“Ürəyim həmişə sizinlədir”

 

Rza Naci: “Azərbaycan mənim üçün Təbriz qədər doğma və əzizdir”

 

Əslən azərbaycanlı olan Rza Naci İran kinomatoqrafiyasının əsas fiqurlarından biridir. O, İranın şimal-qərbində, Təbrizdə anadan olub. Uşaqlıqdan aktyor olmaq istəyən Rza Naci teatr karyerasına çox erkən yaşlarda başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra o, teatr fəaliyyətini davam etdirməklə yanaşı, mexanik kimi çalışıb.

Aktyor ilk böyük populyarlığını 1997-ci ildə çəkilən “Cənnətin uşaqları” filmindən sonra qazanıb. Tanınmış rejissor Məcid Məcidi bu filmi üçün Azərbaycan ləhcəsilə danışa bilən aktyor axtarıb. 3000 aktyorun arasından ən uğurlu namizəd Rza Naci seçilib.

Məcid Məcidinin “Cənnətin uşaqları” filmi Naciyə ümummilli şöhrət gətirib və bu müvəffəqiyyətdən sonra o, “Kəpənəyin doğuluşu”, “Yağış”, “Söyüd ağacı”, “Harud”, “Müəllim” də daxil olmaqla bir neçə filmə dəvət alıb. Filmdən filmə püxtələşən aktyor zamanla əsl sənətkar səviyyəsinə yüksəlib.

Azərbaycan əsilli kino ulduzu 2007-ci ildə Məcid Məcidinin ona dünya şöhrəti gətirən “Sərçələrin nəğməsi” adlı filminə çəkilib. O, bu roluna görə, "Oskar" və "Qızıl Palma Budağı" kimi mükafatlardan sonra ən nüfuzlu hesab edilən Berlin Kino Festivalında beynəlxalq dərəcəli “Gümüş ayı” kino mükafatına layiq görülüb. “Sərçələrin nəğməsi” filmində canlandırdığı Kərim rolu aktyorun yaradıcılığında qazandığı ən böyük uğurudur.

Beynəlxalq Fəcr Film Festivalının, həmçinin Asiya-Sakit Okean Kino Akademiyasının laureatı olan Rza Naci dünyada yeganə azərbaycanlıdır ki, ona sağ ikən heykəli ucaldılıb.

Rejissor İlham Qasımovun təklifi ilə Bakıya gələn Rza Nacinin “Publika”ya müsahibəsini oxucularımıza təqdim edirik

- Rza bəy, sizi şəhərimizdə görmək xoşdur. Söhbətə Azərbaycan haqqında təəssüratlarınızdan başlayaq.

- Bakıya ilk dəfə 5 il əvvəl gəlmişdim, bu isə ikincidir. Azərbaycan dayanmadan tərəqqi edir, indiki Bakı ilə 5 il əvvəlki Bakı xeyli dəyişib və daha da gözəlləşib. Hələlik yalnız Bakı ilə tanış olmağa fürsət tapdım və İçərişəhərə vuruldum. İnsanlar çox mehriban və qonaqpərvərdir. Burada özümə qarşı həmişə böyük diqqət və hörmət görürəm.

- Niyə bu illər ərzində yolunuz Bakıdan düşməyib?

- İşlərim çoxdur, daim məşğulam. Çəkilişlərdən dolayı vaxtım və imkanım olmayıb. Tehranda yaşayıram, inanın ki, doğulub boya-başa çatdığım Təbrizə getməyə vaxt yoxdur. Əsas odur ki, ürəyim həmişə sizinlədir. Azərbaycan mənim üçün Təbriz qədər doğma və əzizdir.

- O halda gərgin iş qrafiki olan aktyoru Bakıya gətirən mühüm səbəb olmalıdır.

