“Ermənistan
Azərbaycan qarşısında çox gücsüzdür”
“Ermənistan Azərbaycan Ordusunun ehtimal edilən mümkün hücumları
qarşısında həm texniki təchizat,
həm də şəxsi heyətin hazırlıq səviyyəsi
baxımından gücsüzdür”.
Bu sözləri
Ermənistanın Daxili Qoşun
birləşmələrinin Azərbaycanın işğal
olunmuş ərazilərinə yerləşdirilməsi
barədə məlumatları şərh edən sabiq dövlət müşaviri
Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistan son günlər
cəbhədə yaranmış vəziyyəti ciddi götür-qoy edir: “İşğalçı
Bakıdakı hərbi paraddan sonra Azərbaycan Ordusunun
potensialını qiyabi də olsa, təsəvvür etdi.
Üstəlik, paraddan sonra
Azərbaycan Ordusunun bütün
təmas xətti boyunca təlimlərə
başlaması və yeni
alınmış silahların məşqini həyata
keçirməsini ermənilər görür.
Açıq-aşkar Azərbaycanın ciddi
hərbi niyyətlərinin olduğunu
anlayırlar. Danışıqlar prosesindən uzaq
duran Ermənistan onu da yaxşı bilir ki, indiyə qədər müharibə amilinin qarşısında dayanan
Rusiya artıq Azərbaycanla müəyyən
dostluq telləri qurmağa
başlayıb. Görünür, Rusiya nümayəndə heyətinin Azərbaycana
gəlməsi sözün əsil mənasında
Ermənistana təsir edib. Ermənistan Azərbaycan
Ordusunun qarşısına yeni məqsədlər qoyduğunu
başa düşür.
Ona görə də
işğalçı ölkədə həyəcan təbili
çalınır. Bu da
bilavasitə Azərbaycan Ordusu hücuma keçəcəyi təqdirdə
Ermənistanın buna davam
gətirə bilməyəcəyi qənaətindən irəli
gəlir”.
Politoloq Ermənistanda
təhlükəsizlik şurasının son
iclasında Azərbaycan Ordusunun ehtimal edilən hücumu
barədə geniş müzakirələrin
aparıldığını deyib:
“İclasda
Ermənistanın müdafiə sistemlərinin yenidən
qurulması barədə qərar verilib. Həmin
yığıncaqda belə bir qərar da qəbul edilib ki, Ermənistanın Daxili
Qoşunları həm Ermənistan-Azərbaycan sərhədinə,
həm də Dağlıq Qarabağ
bölgəsinə - bilavasitə təmas xəttinə
göndərilsin. Onlarda belə bir fikir hakimdir
ki, guya Ermənistanın
Daxili Qoşunları nizam
və hazırlıq səviyyəsinə görə Azərbaycanın
hücumu qarşısında müqavimət
göstərə bilər. Ermənistan müdafiəyə, eyni zamanda, yeni
silahlar əldə etməyə
çalışır. Ancaq bunun üçün Ermənistanın
imkanları çox məhduddur. Məsələn, ordunun kompleksləşdirilməsi
sarıdan Ermənistan ordusunda ciddi çətinliklər var.
Üstəlik, yeni hərbi texnika, hətta Su-30SM təyyarələrinin
alınması da ciddi
sual altındadır. Çünki
büdcədən hərbi nazirik üçün ayrılmış təchizatlar
yetərincə deyil və bu,
mövcud ordunu saxlamağa imkan vermir. Ona
görə də Ermənistanda hazırda maliyyə və
çağırışçı qıtlığı
yaşanır. Xüsusən də ordunun döyüş hazırlığı çox aşağı səviyyədədir.
