Təbriz
aşıq məktəbi
"Xalq Cəbhəsi" qəzeti mərhum professor Azad Nəbiyevin Güney Azərbaycanda aşıq sənəti
ilə bağlı araşdırma yazısını təqdim
edir
1-ci
yazı
Azərbaycan
xalqının erkən orta əsrlərdən
yaradıb inkişaf etdirdiyi
aşıq sənətinin tarixi yüksəlişində
özünəməxsus yeri və çəkisi
olan yaradıcılıq qaynaqlarından biri də Güneyin geniş çoğrafi ərazisini
əhatə edən Təbriz və Təbrizətrafı regiondur. XİV əsrin sonu, XV əsrin əvvəllərindən başlayaraq burada mövcud aşıq ənənələri
qüvvətlənməyə, ozan sənəti
zəminində yaranıb formalaşan
aşıq şeirinin yüksəlişi
özünü göstərməyə
başlamışdı. Bir tərəfdən
Anadlolu və Şirvan
məktəblərinin təsiri, digər tərəfdən
Təbrizin Azərbaycanın mədəni mərkəzlərindən
biri kimi çiçəklənməsi,
burada şifahi və
yazılı ədəbiyyatın inkişafına hələ
orta əsrlərdən xeyli
əvvəl münbit zəmin
yaratmışdı. Digər tərəfdən Təbriz
aşıq məktəbi həm də zəngin tarixi-ədəbi
əsaslara söykənirdi. XII-XIII əsrlərin
ozan-aşıq rekonstruksiyası, aşıq sənətinin qam-şaman, təkkə-dərviş ənənələrindən
uşaqlaşıb yeni istiqamətə
yönəlməsi sayəsindəki tərəqqini bu regiondakı ədəbi qaynaqlar
rəğbətlə qarşılamaqla yanaşı, çox çəkmədən həmin tərəqqinin
aparıcılarına çevrilmişdilər.
XV əsirin ikinci yarısından Təbrizdə formalaşmaqda olan
aşıq ənənələri özlərinə məxsus
yeni yaradıcılıq
üslublarını yaratmağa
başladı. Burada aşıq
yaradıcılığı forma, məzmun,
ifa üslubu və tərzi,
poetik dəyərlər baxımından yeni mərhələyə yüksəldi. Ən başlıca tərəqqi
aşıq yaradıcılığının canlı xalq dilinə yaxınlaşması, ərəb-fars
tərkibindən, osmanlı türkcəsinin müxtəlif dialekt və şivələrindən təmizlənməsi,
xalq danışıq dilinin
aşıq şeirində üstün
mövqeyə keçməsiylə bağlıdı. Canlı Azərbaycan dili şifahi poeziyada əks olunmaqla digər ölçü
və qəlibləri də aşıq repertuarına daxil olunmağa
başladı. Həmən mərhələdə Təbrizdə
yayılan aşıq yaradıcılığında bir sıra ənənəvi xüsusiyyətlər
nəzərə çarpmaqdadır.
Birincisi, aşıq
sənəti peşəkar ifaçılığın modern formasını qəbul etməklə islami dəyərlərin Anadolu
məktəbinə məxsus ifa tərzini
bərqərar etdi. Burada daha
köklü dayaqlara malik dərvişçiliyin məzmun dəyərlərindən
bəhrələnməklə onun
ifaçılıq üslub və
formalarından sürətlə uzaqlaşdılar. İkincisi, ozan ənənələrini
davam etdirən aşıq institutu
qam-samançılıq üzərində öz
nüfuzedici mövqeyini
bərpa etdi. Bu
isə Təbriz aşıq məktəbinin ilk
mühüm nailiyyəti oldu.
Aşıq institunun geniş ölçülərinin qəbul edilib formalaşması, orta
əsrlərin başlanğıcında milli
düşüncənin aparıcı mövqeyə
çıxması, ən nəhayət hər cür şamançılıq təsirindən,
dərvişçiliynin nüfuz dairəsindən
çıxıb sırf Azərbaycançı poetik təfəkkürü ifadə edən
yaradıcılıq institutu kimi bərqərar olmasını şərtləndirdi.
