Regionlarda uğurlu dövlət-özəl sektor tərəfdaşlığı
Azərbaycanın
regionlarının sosial-iqtisadi
inkişafı dövlətin iqtisadi siyasətinin
priaritet istiqamətlərindən biridir. Aydın məsələdir ki, ərzaq təhlükəsizliyi problemlərinin
həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan
qaldırılması kimi məsələlərin
həlli rayonların tərəqqisindən
asılıdır. Regionların sosial-iqtisadi
inkişafı isə bölgələrdə qeyri-neft
sektorunda sahibkarlığın, özəl
sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri
yaradır, yeni iş
yerləri açır, məşğulluq, rəqabət
qabiliyyətli məhsulların buraxılması, əhaliyə
yüksək xidmətlərin göstərilməsi, dövlət
büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi
mühüm əhəmiyyət
daşıyan məsələlərin həllini öz üzərinə götürür.
Müsbət haldır ki, dövlət müxtəlif vasitələrlə
regionlarda sahibkarlığın
inkişafına dəstək verir, onu stimullaşdırır. Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı bu baxımdan çox
əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının milli iqtisadiyyat
perspektivi üzrə Strateji
Yol Xəritəsi”nə əsasən
ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə
biznes mühitinin daha da
yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji
Yol Xəritəsinə əsasən, 2025-ci
ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və
maliyyə vəsaitlərinə bərabər
çıxış imkanları təmin edən rəqabət
mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına şərait
yaradacaq əlverişli biznes
mühiti formalaşdırılacaq.
Bu ilin əvvəllərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye
Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı
üzrə iki müəssisəsinin
açılışında dövlətin regionlarda
sahibkarlara dəstəyini bir
daha ifadə edib: “Mingəçevir
Sənaye Parkının ilk iki fabriki
açılır. Bu, dövlət-özəl sektor
tərəfdaşlığının gözəl təzahürüdür.
Çünki dövlət özəl sektorun inkişafı üçün
əlindən gələni əsirgəmir, sahibkarlara
güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir,
iş yerlərinin yaradılması istiqamətində
böyük
işlər aparılır. Eyni zamanda, dövlət sənaye
parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər
dövlət bu funksiyanı öz üzərinə götürməsəydi,
əlbəttə özəl sektor, sahibkarlar üçün
belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı.
Özəl sektor isə öz
növbəsində, həm dövlətin güzəştli
şərtlərlə verilmiş kreditlərindən
yararlanır, eyni zamanda,
öz vəsaitini qoymaqla
belə gözəl fabriklər yaradır. Ona
görə Azərbaycanda son illər ərzində
yaradılan sənaye zonaları, sənaye məhəllələri,
sənaye parkları bu məqsədi güdür”.
Rayonlarda sahibkarlara güzəştli kredit
verilir
Müsbət
haldır ki, dövlət büdcəsinin
hesabına maliyyələşdirilən İqtisadiyyat
Nazirliyi yanında Sahibkarlığa
Kömək Milli Fondu
(SKMF) vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə
güzəştli şərtlərlə kredit
ayrılır ki, bu da sahibkarlığa dövlət dəstəyinin ən
səmərəli formalarından biridir. SKMF-nun vəsaitləri
hesabına verilən güzəştli kreditlər dövlət
başçısının fərman və sərəncamlarında,
dövlət proqramlarında müəyyən edilmiş,
ölkənin sosia-iqtisadi
inkişafının prioritet istiqamətlərinə
uyğun olaraq qeyri-neft sektorunun və
regionların tarazlı inkişafı, sahibkarlığın
dəstəklənməsi, yoxsulluğun
azaldılması, məşğulluğun təmin edilməsi
ilə bilavasitə əlaqəli olan sahələrdə
dinamik iqtisadi
inkişafın təmin edilməsinə yönəldilir.
Təkcə 2017-ci ildə SKMF tərəfindən
sahibkarların 1953 layihəsinə 146 milyon
manat güzəştli kredit
ayrılıb. Nəticədə həmin layihələr
çərçivəsində 6591 yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
Müxtəlif sənaye, kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı, turizm, xidmət sahələrinin
inkişafı ilə bağlı layihələr maliyyələşdirilib.
2017-ci ildə SKMF fondu tərəfindən
kredit ayrılmış 1953 layihədən
1875-i və ya 96%-i kiçik
həcmli, 41-i və ya 2,1% orta həcmli, 37-si isə və ya 1,9%-i isə böyük
həcmli layihələrdir.
2018-ci ildə fon
tərəfindən sahibkarlıq subyektlərinə 170 milyon manat güzəştli
kreditin verilməsi nəzərdə tutulur. Həmin kreditlər rayonlarda aqroparkların, ətlik və südlük istiqamətli cins
heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin,
meyvə-tərəvəz emalı müəssisələrinin,
intensiv bağçılıq və tingçilik təsərrüfatlarının,
idxaləvəzləyici məhsulların istehsalı və
emalı müəssisələrinin
yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və
digər istiqamətlər üzrə prioritet
hesab olunan layihələrin
maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ilin əvvəlindən Fond tərəfindən geri
qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli
kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
28
rayonda 43 aqropark
yaradılır
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
əsas hədəfləri regionlarda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o
cümlədən aqroparkların yaradılmasıdır. Dövlət başçısının
tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu
üzrə 183 min hektar
ərazidə 43 aqroparkın yaradılması işləri
sürətlə davam etdirilir.
