XIX
əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda
iqtisadi vəziyyət
Hüseyn
Baykara
Kənd və şəhər əhalisinin
əl əməyi ilə meydana gələn xalça və
başqa toxunmaların böyük bazarlara aparılmasında
“həftə bazarı” adlanan və ən əhəmiyyətliləri
Lahıc, Basqal, Altıağac, Bərgüşad, Salyan,
Vartaşen, Padar, Qutqaşen, Ağdaş, Ərəş,
Masallı, Astara, Ağdam, Bərdə, Tərtər və
başqa yerlərdə qurulan bazarlar böyük rol
oynamışdı. Bu bazarların bəziləri hər həftə
məhəlli yarmarkalara çevrilmiş və yerləşdiyi
rayonun daxili bazarında topdansatış, pərakəndə
satış və ixracatla məşğul olan tacirlərin
ixrac edəcəkləri malların toplanmasında faydalı və
əhəmiyyətli rol oynamışdı. 1870-ci ildə
Tiflisdə çıxan “Qafqaz” qəzeti yazırdı:
“Ağdam bazarından Marsel və İtaliyaya yüksək
keyfiyyətli ipək və barama göndərilmişdi. Bu həftə
bazarlarının sosial xidməti də olurdu. Kəndlini şəhərlilərlə
yaxınlaşdırır və bu iki ayrı sosial təbəqəyə
mənsub eyni millətdən olan cəmiyyəti birləşdirirdi.
Çar Rusiyasının əsarəti altında olan Azərbaycanın
ixracat faizi o zamanlar daim idxalından çox olurdu. Xalqın
güzəranı da xanlıq dövrünə nisbətən
müqayisə olunmayacaq dərəcədə
yaxşılaşırdı. 1880-ci ildən sonra yun,
pambıq, tütün, ipək çox artmışdı.
Şəhərlər
Azərbaycan azadlıq
mübarizəsinin əziz şəhidlərindən biri olan
iqtisadçı Məmmədhəsən Vəlili
(Baharlı) 1921-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycanın
coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizəsi”
adlı kitabında Azərbaycanda şəhər əhalisinin
artması, şəhərlərin təşəkkülü
və Bakı əhalisi haqqında bunları qeyd edir: “Azərbaycanın
tarixi hərəkat və həyat mərkəzlərinə -
Şamaxı, Bakı, Quba, Gəncə, İrəvan, Nuxa,
Şuşa və bu kimi mahallara çoxdan kənd əhalisi
axışmışdır və bunun nəticəsində bu
yerlərin əhalisinin sayı xeyli artmışdı”.
Əhalinin
sıxlığına sənayenin tərəqqi etməsi, kənd
təsərrüfatının,
balıqçılığın və dəmir yolunun
artması böyük təsir etdi.
Bütün bunlar Bakının
əhalisinin həddindən çox artmasına səbəb
olmuşdu. Onun ətrafında neft sənayesi, onunla əlaqədar
olaraq zavod və emalatxana işləri artdıqca buraya təkcə
azərbaycanlılar deyil, çoxlu miqdarda rus, isveç, yəhudi,
alman kimi xaricilər də gəlmişdilər. 1860-cı ildə
Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə
yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin
20%-i şəhərdə yaşayırdı. Bakıda azəri
türkləri 45.000, ruslar 19.000, erməni və başqa millətlərdən
olanlar 111.000 idi.
1886-1897-ci illər arasında Gəncədə
əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147%
artmışdı. 1897-ci ildə Gəncənin 33.090,
Şuşanın 25.881, Nuxanın (Şəkinin - red.) 24.734,
Şamaxının 20.007, Qubanın 15.363, Salyanın isə
11.787 nəfər əhalisi var idi. 1897-ci ildə olan
siyahıyaalmaya görə Azərbaycanın əhalisi
(Zaqatala daxil olmaqla) 1.805.788 nəfər imiş, 1897-ci il
hesablamasının Azərbaycan xalqı haqqında verdiyi
statistik məlumata şübhə ilə yanaşmaq
lazımdır. Bu barədə Məmmədhəsən
Baharlı belə deyir: “1897-ci ildə olan siyahıyaalma,
ümumiyyətlə, ətraflı və düzgün
deyildir. Çünki, islam əhalisi əsgərliyə
çağırılmaqdan, torpaq mükəlləfiyyətindən
və verginin artırılmasından ehtiyat etdikləri
üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər.
Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar
çinovnikləri və polisləri bunu bilərəkdən
edirdilər ki, müsəlman xalqının sayı az
görünsün” (həmən əsər: səh. 22). Bu səbəbdən
M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin
sayını 2.150.000 nəfər göstərir və qeyd edir
ki, Azərbaycanın heyvandarlıqla məşğul olan,
yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan
köçəriləri də hesaba alınmalı idi
***
Bakıda olan 204 sənaye müəssisəsinin 115
kapitalistindən 18%-i Azərbaycan türk kapitalistləri idi.
Rus kapitalistləri 27% təşkil edirdi (Adlarından da
açıqca görünür ki, rus kapitalistləri –
Benkendorf, Qubonin, Şibayev – H.B.). Rusiya təbəəsi olan
xaricilərdir. Un və çəltik təmizləyən
zavodlar Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov
və başqa türklərə məxsus idi. Yerli azəri
türklərinin bu sənayeyə qoyduqları kapital ümumi
kapitalın 36%-ni təşkil edirdi. Neft sənayesində Azərbaycanın
milli kapitalı 21% idi. Səlimxanov neft-kimya sənayesində ən
böyük kapitalist idi. Onun, sənayenin bu sahəsinə
qoyduğu kapital ölkədə bu sahəyə qoyulan ümumi
kapitalın 10%-nə çatırdı. Bakıda ilk dəfə
toxuculuq sənayesinə başlayan kapitalist H.Z.Tağıyev
idi və həmin kombinat bu günə kimi fəaliyyət
göstərir. 1880-ci ildə azərbaycanlılar Xəzər
dənizindəki yelkənli gəmilərin 80%-nə sahib idilər.
Xəzər dənizində mövcud olan gəmilərin 58%-i
yerli türk kapitalistlərin payına düşürdü
(Azərbaycan tarixi, II cild). Dəniz və çay nəqliyyatı
işində təşəbbüs göstərən
kapitalistlər – Dadaşovlar, Hüseynovlar, Aşurov, Manafov,
Zeynalov və başqaları idi. İpəkçilik sahəsində
olan kapitalistlərdən Nuxada Hacı Kərim Hacı Vahab
oğlunu, İbrahim Əkbər oğlunu, Hacı Abdul Rəhimovu,
Hacı Məmməd Rəhim oğlunu və
başqalarını göstərmək olar. Qarabağda da ipəkçilik
sahəsində Muradov və b. fəaliyyət göstərirdi.
Balıq sənayesini milli Azərbaycan kapitalistləri
Tağıyev, Sultanov, Əhməd Mustafa oğlu, Ağa
Mustafa oğlu və başqaları təmsil edirdilər. Azərbaycan
milli kapitalını daha çox, qüvvətli və sayca
üstün olan, yerli türk ticarət burjuaziyası əlində
saxlayırdı. Bu zümrə Azərbaycanın ortabab və
daha çox yüksək dərəcəli
topdansatışla məşğul olan tacir sinfi idi. Onlar
Bakının, Gəncənin, Şamaxının,
Şuşanın, Nuxanın, Naxçıvanın,
Ordubadın və başqa şəhərlərin
bütün ticarətini əllərində
saxlayırdılar. Bu orta təbəqəyə kənd təsərrüfatını
öz əlində cəmləşdirən əkinçilər
də daxil idi. Bu orta təbəqənin Azərbaycanda üzərinə
düşən sosial, iqtisadi, mədəni və siyasi rolu
tarix baxımından, Qərbi Avropa cəmiyyətlərində
olduğu kimi yerində və vaxtında çox gözəl
icra etdiyini irəlidə görəcəyik.