Burada Ermənistandan olan
çağırışçılarla Dağlıq Qarabağdan gəlmiş
çağırışçılar arasında problemlər
də var. Bir sözlə,
Ermənistan təşviş içərisində Azərbaycan
ordusunun hücumunu
gözləyir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun
sözlərinə görə, Daxili
Qoşunların bu prosesə cəlb edilməsi
onu göstərir ki, onlar təhlükəni hiss
edirlər: “Çalışırlar ki,
mövqelərini gücləndirsinlər. Hətta digər bir xidməti aparan strukturu da orduya
məxsus xidmətə cəlb ediblər. Bunlar göstərir ki, orada həm müdafiə,
həm də siyasi məsələlərlə
bağlı problemlər var. Çünki bu faktiki olaraq
Paşinyanın “Qarabağ
qarabağlıların öz problemidir, biz Ermənistan olaraq bu
danışıqlarda iştirak etmək
niyyətində deyilik” fikrinə ziddir. Sənin ordun cəbhədədir,
Daxili Qoşunları cəbhəyə
göndərirsən, iqtisadiyyat, təhlükəsizlik,
nəqliyyat, seçki sistemin
birdir. Hətta dövlət büdcəsinin
bir hissəsi Qarabağla
bağlıdır. Paşinyanın fikri
ilə davranışları üst-üstə düşmür. Biz nəzərə
almalıyıq ki, bizim
bəzi jurnalistlərin yazdığı kimi
Qarabağda separatçı və qondarma rejim deyil, orada
işğalçı administrasiya var. Onun da
yeganə məqsədi işğal edilən
əraziləri Ermənistana anneksiya etməkdir.
Orada separatizm adına
heç nə yoxdur”.
Politoloq onu da vurğulayıb ki, Paşinyan hakimiyyəti
və erməni cəmiyyəti o vəziyyətdə
deyil ki, real danışıqlara diqqət yetirsin. Bu dəqiqdir. Xarici siyasət və Qarabağ
mövzusunu daha çox daxili siyasi mübarizədə istifadə edəcəklər.
Populist və radikal
mövqelərin güclənməsini müşahidə edəcəyik.
Hesab edirəm
ki, məhz belə proseslərin
tendensiyası artıq görünür:
“Əslində Paşinyandan əvvəl də
danışıqlarla bağlı ermənilərdə oturuşmuş mövqe yox idi, məqsəd
vaxtı uzatmaq idi. İndi də belə bir mövqe yoxdur və olmayacaq da. Əsas məqsəd
hakimiyyətə gəlmək üçün
Qarabağ məsələsindən istifadə
edilməsidir. İndiki mərhələdə
erməni tərəfi danışıqların
başlaması üçün heç bir hazırlıq
nümayiş etdirməyəcək. Onlara təsir edəcək yeganə amil müharibədir. Digər amillər təəssüflər
olsun ki, real deyil və görünmür”.
Politoloq Ermənistanda
qərbpərəst meyillərin gücləndiyini də qeyd edib. Bildirib
ki, Ermənistanın xarici
siyasətinə yeni elementlər daxil olub, bu
elementləri təbliğ edirlər. Ermənistan prezidenti Qərb ölkələrində səfərdə
olub. Ermənistanda Qərbpərəst
meyillər güclənib. Eyni zamanda buna zidd
olaraq başqa tendensiya da var:
“Məsələn, ermənilər istəyirlər ki, Rusiya onların təhlükəsizliyini
təmin etsin. Bu iki məqam ziddiyyət təşkil edir. Təbii ki, gec və tez bu, ciddi böhrana
gətirib çıxaracaq. Artıq biz eşidirik ki, Moskvada narazı səslər yüksəlir.
Müxtəlif səviyyələrdə Ermənistandan narazılıq
üzə çıxır. İndiki mərhələdə
Rusiyadakı ermənipərəst qüvvələr
çalışır ki, bu
narazılığın qarşısını alsın. Nəzərə
almaq lazımdır ki,
Moskvada ermənipərəst qüvvələr
güclüdür və Putinin
yeni administrasiyasında onlar
öz gücünü
artırıb. Lakin reallığı da inkar etmək olmaz. Bu reallıq istər-istəməz
Rusiya siyasi
elitasına çatır və ictimaiyyətə də
sızacaq. Bir sözlə, böhran hələ qarşıdadır.
Qərbin isə Ermənistanı
himayəsinə götürməyə həvəsi yoxdur. Çünki Ermənistan
Qərbə əhəmiyyətli təkliflər vermir. Sadəcə olaraq,
Ermənistan Rusiyaya ziyan
vurmaq baxımından qısamüddətli
maraq kəsb edə bilər. Amma geopolitik baxımından Gürcüstan
və Azərbaycandan fərqli olaraq, Ermənistan
Qərb üçün heç
bir əhəmiyyət kəsb etmir. İndi fikirlər səslənir
ki, Türkmənistan Xəzər dənizi
üzərindən yeni proyektlər həyata
keçirəcək. Bu baxımdan Qərbin
maraqları bizim tərəfdədir.
