Ləyaqətli
ömür yolu
Azərbaycanın Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri, köhnə dostum Həsən Zeynalova həsr edilmiş kitab "Diplomatın tale yolu” adlanır. Oxuyub qurtardıqdan sonra gördüm ki, bu kitabı tərəddüd eləmədən, bir nəslin tale yolu da adlandırmaq olar.
Çünki hər bir ziyalının, ictimai-siyasi xadimin ömür yolu bütünlükdə öz dövrünün proseslərini , hadisələrni də əks etdirir. Bir dövrün tarixini bir tanınmış insanın ömür güzgüsündə də müşahidə etmək və dəyərləndirmək olar.
Bu mənada kitaba ön söz yazmış həmkarım filologiya elmləri doktor, professor Nizaməddin Şəmsizadənin sözləri bu iri həcmli əsərin dəyərini dəqiq müəyyənləşdirir: "Bu kitabı ona görə oxucuya təqdim edirik ki, onun bioqrafiyası amal və əqidəyə, milli – mənəvi dəyərlərə, ailə və valideyn kultuna, türkçülük və azərbaycançılıq ideallarına tükənməz sədaqətin nümunəsidir. Harada olursa-olun Həsən Zeynalov millətinə təmənnasız xidmət, şəxsiyyətinə hörmət edən, ədalət və mərhəmət simvolu kimi yaşayıb, yalansız bir həyat sürüb, sözünü açıq deyib, mövqeyini aydın bildirir”.
Nəsən Sultanoğlu (Türkiyədə haqlı olaraq onu bu şəkildə tanıyırdılar), 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Yengicə kəndində anadan olub, Azərbaycan Neft və Kimya və Azərbaycan Xalq Təsərrüfatı institutlarını bitirib. Əmək fəaliyyətinə dəmir yolunda fəhləlikdən başlayıb. Hərbi xidmətdən sonra Bakı şəhər icraiyyə komitəsində, Səbael rayonunda işləyib, nəhayət Naxçıvan MR-nın Bakı şəhərindəki daimi nümayəndəsi, Naxçıvan Ali məclisinin deputatı olub.
Mən onu Bakı şəhər IR Kommunal-Təsərrüfat idarəsində işlədiyi illərdən, çalışqan, sözübütöv , gördüyü işə məsuliyyətlə yanaşan, insanlara səmimi, qayğıkeş münasibəti ilə seçilən bir adam kimi tanımışam. Sonradan bu tanışlıq getdikcə möhkəmlənib, Azərbaycan dövlətinin , xalqımızın taleyinə və bir çox insani dəyərlərə münasibət baxımından əqidədaşlara, dostluğa çevrilib.
Bu kitab Həsən Sultanoğlu xarakterindəki bütövlüyün, alicənablıq sözünün ağası olmaq kimi keyfiyyətlərin qaynaqlarını öyrənməyimə kömək etdi.
Dilimizdəki "qan yaddası” ifadəsinin müəllifi mənəm və bu yaddaşa inanıram.
Kitab Həsən Zeynalovun ailə şəcərəsi haqqında qısa məlumatla başlanır. O, bəy nəslinin övladıdır. Tarixin gücü və ədaləti heyratamizdir; bir vaxtlar bəy oğlu olduğunu etiraf – ölümə yol açırdı; indi bu sözü qürurla deyirik.
Həsən Sultanoğlunun ata babası Əsəd bəy və ana babası Həsən bəy haqqında kitabın "Ana qucağından haqq dərgahına” bölümündə verilən məlumatları oxuyanda və onların 1915-ci, 1938-ci illərdə çəkilmiş şəkillərinə baxanda nəvənin öz babalarına həm şəxsiyyətindəki yüksək keyfiyyətləri ilə, həm də zahirən nə qədər oxşar olduğuna heyrətlənirsən.
Əsəd bəy Qori seminariyasında təhsil alıb. 1920-ci il
Qızıl Ordunun işğalına dözməyərək
Güney Azərbaycana keçmiş və orda vəfat
etmişdir.
Ana babası isə Şərur-Dərələyəz
mahalının adlı- sanlı kişilərindən
olmuşdur.