- Rejissor İlham Qasımov orta əsrlər dövründən modern Bakıya düşən Yaqub şahın macəralarından bəhs edən maraqlı film çəkir. Sağ olsun, ekran işində məni də görmək istəyib. Böyük məmnuniyyətlə razı oldum. İçərişəhərin küçələrində lentə alınan çəkilişlərin bir hissəsi artıq başa çatıb. İlham bəy istedadlı rejissordur, inanıram ki, bu layihə ölkənizdə seviləcək. Rejissorun iş prinsipini və bu sənətə olan sonsuz sevgisi məni sözün yaxşı mənasında təsirləndirdi. Böyük ehtimalla onunla əməkdaşlığımız gələcəkdə də davam edəcək.

- Bu film Azərbaycan tamaşaçısına hansı mesajı ötürəcək?

- Filmin ideyası bir çox cəhətdən uğurludur. Ekran işi keçmişlə gələcəyin toqquşmasından danışır. Filmdə həyatımızda, məişətimizdə hələ də mövcud olan köhnəliklərin qalıqları tənqid edilir. Burada orta əsrlər dövründə yaşayan Yaqub şah obrazını canlandırıram. Filmin əvvəlində Yaqub şah finalda Yaşar olur.

İlham bəy hələ ki, ssenari haqqında bundan artıq açıqlama verməyə icazə vermir. Qoy tamaşaçılar intizarda qalsın.

- Azərbaycan kinosunun durumu haqqında nə deyə bilərsiniz? Tanışsınızmı?

- Çoxunun adlarını bilmirəm, lakin “Qayınana”, “Arşın mal alan” və s. bu kimi komediya filmlərini misal çəkə bilərəm, hər ikisi ideya-sənətkarlıq cəhətdən maraqlı ekran əsərləridir.

- Dünyada yeganə azərbaycanlısınız ki, “Gümüş ayı” kimi nüfuzlu kino mükafatının sahibisiniz, amma sizi daha çox iranlı aktyor kimi tanıyırlar.

- Ola bilər, lakin mən fars deyiləm, türkəm. İran azərbaycanlısıyam, biz həmvətənik. Təbrizlə Azərbaycan qardaşdır. Məni iranlı aktyor kimi tanımaları isə normaldır, çünki İran dövlətinin vətəndaşıyam. Amma adətən Azərbaycan və türk kanallarını izləyirəm. Bizim dilimiz, dinimiz və kökümüz eynidir...

- Sizə şöhrət gətirən “Sərçələrin nəğməsi” ndən danışaq. Filmin bu qədər səs-küy gətirəcəyinizi gözləyirdiniz?

- Ekran işi bir dəvə quşunun qaçması ilə fermadan qovulan Kərimin həyatından danışır. O, Tehranda yeni iş tapsa da, şəxsi həyatında problemlərlə qarşılaşır. Ümumilikdə “Sərçələrin nəğməsi” əsas qəhrəmanın timsalında bir insanın dəyişməsi, insanların şəhərdəki vəziyyətini göstərən və onların xarakterinə təsirlərini əks etdirən filmdir.

Rol üzərində ciddi məşq etmişdim, nəticədə obrazın öhdəsindən çox yaxşı gəldim. Tehranın antropologiyası və coğrafiyası ilə tanışam, odur ki, rol sarıdan problemlə üzləşmədim. Lakin Məcid Məcidi Kərim rolunu mənə verməyə tərəddüd edirdi. Ssenariyə əsasən qəhrəman daha cavan olmalı və motosiklet sürməyi bacarmalı idi. Onda 55 yaşında idim. Məcid Məcidi “Cənnət uşaqları” filmindən sonra aktyorluq məharətimə yaxşı bələd olduğundan, onu inandıra bildim ki, bu rolu mənə versin.

- Maşallah olsun, cavan görünürsünüz.

- Çox sağ olun, alpinizmlə, eləcə də üzgüçülüklə məşğul oluram. Bu, bədəni formada saxlayır.

- Və beləliklə Kərim obrazı sizi 2008-ci ildə keçirilən Berlin Kino Festivalının qalibi etdi.

