Səmərqənddə
“Azərbaycan mədəniyyəti həftəsi”
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi və təşkilatçılığı, Səmərqənd
Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və
şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə
iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi”
keçiriləcək. Tədbirlərdə
Səmərqənd Vilayət
Hakimiyyətinin nümayəndələri, şəhərin elm,
mədəniyyət,
təhsil işçiləri, ali məktəblərin müəllim və
tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət
nümayəndələri,
jurnalistlər iştirak edəcəklər.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və
15 iyun – Milli Qurtuluş Gününə həsr edilən
tədbirlər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq, şəhərin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət
Musiqili Dram Teatrının qarşısında “Cümhuriyyətin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və
konsert keçiriləcək. Konsertdə
Özbəkistanın
tanınmış musiqiçiləri, habelə azərbaycanlı saz ustaları, rəqs kollektivləri çıxış
edəcəklər.
Tədbirlərdə
Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid
Qarabağ geyimləri nümayiş
etdiriləcək. Azərbaycanın Qarabağ
bölgəsinə aid bəylərin,
habelə xanımların mərasim geyimləri ilk dəfə təqdim olunacaq.
Mədəniyyət həftəsində “Şərqin
ilk parlayan ulduzu – Azərbaycan Xalq
Cümhuriyyəti” adlı foto və kitab sərgisi keçiriləcək, habelə
adət-ənənələrimizi özündə əks
etdirən stend qurulacaq,
Azərbaycan suvenirləri, xalçaları, kəlağayıları
sərgilənəcək. Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi ilə son 5 ildə
Özbəkistanda yerli dildə çap olunmuş 50 adda kitab Səmərqənd
kitabxanalarına hədiyyə ediləcək.
Xalq Cəbhəsi.- 2018.- 9 iyun.-
S.16.