Hər axşam Çe Gevara ilə orada görüşərdik...

 

Azərbaycanın qocaman neftçisi, ömrünün 60 ilini Xəzər dənizi ilə bağlayan ziyalımız Şikar İbrahimovun Publikaya müsahibəsini oxucularımıza təqdim edirik.

- Şikar bəy, Fidel Kastro, Çe Gevara kimi tarixi şəxsiyyətlərlə dəfələrlə canlı ünsiyyətdə olmusunuz. Bu haqda eşidən kimi sizinlə görüşə tələsdim...

- 1962-ci ildə neftçi qrupumuzla Kubaya ezamiyyətə yollandıq. On gün ərzində Kubanın altı vilayətindən beşində olduq. Havanada on min nəfərlik bir stadion var. Kuba Respublikasının lideri, Kommunist Partiyasının baş katibi Fidel Kastronun burada sosialist ölkələrinin nümayəndələri, xarici ölkə gəncləri, sənətkarlar və zəhmətkeşlərlə görüşü keçiriləcəkdi. Mən də iş yoldaşımla həmin stadionda idim. Xüsusən də gənclər onun gəlişini böyük həvəslə gözləyirdilər. Birdən Fidel Kastro aşağı girişdən stadiona daxil oldu. Hər kəs ayağa qalxıb, “Fidel, Fidel” deyə qışqırmağa başladı. Kuba adətlərinə görə isə insanlar görüşəndə mehribancasına çiyinlərinə bir-birinə vururlar. Fidel içəri daxil oldu. Hamımızla bu şəkildə səmimi görüşdü. Sonra tribunaya yaxınlaşdı. İnsanların alovlu alqışları dayanmırdı. “İnternasional” himn çalındı və hər yer sükuta qərq oldu. Bu himnin ölkə himnindən əsas fərqi odur ki, o səslənəndə bütün şəhərdə hərəkət dayanmalıdır. Himn susandan sonra Fidel ehtiras dolu nitqinə başladı. Dedi: “Biz inqilab edib, Batista sistemini süquta uğratmışıq. Sənaye və kənd təsərrüfatında hər şey xalqın olacaq. Gecə klublarını ləğv edəcəyik. Orada istismar olunan 28 min qadınımızı azad etməliyik. ABŞ bizə mane olmaq istəyir, amma biz Lenin yolu ilə gedəcəyik”. Mən də birinci sırada onunla üzbəüz oturmuşdum. Nitqini bitirəndə elə bihal oldu ki, sanki indicə ürəyi partlayacaq.

- Bəs “Çe” ilə tanışlığınızı necə xatırlayırsınız?

- Bilirsiniz də Fidel Kastro Kubanın başı, Çe Gevara Kubanın ürəyi, Raul Kastro isə Kubanın yumruğu sayılırdı. Elə həmin il Kubanın “Havana Libre” hotelində şahmat üzrə dünya birinciliyi uğrunda yarış keçirilirdi. Biz də hər axşam şahmat oyunlarını izləmək üçün oraya yollanırdıq. Xalqın sevimlisi Çe Gevara da şahmat azarkeşi idi. Hər axşam orada görüşərdik. Olduqca mehriban insan idi. Hətta həmin vaxt oğlu doğulmuşdu, hamı onu təbrik edirdi. Ancaq təəssüf ki, Kuba sonradan daha çox zəiflədi. Xarici qüvvələr sosialist rejiminin inkişafına mane oldular. Hətta vəziyyət elə həddə çatdı ki, Çe Gevara Fidel Kastro ilə 42 saat fasiləsiz danışıqlar apardı ki, təcili dəyişiklik etmək lazımdır. Amma bir faydası olmadı. Çe saçını, saqqalını qırxır, yol çəkilməsində fəhləlik edir, sonra isə Kubadan doğma Boliviyaya geri donür və orada inqilaba yardım edirdi. 1967-ci ildə isə edam olundu. Fidel Kastro isə 93 yaşında dünyasını dəyişdi. Onun yerinə qardaşı Raul Kastro keçdi. Raul Kastro isə yaxınlarda vəzifəsindən azad olundu.

- Düşünürəm ki, bu cür tarixi şəxsiyyətlərlə canlı ünsiyyətdə olmağınız həyat kitabınızın maraqlı səhifələrindəndir. Özünüz də ölkəmizin ən tanınmış neftçi alimlərindənsiniz. Zəngin ömür yolunuz var. Goranboydan dünyaya uzanan bu yolun lap başına dönək...