Bu, həmin dövrün
onlarla sənətkarının Təbriz
aşıq məktəbi üçün
hazırladığı erkən ədəbi zəmin idi. Bu gün adları və soy adları bizə gəlib
çatmamış həmin sənətkarlar Təbriz
aşıq şeirini forma,
məzmun və sənətkarlıq baxımından yeni mərhələyə yüksəltmiş,
Anadolu və Şirvanda
ozanın aşığa çevrilməsindən sonra aşıq
yaradıcılığının sürətli
yüksəlişinə təkan vermişdi.
Həmin zəminə əsaslanan Aşıq Qurbani
özünəqədərki ədəb-poetik ənənələr
zəminində XVI əsrdə Təbriz aşıq məktəbinin
əsasını qoymuşdu.
Bu məktəbə
qədərki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə də
diqqət yetirmək gərəkdir. Həmin dövr M.H.Təhmasibin yazdığı kimi, bir sıra islam təriqətlərinin müxtəlif səbəblərlə
bağlı öz kökündən qopub islamı parçalamaq
və onun böyük
qolu hesab etdikləri
şiəlik ətrafında birləşməsi dövrü idi (M.H.Təhmasib.
Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı,1972, s.272). Bu isə
şəriət- təriqət-həqiqət kimi
sufi dünyagörüşünə məxsus
mərhələləri keçib
allahın dərgahına qovuşmaq həqiqəti
ilə bağlıydı. Təbriz aşıq ənənələrinin
ilk öncə bu
düşüncəni qəbul etməsi, az
sonra isə ona qovuşub bu etik düşüncəni milli
əxlaqi dəyər səviyyəsinə yüksəltməsinin
iki böyük nəticəsi
oldu. Birincisi, Təbriz aşıq sənəti onu
assimilliyasiya edə biləcək bütün dəyərlərdən əsaslı
şəkildə ayrılıb peşəkar
ifaçılıq yolunu
formalaşdırdı. İkincisi, isə
yayıldığı geniş ərazini
öz nüfuz dairəsində
saxlaya bilən qüdrətli Təbriz
aşıq məktəbini yaratdı. O, XVİ əsrdən
başlayaraq orta əsr
Azərbaycan mənəvi-əxlaqi, etik-estetik
dəyərlərini üç istiqamətdə
yüksəlişini təmin etdi. Birinci, Təbriz
aşıq məktəbində ozan
yaradıcılıq qaynaqları zəminində güclü aşıq musiqisi
sinkretizmi yarandı. Anadolu
və Şirvan musiqisinin
bir sıra əlamət, xüsusiyyət
və ifa tərzlərindən istifadə
edilməklə aşıq müsiqisi yeni mərhələyə yüksəldi. İkincisi, zəngin xalq
şeiri şəkilləri əsasında
özünəməxsus poetik dəyərlərə
malik aşıq poeziyası yarandı.
XVI əsrdə Qurbaninin
yaradıcılığı ilə zəngin ədəbi məktəb
səviyyəsinə yüksəldi. Təbriz
aşıq şeirinin tarixi,
ədəbi-poetik yüksəlişi mərhələsində
şəriət-təriqət-həqiqət görüşlərini
dünyəvi dəyərlər əvəz etməyə, bəşəri
ideallar aşıq şeirinə gəlməyə,
həqiqətin kamil əxlaqi dəyər
kimi vəsf olunması və bütün bunların zəminində isə Azərbaycan mədəniyyəti,
sənəti və ədəbiyyatında intibahın
başlanmasına mühüm təsir
göstərdi. Üçüncüsü,
bu məktəb eyni zamanda Şirvan məktəbində
nəzərə çarpan milli dastan
yaradadıcılığını repertuara
gətirdi, qısa tarixi müddətdə onu yeni mərhələyə yüksəldə bildi. Şirvan məktəbindən
fərqli olaraq Təbriz
aşıqları dastanları, nağılları repertuara daxil edib onları yenidən işləmək yolu deyil, birbaşa
sevgi macəralarını
dastanlaşdırmaq ənənəsini seçdi.
Bu yaradıcılıq prosesində epik-lirik üslübün
çarpazlaşması yolu ilə Şirvan aşıqlarından müəyyən
ölçülərlə fərqlənən yeni dastan tipini
formalaşdıra bildi.
