İrəvan
xanlığı
Xanlıqlar dövrü tarixinin
obyektiv araşdırılması ermənilərin Azərbaycanın
tarixi torpaqlarında dövlət qurduqlarını bir daha
sübut edir
1-ci yazı
Bu yazıda tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasını təqdim edirik. Araşdırma XVIII yüzilliyin ikinci yarısı - XIX yüzilliyin əvvəllərində mövcud olmuş Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan İrəvan xanlığının tarixinə həsr olunub. İlkin mənbələr və arxiv sənədləri əsasında İrəvan xanlığının siyasi, iqtisadi tarixi, tarixi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verilir, eləcə də xanlığın ərazisi və siyasi sərhədləri müəyyənləşdirilir, inzibati ərazi bölgüsü, əhalinin etnik, dini və say tərkibi məsələləri işıqlandırılır.
Araşdırmada bildirilir ki, çağdaş dövrdə Azərbaycanın tarixi bölgələrinin obyektiv şəkildə tədqiq edilməsi araşdırmaçılarımızın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu baxımdan xanlıqlar dövrü tarixinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan xanlıqlar dövrü tariximizin çox maraqlı və ziddiyyətli dövrlərindən biridir: “Bu dövrdə Azərbaycan tarix səhnəsinə müstəqil və yarımmüstəqil dövlət qurumları formasında çıxmışdı. Azərbaycanın xanlıqlar dövrü tarixinin öyrəniləməsi, araşdırılması müasir dövrdə bir neçə səbəbdən aktualdır. Birincisi, xanlıqlar müstəqil dövlət kimi fəaliyyət göstərmiş, daxili və xarici siyasət yeritmiş və bütün dövlət atributlarını özündə birləşdirmişdi.
Xanlıqlar dövrünün dövlətçilik tarixi baxımından araşdırılması, obyektiv tədqiqi, buraxılan səhvlərin təhlil edilməsi əhəmiyyət kəsb edir. Xanlıqlar dövrü tarixinin obyektiv araşdırılması ermənilərin Azərbaycanın tarixi torpaqlarında dövlət qurduqlarını, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, onların torpaq iddialarının əsassız olduğunu bir daha sübut edir”.
İrəvan xanlığı tarixinin öyrənilməsini iki mərhələyə bölmək olar:
1. İrəvan xanlığını Ermənistan ərazisi kimi təqdim edən sovet tarixşünaslığı;
2. Azərbaycan müstəqillik əldə etdikdən sonra İrəvan tarixinin obyektiv tədqiqi.
Alim qeyd edir ki, “təqdim olunan araşdırmanın əsas məqsədi XVIII əsrin ortalarından 1827-ci ilə qədər İrəvan xanlığının siyasi tarixini, dövlət quruluşunu, tarixi coğrafiyasını əhalinin etnik, say və dini tərkibini qərəzsiz və olduğu kimi tədqiq etməkdir: “Son dövrlərdə İrəvan xanlığının siyasi və iqtisadi həyatına həsr edilmiş tədqiqat əsərləri meydana çıxsa da, onun tarixi coğrafiyası və əhalisinin say dinamikasının öyrənilməsi Azərbaycan tarixşünaslığında yeni istiqamətlərdən biri hesab edilməlidir. Ayrı-ayrı əsərlərdə İrəvan xanlığının tarixi coğrafiyasına və əhali məsələsinə xronoloji nöqteyi-nəzərindən ötəri toxunulsa da, ayrıca xanlıq şəklində bu problem kompleks tədqiqat obyektinə çevrilməmişdi. İlk dəfə olaraq biz həmin məsələləri tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq. İrəvan xanlığının tarixi coğrafiyası onun siyasi sərhədlərinin müəyyənləşdirilməsini, inzibati-ərazi bölgüsünü, iqtisadi coğrafiyasını, fiziki-coğrafi relyefini, əhalinin demoqrafiyası və dini tərkibini, yerləşməsini, məşğuliyyətini, miqrasiya proseslərini və s. məsələləri əhatə edir. İrəvan xanlığının zəngin tarixinin üzə çıxarılması bu məsələlərin obyektiv şəkildə araşdırılmasını tələb edir və Azərbaycan xanlıqlar dövrü tarixinin ağ səhifələrinin doldurulması baxımından böyük əhəmiyyətə malikdir. Araşdırmada arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilərin İrəvan xanlığının Ermənistan dövləti olması, əhalinin etnik tərkibi baxımdan ermənilərin çoxluq təşkil etməsi barədə uydurduqları yalanları ifşa edilir, nəhayət, ermənilərin İrəvan ərazisinə gəlmə olduqlarını sübut edilir”.
