“Mədəniyyət. İncəsənət. Ədəbiyyat” kitabı üstə düşüncələr

 

Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu müxtəlif dövrlərdə qələmə aldığı ədəbi-publisistik yönlü yazılarından ibarət olan “Mədəniyyət. İncəsənət. Ədəbiyyat” (I kitabı) kitabı işıq üzü görüb. Məsləhətçi professor Məmməd Əliyev, elmi redaktoruön söz yazanı prof. Məhəmmədəli Mustafayev olan kitabın rəyçiləri xalq şairi Sabir Rüstəmxanlı, professorlar Adilxan Bayramov, Qorxmaz Vəliyev və Fəttah Xalıqzadədir. Kitabda Rasim Nəbioğlunun məqalələri toplanıb.

Kitabın redaktoru professor M.Mustafa isə “Bədii yaradıcılığa, mədəniyyətə fəlsəfi münasibət” adlı geniş həcmli ön sözündə yazır: “Rasim Nəbioğlu mədəniyyətşünaslıqla ədəbiyyatşünaslığın, etika ilə estetikanın, sosiologiya ilə psixologiyanın qarşılıqlı əlaqələrindən, bəzən isə vəhdətindən çıxış edir. Bu, onun elmi təfəkkürünün, tənqidçi-alim marağının genişliyini göstərir. Klassik Şərq və Azərbaycan romantik poeziyasından da, müasir ədəbi prosesdən də yazanda o, etik-estetik meyarlara, sosial-mədəni dəyərlərə daha çox önəm verir”.

Kitabdakı məqalələri oxuyub tanış olduqca bir daha Məhəmmədəli müəllimin bu fikirlərinin təsdiqləndiyini gördüm. Doğrudan da Rasim Nəbioğlu toxunduğu mövzulara geniş rakursdan yanaşmaqla dolğun fikirlər söyləməyi bacarıb. 1984-cü ildə rus dilində “Literaturnıy Azerbaydjan” (N-7) ədəbi-bədii jurnalında çap olunmuş “Əbədiyyət ömürlü qəhrəmanlar” essesi diqqətimi çəkdi. BualonunPoeziya sənəti” kitabından götürdüyü aşağıdakı fikirləri yazıya epiqraf kimi verməsi də çox yerində alınıb: “...Elə qəhrəman axtarıb tapın ki, bizə təsir etsin, bizi həyəcana gətirsin. Siz öz qəhrəmanınızı ləyaqətsiz hisslərdən təmizləyib azad edin: elə edin ki, onun zəiflikləri də bizə nəcib və qüdrətli görünsün. Qoy sizin qəhrəmanınız böyük və şərəfli işlərlə məşğul olsun...”

Rasim Nəbioğlu “Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı haqqında düşüncələr” adlı yazısına epiqraf seçib yuxarıdakı kəlamları. Doğrudan da çox yerində gətirilmiş sitatdır və Bualo elə bil ki, o sözləri, o cümlələri bilavasitə Sarıköynək və Valeh adlı roman qəhrəmanlarının davranış və ədəb-ərkanlarına rəğmən söyləyibmiş. Hələ orta məktəb dövründə mütaliə etdiyim həmin romanın qəhrəmanlarının bir oxucu kimi sehrinə düşmüşdüm. Sonralar da bu romanla bağlı dəfələrlə şifahi tərzdə də olsa, heyranlığını bildirmişəm, Sarıköynəyin, Valehin saf, ülvi, milli düşüncələrin daşıyıcıları olan ədəbi obrazları mənim xəyalımda həmişə özünəməxsus yer tutmuşdu. Budur, sən demə, Rasim müəllim bu romanla bağlı qənaətlərini də elə o zamanlar qələmə alıbmış. Ürəyimdən keçən duyğularımı, həmişə şifahi şəkildə müsahiblərimlə bölüşdüyüm qənaətlərimi elə bil ki, Rasim Nəbioğlu məndən xəbərsiz yazının dilində ifadə eləyib.

“Qəhrəmanlıq anlayışı konkret-tarixi məzmuna malik olsa da, öz genotipindən məhrum deyil. Şübhəsiz ki, bu anlayışın tarixən vahid və zəngin bir etik-estetik irsdən bəhrələnməsi və onun tutumunda əzəli və əbədi-ünsürlərin olmasıdır ki, biz Hamleti (V.Şekspir), Məcnunu (M.Füzuli), Faustu (Göte), Jan Valjanı (V.Hüqo), Ç.Haroldu (C.Bayron), İsgəndəri (C.Məmmədquluzadə), P.Vlasovu (M.Qorki), Almazı (C.Cabbarlı), Mehmanı (S.Rəhimov), Sarvanı (S.Vurğun), Davıdovu (M.Şoloxov) və s. obrazları eyni bir qəhrəman sözü ilə qavrayırıq”.

