İsa Kapayevi tanıyırıqmı?
Tanınmış
noğay yazıçısı, şairi, mütərcimi, tədqiqatçısı,
publisisti İsa Suyun Kapayev 16 iyun 1949-cu ildə Stavropol ölkəsinin
Erkin Yurd (indiki Erkin Xalq) aulunda məşhur şair Suyun
Kapayevin ailəsində dünyaya göz açıb. 1974-cü ildə
Moskvada nəşr olunan “Yunost” jurnalında “Ocağa inam” hekayəsi
ilə debüt edib və həmin hekayəyə görə
bu nəşrin mükafatına layiq görülüb. Bundan sonra İsa Kapayev ardıcıl olaraq “Drujba
narodov”, “Znamya”, “Don” və digər jurnallarda maraqlı əsərlərlə
çıxış edib. 1975-ci ildə Moskvadakı Qorki adına Ədəbiyyat
İnstitutunu bitirib. İsa Kapayevin indiyə qədər
noğay və rus dillərində 31 müxtəlif adlı və
mövzulu kitabları işıq üzü görüb, əsərlərinin
xeyli hissəsi “Sovremennik”, “Sovetski pisatel”, “Sovetskaya
Rossiya”, “Molodaya qvardiya”, “Qolos-Press” və s. kimi Rusiya nəşriyyatlarında
çap olunub. Qeyd etdiklərimizdən başqa İ.Kapayevin
kitabları və ayrı-ayrı əsərləri
Qazaxıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Polşa və
digər ölkələrdə də yayılıb. Yazıçının
“Sıntaslı haqqında dastan” kitabı Qazaxıstanda qazax
dilində iki dəfə oxuculara təqdim olunub.
İsa Kapayev
1978-ci ildə N.Ostrovski adına Ümumittifaq ədəbi
müsabiqəsinin qaliblərindən biri olub, 1998-ci ildə o,
U.Əliyev adına Beynəlxalq mükafata layiq
görülüb, 2008-ci ildə isə Qaraçay-Çərkəz
Respublikası Prezdentinin mükafatçısı olub. Qeyd etməyə ehtiyac var ki, bu noğay
yazıçısının tarixi essesi “Ölümsüz
ölüm” (Stavropol, 2004) Rusiya və Qazaxıstanda bir neçə
dəfə işıq üzü görüb, kitabın
Qazaxıstan nəşri “Ölümsüz səhra” (Astana,
“Audarma”, 2008) adı altında oxuculara catdırılıb.
1991-1996-cı
illərdə İsa Kapayev “Qıpçaq Ayı”adlı ədəbi-publisistik
jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Həmin
jurnalın elə ilk sayında məşhur noğay epik nəğməsi
“Ediğe” rus
tərcüməsində çap olunub ki, bu dastan Sovet hakimiyyəti
tərəfindən həmin dövrlərdə nəşr və
yayımlanmaq üçün qadağan olunub. Məlumat
üçün onu əlavə edim ki, noğayların “Edige”
eposu bu xalqın orta əsrlər söz sənətinin nadir
incisi hesab olunmaqla, XIX-XX əsrlərdə noğayların
kompakt yaşadıqları ərazilərdə M.Osmanov,
V.Radlov, İ.Berezin, Ç.Valixanov,
A.X.Canıbəyov, S.Cağatay kimi tanınmış
türkoloq-alimlər tərəfindən
yazıya alınmaqla,geniş oxucu auditoriyasına təqdim
edilib. Əsərin bir neçə dəfə nəşr və
yayım üçün qadağan olunmasına baxmayaraq,
2016-cı ildə Qaraçay-Çərkəz Humanitar Tədqiqatlar
İnstitutunun köməyi və həmin İnstitutun
şöbə müdiri Nəsibxan Suyunovanın ümumi
redaktəsi altında Moskvanın “Nauka” nəşriyyatında
noğay və rus dillərində ictimaiyyətə təqdim
olunub. Bir məqamı da əlavə edək ki,
“Edige” orijinal şifahi sənət nümunəsi kimi
noğaylardan başqa qazax, qırğız, qaraqalpaq, tatar,
başqurd və digər türk xalq epik örnəyi kimi bu
xalqların yazılı ədəbiyyatının
inkişafına mövzu, qəhrəman, obraz və s.
baxımından ciddi təsir göstərib. “Ediğe” Azərbaycan
dilinə tərcümə edilsə də, onun yenidən
interpretasiya olunmasına bu gün də ehtiyac duyulmaqdadır.
Bir məqamı
da qeyd edim ki, İsa Kapayev “Qıpçaq Ayı” ədəbi-publisistik
jurnalının baş redaktoru olduğu dövrdə
noğayların və digər türk xalqlarının tarixinə
dair həmin dövrə qədər məlum olmayan
çoxsaylı materiallar bu dərgidə oxuculara
çatdırılırdı. Beləliklə, bütün
bunlar noğaylar və onların “Edige” ilə bağlı
ümumi məlumatlar idi.
İndi isə
İsa Kapayev yaradıcılığından danışaq.