Üstəlik Qərblə-İran arasında münasibətlər
kəskin xarakter alır. Bu
da təbii ki, Azərbaycana
marağı artıracaq. Bu mənada Ermənistanın
Qərbə nələrisə təklif etməsinin maraq kəsb etdiyini
görmürəm”.
T.Zülfüqarov Ermənistanın
yeni hökumətinin müdafiə nazirinin sabiq müavinini həbs etdiyi məsələsinə
də aydınlıq gətirib. Bildirib ki, Qarabağ
klanının hansısa rola malik üzvlərini aradan
götürürlər: “Ümumiyyətlə, istəyirlər
ki, hakimiyyəti təşkil edən
müxtəlif strukturlarda Paşinyanın
tərəfdarları daha da
güclənsin. Ermənistanda Qarabağ
klanının üzvlərini yaxşı tanıyırlar. İndi onları bir-bir aradan götürəcəklər. Çünki Qarabağ
erməniləri ilə Ermənistan erməniləri
arasında qarşıdurma çoxdan mövcuddur. Sözdə birlikdən
danışsalar da, əslində bir-birini görən gözləri yoxdur. Fikrimcə, Qarabağ
klanının hakimiyyətdə olan
nümayəndələri zərərsizləşdiriləcək.
Xüsusilə, zamanında mitinq
iştirakçılarına güllə atmaq
əmri verənlər, Qarabağdan gələnlər
və digərləri”.
İndi
ermənilər yağışdan çıxıb yağmura düşüblər və
Paşinyanın da sərgilədiyi mövqe Qarabağ məsələsinin
sülh yolu ilə həllini
əngəlləyir və dolayısı ilə bu siyasətin də erməni xalqının
başında çatlayacağı şübhə doğura bilməz. Elə siyasi ekspertlər də məhz bu qənaətdədir və onların səsləndirdiyi
ifadələr əslində bütün
Ermənistana açıq-aşkar bir
mesajdır ki, ermənilər özləri
də bunun fərqindədirlər. Fərqindədirlər
ki, hakimiyyətə gətirdikləri beli çantalı, başı şapkalı nümayişçinin bir
baş nazir kimi davranışları Qarabağda
müharibə ehtimallarını bir qədər
də artırır. Ermənistanın
özündə də bunu artıq dərk
etməyə başlayıblar ki, Azərbaycan
Ordusunun 100 illiyi ilə
bağlı keçirilən möhtəşəm parad, eləcə də iyulun
2-dən Azərbaycan Silahlı Qüvvələrinin
genişmiqyaslı hərbi təlimlərə başlaması
Qarabağ cəbhəsində yeni bir müharibəyə
zəmin yaradır və artıq İrəvanda belə bir xof yaranıb.
Azərbaycanın artan hərbi təlimləri, buna
qarşılıq olaraq isə İrəvanın
ortaya qoyduğu şərt,
yaxud aqressiv mövqe hərbi əməliyyatların
qaçılmaz variant kimi
gündəmə gələcəyinə artıq ekspertləri
də əmin edib. Qərbyönümlü
təcrübəsiz Paşinyan hakimiyyəti
öz auditoriyasına hesablanmış mövqeyi və davranışları ilə
müharibə ehtimalını hələ də gündəmə
daşımaqdadır. Nikol
Paşinyanın və onun hakmiyyətinin
sərt ritorikasına qarşı Naxçıvan istiqamətində
aparılan hərbi əməliyyatlar deyilənləri təsdiq
edir və ordumuzun
tutarlı cavabı ən layiqli
mesajdır. Baş nazir Nikolun
hazırkı siyasi kursu
regionda ümumi təhlükəsizliyi
təhdid edir və onun
erməni ordusuna müdafiə və döyüş hazırlığı əmri
verməsi daxili siyasi
gərginliyi artırmaqla özünün
vəd etdiyi islahatlardan
yayınması kimi görünür.
Cavid
Xalq cəbhəsi.- 2018.- 6 iyul.- S. 9.