Azərbaycançılıq
ideyasının təbliği
“Bizim
üçün bir tarixi amil - Azərbaycançılıq
ideologiyası var”
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Hər birimizə məlumdur
ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər tariximizə ölkəmizin bütün həyati
əhəmiyyətli sahələrində, o cümlədən
sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın
inkişafı, xalqımızda dövlətçilik və
azərbaycançılıq ideyalarının yüksəldilməsi,
dövlətimizin gələcək müstəqilliyinin təməlinin
qoyulması, onun qorunması və daha da gücləndirilməsi
dövrü kimi daxil olub. Belə ki, keçmiş SSRİ-nin
süquta uğramasından sonra respublikamız 1991-ci ildə
müstəqillik yoluna qədəm qoydu və bununla da Azərbaycan
tarixində yeni bir səhifə açıldı. Ancaq
müstəqilliyin ilk illərində Azərbaycan xarici təcavüzün
dəf edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi,
cəmiyyətin tam xaos və vətəndaş müharibəsinə
sürüklənməsinin qarşısının
alınması, minimum həyat qabiliyyətinə malik
iqtisadiyyatın yaradılması və dövlət quruculuğunun
digər zəruri vəzifələrinin öhdəsindən gəlməyə
müvəffəq ola bilmədi. Digər tərəfdən,
müstəqillik illərində Azərbaycanda kommunist mənəvi-əxlaqi
qaydaları məhv olsa da, sovet dövlətçiliyi, inzibati
idarəetmə, iqtisadi sistem, həmçinin kommunist mədəni-mənəvi
və ideoloji dəyərlər sistemi dağılsa da,
onların qalıqları respublikamızda müəyyən fəsadlar
yaratmaqda idi. Ona görə də sürətli iqtisadi
inkişafa nail olmaq, həmçinin dövlətçiliyimizi,
müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlamaq
üçün Azərbaycançılıq
ideologiyasının təşəkkülünə ehtiyac
yarandı.
Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə yenidən
qayıdışından sonra Azərbaycanın müstəqilliyini
möhkəmləndirmək, onun siyasi və iqtisadi əsaslarını
yaratmaq, həmçinin Azərbaycan cəmiyyətinin inkişafının
ideya təməli olan Azərbaycançılığın
irəli sürülməsi əsas şərtə
çevrildi. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi Heydər
Əliyevin tarixi xidmətidir. Ulu öndərimizin missiyası
yalnız Azərbaycan dövlətinin dayaqlarının
möhkəmləndirilməsi, müstəqilliyin
inkişafı və dövlətçilik tariximizin müasir
mərhələsinin sürəkliliyinin təmin edilməsi
kimi şərəfli bir vəzifəni yerinə yetirməklə
məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin
yaradılması konsepsiyasını da həyata keçirdi,
eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən,
xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə,
məqsəd və məram ətrafında səfərbər
edən milli təlimi - Azərbaycançılıq
ideologiyasını da yaratdı. Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs
bir missiyanı gerçəkliyə çevirdi, milliliklə
dövlətçiliyi bir-birinə qovuşdurdu, onların
sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər
bir xalqın arzusunda olduğu bu əlçatmaz ideya Azərbaycanda
da reallaşdı. Heyər Əliyevin səyləri nəticəsində
Azərbaycançılıq təfəkkürü,
şüur tipi, davranış və əxlaqı
formalaşdı. İslam dəyərləri Azərbaycan
xalqının mədəniyyəti tərkibində yenidən
dirçəldi, ateizm və kommunist mənəviyyatı cəmiyyətdən
silindi, milli və liberal demokratik dəyərlər qovuşdu,
müasir Azərbaycançılığa, dövlətçiliyə,
tolerantlığa və multikulturalizmə əsaslanan mədəniyyət
formalaşdı və inkişaf etdi. Bir sözlə, Azərbaycançılıq
ideyası milli-mənəvi dəyərlərlə
qovuşaraq, Azərbaycan xalqının siyasi, dövlətçilik
şüurunda mədəni-mənəvi inkişafında əsas
amilə çevrildi. Azərbaycançılıq, eyni zamanda
respublika ərazisində yaşayan xalqın həmrəyliyi
ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi
inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini
arzulayan, onun güclənməsini istəyən insanları
birləşdirir. “Bizim üçün bir tarixi amil - Azərbaycançılıq
ideologiyası var”, - deyən görkəmli dövlət xadimi
Heydər Əliyev bu təlimin prinsiplərindən,
qarşıya qoyduğu vəzifələrdən bəhs edərkən
ən vacib məqamı ayrıca vurğulayıb: “Müstəqil
Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”. Professor Nizaməddin Şəmsizadə
“Azərbaycançılıq ideologiyası” əsərində
haqlı olaraq qeyd edir ki, Azərbaycançılıq
coğrafi anlayış deyil, o daha çox siyasi
anlayışdır. Beləliklə, Azərbaycançılıq
milli-mənəvi varlığın ilkin əlamətlərini,
xalqın kimliyini əks etdirən, milli təfəkkürü
birləşdirən dəyərlər sistemidir: “Bu dəyərləri
cəmləşdirən dil, ərazi, vətəndaşlıq,
adət-ənənə və ideoloji birlik Azərbaycançılıq
ideologiyasının əhatə dairəsini sərhədsiz edir.
