
ilə bağlı niyyəti dünya azərbaycanlılarının
birliyinə nail olmaq idi. Çünki həmin illərdə
yeganə yolumuz birliyimiz və həmrəyliyimiz idi. Məhz həmin
addımların nəticəsi idi ki, dövlətin
ardıcıl, düşünülmüş diaspor siyasəti
ilə xaricdəki həmvətənlərimizin daha mütəşəkkil
formada təşkilatlanması prosesi təmin edildi və
diaspora quruculuğunun yeni mərhələsinə qədəm
qoyuldu.
Erməni yalanları artıq öz
aktuallığını itirməkdədir
Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif
ölkələrində 300-dən çox birlik, cəmiyyət
və assosiasiyası fəaliyyət göstərir. Belə təşkilatlardan
Almaniyadakı Azərbaycan Cəmiyyətləri
Federasiyasını, Ukrayna Azərbaycanlıları Konqresini,
Ümumrusiya Azərbaycan Konqresini, Rusiya Azərbaycanlılarının
Federal Milli-Mədəni Muxtariyyəti kimi qurumları göstərmək
olar. Ölkəmizin inkişaf və tərəqqi yolundakı
nailiyyətlərində dünyanın müxtəlif ölkələrində
yaşayan, ürəklərində azərbaycançılıq
amalını daşıyan həmvətənlərimizin də
müstəsna payı var.
Bu illər ərzində keçirilmiş 2500-ə
yaxın tədbirdən təqribən 1500-ü Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması məqsədinə
xidmət edib. Xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarının təbliğat sahəsində
fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq
ictimaiyyətin məlumatlandırılması və bu
faktın dünya dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin müzakirəsinə
çıxarılması prioritet məsələ olub.
Qarabağ probleminin həll olunmasında dövlətin
bu istiqamətdə apardığı siyasəti
diasporamızın dəstəkləməsi vacib şərtlərdən
biridir. Yəni, Qarabağ probleminin həlli yolundakı çətinliklərin
ağır yükünü daşımaq həm də harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının
üzərinə düşür.
1988-ci ildən, ermənilərin Dağlıq
Qarabağda separatçılıq hərəkatı aşkar
şəkil aldığı gündən bəri Azərbaycan
terrorçuluğa məruz qaldığını, ərazilərinin
bir hissəsinin işğal olunduğunu, erməni vəhşiliklərini
dünya birliyinə sübut etməyə çalışır.
Müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı mühüm
sənədlər qəbul olunmasına baxmayaraq dünya
birliyi hələ də Qarabağ probleminin ədalətli həlli
istiqamətində addım atmaqda yumşaq ifadə etsək,
“tənbəllik” nümayiş etdirməkdədir.
Ancaq bu gün həm dövlətin, həm də
diasporumuzun fəaliyyəti nəticəsində Dağlıq
Qarabağ və onun ətrafında cərəyan edən hadisələr
barədə həqiqətlər dünyaya
çatdırılır və müasir informasiya müharibəsində
erməni yalanları artıq öz aktuallığını
itirməkdədir.
Azərbaycan diasporu Qarabağın azadlığı
üçün daha sıx birləşməlidir. Heç
kimə sirr deyil ki, Moskvada yaşayan aqanbekyanlar,
şaxnazaryanlar, zori balayanlar Kremli öz yalanlarına
inandıraraq xalqımıza qarşı məkrliı
planlarını həyata keçirə bildilər. Xaricdə
yaşayan azərbaycanlılar torpaqlarımızın
işğaldan azad edilməsi naminə nüfuzlu beynəlxalq
təşkilatlarla, Rusiya Dövlət Dumasının
deputatları, Amerika senatorları ilə və s. yaxşı
münasibətlər qurmalıdırlar. Qarabağın azad
edilməsi, ermənilər üzərində qələbənin
yolu məhz bütün diaspor təşkilatlarımızın
mütəşəkkil təşkilatlanmasından keçir.
“Ölkə daxilində də, xaricdə
də birlik nümayiş etdirməliyik”
2016-cı il iyun ayında Bakı şəhərində
Dünya Azərbaycanlılarının IV Qurultayının
keçirilməsi diaspor quruculuğu işinə yeni töhvə
verməklə, əlamətdar hadisələrdən biri kimi
yadda qaldı. Ümumilikdə, 49 ölkədən 500-dən
çox diaspor nümayəndəsinin iştirak etdiyi bu
yüksək səviyyəli tədbir azərbaycanlıların
vahid qüvvə kimi təşkilatlanması prosesinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğunu və
respublikanın xarici siyasətində proritet istiqamətlərdən
birinə çevrildiyini göstərdi.
Prezident İlham Əliyev qurultaydakı nitqində Azərbaycan
diasporunun formalaşması prosesinin başa
çatdığını dilə gətirdi: “…xaricdə
bizim 462 diaspor təşkilatımız var. Bu,
özlüyündə onu göstərir ki, azərbaycanlıların
yaşadıqları hər bir ölkədə bir neçə
diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar
arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik
olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız
bir-biri ilə rəqabət aparırlar. Əgər bu,
sağlam rəqabətdirsə, mən bunu ancaq
alqışlaya bilərəm. Bu rəqabət ümumi
işimizə xidmət etməlidir. Biz ölkə daxilində
də, xaricdə də birlik nümayiş etdirməliyik və
bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda
vətəndaş cəmiyyəti birlik nümayiş etdirir.
Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin
gələcəyi ilə, strateji istiqamətlə
bağlı cəmiyyətimizdə fikir
ayrılığı yoxdur. Dövlət müstəqilliyi,
iqtisadi müstəqillik, sosial məsələlərin həlli,
ərazi bütövlüyümüzün bərpası, digər
məsələlər ətrafında cəmiyyətdə
vahid fikir var, konsensus var”.
Azərbaycanlıların inteqrasiyasının təşkili,
iqtisadi, mədəni, milli və mənəvi dəyərlərimizinin
təbliği, soydaşlarımızın
hüquqlarının müdafiə edilməsi və sosial-məişət
qayğılarına yardım göstərilməsi
üçün dünyada güclü diasporamızın
olması çox vacibdir. Hazırda dünya üzrə
böyük potensiala sahib olan diasporamızı düzgün
istiqamətləndirmək lazımdır ki, ciddi nailiyyətlərə
də nail olaq.
Diasrorumuzun təşkilatlanma işini
sürətləndirməliyik
Müasir dövrdə diaspor quruculuğunun
böyük zəhmət tələb edən uzunmüddətli
proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.
Prezident İlham Əliyevin bu sahədə ardıcıl və
qətiyyətli, məqsədyönlü və prinsipial siyasət
aparması deməyə əsas verir ki, yaxın illərdə
Azərbaycan diasporu daha da güclənəcək, ölkənin
taleyüklü problemlərinin həllində daha yaxından
iştirak edəcək.
Diasporumuzun əsas məqsədi Azərbaycana
qarşı informasiya müharibəsində önə
çıxmaq, ümummilli problemlərimizi dünya ictimaiyyətinə
çatdırmaq, eyni zamanda milli mənafeyimizə toxunan
çıxışların əks təbliğatını
aparmaqdır. Ona görə də, yeni yaranmış
münbit şəraitdən istifadə etməli, diasporumuzun təşkilatlanma
işini sürətləndirməliyik. Diasporun içərisində
qlobal problemlərimizi həll edə biləcək yeni qüvvələr
yetişməli, onlar əllərindən gələn
bütün köməyi Azərbaycan naminə əsirgəməməlidir.
Güclü diaspor, güclü lobbiçilik fəaliyyəti
deməkdir. Bu gün dünya üzrə diaspor təşkilatlarının
rəhbərliyində fəxr elədiyimiz insanlar çoxdur.
Ədalət naminə demək lazımdır ki,
diasporumuz son vaxtlar sürətlə inkişaf edir. Azərbaycanın
dövlət maraqlarına xidmət edən tədbirlərin
sayı artır. Azərbaycan dövlətinin son illər əldə
etdiyi nailiyyətlərdən, ordu quruculuğu sahəsindəki
uğurlarından ermənilər ciddi təşvişə
düşüblər. Mənə elə gəlir ki,
diasporumuz bundan sonra daha güclü şəkildə
formalaşacaq.
Güclü lobbinin, diasporun sayəsində...
Yaxşı bilirik ki, ermənilər
danışıqla, hər hansı sazişə imza atmaqla
torpaq qaytaran deyil. Ona görə də, diaspor cəmiyytətləri
də müharibəyə hazır olmalı, güclü
ideoloji və informasiya təbliğatı aparmalıdırlar.
Başlıca vəzifəmiz Qarabağın Azərbaycanın
əzəli torpaqları olmasını və haqlı
olduğumuzu dünyaya sübut etməkdir. Bu işi
yarımçıq qoymaq olmaz. Bütün dünya erməni
yalanları haqqında bilməlidir. Zaman bizim xeyrimizə
işləyir və biz bu istiqamətdə öz işimizi
dayanmadan davam etdirməliyik.
Strateji məqsədlər uğrunda hamılıqla
birləşərək bir nöqtəyə vurmaq
lazımdır, diasporda təşkilatlanma ən yüksək
səviyyəyə gəlib çatmalıdır.
Dünya düzənində baş verən son proseslər
onu diqtə edir ki, gərək azərbaycanlılar
yaxşı təşkilatlansınlar, siyasi hadisələri
düzgün dərk eləyə bilsinlər. Diasporumuzun
güclü olması üçün yumruq kimi birləşməyimiz
lazımdır. Ancaq buna müəyyən vaxt
lazımıdır ki, təbii surətdə təşkilatlana
bilək. Diasporumuz hamısı birlikdə olarsa,
qarşımıza qoyduğumuz hədəflərə və
məqsədimizə nail ola bilərik.
Müasir dövrdə xarici siyasət və diplomatiya
sahəsində uğur qazanmağın şərtlərindən
biri güclü lobbiyə, diaspora sahib olmaqdır.
Çünki güclü lobbinin, diasporun sayəsində milli
məsələlərin beynəlxalq müstəvidə
qaldırılmasına nail olmaq mümkündür. Bu gün
Azərbaycan dövləti də dünya azərbaycanlılarının
həmrəyliyinə nail olmaq üçün üzərinə
düşən tarixi missiyanı məsuliyyətlə yerinə
yetirməyə, bu sahədə sistemli, ardıcıl siyasət
yeritməyə çalışır.
Xanoğlan Əhmədov
Xalq cəbhəsi.- 2018.- 5 iyul.- S. 13.