Həsən Sultanoğlu müəllim ailəsində
doğulub böyümüşdür. Atası Sultan
, anası Zəroş xanım Naxçıvanın
tanınmış pedaqoqlarından olmuş, vilayətdə
qabaqcıl, hörmətli müəllim kimi ad
çıxarmışlar.
Kitabda bütün bunlar qeyd olunmaqla yanaşı, o
vaxtkı vilayət və respublika mətbuatında hər iki
müəllim haqqında gedən maraqlı yazılardan
sitatlar verilmiş, onların xidmətləri və nəticə
etibarı ilə Həsən bəyi yetişdirən ailə
mühitini dəyərləndirmək imkanı
yaradılmışdır.
Kitabın
bu bölümünün bir əhəmiyyəti də Sultan
müəllim və Zəvoş xanımın simasında o
vaxtın Naxçıvan ziyalılarının yüksək
peşəkarlığı, nəcibliyi, yurd sevgisi
haqqında dolğun məlumat verməsi, Naxçıvan
pedaqoji mühitinin yadda qalan mənzərəsini yaratması,
bir çox ictimai-siyasi xadimləri, jurnalistləri yada
salmasıdır.
Həmin bölmədə Sovet dövründə Azərbaycan
rəhbərliyinin maymaqlığı və
qorxaqlığı üzündən Ermənistana
bağışlanmış qədim Naxçıvan – Azərbaycan
torpaqları barədə də maraqlı bilgilər
vardır. Bu məlumatlar itirdiyimiz torpaqlarımızın
ağrısıyla doludur.
Həsən Sultanoğlu uşaqlıqdan, məktəb
illərindən tanıyan yaşıdlarının xatirələri
onun ömür yoluna və xarakterinə müxtəlif
mövqelərdən işıq salır.
Həsən
bəy millət vəkili və respublikanın
tanınmış ictimai-siyasi xadimlərindən biri kimi Azərbaycanın
son 30 ildə yaşadığı faciələrin, üzləşdiyi
çətinliklərin, Müstəqilliyin bərpası
uğrunda şərəfli mübarizənin içində
olmuşdur.
Kitabda
müəllifin bütün ömür yolu gözdən
keçirilsə də, onun və ümumilikdə dövlətimizin
həyatı üçün önəmli olan dörd mərhələ
üzərində daha geniş dayanılmışdır:
Azərbaycan xalqının öz istiqlaliyyəti,
azadlığı uğrunda mübarizəsi və həmin
mübarizədə Həsən Sultanoğlunun fəaliyyəti
"İstiqlal mübarizəsi – milli təlatum dövrü”
fəslində yer almışdır.
Həsən
Sultanoğlunun ictimai-siyasi fəaliyyətinin iki başqa
mühüm dövrü – Qarsda və İstanbulda dövlətimizin
Baş konsulu olduğu illərdir; kitabın "Qars: erməni
fitnəkarlığı ilə mübarizə” və
"İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər
içərisində” bölmələri həmin illərə
həsr edilmişdir.
Kitabın bu bölmələrində toplanmış sənədlər,
məktublar, qəzet yazılarından parçalar mənim
üçün bir də ona görə maraqlıdır ki,
biz bütün bu proseslərin şahidiyik, bu proseslərin
içində olmuşuq. Həsən Zeynalovun
1990-cı ildə Sovet ordusunun Bakını işğalı və
ondan sonrakı illərdə baş verən bütün hadisələrdə
hansı mövqe tutduğunu bilirik; Azərbaycanın torpaq
bütünlüyü, Milli Müstəqilliyin əldə
edilməsi və qorunması, ölkəmizə qarşı
daxildə və xaricdə aparılan təxribatlara
qarşı əzmkarlıqla mübarizə
apardığımın şahidi olmuşuq.
Xüsusən Türkiyə Cümhuriyyətinin Qars və
İstanbul şəhərlərində ölkəmizi təmsil
etdiyi illərdə biz dəfələrlə
görüşmüşdük. O vaxt dünyada və bölgədə
baş verən proseslərin Azərbaycana təsirini necə
yaxından və ağrıyla , həyəcanla,
təəssübkeşliklə izlədiyinin görəndə
Həsən Sultanoğlunun xidmətləri barədə qeydlərimi
də yazmışdım.