Azərbaycandan kənarda yaşayan soydaşlarımızla
yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın
müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət
kimi inkişafını arzulayan hər bir kəs Azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır. Bu
gün millətin strateji fəaliyyət proqramı, dövlətin
və millətin mövcudluğunun mənası,
inkişafın məqsəd və prioritetləri kimi
çıxış edən milli ideya uğurla həyata keçirilir”.
YAP İdarə Heyətinin
üzvü, YAP Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru, professor Nurlana Əliyeva KİV-ə
açıqlamasında bildirib ki, müstəqil Azərbaycanın
ideoloji əsaslarını onun ideologiyası
formalaşdırır. Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası isə Azərbaycançılıqdır:
“Böyük rəhbər Heydər Əliyev bütün mədəniyyətimizi,
tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi,
klassik yazılı və şifahi ədəbiyyatımızı,
nəhayət, ana dilimizi Azərbaycançılığın
təməlinə gətirdi, onun izahına yönəltdi.
Onun Azərbaycançılıq təlimi “xalqın milli
varlığını müəyyən edən başlıca
amildən” ana dilinə - Azərbaycan dilinə münasibətdən
başlanır. Ümummilli liderimiz deyib: “İnkişaf
etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,
böyük gələcəyə malikdir”. Ona görə də
xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti
hər bir Azərbaycan övladı göz bəbəyi kimi
qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Bu, onun vətəndaşlıq borcudur.
“...Dil xalqın böyük sərvətidir.
Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin
tərəqqisi mümkün deyildir”, - deyən ulu öndər
Heydər Əliyevin Azərbaycançılıq təlimi
tarixi-mənəvi əsaslara istinad edirdi. Bu təlim dövlətçilik
statusu alandan sonra, daha doğrusu, müstəqil dövlətçiliyin
ideologiyasına çevrildikdən sonra böyük siyasi
prioritetləri olan idarəçilik gücü kəsb etdi”.
Əməkdar elm xadimi,
filologiya elmləri doktoru Hüseyn Həşimli isə məqalələrindən
birində qeyd edib: “ Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”,
- deyən görkəmli siyasi xadim, böyük vətənpərvər
Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik
etdiyi 1993-2003-cü illər həm də ulu öndərin Azərbaycançılıq
təliminin möhtəşəm təntənəsi, həyati
gücünün əzəmət və vüsətinin parlaq
təzahürüdür. Belə ki, bu illərdə dahi rəhbərimiz
tərəfindən Azərbaycançılıq
ideologiyasının əsas müddəaları,
başlıca prinsipləri sistemli şəkildə işlənib
hazırlanıb və cəmiyyət həyatının
bütün sahələrində öz ifadəsini tapıb.
