“Kitabi-Dədə Qorqud”da türkün
yaradılış konsepsiyası
1-ci yazı
Türk mifologiyasını yaşadan bədii mətnlərdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası yaşamaqdadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirib. “Kitabi-Dədə Qorqud”da əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə
rastlaşırıq. Dədə Qorqud dastanın əsas aparıcı siması, mahiyyətcə gedişatın yaradıcısıdır. İnsanlara aid
olan yaradılışa
Buğacın ölüb-dirilməsini, Beyrəyin, Banıçiçəyin,
Təpəgözün doğulmasını misal göstərmək mümkündür.
Xalqımızın qədimliyini, ruhunu bütün çalarlarıyla
özündə yaşadan “Kitabi-Dədə Qorqud” mahiyyət etibarilə ləyaqət dastanımızdır. Yüzillər ötəcək, dastan özünün bənzərsizliyini və
əvəzedilməzlik statusunu daim saxlayacaq. Mərhum prof.
Y.Qarayevin təbirincə desək: “Min üç yüz ildir
ki, Qorqud xalqın qan və
gen yaddaşı
kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin
də bədii və
genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz il
üçün də ən
sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və
genlər yenə bu «ana kitabın» bətnində və ruhunda qorunub
saxlanır”.
Dastanda ilk
növbədə yaradılış əsas
diqqəti çəkən məsələlərdəndir. Türk mifologiyasını
yaşadan bədii mətnlərdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası
yaşamaqdadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirmişdir. “Kitabi-Dədə Qorqud” dastanında əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə
rastlaşırıq. Yaradılış hadisəsi Dədə Qorqud dünyasının, ruhunun bənzərsizliyini, özünəməxsusluğunu sübut edir. Əcdadlarımızın təsəvvüründə, təxəyyülündə insanın yaranması, var
olması, ölüb-dirilməsi zəngin mifoloji
çalarlarla mənalandırılır, bununla da
ulusal duyumun
məhək daşına çevrilir.
“Kitabi-Dədə Qorqud” ilk növbədə türkün dastan təfəkkürünün zəngin yaradıcılıq imkanlarının canlı, yetkin təsdiqi kimi diqqəti çəkir.
Burada yaradılış mifologeminin, ümumiyyətlə, mif yaddaşının bərpası çoxqatlı
intuisiya (bunu
şübhəsiz, düşüncə
və yazı konteksində mifoloji fəhm də
saymaq olar)
mərhələlərindən keçir ki, sonda müəyyən davamlı
sonuca (nəticəyə) varmaq mümkün olur. N.Cəfərov yazır: “Epos”, sadəcə, dastan deyil,
müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik
təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan
- potensiyadır.
Onu tam
halında bərpa etmək mümkün deyil,
mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji,
linqvistik və
s. komponentlərin üzvi vəhdətindən ibarətdir”.
Anarın yanaşmasında isə
“Kitabi-Dədə Qorqud” əcdadlarımızın dünyaduyumunun Ana kitabı
kimi mənalandırılır: “Belə kitab xalqın mənliyini, mənşəyini və
məskənini təsdiq edir,
keçmişini və
gələcəyini müəyyənləşdirir,
özlüyünü, bənzərsizliyini, fəlsəfi və
əxlaqi baxışlarını, dünyagörüşünü
və dünyaduyumunu, etik
və estetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının, davranışının ən incə
psixoloji çalarlarını açır... Azərbaycan xalqının şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır».
Müxtəlif fikirlərdən göründüyü kimi, ”Kitabi-Dədə Qorqud”da birbaşa xəlqi yaddaşımızla səsləşən, tarixən ulusal
yaddaşımızın hər sahəsinə şamil oluna
bilən nəsnələr var. Burada ayrıca olaraq
yaradılış məsələsinin
araşdırılması dastan təfəkküründə
yaşayan əcdad davranışlarının sistemli,
özünəməxsus inanclı, yetkin dünyaduyumlu, sonrakı
yaşama mistik güc, yenilməz ruh verən davranışlar
kompleksi kimi diqqəti çəkməsindən irəli gəlir.
Oğuz
düşüncəsinin məhsulu olan “Kitabi-Dədə
Qorqud”un özünəməxsusluğu – o çağkı
yaşamın (həyatın) demək olar, hər bir məqamı
ilə bağlı bilgi verməsi ona olan marağı həmişə
diri, canlı saxlayır. Dastandakı
türk yaradılış konsepsiyasının izlərinin bərpası bu qəbildəndir. Seyfəddin Rzasoyun təbirincə desək, oğuzlar turk etnosunun qolu kimi başqa turk
xalqlarından
aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Oğuz mifini turk mifologiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir.
Dədə Qorqud dastanın əsas aparıcı simasıdır, mahiyyətcə gedişatın yaradıcısıdır. Onun hər şeydən xəbərdarlığı,
hətta hadisələrin gedişini əvvəlcədən görməsi ulu ozanın şəxsində
xalqın mifoloji duyumunun gücündən xəbər verir. İlk
baxışda
dastan yaradıcısı kimi diqqəti cəlb edən Dədə Qorqud xalqın ruhunun nəinki qoruyucusu,
ümumiyyətlə, yaradıcısıdır; o,
hər şeydən öncə Adverəndir: bu, dastan düşüncəsində gerçəkləşən, oğuz türkünün yaradılış funksiyasının özülünü təşkil edən mühüm amildir. Ona görə ki, əslində hər şey advermədən başlayır. Burada advermə
(adlanma) mifoloji düşüncədə yaradılışın başlanğıcı
olmaqla yanaşı,
həm də davamının əsası, yaşamda (həyatda) nə varsa, mövcudluğunun nədəni (səbəbi), inkişafı, yetkin təsdiqidir.