E.Qarayevin irihəcmli araşdırmasının yazılmasında müxtəlif səpkili qaynaqlardan istifadə olunub. Bu qaynaqlara yerli, rus, osmanlı, erməni və gürcü qaynaqları daxildir. İrəvan xanlığının siyasi tarixini öyrənmək üçün Rusiya Mərkəzi Dövlət Hərbi Tarix Arxivindən (RMHTA), Rusiya İmperiyasının Xarici Siyasət Arxivindən (RİXSA), Rusiya Elmlər Akademiyasının arxivindən gətirilmiş və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan sənədlərdən istifadə olunub. Bu arxiv sənədləri XVIII əsrin 80-ci illərin əvvəllərindən xanlıq işğal olunana qədər keçən bir dövrü özündə əks etdirir və İrəvan xanlığının Rusiya, İran, Osmanlı dövləti, Kartli-Kaxetiya çarlığı, Xoy, Qarabağ, Naxçıvan xanlıqları ilə siyasi və iqtisadi münasibətləri və əhalinin sayına təsir göstərən amillər öz əksini tapıb. Bu qiymətli sənədlərə rus komandanlığının yüksək rütbəli zabitlərinin və ermənilərin İrəvanla bağlı müxtəlif illərdə mərkəzə göndərdikləri məlumatları, Osmanlı paşalarının xanlara yazdıqları məktubları, Kartli-Kaxetiya çarı II İraklinin məktubları daxildir.
Azərbaycan Respublikası MDTA-nın 24-cü fondunda saxlanılan 1 saylı sənəddə baş komandan general-adyutant Paskeviçin general adyutant Spyaqinə məktubu verilib. Həmin məktubda İrəvan qalasının işğalı ilə bağlı məqamlar təsvir edilmişdi. Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan «İrəvanlı Hüseynəli xanın məktubları» əsərin yazılmasında əhəmiyyəti misilsizdir. Bu məktubların məzmunundan bəhs etməzdən əvvəl onları toplayan müəllif haqqında qısaca məlumat verək. «Məktub»ların müəllifi Məhəmməd Müslüm (Qüdsi) əslən İrəvanlı olmuş və təhsilini davam etdirmək üçün bir müddət İsfahanda yaşamışdı. Təhsilini başa vurduqdan sonra öz vətəninə qayıdan Məhəmməd Müslüm 1781-ci ildə Hüseynəli xan (1759-1783) tərəfindən xan divanxanasının mirzəsi təyin edilmiş və ona mühüm sənədlərin mühafizəsi tapşırılmışdı. Bir müddət bu vəzifədə çalışan Məhəmməd Müslüm Məhəmməd xanın (1784-1805) dövründə vəzir təyin olunmuşdu. O, vəzir vəzifəsi yerinə yetirməklə bərabər, müxtəlif illərdə yazılmış köhnə məktubların bir yerə toplanması və qaydaya salınması göstərişini də almışdı. Lakin Məhəmməd Müslümün vaxtı olmadığından məktubların köçürülməsi və yazılması bir münşiyə tapşırılmışdı. Beləliklə, yeni vəzirin səyi nəticəsində həmin məktublar bir yerə toplanmış və dövrümüzə «İrəvanlı Hüseynəli xanın məktubları» adı altında gəlib çatıb.
Əsər «İrəvanlı Hüseynəli xanın məktubları» adlanmasına baxmayaraq, bu sənədlər arasında onun oğlanları Qulaməli xana və Məhəmməd xana məxsus xeyli məktublar da vardı. Bunlar İrəvan xanlarının Osmanlı sultanına, paşalarına, Kartli-Kaxetiya çarı II İrakliyə, Xoy xanı Əhməd xan Dünbülüyə, Qarabağlı İbrahimxəlil xana yazılmış olduğu məktublardır. Məktublardan İrəvan xanlığının siyasi, iqtisadi, ticarət əlaqələrindən, idarəçilik sistemindən, torpaq mülkiyyət formalarından, vergi və əhali haqqında məlumat əldə edə bilmişik. Qeyd etmək lazımdır ki, bu sənədlərin İrəvan xanlığı ilə bağlı bəzi məqamların işıqlandırılmasında əhəmiyyəti misilsizdir.