3 aqroparkda birinci mərhələ
üzrə işlər başa
çatdırılıb, 25 aqroparkda
tikinti-quraşdırma, 15 aqroparkda isə
layihələndirmə işləri aparılır. 2018-ci ildə
15 aqropark istifadəyə veriləcək.
Ümumi dəyəri 386 milyon
manat olan 15
aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit
verilib. Aqroparkların
yaradılması ərzaq təhlükəsizliyinin təmin
olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin
olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin
daha da artmasına imkan verəcək. Məsələn, təkcə
Qazax rayonunda
hazırda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark
yaradılır. Kartof əkini üzrə
işlər aparılan aqroparkda kartofun saxlanılması üçün
anbarın tikintisi, müasir
suvarma sisteminin
qurulması və texnika parkının
yaradılması üzrə işlər aparılır. Burada çeşidləmə və
qablaşdırma sahələri də yaradılacaq.
Aqroparkın yaradılmasına 2 mln. manat güzəştli kredit
verilib.
Sənaye məhəllələrində
yeni iş yerləri açılır
Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin,
yeni istehsal sahələrinin
yaradılması işləri uğurla həyata
keçirilir. Məsələn, Sabirabad Sənaye Məhəlləsində bütün zəruri infrastruktur
dövlət tərəfindən yardılır. Sənaye Məhəlləsində regionunun
iqtisadi potensialına uyğun
olaraq, yun tədarükü,
pambıqtəmizləmə, plastik məmulatlar
və tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının
emalı müəssisələri və logistik
mərkəz açılacaq. Məhəllədə tikinti işlərinin birinci
mərhələsinin 2018-ci ilin iyul ayında başa
çatdırılaraq sahibkarların istifadəsinə verilməsi
nəzərdə tutulur. Regionlarda kiçik
və orta sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin
inkişafı, istehsal prosesinin
təşkilində infrastruktur xərclərinin
azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi,
məşğulluğun artırılması baxımından
belə sənaye məhəllələrinin əhəmiyyəti
böyükdür.
Masallı Sənaye
Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün
zəruri infrastrukturun qurulması işlərinin
birinci mərhələsiu başa
çatdırılıb. İlkin mərhələdə
ümumi sahəsi 7500 m²-ə
yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən
ümumi dəyəri 33 milyon
manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində
4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar,
tikinti materialları, kabel
istehsalı və dulusçuluq məmulatları
istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin
bu ilin aprelində fəaliyyətə
başlaması nəzərdə tutulur.
Tikintidə 200 nəfər çalışır. Sənaye Məhəlləsində
birinci mərhələdə 230,
ümumilikdə isə 600-dən çox
yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində
sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank
və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq,
yeməkxana, tibb məntəqəsi fəaliyyət
göstərəcək.
Rayonlarda işgüzar forumlar keçirilir
SKMF rayonlarda
işgüzar forumlar keçirir, sahibkarlar
maarifləndirilməklə yanaşı onların layihələrinə
güzəştli kreditlər ayrılır. Bu
il iyunun 21-də İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi,
sahibkarlığın inkişafına maliyyə dəstəyinin
göstərilməsi tədbirləri çərçivəsində
Ağstafa rayonunda
növbəti işgüzar forum keçirib. Sahibkarlarla
müzakirələr aparılıb, Ağstafa
rayonunun iqtisadi
potensialına uyğun olaraq,
startap layihələrinin maliyyələşdirilməsi,
iri taxılçılıq, kartofçuluq, üzümçülük,
arıçılıq və cins
heyvandarlıq təsərrüfatlarının, çörək
istehsalı və süd emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya
layihələri və metodiki materiallar təqdim olunub. Forum çərçivəsində müvəkkil
kredit təşkilatları vasitəsilə
Gəncə-Qazax iqtisadi rayonunda
fəaliyyət göstərən 34 sahibkara
423 min manat güzəştli
kredit verilib. Verilən
kreditlər heyvandarlıq, quşçuluq,
kartofçuluq, üzümçülük
və s. sahələrin inkişafına
yönəldiləcək. Layihələrin
reallaşdırılması hesabına 40-dan çox
yeni iş yerinin açılması imkanı yaranacaq. İndiyədək Ağstafa
rayonundan olan 596 sahibkara 8,4 milyon manat güzəştli kredit
ayrılıb. Ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda
sahibkarlıq subyektlərinin 6800-dək investisiya
layihəsinə 258,5 milyon manat
güzəştli kredit verilib.
Regionların
inkişafı sahəsində qəbul edilmiş
və uğurla həyata keçirilmiş
dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair
əlavə tədbirlərlə bağlı sərəncamlarda
nəzərdə tutulmuş vəzifələrin
icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur
təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha
da yaxşılaşdırılmasına,
investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin
və iş yerlərinin
açılmasına, nəticədə əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluq səviyyəsinin
azaldılmasına təkan vermişdir.
Bir sözlə, ölkəmizdə
regionların inkişafı üzrə həyata keçirilən
islahatlar, qəbul edilmiş
dövlət proqramları bu sahənin tərəqqisi
istiqamətində dövlət siyasətini daha
da gücləndirilir. Bu
isə regionların dayanıqlı sosial-iqtisadi
inkişafını təmin edə biləcək düzgün yoldur.
Mahir Həmzəoğlu
Xalq cəbhəsi.- 2018.- 10 iyul.- S. 12.