Qars da, İstanbul da tarix yollarının və
bugünkü siyasət yollarının kəsişmə
nöqtələridir. Bu şəhərlərdə Azərbaycanın
Baş konsulu olmaq üst-üstə götürülən
bir neçə uzaq ölkədə səfir olmaqdan daha
çətindir.
Təəssüf ki, Qars və İqdır illərinin
Naxçıvanla, bütövlükdə ölkəmizlə
əlaqələrinin genişlənməsi və möhkəmləndirməsi
və hər iki dövlətin gələcəyi
baxımından nə qədər böyük əhəmiyyət
daşıdığını Türkiyə Cümhuriyyətinin
və Azərbaycan respublikasının bəzi rəsmiləri
yetərincə bilmirlər və ya buna ciddi yanaşmırlar.
Kitabın bu dörd fəslinin hər biri Həsən
Zeynalovun xarakterinin, insanlığının, vətəndaşlığının
yeni bir tərəfini üzə çıxarır.
Sədaqət, etibar – Ömrün bütün
çağlarında insanın böyüklüyünü,
kamilliyini göstərən mənəvi dəyərlərdir.
Kitabda Həsən bəyin Heydər Əliyevə dəyişilməz,
etibarlı münasibəti sənədlər əsasında təqdim
edilir və rəğbət doğurur.
Heydər Əliyev sevənlər də var sevməyənlər
də. Bu,
gizli deyil: Hərəsi öz taleyinin məntiqindən və
öz maraqlarından çıxış edir.
Dostun-dostluğu, düşmənin düşmənliyi
görünəndə mənzərə aydınlaşır.
Lakin vay o
gündən ki, insan münasibətləri səmimi olmaya,
gündə bir rəngə düşə, dəyişkən
hakimiyyətlərin mənsəb, vəzifə vədləri
ilə formalaşa, dünən səni yetişdirib irəli
çəkən kürsüdən enən kimi ona
düşmənə çevriləsən, sonra Allah ona yeni
fürsət verəndə, onu yüksəldəndə yenidən
onun qabağında diz çöküb, özünü
yaxşı göstərmək üçün bütün
keçmişini və tarixi saxtalaşdırmaqla məşğul
olasan.
Biz belə hadisələri çox
görmüşük. Heydər Əliyevin yüksəlişini və onun
çevrəsini, onun Moskvada vurulmasını və bu
çevrədən sürətli uzaqlaşıb əks cəbhəyə
keçənləri, sonra onun Bakıya yenidən dönüşünü
və həmin adamları buqələmun kimi yeni cildə girmələrini
- bütün bu proseslərdə şəxsiyyətsiz
çeviklərin öz ləyaqətini qoruyan, cilddən-cildə
düşməyən şəxsiyyətləri hədəfə
çevirib sıradan çıxartdıqlarını
çox görmüşük.
Həsən Sultanoğlu bu xaosda həmişə öz
sabiqliyi ilə seçilmişdir. XX yüz il Azərbaycan tarixinin
parlaq simalarından olan mərhum Heydər Əliyevin həyatındakı
enişləri və yüksəlişləri, Moskvada olsa da
xalq hərəkatına xüsusi rəğbətlə
yanaşdığını əks etdirməklə, Həsən
Zeynalovun daim onun yanında olduğunu, ona könüldən
bağlılığını, sədaqətini göstərir.
Onun qeydləri 1980-cı illərin sonlarında,
1990-cı illərin əvvəllərində Azərbaycanda
Moskvanın oyuncağı olan hakimiyyətlərin bir-birini əvəz
etmə prosesi və bu qarışıqlıqda Qarbaçov
hakimiyyətinin mərhələ-mərhələ
Qarabağın Ermənistan tərəfindən
işğalına şərait yaratması obyektiv əksini
tapmışdır.
Heydər
Əliyev Naxçıvan Ali Məclisinin Sədri
seçildikdən sonra Muxtar Respublika üçün
çox önəmli olan bir işi, Bakı ilə münasibətləri
normal şəkildə inkişaf etdirmək işini Həsən
bəyə tapşırır; onu Naxçıvan MR-nın
Bakıdakı nümayəndəsi təyin edir.