- İnanmazdım ki, festivalda qalib olaram. Mükafatların təqdim olunma mərasimində dünya şöhrətli rejissor və aktyorlarla yanaşı oturmuşduq. Elə bilirdim ki, qalib onlardan biridir. Qismət elə gətirdi ki, mükafatı mənə təqdim etdilər.

- Yəqin ki, böyük nailiyyətlər əldə etmiş insanın aktyor kimi tələbləri də böyük olar.

- Xüdpəsənd adam deyiləm. Bəzən olur ki, aktyorlar rolu özləri seçir. Onlara deyirəm ki, birinci siz öz rollarınızı seçin, bəyənmədəyinizi mənə verin. Rol seçimində ayrıseçkilik etmirəm, rejissor hansı obrazı tapşırsa, məmnuniyyətlə oynayıram. Çünki istedadlı aktyor öz potensialını istənilən rolda göstərə bilər. Hətta 90 dəqiqəlik ekran işində 5 dəqiqə görünsə belə. İşinin əridirsə, üz cizgiləri, jestləri və danışığı ilə yadda qalmağı bacaracaq.

- Bildiyim qədəri ilə İranda aktyor olmaq asan deyil, böyük hünər sahibi olmalısan. Necə oldu ki, mürəkkəb şərtlərə baxmayaraq, teatr və kino yolunu seçdiniz?

- Uşaqlıdan aktyor sənətinin vurğunuyam. Bu sənət yoluna erkən yaşlarından qədəm qoymuşam. Kinoya bütün ruhumla və varlığımla bağlıyam. Ümumiyyətlə insan öz peşəsinin aşiqi deyilsə, o işlə məşğul olmasın. Aktyor olmaq üçün sadəcə istək kifayət etmir, qanında və qabında istedad yoxdursa, hansısa uğurlara nail olmaq mümkün deyil. Sənət yolunda qarşılaşdığı maneələrə mətanətlə tab gətirə bilməyən, sənətinin aşiqi olmayan insan bu sənətə heç bir töhfə verə və uğur qazana bilməyəcək.

Hər bir ölkənin öz mədəniyyəti və qanunları var. Əsl sənətkarlar müəyyən məhdudiyyətlərə baxmayaraq, bu qanunlar çərçivəsində də böyük əsərlər yarada bilər. İran kinomatoqrafiyasının bu gün dünyada öz sözünü deyə bilməsinin səbəbi dərin məzmun və mahiyyətində gizlidir. Bu dərinlik bütün çətinliklərə qalib gələrək sonda zəfər çalır. Əslində ən böyük sənət nümunələri qadağalardan doğulur. Rejissor və ssenarist də öz işini düzgün qurmalıdır ki, aktyor rolunu yüksək səviyyədə oynaya bilsin.

- Sənətinizə olan vurğunluğunuza həsəd aparmaq olar.

- Bəli, sənətimin dəlisiyəm, 40 il pulsuz işləmişəm.

- Bəs ailənizi necə dolandıra bilmisiniz?

- Həm də mexanikəm, uzun müddət maşın mexaniki işləmişəm. İranda aktyorların mütləq ikinci peşəsi olur.

- Tələbələriniz varmı? Aktyor olmaq istəyənlərə nə məsləhət görürsünüz?

- Tələbələrə dərs keçmirəm, lakin dəstək olmağa həmişə hazıram. Aktyor olmaq istəyən çoxdur, təəssüf ki, əksəriyyəti sadəcə məşhurluq üçün bu yolu seçir. İstedadı olmayan gənclərə tövsiyə edirəm ki, başqa işlə məşğul olsunlar. Peşələrini öz maraq dairəsinə uyğun seçsinlər.

- Kimi özünüzə ustad hesab edirsiniz?