- 1932-ci il may ayının 28-də Goranboyda doğulmuşam. Goranboy qədim yunan coğrafiyaşünası Strabonun əsərlərində Geran kimi yer tutur. Bu əraziyə Albaniya ərazisində yaşayan 26 tayfadan biri olan “gel”, “ger” tayfasının adı verilib. Goranboy sasanilərin, ərəblərin, xəzərlərin, monqolların, İran hökmdarı Şah Abbasın döyüş meydanına çevrilən ərazidir. Uzun müddət kənd olub. Mən doğulanda isə artıq rayon statusu almışdı. Ailəmiz çox böyük idi: atam, anam, dörd qardaşım, iki bacım və mən. İki otaqlı evimiz vardı. Odunla qızdırardıq. Yadımdadır, hamımız yerdə yatardıq. Atam Allahverdi Ağdamın Güllücə kəndindən, anam Mələksə Goranboyun özündən idi. Atam anamdan öncə dörd dəfə evli olmuşdu, amma bədbəxtlikdən xanımlarının hamısı gənc yaşda dünyadan köçmüşdülər. O xanımlarından iki övladı qalmışdı. Anamsa yetim qalan əmisi qızını öz adına rahat keçirmək üçün atamla ailə qurmuşdu. Atam ondan 25 yaş böyük idi. Anam həmişə deyərdi ki, o dörd arvadın başını yedi, mən də onun. Atam Gəncə qəzasının ən qorxmaz, cəsur adamlarından idi. Hər səhər bizi samovar ətrinə oyadardı. Sonra bir-bir qucağında oturdub, səhər yeməyi verərdi. Axırda da özü yeyərdi. Bir gün qarlı-şaxtalı qış gecəsi ağlaşma səsinə oyandıq. Atam dünyasını dəyişmişdi. Onda atamın 51, anamın 26 yaşı vardı. Ağlım kəsəndə bildim ki, atam “Qatır Məmməd” ləqəbli hərəkat başçısı Məmməd Məmmədovun dostu və silahdaşı olub. Buna görə də iş yerlərindən qovulub. Qatır Məmməd öldürüləndə and içib ki, dostunun qanını yerdə qoymayacaq. Vədinə xilaf çıxmayıb. Ona görə də hamı ona Vədi Allahverdi deyirdi.

- Atanız dünyasını dəyişəndən sonra ən böyük yük ananınız üstünə düşüb. 26 yaşlı gənc qadın üçün 7 uşaq böyütməkdən çətin heç nə yoxdur.

- Anam savadsız, amma ağıllı, mərd, hazırcavab qadın idi. Atam dünyasını dəyişəndən sonra ağırlıq anamın və böyük qardaşım İslamın üzərinə düşdü. Hətta qardaşım orta məktəbdə mənə tarixdən dərs deyib. Anam kolxozda çalışırdı. Axşamlar isə bizi yedirib-içirdib savadsızlığı ləğvetmə kursuna gedirdi. İkinci Dünya Müharibəsinin səfalətinə baxmayaraq hamımız oxuyub, ali təhsil aldıq. İşə başlayan kimi, anamı işləməyə qoymadıq. 1990-cı il ölüm gününədək xanım-xatın kimi yaşadı.

- Tələbəlik illərinizi necə xatırlayırsınız?

- 1949-cu ildə Azərbaycan Sənaye Universitetinə qəbul oldum. Ümumiyyətlə, bu təhsil ocağının adı beş dəfə dəyişib. Öncə Politexnik Texnikumu olub. Sonra Nəriman Nərimanov statusunu dəyişib Politexnik İnstitutu edib. 1954-cü ildə institutu bitirdim və məni təyinatla dəniz neftə işləməyə yolladılar. O vaxtlar Neft Sənaye Nazirliyi vardı. Nazirimiz də Süleyman Vəzirov idi. Sizə onun haqda da çox maraqlı faktlar danışmaq istəyirəm. Demək, 1941-1945-ci illərdə Mircəfər Bağırov Vəzirovu nazir vəzifəsinə təyin edir, amma deyir ki, sənin yerin türmədir. Süleyman Vəzirov məşhur Mehmandarov nəslindən idi. Vəzirov neft sənayesinin həddən artıq gözəl bilirmiş. Bir gün Bağırov AzNeft Kombinata zəng edir və deyir ki, məni Vəzirovla calaşdırın. Deyirlər ki, Vəzirov köhnə binada yaşayır, mənzilində telefon yoxdur. Səhər Vəzirov işə gələndə xəbər verirlər ki, Bağırovun göstərişi ilə ona telefonla təmin edilmiş yeni mənzil veriblər.