Təbriz
aşıq məktəbi qısa tarixi
müddətdə həm forma və məzmun,
həm də sənətkarlıq baxımından mühüm irəliləyiş yoluna çıxdı. Xalq
arasında geniş yayıldı, müxtəlif
dövrlərdə özünün ustad sənətkarlarını yetirdi. Bir sıra
hallarda ayrı-ayrı bölgələrdə
yayılmış klassik ənənələri-qəzəl
və qəsidə yaradıcılığını üstələdi.
F.Köprülüzadənin yazdığı kimi, «Saray və üləma
mühafilində İran müqəllidi
şairlərin qəzəl və qəsidələri, məhəlli
qüvvələri ilə dərbəyi dairələrində
aşıqların dastan və qoşmalarda üstün hesab edilir və daha çox oxunulurdu» (F.Köprülüzadə. Milli Tətəbbölər məcmuəsi, İstanbul, 1913, 1c., N 1-9, s.6). Xalqın
ağız ədəbiyyatına bu
marağı isə onun zəhmətkeş
insanlar içərisində geniş yayılmasının başlıca səbəblərindən
idi. Bu isə
aşıq yaradılıcılığının öz təbiəti və xüsuiyyəti, həyat
həqiqətlərini daha aydın və real lövhələrdə əks etdirmə ənənələri
ilə bağlı idi. Elə həmin zərurət
aşıq ənənələrinin geniş
coğrafi ərazilərdə sürətlə
yayılmasının başlıca səbəblərindən
idi ki, Təbriz
aşıq şeiri üçün
də bu, səciyyəvi bir
xüsusiyyət oldu. Təbriz
məktəbi onun başlıca
ifaçılıq və yaradıcılıq ənənələrini
əsas götürməklə müxtəlif mühitlərə
ayrıldı. Hər bir mühit
mənsub olduğu aşıq məktəbinin
bir sıra başlıca yaradıcılıq
və ifaçılıq xüsusiyyətəlrini qoruyub saxlamaqla özünəməxsus
fərdi özəlliklərini yaradıb
yaşatdığı regionun adı
altında şöhrətləndi. Onları təxmini olaraq aşağıdakı kimi
qruplaşdırmaq olar: Qaradağ aşıq mühiti; Urmiya
aşıq mühiti; Zəncan
aşıq mühiti; Həmədan
aşıq mühiti; Savə aşıq mühiti; Xorasan
aşıq mühiti; Sərab aşıq
mühiti; Qaşqay
aşıq mühiti (M.Qasımlı.
Aşıq sənəti, Bakı,1996, 164).
Məlum təsnifatlardan kiçik fərqlərlə seçilən bu aşıq mühitləri əslində Təbriz
aşıq şeiri ənənələrinin
geniş bir ərazidə
yayılıb özünəməxsusluqlarla zəngin olduğunu bir daha nümayiş etdirir. M.İbrahimovun
yazdığı kimi, «Aşıq
poeziyası yaradıcılıq metodu və
üslubu cəhətdən ən az öyrənilmiş sənətdir. Bu sahədə
olan boşluğu doldurmaq və aşıq poeziyasının realist yaradıcılıq xüsusiyyətlərini
meydana çıxarmaq, inkişafına təkan
vermək üçün onun
haqqında çoxdan yaranmış bəzi
birtərəfli təsəvvürlərdən uzaqlaşmaq lazımdır» (M. İbrahimov.
Aşıq poeziyasında realizm, Bakı,
1966, s.5). Təbriz aşıq məktəbinin müxtəlif
mühitlərinin yaranması ilk növbədə
milli mədəni həyatda mühüm hadisə, sonrakı tərəqqi
və yüksəlişin ilkin zəmini idi. Bu məktəblərin
hər birinin ayrıca, müstəqil
şəkildə öyrənilməsinə mühüm
ehtiyac var. Aşıq
məktəbləri və mühitləri hələ ki, nə qədər sıradan
çıxmayıb, ilk növbədə
onları toplayıb üzə çıxarmaq və heç olmasa ilkin tədqiqatlara cəlb etmək gərəkdir.