Bu, Heydər Əliyevin Bakıya dönüşü
üçün hazırlıq dönəmi idi. Bu çətin və məsuliyyətli
iş həm də Həsən Sultanoğlunun diplomatik qabiliyyətini
ortaya çıxarır.
Sonralar Heydər Əliyevin diqqətinin həm Türkiyə,
həm Azərbaycan üçün önəmli olan bir
nöqtəyə Qarsa çevrilməsi təsadüfi deyildi. Qars Azərbaycanın
bir sıra iri enerji və nəqliyyat layihələrinin
keçid və kəsişmə nöqtəsi olmaqla
yanaşı, həm də bir diplomatik dialoq mərkəzi olur
və H. Zeynalov orada Azərbaycanın mənafelərini ləyaqətlə
qoruyur.
Həsən
bəyin Qarsdakı Baş konsulluğu daha çox erməni
fitnəkarlığının, Ermənistanın Beynəlxalq
havadarlarının Türkiyə - Ermənistan sərhədlərinin
açılmasına yönəli riyakar niyyətlərinin
qarşısının alınmasına, İstanbul Baş
konsulluğu isə FETO-çularla və onların Bakıda
paralel dövlət yaratmaq istəyən satılmış dəstələri
ilə mübarizəyə həsr olunmuşdu.
Həsən
Sultanoğlunun Karsa Baş konsul təyin edildiyi 2004-cü ildə
Avropanın ABŞ-ın ermənipərəst qüvvələrinin
və Türkiyənin içində olan bəzi siyasi cəhətdən
savadsız və ya gizli türk düşmənlərinin
Türkiyənin doğusunda, Ermənistanla sərhəd
bölgələrində gördükləri iş mahiyyətcə
Azərbaycanın ziyanına idi və Türkiyə Azərbaycan
münasibətlərini pozmağa və ya arada gərginlik
yaratmağa hesablanmışdı. Bütün
bunlar həmin vaxtın Türkiyə və Azərbaycan mətbuatında
əksini tapıb. Türkiyə- Ermənistan
sərhədlərinin açılmasına, Bursa stadionunda
baş vermiş "bayraq olayı” və ona Azərbaycandan
verilən qeyri- adekbat cavaba biz də müdaxilə
etmişdik, bu haqda mənim MM-də kəskin
çıxışım olmuşdu. "Türk
xalq olmaz deyir” adlı şeri yazmış, Ankara sendika təşkilatlarının
təşkil elədiyi mitinqə qatılmış,
universitetlərinin keçirdiyi gur yığıncaqlarda
çıxışlar etmişdim. Təbii
ki, bütün bunlarla yanaşı, Qarsda Baş konsulumuzun Ermənipərəst
qüvvələrin bütün oyunlarını pozan sərt,
prinsipial mübarizəni də yaxından izləyirdim. O
vaxt da, indi də çoxları bu mübarizənin
, Həsən bəyin möhkəm dirənisinin səbəbini
anlaya bilmirlər. Söhbət təkcə Qarsda qoyulmuş
bir heykəldən , Qars Şəhər
Qurultayında beş-üç Ermənistandan gəlmiş
erməninin iştirakından və ya sərhədlərin
açılması haqqında imzalanmış bir
anlaşmadan getmir.
Türkiyə - Ermənistan arasında diplomatik
münasibətlərin nizamlanması üçün
işğalçıların Qarabağ torpaqlarından
çıxarılması əsas şərt olaraq qalır. Türkiyənin
keçmiş başbakanı siyasətin "akademiklərindən”
olan Süleyman Dəmrəlin sözü ilə desək:
"Sülh yaranmalıdır və sülhün şərtlərindən
birincisi bir milyon qaçqının torpaqlarına dönməsidir”.
Mənim
də Türkiyədə bütün
çıxışlarımda söylədiyim kimi, ortada
başqa bir durum da var və Türkiyə onu görməzdən
gələ bilməz: bu da Ermənistanın təkcə Azərbaycana
qarşı deyil, həm də Türkiyəyə
qarşı torpaq iddiasında olması, Doğu Anadolunun
altı əyalətini istəməsi, dünya ölkələrinə
yalançı "erməni soyqırımı”nı qəbul
etdirməsi və gizli təzminat planlarıdır.