R.Nəbioğlu bu fikirlərində əslində qəhrəmanlıq məfhumunun məna tutumuna aydınlıq gətirib, digər xalqların ədəbi qəhrəmanlarından da misallar çəkməklə onların hamısının ümumi bir qəhrəman adı ilə xarakterizə olunması səbəbini ortaya qoyub. “Qəhrəmanlığın cövhəri işıqlı başlanğıcdır” deyən alim bu işığı özlərində təcəssüm etdirən qəhrəmanların tarixdəki və ədəbi-mədəni həyatdakı təzahür səviyyələrini də açıqlayır: “İstər tarixdə, istərsə də ədəbiyyat və incəsənətdə qəhrəmanlar konkret şəkildə malik olduqları işıqlı başlanğıcın dərinliyi, davamlılığı və sürəkliliyi ilə bir-birindən fərqlənir. Bu başlanğıc həyatın, cəmiyyətin qatı qaranlığına, ya da onun ayrı-ayrı qaranlıq guşələrinə tuşlanır və oranı işıqlandırmaq məqsədi güdür”.

Rasim müəllim bəhs edəcəyi romanın qəhrəmanlarının səciyyəvi keyfiyyətlərini açıqlamaqdan ötrü əvvəlcə hələ bu qəhrəmanlığın tarixdə və ədəbiyyatda nə demək olduğu məsələsinə - hansı missiyaya xidmət etmələri amilinə ümumiləşmiş şəkildə münasibət sərgiləyir və bununla həm də oxucularını da qəhrəmanlıq anlayışının özündə ehtiva elədiyi xarakterik keyfiyyətlərlə məlumatlandırır.

İlyas Əfəndiyev yaradıcılığının özəl xüsusiyyətlərindən danışan tənqidçi yazıçının hadisələri “lirik-emosional səpkidə nəql etdiyini” göstərir. Mən deyərdim ki, bu xüsusiyyət əsl yazıçılığa dəlalət edən mühüm amillərdən sayılmalıdır. Lirik-emosional təbə malik olmaq hər bir yazıçının təbiətində olmalıdır. Əks təqdirdə oxucunu özünə çəkmək problemi ortaya çıxar. Elə İ.Əfəndiyevdə bu cəhətin üstünlük təşkil etməsidir ki, oxucular onun əsərlərinin cazibə sehrindən çıxa bilmirlər. Necə ki, elə bunu R.Nəbioğlu başqa bir formada da olsa, qeyd edir: “”Sarıköynəklə Valehin nağılı” romanının əsas ideya-estetik ləyaqəti ondadır ki, bu əsər yetkin sosializm cəmiyyətində insanların yeni tarixi birliyi olan Sovet xalqının kütləvi qəhrəmanlığını və bu qəhrəmanlığın konkret-subyektiv daşıyıcısı olan fəal həyat mövqeli insan tipini bədii şəkildə kəşf edib. Valehlə Sarıköynəyin taleyi timsalında, həyat yolu nümunəsində biz gənclərin məişətinə, əxlaqi-mənəvi dünyasına, romantik aləminə daxil olur və onların gündəlik həyat normasına çevrilmiş qəhrəmanlığına heyran qalırıq. Valehlə Sarıköynək, habelə onların dostları əsl canlı insanlar kimi bizimlə həmsöhbət olur və romanı oxuyub başa vurandan sonra elə hiss edirik ki, biz əziz bir adamdan, istəkli bir dostdan, sevimli bir könüldaşdan ayrılırıq”.

Bir oxucu kimi həm də etiraf edim ki, bu romanı oxuyub bitirdikdən sonrasevimli bir könüldaşdan ayrılmış” kimi olmuşdum, uzun müddət romanın təsirində yaşamışdım və elə bu füsunkar sehrin-təsirin nəticəsidir ki, bu gün də əsərin ab-havasının cəmiyyətimizdə yaşanmasını arzulayardım: “Onların gündəlik həyat normasına çevrilmiş qəhrəmanlığına heyran olmamaqmümkün deyil. Düşünürəm ki, Rasim müəllimi də əsər haqda əlinə qələm almağa təhrik edən məhz bu cür ülvi, bakir yaşayışın romanda özəlliklə təsvir və tərənnüm olunmasıdır.