Yazıda insanlara aid olan yaradılış mifologeminin
(Buğacın yenidən ölüb-dirilməsi, Beyrəyin doğulması, Banıçiçəyin
doğulması, Təpəgözün doğulması və s.) tədqiqi qarşıya qoyulduğundan ilk
növbədə advermə anlayışının mahiyyətinə diqqət yetirək.
Füzuli Bayat yazır ki,
KDQ boylarında Dədə Qorqudun advermə səlahiyyəti hərtərəfli motivasiya edilib. KDQ-də advermə baş kəsib, qan tökməklə ilişgili şəkildə təqdim olunur. Bu advermə
uşaqlıq dövründən gənclik dövrünə
keçidin bədii əks-sədasıdır. Eyni aktın Altay-Sayan xalqlarının dastanlarında,
özbək, qazax, qırğız
folklorunda, bütün türk nağıllarında təkrarlanması bunun
etnoqrafik baxımdan gənc döyüşçü cərgəsinə qəbul mərasiminin qalığı kimi
yozulmağına
imkan verir. Belə mərasimdə gənc döyüşçüyə
adla yanaşı
at, qılınc və kəmər də verirdilər. Bu
funksiyanı ağsaqqal döyüşçü, tayfanın başçısı, ağ şaman və
b. hörmətli adamlar yerinə
yetirirdilər.
Şor dastanlarında qəhrəman özü adsız yaşamaq istəmədiyindən, bir kasa qımızla uca dağ
başına
çıxıb ona ad
verilməsini tələb edir.
Naməlum bir
qoca qəhrəmanın əlindən qımızı alıb içir və ona adını, atını və atının rəngini verir”.
Buradan advermə aktının müəyyənlik statusu
daşıdığı
ortadadır. Müqayisələr göstərir ki,
“Kitabi-Dədə Qorqud”dakı advermə ilə burada haqqında danışılan
advermə ənənəsi arasında müəyyən oxşarlıqlar mövcuddur. Şor dastanlarında qəhrəmanın ad
almaq üçün
rituala uyğun hərəkət etməsi onun
əslində yeni dönəmdə doğuluşu, deməli, yaradılışı
deməkdir. “Kitabi-Dədə Qorqud” dastanında biz yenidən doğulmanın – yaradılışın sözügedən mahiyyət üstə - Oğuz təfəkkürünün özünəməxsusluğundan gələn bənzərsiz çalarını görürük. Burada
konkret obraz
– Adverən Dədə Qorquddur. Onun sözü qanundur. Dədəlik statusunu
özündə daşıyan
Qorqudla zarafat
etmək qətiyyən olmaz. Burada Adalanın Adverənin qoyduğu ada yetməsi, onu doğrultması başlıca şərtdir.
Adlanma – mahiyyətcə doğuluş mifologeminə adekvatdır. Deməli, Adalma – Yaradılış prosesi fərdin şəxsində
xalqın varolumunun epos
səviyyəsində təsdiqi, canlı yaşamıdır.
F.Bayatın təhlillərindən
aydın olur ki, boylarda Dədə Qorqudun Oğuz igidlərindən
üçünə ad qoyması heç də onun
funksiyasının bununla bitdiyini göstərmir: “Dastan, sadəcə
olaraq Dədə Qorqudun qoyduğu adlardan
üçünü xatırladır. Çünki
yuxarıdakı epik klişe Oğuz igidlərinin
adlarının bu yolla alındığını sübut
edir. Həm də dastandan göründüyü kimi, Dədə
Qorqudu adqoyma mərasiminə xüsusi olaraq dəvət etmirlər,
o, özü gəlib ad verir. Eyni ilə Şor
dastanlarında, qırğız dastanı “Manas”da adverən
ya cəmiyyətə kənardan gəlir, ya da ağ
paltarlı şəxs olur”.
Göründünyü
kimi, “Kitabi-Dədə Qorqud”da Dədə Qorqudun advermə
statusu geniş imkanlarla səciyyələnir: Dədə
sözünün ilkinliyi, tərəddüdsüz qəbuledilənliyi,
hökmlülüyü, Oğuz elinin ruhunu tam mənasıyla
ifadə və təsdiqi, ağsaqqallıq rəmzi olması
bu qəbildəndir. Dədə Qorqud ruhundan
yaratdığı dünyasını cidd-cəhdlə
qoruyur: onun öncəgörənliyi
(loğmanlığı), qeybdən xəbər verməsi, eləcə
də ad qoyması, elçilik etməsi, qopuz çalması,
boy boylaması, söz söyləməsi – hamısı
yaradıcı (ilahi yaradılış xislətli)
missiyasından irəli gəlir.
Elçin
Qaliboğlu
filologiya
üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2018.- 8 iyun.- S.14.