“Cənab leytenant” mahnısının müəllifinin
55 yaşı qeyd edilib
Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında
Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı,
Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə hərbçi,
həkim, bəstəkar və şair Şahin Musaoğlunun
anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir
keçirilib.
Tədbirdə
AYB-in sədri, Xalq Yazıçısı Anar tarixən həkim
peşəsinə yiyələnmiş insanların
yazıçı və şairlər olduqlarını
eşitdiyini, lakin bəstəkar kimi fəaliyyət göstərənlərə
tək-tək təsadüf etdiyini bildirib. O, Şahin
Musaoğlunun poeziyasının vətənpərvərlik ruhu
üzərində kökləndiyini söyləyib. Onun hərbi
çağırış kimi səslənən
mahnılarının gənc nəslin vətənpərvərlik
tərbiyəsində böyük əhəmiyyət
daşıdığını bildirib. “İgid əsgər,
möhkəm dayan”, “Cənab leytenant”, “And içirik” və
digər hərbi vətənpərvər ruhlu
mahnılarını təkcə müəllifin deyil,
müasir poeziyamızın uğuru adlandırıb.
Şahin
Musaoğlunun 55 illik yubiley gecəsində onun həyatına həsr
edilmiş film nümayiş olunub.
AYB-in
katibi Rəşad Məcid, tanınmış şair Ramiz
Rövşən və başqaları onun qələminin məhsulu
olan vətənpərvər ruhlu şeirlərin bu gün daha
çox gərək olduğunu bildiriblər.
Digər
çıxış edənlər onunla olan xatirələrini
bölüşüb, təkcə ziyalı deyil, insan kimi də
müsbət xüsusiyyətlərindən
danışıblar.
Yubiley
mərasimində şairin şeirləri və şeirlərinə
yazdığı mahnılar ifa olunub.
Tədbir
“Oyuq teatrı”nın aktyorlarının ifasında tamaşa ilə
davam edib.
Xalq cəbhəsi.- 2018.- 14-16 iyul.-
S. 16.