“Diqqətlə fikir verilsə, görmək çətin deyil ki, Valeh və Sarıköynəyin ən çətin anlarda, ən gərgin epizodlarda köməyinə çatan onların buya digər bir əxlaqi keyfiyyəti yox, bir neçə və daha çox iradi-mənəvi məziyyətləri olub. Məsələn, güclü selin apardığı qoyun-quzunu xilas etmək təkcə cəsarət aktı deyil, həm də xalq malına, el varına bəslənən dərin məhəbbət və qayğının ifadəsi, cəld qərar qəbul edib fərasətli tərpənməyin nümunəsidir. Sarıköynək təkcə sədaqətli olmaqla, həyasına sığınmaqla qalsaydı, öz qızlıq ləyaqətini yəqin ki, qoruya bilməzdi. Diribaşlıq, iti ağıl, ayıqgözlülük onu bir xarakter kimi tamamlayır. Deməli, qəhrəman hərəkəti və ümumiyyətlə qəhrəmanlıq tək bir keyfiyyətin təzahürü deyil, insandakı bütün müsbət əxlaqi-iradi keyfiyyətlərin üzvi şəkildə fəaliyyətə qoşulmasıdır. Qəhrəmanlıq anlayışının strukturu mürəkkəbdir və hər şeydən əvvəl ən insani keyfiyyətlərin toplusu kimi başa düşülməlidir. Ona görə də qəhrəmanlıq Valehinonun mühitinə daxil olanların mənəvi bütövlüyünü, əxlaqi kamilliyiniideya yetkinliyini təsdiqləyən bir anlayış məzmunu kəsb edir”.

Rasim Qurbanov burada əsərin yazıldığı dövrə müvafiq olaraq sosializm cəmiyyətinin qanun-qaydaları çərçivəsində fəaliyyət göstərən insanların timsalında qəhrəmanlığın hansı əsas prinsipləri özündə əks etdirməli olduğunu şərh edir. Qəhrəmanlığın göstəricisi kimi yalnız bir müsbət keyfiyyətin yox, “bütün müsbət əxlaqi-iradi keyfiyyətlərin üzvi şəkildə fəaliyyətə qoşulmalı” olduğunu roman qəhrəmanlarının simasında açıb göstərir. Göründüyü kimi, alim ədəbi yöndə irəli sürdüyü nəzəri mülahizələrini ədəbi obrazların-müraciət elədiyi əsərin qəhrəmanlarının timsalında əyaniliklə sübuta yetirir. Bu da R.Nəbioğlunun bir ədəbi tənqidçi kimi toxunduğu problemə analitik düşüncə işığında yanaşa bilməsinin təsdiqidir.

Göründüyü kimi, Rasim Nəbioğlu əsərdə qəhrəmanlıq mötivlərinin ümumiləşmiş səciyyəsini verə bilir. Ancaq maraqlı məqamlardan biribudur ki, əsərlə bağlı bu rəy sovet dövründə yazılmasına baxmayaraq, tənqidçi yalnız “Sovet xalqı” düşüncəsindən çıxış edib, məsələyə ümumiləşmiş mənada baxmayıb, həm də milli hisslərində romanda yetərincə işıqlandırılmasını da baxış obyektivinə gətirir: “Valehlə Sarıköynək iliyinə, qanına, canına qədər azərbaycanlılardır. Onların milli müəyyənliyi özünü, hər şeydən əvvəl, psixi-əxlaqi aləmdə və düşüncə tərzində göstərir. Xalqımızın ən yaxşı adət və ənənələri, əxlaq normaları yüksək sənətkarlıqla əsərin canına hopdurulub. Söhbət və dialoqlarda, daxili düşüncə və monoloqlarda verilən zərb-məsəllər, atalar sözləri, aforizmlər obrazların milli psixologiyasını açmağa xidmət göstərir. Xalq dilindən ustalıqla bəhrələnən yazıçı milli koloriti hər bir detalda, kiçik ştrixdə belə qoruyub saxlaya bilir”.

Bütün bunlar isə nə yazıçının, nə də tənqidçinin o vaxtlar sovet dövrü eyforiyasına qapılmadan, milli hissləri heç bir yabançı ideologiyaya qurban vermədiklərini göstərir. Göründüyü kimi, R.Nəbioğlu bir tənqidçi kimi müraciət etdiyi yazıçının yaradıcılığına dərindən bələddir və bələdliyin nəticəsində də obyektiv, elmi həqiqətlə səsləşən mülahizələr irəli sürür, təhlil aparatına çəkdiyi mövzunu yetərincə oxucularına təqdim etməyə nail olur.

Rasim Nəbioğlu kitabda Hüseyn Cavidlə bağlı “Özünüdərkin yeni pilləsi”, “Dərd məni şair elədi” (Fikrət Sadıq: portret cizgiləri), Əlibala Hacızadəyə yazdığı “Mənalı və dəyərli 65 il”, Musa Yaquba ünvanladığı “İlkinliyə çağırış” və başqa yazılarında da qarşısına qoyduğu məqsədə nail olub.

 

Şakir Əlifoğlu,

 

fəlsəfə doktoru

 

Xalq cəbhəsi.- 2018.- 14-16 iyul.- S. 14.