Həsən Sultanoğlu Qarsa gəldiyi günlərdən
siyasi yetkinlik və diplomat səriştəsi, yüksək vətəndaş
mövqeyi nümayiş etdirərək bu məsələlərə
müdaxilə etmişdir. O , Azərbaycan
Xarici işlər Nazirliyini Qarsda baş verən erməni fitnəkarlıqları
barədə müəlumatlandırmış, Türkiyə
- Azərbaycan münasibətlərini sərinləşdirə
biləcək olayların qarşısının
alınması üçün öz təkliflərini
vermişdi. Bütün bunlar kitabda geniş
şəkildə incələnmişdir.
O illərdə
Həsən Sutanoğlunun gördüyü bu iş Türkiyənin
dövlət maraqları və sonrakı xarici (xüsusən
Şərq) siyasəti baxımından çox əhəmiyyətli
idi, bu siyasətə bir növ yön vermişdir.
Həsən bəy qurucu adamdır. Qars baş
konsulluğu üçün dağılmış bir
binanı alıb yüksək səviyyədə təmir
etdirdi. İstanbulun ən prestijli yerlərindən
birində gözəl bina tikdirdi. Oxuculara Fərman Kərimzadənin
"Qarlı aşırım” povestindən və
"Axırıncı aşırım” filmindən
yaxşı tanış olan Kərbəlayi
İsmayılın sovetlərin təzyiqinə baş əyməyərək
Türkiyəyə keçdiyini bilənlər o qədər
də çox deyil. Yazıçı dostum
sağlığında gedib onun məzarını
tapmışdı. Lakin məhz Həsən
Sultanoğlunun Qarsda Baş konsul işlədiyi vaxtda, onun
şəxsi təşəbbüsü ilə Kərbəlayi
İsmayılın məzarı
abadlaşdırılmış, onunla yanaşı ermənilərin
əli ilə qətlə yetirilmiş
soydaşlarımızın xatirəsinə anıt (abidə)
ucaldılmışdır.
Kitabda həmin dövrdə H.Sultanoğlunun Azərbaycan
–Türkiyə arasında siyasi- iqtisadi diplomatik ilişkilərin
genişləndirməsi sahəsində gördüyü digər
işlər və bu işlərə Türkiyə mətbuatının
münasibəti barədə də ətraflı məlumat
verilir.
Kitabın başqa bir maraqlı bölümü Həsən
bəyin İstanbulda Baş konsul olduğu dövrü əhatə
edir.
Yuxarıda qeyd etdiyim kimi İstanbulda da o, ilk növbədə
konsulluğun işini nizama saldı, Baş konsulluq
üçün bir il ərzində öz
layihəsi əsasında yeni bir bina inşa etdirdi, kadr
problemini həll edir.
İstanbul tarixən bir sıra Azərbaycan
aydını və siyasi xadimi üçün
sığınacaq olmuşdur. Yeni Baş konsul onların varislərinin
tapılması, məzarlarının müəyyənləşməsi
, Türkiyənin istiqlalı yolunda savaşmış azərbaycanlıların
(onların arasında Həsən bəyin öz qohumu da var) nəsillərindən
olan insanlarla əlaqələrin bərpası sahəsində
yorulmadan çalışdı.
Həsən Sultanoğlunun İstanbuldakı fəaliyyətinin
kitabda əksini tapan ən maraqlı sahələrindən biri
onun FETO-çularla mübarizəsi və Azərbaycanlı gənclərin
İŞID təşkilatına qoşulmasının
qarşısını alınması üçün
göstərdiyi səylər idi.