Monoqrafiyanın yazılmasında arxiv materialları ilə bərabər, müxtəlif illərdə çap olunmuş qaynaqlardan da istifadə olunub. Belə qaynaqlardan ən zəngini XIX yüzilliyin ikinci yarısında A. Beıjenin redaktorluğu ilə Qafqaz Arxeoqrafiya komissiyasının topladığı 12 cilddən ibarət sənədlər toplusudur. Monoqrafiyada bu toplunun VIII cildindən istifadə olunmuşdu. QAKA külli miqdarda rəsmi və qeyri-rəsmi arxiv sənədlərindən ibarətdir. Aktlarda toplanılan sənədlərin hər biri ayrı-ayrılıqda məlumat mənbəyidir. Bu sənədlər bizə İrəvan xanlığının siyasi tarixi, tarixi coğrafiyası, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyət növləri, əhalisinin sayı, etnik və dini tərkibi, silki quruluşu haqqında zəngin material verir. Materiallarda diqqəti cəlb edən məsələlərdən biri də ara müharibələri, Ağa Məhəmməd şah Qacarın yürüşləri və Rusiya-İran müharibələri dövründə əhalinin etnik və say tərkibinə təsir göstərən miqrasiya və emiqrasiya məsələləridir. İrəvan xanlığının siyasi tarixinin və tarixi coğrafiyasının öyrənilməsində çar Rusiyası dövründə nəşr olunan «Kavkazskiy sbornik» adlı jurnalın I, XXI, XXII, XXIV, XXVIII və XXX cildlərindən istifadə edilmişdi. Topluda Gülüstan sülh müqaviləsindən sonra İrəvan xanlığının Rusiya ilə münasibətləri, ayrı-ayrı rus zabitlərinin şəxsi gündəlikləri və 1826-1828-ci illər müharibəsi ilə əlaqədar Qafqazdakı rus ordusu qərargahının küllü miqdarda sənədləri toplanmışdı. Bu sənədlərdə İrəvan xanlığının siyasi- iqtisadi vəziyyəti, tarixi coğrafiyası və əhalisi haqqındakı məlumatlar böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq bu materialların bəzisi E.Qarayev tərəfindən monoqrafiyada istifadə edilib: "Bu sənədlər Gülüstan sülh müqaviləsindən sonra sərhəd xəttinin təyin edilməsi ilə əlaqədar sonuncu İrəvan xanı Hüseynqulu xanın rus sərhəd rəislərinə və baş komandan A.E.Yermolova göndərdiyi məktublarından və rusların öz aralarında yazışmalarından İrəvan xanlığının siyasi sərhədlərini müəyyən etməyə imkan verir. Müxtəlif illərdə yazılmış bu məktublarda rus komandanlığının məkirli siyasəti, hadisələri bilə-bilə gərginləşdirməsi, İrəvan xanını fitnə törətməklə müharibəyə cəlb etmək və bu ərazini işğal etmək niyyətləri göstərilmişdi. A.Çaqarelinin redaktəsi ilə 1890-cı ildə nəşr olunmuş sənədlər məcmuəsində İrəvan xanlığına aid arxiv materialı olduğundan xüsusi əhəmiyyətə malikdir. Məcmuədə toplanmış sənədlərdə II İraklinin Rusiya komandanlığına göndərdiyi məktubları, ayrı-ayrı rus zabitlərinin yazışmaları toplanıb. Həmin yazışmalarda İrəvan xanlığının siyasi vəziyyət ilə bağlı bəzi məqamlara toxunulduğundan nəzərimizdən kənarda qalmayıb".
A.Çaqarelinin redaktəsi ilə nəşr edilmiş digər sənədlər toplusu isə iki hissədən ibarətdir: "Bu sənədlərdə XVIII əsrin 60-cı illərin sonu - XIX əsrin əvvəllərinə aid İrəvan xanlığının siyasi vəziyyəti, onun Kartli- Kaxetiya çarlığı, Rusiya, Qacar İranı və Osmanlı dövlətləri ilə münasibətləri ilə bağlı xeyli məlumatlar var.
İrəvan xanlığına aid bir çox arxiv materialları 1936-cı ildə nəşr olunmuş topluda öz əksini tapmışdı. Bu iki cildlik topluda digər Azərbaycan xanlıqları ilə yanaşı İrəvan xanlığının dövlət quruluşu, hərbi qüvvələri, torpaq mülkiyyəti formaları, vergi sistemi, əhalinin silki quruluşu haqqında müəyyən məlumatlar var.
Elçin Qaliboğlu
Xalq cəbhəsi.- 2018.- 21-23 iyul.-
S. 12.