- Baxmayaraq ki, onu həbsə atmaq istəyirdi.

- Bəli. 1945-ci ildə müharibə Bitən kimi Bağırov Vəzirovu yanına çağırır və deyir ki, mən xətrini az istədiyim insanlara ölkədən çıxmaq üçün 48 saat vaxt verirəm. Sənin xətrini bir qədər artıq istədiyim üçün cəmi 24 saat verirəm. Ailəni götür, ölkədən çıx. Vəzirovun xanımı da savadlı neft mütəxəssisi idi. Üç oğlu da vardı. Ailəsini də götürüb, Rusiyaya gedir. Yəqin bilmirsiniz o vaxtlar SSRİ Neft Sənaye naziri Baybakov idi. Baybakov özü də Bakının Sabunçu rayonunda doğulmuşdu. Baybakovun əmri ilə Vəzirov Azərbaycan, Türkmənistan və Krasnodarın neft sahələrinə rəhbərlik edir. Bunu Bağırov eşidir. Baybakova zəng edib deyir ki, necə olur ölkədən qovduğum insanı mənə rəhbər yollayırsınız. O da cavab verir ki, bu fərman Mərkəzi Komitədən gəlib. Süleyman Vəzirov Xruşşovla birgə xarici səfərlərə də gedərmiş. Bir dəfə ona deyirlər ki, razılıq ver, səni Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edək. O da razı olmur ki, mən kənd təsərrüfatı sahəsinə bələd deyiləm. Çünki neftçiyəm. Vəzirovu Türkmənistana vəzifəyə təyin edirlər. O vaxtlarsa Azərbaycandan bir çox adamı Türkmənistana sürgün etmişdilər. Vəzirov bundan xəbər tutur. Fəhlə çatışmazlığı bəhanəsi ilə onları həbsdən çıxarıb yanında işə götürür. 1954-cü ildə Bağırov öləndən sonra Bakıya dönür. 1957-ci ilədək yenidən nazir olur. Hətta Baybakov bir dəfə etiraf edir ki, o nəinki Azərbaycanın, bütün SSRİ-nin neft sənaye naziri olmalıdır. Çünki o bizim sistemdə yeganə adamdır ki, beş “Lenin” ordeni var. Xaricilər onu neft quyularının həkimi adlandırırdılar. Baxın belə, gözəl neftçilərimiz olub.

- Çox maraqlıdır. Şikar bəy, sovet dövründə bir çox Avropa ölkəsini qarış-qarış gəzən neftçilərimizdənsiniz. İki il də Fransada yaşamışınız. İstərdim Fransa fəaliyyətiniz haqda da danışaq.

- Gəmi tikintisi üçün Fransaya ezam olunmuşduq. Sena çayının üstündə çalışırdıq. Zavodlara gedirdik. Ümumiyyətlə, dili çox tez mənimsəyirəm. Elə ispan dilini cəmi üç aya öyrənmişdim. Hətta orada olanda yoldaşlarımız deyirdi ki, sən bizim tərcüməçimizsən. 1977-ci ilin may ayı idi. Biz gəminin tikintisi mövzusunda firmaya 800 irad yazdıq. Sonra firmanın prezidenti məni yanına çağırdı və dedi ki, bu qədər irad yazmısınız. Belə getsə, biz gəmini tikib sizə təhvil verə bilməyəcəyik. Sovet sisteminin gəmi tikintisi ilə bağlı əlimizdə tədris materialları vardı. Mən də bütün sübutları önünə qoydum. Ona görə bizdən çəkinirdilər. Bizimlə birgə ata və oğul Lapatinskilər də vardı. Ata Lapatinski həm Rusiyanın, eyni zamanda da Fransanın casusu idi. Yəni bizdən onlara, onlardan da bizə xəbər ötürürdü. Mən də bunu tezliklə anladım. Rəhbərliyə məlumat verdim və xahiş etdim ki, onu bizim komandadan ayırsınlar. Hətta bir dəfə Marsel şəhərinə gedəndə bizə qadınlar təklif etdi. Sovet vaxtı sərhədi keçən insanın başına çox hadisə və sınaqlar gətirilirdi. Bu da onlardan sadəcə biri idi. İndiki kimi rahat viza alıb, dünyanı gəzə bilmirdin. Nəhayət, gəmini tikib hazır etdik. Gəmini Sena çayı ilə Qavr şəhərinə apardılar.