***
“Proletar” sözü XIX əsr iqtisadçıları tərəfindən
olduqca çox işlədilmiş bir termindir. Sonradan Karl Marks
bu terminə öz nəzəri baxımından xüsusi mənalar
vermişdir. Əslində proletar sözünün mənası
“gündəlik əməyilə dolanan fəhlə” deməkdir.
Yazımızın əvvəlində Azərbaycanda sənayenin,
ticarətin Qərbə məxsus inkişaf etməsini
uzun-uzadı anlatdıqdan sonra bu həyatın ayrılmaz
parçası olan fəhlə sinfindən söz açmamaq
olmaz.
1901-ci ildə Azərbaycanda neft sənayesində işləyən
fəhlələrin sayı 26.637 nəfər idi. Neft
quyularının qazılmasında 5409, nefttəmizləmə
zavodlarında çalışan fəhlələrin sayı
isə 3865 nəfərə çatırdı. 1897-ci ildə
Bakıda maşınqayırma işlərində və buna bənzər
mexaniki işlərdə çalışan fəhlələr
bu hesaba daxil deyildi. Gəmi təmiri tərsanlərində,
elektrik enerjisi istehsal edən müəssisələrdə
Nobelə, “Qafqaz-Merkuri”, “Xəzər” şirkətlərinə,
Şibayevə, elektrik qüvvələrinə, Listə,
Mışaka, Bardorfa, Eyzenşmitə və başqalarına
aid olan zavod və fabriklərdə, Nadejda, Kaspi, Dadaşov
müəssisələrində, Bakı şəhərində
və onun ətrafında kimyəvi maddələr
istehsalında (kükürd, potaş), mis emalında, balıq
sənayesində, Gəncədəki kobalt, dəmir,
Naxçıvandakı duz mədənlərində minlərlə
fəhlə çalışırdı.
1900-cü ildə yalnız balıqçılıq sənayesində
6359 fəhlə çalışırdı. Artıq
kapitalizm sənayedə, ticarətdə özünə yer
tutmuşdu. Bütün sənaye sahələrində - artellərdə,
emalatxanalarda çalışan işçilərin ümumi
sayı (Bakıda) təxminən 50.000-dən çox idi.
Yarıdan çoxu azərlər (Azərbaycan türkləri-red.)
olan bu işçilərin çox hissəsi Güney Azərbaycandan
gəlmişdi. 1917-ci il 22 oktyabrda Bakı Sovetinə
keçirilən seçkilərdə Bakıda
çalışan və İran təbəəliyində
olan 15.000 iranlı işçinin seçki hüququna malik
olmadıqlarına baxmayaraq “Müsavat” partiyası daha
çox səs qazanmışdı (Mirzə Bala Məmmədzadə.
“Rusiya inqilabında türklər” jurnalı, Münhen, 1957, №
9. səh. 12). 1891-ci ildə Şimali Azərbaycanda 15615,
1901-ci ildə isə 22776 adama pasport verilmişdi. Bunların
bir qismi Güney Azərbaycandan Qafqaza gələn fəhlələr
idi.
Beləliklə, Güney Azərbaycandan gələn fəhlələr
başda Bakı olmaq üzrə, sənayeləşən Azərbaycanın
əsas işçi qüvvəsini təşkil edirdilər.
1883, 1893, 1897, 1898-ci illərdə Azərbaycanda baş verən
quraqlıq nəticəsində azəri kəndliləri şəhərə
axışırdılar. Azərbaycanda türklərdən
başqa dağıstanlılar, ermənilər, gürcülər,
ruslar da işləyirdilər. Sahibi erməni olan iş yerlərində
işçilərin 90%-ni ermənilər təşkil edirdi.
Ter-Qriqoryanın tütün fabriki buna misal ola bilər.
1900-cü ildə balıq sənayesində
çalışan işçilərin hamısı azəri
(Azərbaycan türkləri-red.) idi.
ŞİŞLİ
– İSTANBUL, 28.05.1975
Xalq cəbhəsi.- 2018.- 10 iyul.- S. 14.