Hazırkı dövrə qədər İsa Kapayevin
seçilmiş əsərlərinin dördcildliyi noğay
dilində nəşr olunub. Dördcildliyə İsa Kapayevin “Sarayçıkin
alovlu qəlbi” tarixi essesi, “Mən qəlbən Səma qurdu
olan noğayam” və orta əsrlər noğay yıraularının
(jraularının) yaradıcılığı ilə
bağlı tədqiqat işləri daxil edilib. Orijinal
yaradıcılıqla paralel İsa Kapayev tərcümə ilə
də məşğul olmaqdadır. O,
“Orxon-Yenisey abidələri”ni müasir noğay dilinə
çevirməklə yanaşı, Yusuf Balasağunlunun,
Əhməd Yasəvinin, Seyfi Sarayın,
Qütbün, Yuğnikinin şeirlərindən xeyli nümunələri
noğay dilində səsləndirib və həmin tərcümələr
“Noğay poeziyası antologiyası” (Çerkessk, 2013)
kitabına daxil edilib. İsa Kapayev yazıçı,
şair, publisist, tərcüməçi vənasirliyi ilə
yanaşı, həm də noğay və rus leksikologiyası,
leksikoqrafiyası, lüğətçilik sahəsində
yaxından fəaliyyət göstərən ziyalılardan,
dilçi-tədqiqatçılardandır. Bu
baxımdan onun müəllifi və tərtibçisi
olduğu “Rus-noğay danışıq kitabı” (Stavropol,
2007) maraq doğurmaqdadır. İsa Kapayevin elmi tədqiqatları
Moskva, Astana, Astraxan, Mahaçqala və başqa bu kimi elmi mərkəzlərdə
çıxan müxtəlif türkoloji dərgilərdə nəşr
olunub. Bir şeyi xüsusi olaraq qeyd etmək
lazımdır ki, İsa Kapayevin “Mifoloji lüğət təcrübəsi”
Noğay mifləri, əfsanələri, inancları” (Moskva,
“Qolos-Press”, 2012) kitabı oxucular tərəfindən daha
böyük hərarətlə qarşılanıb. Tədqiqat
işi olaraq kitabın təqdimatı zamanı alimlər
İsa Kapayevin bu əsərini noğay mifologiyası ilə
bağlı hazırlanmış əsaslı tədqiqat
işi kimi təqdir edib və tükologiya elminin
inkişafına mühüm töhfə kimi qiymətləndiriblər.
2002-2004-cü illərdə
İsa Kapayev Rusiya Federasiyası Prezidentinin Qrantına layiq
görülməklə yanaşı, həm də
böyük mədəni işlər həyata keçirməkdədir.
Belə ki, o, Qaraçay Çərkəz
Respublikasının Erkin Xalq aulunda Noğay Xalq Tarix və Mədəniyyət
Muzeyini yaradıb. İsa Kapayev “Qaraçay-Çərkəz
Respublikasının xalq yazıçısı” fəxri
adı ilə yanaşı, Rusiya
Federasiyasının Əməkdar mədəniyyət xadimi
adını daşımaqla, Qazaxıstan Respublikasının
Mədəniyyət xadimi fəxri döş nişanınada
layiq görülüb. İsa Kapayevin adı 2006-cı ildə
“Rusiyanın ən yaxşı adamları” siyahısına,
2016-cı ildə isə “Müasir Rusiyanın tarixçiləri”
Ensiklopedik lüğətinə salınıb. Hazırda
İsa Kapayev Moskva şəhərindəki Ümumrussiya Ədəbi
Dostluğu Heyətinin üzvüdür.
İsa Kapayev
yaradıcılığının ən maraqlı səhifələrindən
birini təşkil edən “Tale qılıncı” kitabı
2017-ci ildə Moskvadakı “Qolos-Press” nəşriyyat tərəfindən
oxuculara təqdim olunub. Kitab
müəllif tərəfindən əlavələr və dəyişikliklərlə
zənginləşdirilmiş tarixi tədqiqatdan ibarətdir. Onlardan
birincisində esse janrında noğay hökmdarlarından olan
tanınmış sərkərdə və dövlət
başçısı Edigenin tərcümeyi-halı
maraqlı şəkildə ortaya qoyulursa, “Tale
qılıncı” tədqiqatında çoxsaylı sənədli
materiallar əsasında Kiçik Noğay Ordasındakı
dövlət quruluşunun yaranması ilə bağlı söhbət
açılır ki, bu dövlət 1550-ci illərdən
1640-cı illərə qədər mövcud olub. Xronologiyaya ciddi riayət etməklə, müəllif
burada orta əsrlər noğaylarının Türkiyə,
İran və Rusiya kimi dövlətlərlə olan
qarşılıqlı əlaqələrini
işıqlandırıb. Əsərin maraq doğuran digər
bir cəhəti ondan ibarətdir ki, tədqiqatda noğay
xalqının dəyərli xalq rəvayətləri,
inancları, toponimik adları və tarixi dövlət xadimləri
ilə bağlı əlaqələri də buraya daxil edilib.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2018.- 13 iyun.- S.14.