- Fransız ədəbiyyatını, Hüqonun yaradıcılığını da sevdiyinizi eşitmişəm...

- Hələ Fransaya getməzdən öncə bu ölkə haqda geniş məlumat toplamışdım. Fransız ədəbiyyatının ən çox sevdiyim nümayəndələrindən biri də Viktor Hüqodur. Qavr və Ruan şəhərlərinin sərhəddində də Hüqonun ev muzeyi var. Bu yazıçı düz iyirmi il həbsdə olub. Sonra isə azadlığa buraxılıb və yaradıcılıqla məşğul olmağa başlayıb. Pul qazanıb, xalq üçün qırmızı daşlardan bina tikdirib. Ən böyük arzularımdan biri Hüqonun ev muzeyində olmaq idi və arzuma çatdım. Burada onun həyatı haqda mənə bir çox təsirli faktlar danışdılar. Demək, Hüqonun qızı ailə qurur və iki oğlu dünyaya gəlir. Ailə çay sahilində yaşayır. Okeanla əlaqəsi olan çaylarda isə mütəmadi olaraq qabarmalar və çəkilmələr baş verir. Bir gün bədbəxt hadisə olur: qabarma nəticəsində bütün ailə çayda boğulur. Mən ev muzeyinin kitabçasına bütün sovet xalqı adından başsağlığı yazdım. Sonra qardaşım da ailəsilə gəldi. Onları da həmin muzeyə apardım. Özü də mənə zavoddan yeni çıxmış “Reno” markalı maşın ayırmışdılar.

- Nə əcəb Azərbaycana qayıdanda o maşını özünüzlə gətirmədiniz?

- Düzü çox düşündüm, amma fikrimdən daşındım. Sovet məkanında xarici maşınlar yox idi. Gətirsəydim belə, burada onu təmir etdirəcəyim təmirxana tapa bilməzdim. Amma başqa əşyalar gətirmişdim. Hətta xatırlayıram, bir dəfə Parisdə xrustal qablar alırdım. Satıcıya Azərbaycandan gəldiyimi deyəndə, təəccübləndi ki, bu qədər uzun yol gedəcəksiniz. Bunları necə aparacaqsınız? Dedim, siz bilmirsiniz, mənim həyat yoldaşım da daxil bizim qadınlarımız bu qabları çox sevirlər (gülürük).

- Bəs müstəqilliyimizi qazanandan sonra Avropaya getdiniz?

- Əlbəttə... Londonda, Vyanda dəfələrlə olmuşam.

- Maraqlıdır əlinizdə bu qədər imkan varkən, niyə Avropada məskunlaşmadınız?

- Həyat yoldaşım da dəfələrlə dedi qalaq, geri dönməyək. Amma təsəvvür edin ki, orada qalırdım. Bu sovet rejimi mənim qohumlarımı da, doğmalarımı da deportasiya edərdilər. Ən yaxşı halda isə işdən çıxardardılar.

- İkillik Fransa həyatı sizə nələr qazandırdı?

- Onu deyə bilərəm ki, ən böyük qazanclarımdan biri Ramiz Abutalıbovla dostluğum oldu. Ramiz Abutalıbov ölkəmiz adına həddən çox iş görmüş ziyalımızdır. Təsəvvür edin, Fransa arxivlərindən Azərbaycan Xalq Cümhuriyyətinin emiqrantları haqda 500 kq-dan artıq material toplayıb. Əlimərdan bəy Topçubaşov da başda olmaqla digər tarixi şəxsiyyətlərimizlə bağlı küllü miqdarda məlumatı, sənədləri Bakıya gətirməyə müvəffəq olub.

- Elə siz özünüz də xalqımızın qürur duyacağı ziyalısınız. Şikar bəy, çox maraqlı söhbətə görə sizə minnətdaram. Növbəti müsahibələrdə görüşmək arzusu ilə.

- Çox sağ olun.

 

Xalq cəbhəsi.- 2018.- 14-16 iyul.- S. 15.