- 3 ustadım var. İlk ustadım Abbasi Cavan Mərd olub. O, indi qocalıb. İkinci ustadım İbrahim Abadidir. Teatr və kinonun incəliklərini bu iki insandan öyrənmişəm. Çoxlu film izləyirəm. Bu da kömək edir ki, aktyor kimi özünü inkişaf etdirəsən. Dolayısı ilə İranın bir çox aktyorlarından da bəhrələnmişəm.

Sözsüz ki, məni dünyaya tanıtdıran, bir çox mükafatlar qazandıran rejissor Məcid Məcidini qeyd etməsəm olmaz. Dəyərli ustadlarımdan biri də odur.

- Yaradıcılığınızda “şah əsəri” hesab etdiyiniz rolunuz hansı olub?

- 75 filmə çəkilmişəm, onlardan 6-sı: “Cənnət uşaqları”, “Yağış”, “Məcnun ağacı”, “Sərçələrin nəğməsi”, “Yel ələfsərdə əsər” kino lentləri dünya miqyasında tanınıb. Bu filmlərin hər birinə görə, müxtəlif mükafatlara layiq görülmüşəm.

- Maraqlıdır ki, hansısa xarici rejissorlar sizi öz filmlərində görməyi arzulayıb?

- Əlbəttə ki, olub. İran dövləti icazə verməyib. Sadəcə bir neçə dəfə Hindistana getməyə qoyublar.

- Azərbaycanlı rejissorun filmində çəkilməyinizə necə münasibət göstərdilər?

- Aktyorun icazəsi yoxdur ki, xarici rejissorların təklifini təkbaşına qəbul etsin. Bu, aktyor üçün böyük riskdir. Aidiyyatı qurumların icazə olmalıdır. Əvvəlcə ssenari və rolumla tanış oldular, sonra İlham Qasımovun və prodüser Şahab bəyin ərizəsi sayəsində icazə verdilər ki, Azərbaycan istehsalı olan filmə çəkilin.

- Sağ ikən öz heykəlini görmək necə duyğudur?

- Hər il İran beynəlxalq kinofestivallarda iştirak edir, lakin indiyədək heç kəs, mən layiq olduğum mükafatı ala bilməyib. İranda, xüsusilə də anadan olduğum Təbriz şəhərində məni çox sevir və hörmət edirlər. Kino sənətinə verdiyim xidmətlər İranda yüksək qiymətləndirilib. Xoşbəxt insanam ki, sağlığımda mənə heykəl ucaldılıb.

Bir sıra beynəlxalq səviyyəli mükafatları aldıqdan sonra Təbriz bələdiyyəsi 2 heykəlimi hazırlatdırdı. Həmin ərəfədə yeni tikilən kinoteatr istifadəyə verilmək üzrə idi. Kinoteatra həm adımı verdilər, həm də heykəllərdən birini onun qarşısına qoydular. Digər heykəl sinema muzeyinə göndərildi. Bundan başqa Təbrizin görkəmli şəxsiyyətləri təşəkkür əlaməti olaraq sifariş vermişdilər ki, rəngli daşlardan tablomu düzəltsinlər. Bu sənət əsəri Təbrizdə Azərbaycanın tanınmış simalarının tablolarının qoyulduğu parka yerləşdirildi. Belə qiymət, hörmət və ehtiramı heç nə əvəz edə bilməz.

- Aktyor təcrübəniz böyükdür. Bu, sizə insanları və onların psixologiyasını tanımağa imkan verib?

- Əlbəttə. Oynadığım rollar hər gün həyatda və küçədə gördüyüm insanların prototipidir. Aktyorun müşahidə qabiliyyəti güclü olmalıdır. Ssenaridə oxuduğum rolların hər biri mənə tanışdır.

- Bizə vaxt ayırdığınız üçün minnətdaram. Növbəti dəfə sizi şəhərimizdə görmək ümidilə...

- Təşəkkür edirəm, şad oldum.

 

Xalq cəbhəsi.- 2018.- 6 iyul.- S. 4.