Bu barədə
o yazır: "Mən Fətullahçı qüvvələrin
Azərbaycan-Türkiyə münasibətlərini pozmaq
üçün istifadə etdikləri əsasən dörd məsələnin
qarşısını almaq naminə ciddi səylər
göstərmişəm. Bu məsələlərdə
böyük təzyiq və təhdidlərə baxmayaraq,
heç kəsdən çəkinməmiş, onların
qarşısının alınmasında kimsəyə güzəşt
etməmişəm. Birincisi, Türkiyə-Ermənistan sərhədinin
açılması və bu iyrənc işə azərbaycanlıların
cəlb edilməsinə qarşı bütün imkanlardan
istifadə edərək mübarizə aparmışam,
ikincisi, FETO-çü KİV nümayəndələrinin mənim
əlimlə Türkiyədə akkreditə olunmasına imkan
verməmişəm, üçüncüsü, Azərbaycana
bağlılığı olan təşkilatlar vasitəsilə
dövlətimizə qarşı həyata keçirilən
ideoloji təxribatlara kəskin münasibət bildirmişəm
və dördüncüsü, Yaxın Şərqdəki
münaqişələrdə iştirak etmək məqsədilə
bəzi radikal dini qruplaşmaların təsirinə
düşən azərbaycanlı gəncləri, gənc ailələri
İŞİD və digər terror qruplarının təsirindən
xilas etmək üçün əlimdən gələni
etmişəm”.
Məncə, burada müəllifin öz sözləri
çəkdiyi zəhmətin əhəmiyyətini göstərməyə
yetərlidir.
"Diplomatın tale yolu” kitabı Azərbaycanın
çağdaş tarixinin təxminən 30-35 illik bir
dövrünə gur işıq salır. Bu dövrün mürəkkəb
siyasi havasını, uluslararası ilişkilərinin bəzi
örtülü və ya az məlum olan
sahələrini açır.
Nəşriyyat
qeydində bu kitabın ictimai-siyasi elmlər sahəsində təhsil
alan tələbələrə, gənc
alimlərə, yurdsevər oxuculara ünvanlandığı
bildirilir. Mənim fikrimcə isə, bu kitabda bir
sıra dövlət məmurlarına örnək və xəbərdarlıq
kimi səslənən məqamlar çoxdur. Kitabdan
göründüyü kimi FETO şəbəkəsi hətta
prezident aparatının nüfuzlu şöbələrinə
kimi gəlib çıxmışdı, onlar Xocalı
soyqrımını Türkiyədəki mitinqdə
Suriyanın iç savaşı ilə eyniləşdirmək
səviyyəsində xaincəsinə hərəkət etmək
cəsarəti tapmışdılar. Bizə
görə kitabda Həsən Zeynalovun göstərdiyi yol xəritəsi
ilə bizim bəzi təşkilatlarımızda təmizlənmə
və ölkənin milli maraqlarının qorunması işi
hələ davam etdirilməlidir.
Həsən Sultanoğlunun taleyi bu baxımdan ləyaqəti
və şəxsiyyəti olan bir insanın öz dövləti,
milləti üçün, ölkələrarası
münasibətlərin qorunması üçün nə qədər
xeyirli işlər görə biləcəyinin parlaq nümunəsidir. Yetər ki, belə insanlar dəyərləndirilsin,
onlara öz səviyyələrinə uyğun iş
tapşırılsın; onlar özlərindən qat-qat
aşağı olanların quyruğuna bağlanmasınlar;
sözlərinə və milli mövqelərinə inamla
yanaşılsın; millətin taleyinə yanmayan, dilindən,
tarixindən, mədəniyyətindən xəbərsiz
adamların onların üstünə yeriməsinə, onlar
üçün etimadsızlıq mühiti
yaradılmasına imkan verilməsin.
Kitabın dəyərli cəhətlərindən biri
yazılan hər fikrə uyğun sənədlərə, dəlil-sübuta,
fotolara geniş yer ayrılmasıdır. Müəllifi
yaxşı tanıyan ziyalıların, mətbuat
işçilərinin rəyləri, qəzet məqalələri
də maraqla oxunur.
Hər insan taleyi cildlərlə kitaba sığmayan bir
tarixdir. Bu kitablar yazılmasa millətin və dövlətin
bütöv və doğru-dürüst tarixini təsəvvür
etmək çətindir.
Sabir Rüstəmxanlı, Xalq şairi
Xalq cəbhəsi.- 2018.- 14-16 iyul.-
S. 4-5.