Güney Azərbaycanda
Təbriz məktəbi ətrafında yaranan
aşıq mühitlərində peşəkar
ifaçılıq və improvizatorçuluq
formalaşıb. Onları Təbriz məktəbinə məxsus
vahid ifaçılıq üslubları
birləşdirir. Eyni zamanda
aşıq mühitləri bir-birindən repertuar,
ifaçılıq və dastan
yaradıcılığı baxımından da
fərqlənir. Məsələn, Təbriz
aşıq məktəbi «Koroğlu» və
avtobioqrafik dastanların, eləcə də
lirik ifaçılıq üslubunun
zənginliyi ilə əlamətdardırsa, Urmiya
mühitində aşıq şeiri şəkillərinin
nümayişi, Sərab və Qaradağ mühitində isə repertuarda klassik dastanlar - «Əsli-Kərəm», «Aşıq Qərib»,
«Şah İsmayıl» və
nağıl motivləri zəminində yaranan
tacir-zadəgan həyatından bəhs edən nümunələr
üstünlük təşkil edir. Mühitlər arasında fərqlər geniş olduğu kimi, ümumiliklər də əhatəlidir.
Bu aşıq
məktəbi mühit çevrəsi
etibarı ilə məktəblərin ən böyüyü
olduğu kimi, mənəvi-əxlaqi
və estetik dəyərləri əks
etdirmək baxımından da mükəmməli,
əhatəlisidir. O, nə ayrıca müstəqil məktəb,
yaxıd aşıq mühitləri məcmuu kimi,
nə də yarandığı və o inkişaf etdiyi dövrlər-yüzilliklər
üzrə kifayət qədər
araşdırılmışdır. Bu məktəbə məxsus
poetik-üslübi dəyərlər, saz havaları, dastançılıq ənənələri,
xüsusilə məktəbin iyirminci
yüzillikdəki eniş və yüksəlişləri,
ayrı-ayrı ustad sənətkarların
yaradıcılıq xüsusiyyətləri kifayət qədər
araşdırılmayıb. Bunun başlıca səbəblərindən
biri də Güney Azərbaycanda
hələ XIX əsrin 30-cu illərrindən başlayaraq
fars şovinizminin Azərbaycan
dili, folkloru və digər
mədəni dəyərləri üzərinə qadağalar qoyması ilə
bağlıdır.
Aşıq
yaradıcılığı bu mühitlərdə
hələ ki, ağızda yaşama mərhələsini keçirir.
Bu ərazidə hələ Azərbaycan folklorunun tək-tək hallar
istisna edilərsə, kütləvi şəkildə
yazıya alınıb nəşri işinə
başlanmayıb. Ağız ədəbiyyatı həmin
mühitlərdə öz bakirə
gözəlliyini qoruyub saxlamaqdadır. Milli dili və mədəniyyəti
yaşadan, onu fars şovinizminin hər cür assimilliyasından qoruyan
ağız ədəbiyyatı eyni zamanda Azərbaycançılıq adət-ənənə
və etik düşüncəsini qorumaq funksiyalarını həyata keçirir. Xüsusilə son yüzilliklərdə toplanan
və nəşr edilən materialların son
dərəcə az olması bu məktəbin müxtəlif mühitləri
barədə təbii ki, geniş
müşahidələr aparmaq
imkanını məhdudlaşdırır. Çünki
Təbriz məktəbinin, onun
ayrı-ayrı mühitlərinin materiallarını
yazıya alıb çap etmədən, dialekt xüsusiyyətlərini müəyyənləşdirmədən,
yaradıcılıq nümunələri üzərində
müqayisəli araşdırmalar aparmadan
mühüm elmi nəticələrə
gəlmək mümkün deyil.
Təbriz aşıq məktəbi
və mühitlərində, xüsusilə İran
aşıqları adlandırılan ifaçıların
repertutarında İran musiqisinin
güclü, nüfuzedici
təsiri fəaliyyətdədir. Bu, bir sıra mühitlərdə saz
havalarının tarixi ənənələrinin
pozulmasına və təhrifinə gətirib
çıxarmışdır. Bu gün özlərini «İran aşıqları» adlandıran bir sıra ifaçılar və xüsusilə
hakim zümrə tərəfindən dəstəklənən
və bütün İran
ərazisində aşıq musiqisi və
yaradıcılığı kimi təbliğ
olunan ifaçılıq üslubu
aşıq sənətini öz erkən
köklərindən və qaynaqlarından
uzaqlaşdırmaq, onu farslaşdırmaq
məqsədinə xidmət edir.
Xalq cəbhəsi.- 2018.- 11 iyul.- S. 14.