Müstəqil Azərbaycanın siyasi-ideoloji
strategiyasının əsasında dayanan və ulu öndərimizin
böyük dühasının bəhrəsi olan Azərbaycançılıq
təlimi müstəqil dövlətimizin hərtərəfli
inkişafının etibarlı təməlidir. Ulu öndərimiz
milli ideologiyamız olan Azərbaycançılığı
tarixilik və müasirlik kontekstində dəyərləndirən,
ölkəmizin dünəni, bu günü və gələcəyi
üçün əsas istiqamətverici təlim sayan, onun
bütün xalq, müxtəlif siyasi qüvvələr
üçün birlik vasitəsi olmasının vacibliyinə
xüsusi önəm verib. Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycançılıq təliminin bir üstün cəhəti
də ondadır ki, bu ideologiya milli-mənəvi dəyərlərə
əsaslanmaqla, onları qoruyub yaşatmaqla,
inkişaf
etdirməklə yanaşı, bəşər
sivilizasiyasının ən qabaqcıl nailiyyətlərindən
də bəhrələnir, bu sintez isə son nəticədə
hər bir vətəndaşın, bütövlükdə,
ölkənin və xalqın yüksəlişini təmin
edir. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin,
tarixinin, ədəbiyyat və mədəniyyətinin Azərbaycançılıq
məfkurəsi ilə dərkinin metodologiya və
strategiyasını formalaşdırıb. Onun 18 iyun 2001-ci il
tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”, həmçinin 9 avqust 2001-ci il tarixli “Azərbaycan
Əlifbası və Azərbaycan Dili Gününün təsis
edilməsi haqqında” fərmanları bu baxımdan
böyük tarixi-siyasi əhəmiyyət daşımaqla
milli-mənəvi dəyərlərin qorunmasına, möhkəmləndirilməsinə
və daha da yüksəlişinə xidmət edir. Azərbaycançılıq
ideologiyasının çoxşaxəli sistemində milli dil
məsələləri xüsusi yer tutur. Hər bir xalqın
milli varlığının təcəssümü,
daşıyıcısı olan doğma dilin tərəq-qisinin,
statusunun, işlənmə dairəsinin yüksək səviyyədə
təsbit olunması müstəqil dövlət quruculuğu
prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində
ən vacib faktorlardan biridir. Görkəmli dövlət xadimi
Heydər Əliyevin Azərbaycançılıq təlimində
milli mədəniyyətə, ədəbiyyata da xüsusi dəyər
verilib, onların əhəmiyyəti həmişə nəzərə
alınıb. Bu da təsadüfi deyil ki, çünki ədəbiyyat,
incəsənət əsrlər boyu milli varlığın
keşiyində dayanıb, milli-mənəvi dəyərlərin
daşıyıcısı, qoruyucusu kimi üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirib.
Müdrik rəhbər mədəniyyəti xalqı irəliyə
aparan, inkişaf etdirən, dünyada tanıtdıran, milli məfkurəni
yaşadan mühüm vasitə kimi yüksək qiymətləndirib.
Ona görə də ulu öndər Heydər Əliyevin Azərbaycançılıq
təliminin əhatəli sistemində milli-mənəvi dəyərlərin
qorunması, tarixi keçmişin şanlı ənənələrinə,
ədəbi-mədəni abidələrinə ardıcıl
diqqət və qayğı həmişə ön planda
dayanıb. Ustad klassiklərin yubileylərinin keçirilməsi,
xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin
nəşri, təbliği, müasir yaradıcı
ziyalılara verilən yüksək qiymət bunun bariz
nümunəsidir. Təkcə elə milli kimliyimizin, mənəvi
dəyərlərimizin ana kitabı olan “Kitabi-Dədə
Qorqud” dastanının 1300, söz mülkünün
sultanı Məhəmməd Füzulinin 500 illik yubileylərinin
YUNESKO xətti ilə dünya miqyasında geniş qeyd
olunması Azərbaycan mənəviyyatının təbliği
işinə böyük töhfədir. Belə faktlar yüzlərlə,
minlərlədir. Ulu öndər xalqımıza məxsus
müqəddəs adət-ənənələrin qorunması
işinə də xüsusi diqqət yetirib. Hazırda ölkəmizin
ideoloji həyatında mühüm yer tutan, bütün sahələrdə
həmrəyliyin və möhtəşəm uğurların əsas
faktorlarından biri sayılan Azərbaycançılıq
ümumən bütün dünyada yaşayan yurddaş və
soydaşlarımızı birləşdirən mükəmməl
təlimdir. Azərbaycançılıq ideologiyasının
bütün dünya azərbaycanlıları arasında
yayılması, getdikcə genişlənməsi də məhz
ulu öndər Heydər Əliyev dühasının
işığında gerçəkləşib. Ulu öndərin
tövsiyə etdiyi Azərbaycançılığın ana
xətti məhz budur - həmişə və hər yerdə
Azərbaycan naminə çalışmaq, onun hərtərəfli
yüksəlişinə səy göstərmək, milli-mənəvi
dəyərləri qorumaq, Vətən və xalq
qarşısında borc və məsuliyyəti dərk edib əməli
fəaliyyətdə rəhbər tutmaq!”.
Xəyalə
Süleymanqızı
Xalq cəbhəsi.-
2018.- 10 iyul.- S. 6.