Güney Azərbaycan mətbuatı ana dili uğrunda mübarizənin aparıcı vasitəsi kimi

 

    2-ci yazı

        

    Bu dövrdə geniş oxucu kütləsi olan dövri nəşrlər sırasında ADP-nin nəşr etdiyi “Azərbaycan” qəzeti, MXP-nin nəşri olan “Xəlqe müsəlman” qəzeti, solçular tərəfindən yayımlanan     “Səttarxan bayrağı” kimi mətbu orqanları azərbaycanlıların hüquqlarının qorunması, Azərbaycan dilinin inkişafı uğrunda mübarizə aparırdı. 1981-ci ilin əvvəllərində Təbriz Şairlər və        Yazıçılar Cəmiyyəti “Ülkər” dərgisini nəşr etməyə başladı. Dərgidə sülh, tərəqqi, azadlıq və inqilabi quruculuq məqsədləri uğrunda mübarizəyə çağıran məqalələr dərc edilirdi.        Həmin ildə doktor M.T.Zehtabi “Mütərəqqi İran Türklərinin Ziyalılar Cəmiyyəti” ni və onun mətbu orqanı olan “Birlik” dərgisini yaratmışdı. Sözügedən nəşrlər İranda Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir etməklə milli təfəkkürün bütün istiqamətlərini hərəkətə gətirirdi. Təəssüf ki, cənubi azərbaycanlıların anadilli mətbuatının dirçəliş dövrü çox az çəkdi. İran İslam inqilabının qələbəsindən sonra nəşrə başlayan və bu günə kimi davam edən türkcə-farsca mətbu orqanlarından yalnız Tehranda “Varlıq”, Təbrizdə isə “Foruğe    Azadi” (sonralar “Məhde Azadi”adlandı) istisna olmaqla, qeyd olunan qəzet və dərgilər 1982-ci ilə qədər fəaliyyət göstərmişdi. Həmin dövri nəşrlərin bir qisminin bağlanması maddi çətinlik, farsca təhsil alan azərbaycanlıların ana dilində oxuya bilməməsi ilə əlaqədar idisə, digər qisminin fəaliyyətini dayandırması siyasi səbəblərlə bağlı idi. Bu dövrdə fars şovinist siyasəti yeni formada baş qaldırırdı. Dövlətçiliyin dini məzmunu Güney Azərbaycanda milli dilə, düşüncəyə qarşı yönəlirdi. Bir çox tədqiqatçılar bu dövrü Güney Azərbaycan tarixində irticanın güclənməsi və rəsmi dairələrin inqilabda iştirak etmiş mütərəqqi qüvvələrə xəyanəti kimi dəyərləndirirlər. S.Bayramzadə isə həmin dövrdə nəşr olunan KİV-lərin inkişafına və yayılmasına mane olan bir çox obyektiv səbəblərin İranın, o cümlədən Güney Azərbaycanın inqilabdan əvvəlki sosial-siyasi həyatındakı çatışmazlıqlarla da bağlayır.

    İran-İraq müharibəsi (1980-1988) illərində qeyri-fars dillər mətbuatda milli maraqların deyil, hakim sistemin maraqlarından çıxış edirdilər. Milli ziyalılar azərbaycandilli mətbuatın sürətlə aradan çıxmasına münasibətdə hakim millətçilik ideyasına qarşı nisbətən passiv müqavimət mövqeyi tutmağa məcbur olmuşdular. 1985-1987-ci illərdə Hüseyn Sədiqin rəhbərliyi ilə cəmi dörd nömrə “Bülleten” adında şeir, folklor, məqalələr toplusu işıq üzü görmüşdü. 1987-88-ci illərdə “Ettelaat” qəzetinin həftədə bir dəfə olmaqla “Yaşıl yarpaq” adlı Azərbaycan dilində ədəbiyyat əlavəsi çap olunurdu.

    Azərbaycan dilinin istifadəsi və təbliği məqsədilə KİV-in fəaliyyətinin genişləndirilməsi ilə bağlı tələblər isə əsasən İran-İraq müharibəsindən sonra səsləndirilməyə başlanmışdı.        Hələ 1988-ci ildə “Keyhan” qəzetində çap olunmuş “Azərbaycan dilinin inkişafı üçün bir neçə məsləhət” adlı məqalədə qeyd edilirdi: “Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinə diqqət verilməsi çox önəmlidir. İran radio və televiziyası islami inqilabın ən böyük təbliğat vasitəsi olduğu üçün təklif olunur ki, bu təşkilat Mədəni İnqilab Ali Şurasının icazəsi ilə (Şuraye aliye enqelabe fərhəngi) Azərbaycan dilinin inkişafı və genişlənməsi üçün bəzi işlər aparsın. Universitetlərdə bu dil qrupu yaradılsın. Azərbaycan dili mədəniyyət mərkəzi yaradılmalıdır. Azərbaycan dilində qəzet və jurnallar bu mərkəzin nəzarəti altında çap olunarsa, bu dilin genişlənməsi və inkişafı üçün çox faydalı olacaqdır. Radio və televiziya      İrandakı müxtəlif etniklər və dillərin tanıtması və yayılması üçün bütün mümkün işləri görsün. Əyalət xəbərlərinin daha operativ çatdırılması həm İslam Respublikasının müvəffəqiyyətinin təbliğinə, həm də Azərbaycan xalqının mədəniyyətinin inkişafına səbəb olacaq”.

    İran hökuməti tərəfindən yürüdülən “İslami türkçülüyün rəsmi olaraq tanınması” siyasətinin həyata keçirilməsi üçün əsas vasitə olan bəzi müstəqil dərgilərin türkcə əlavələri müstəqil və yarımmüstəqil şəkildə ortaya çıxdı. “Keyhan” qəzetinin əlavəsi olaraq “Ürəkdən-ürəyə yol” (Sonra “Yol” dərgisi kimi nəşr olundu) dərgisi, “Ettelaat” qəzetinin əlavəsi kimi “Səhənd” qəzeti, “İslami təbliğat” təşkilatının buraxdığı “İslami birlik” və s. bu tipli mətbu orqanlardandır. 1991-ci ilin sonlarında İran hökuməti “Yol” dərgisinin Azərbaycan dilində nəşrinə icazə verdi. Bu dərginin hər nömrəsinin bir səhifəsində azərbaycanca-farsca sözlük verilirdi. Bu dərgidə Azərbaycan ostanlarının tarixi haqqında məqalələr çap olunurdu. Dərgidə yeni nəslin Azərbaycan dilinə marağını inkişaf etdirmək üçün folklor nümunələrindən və xalq oyunlarından istifadə olunmaqla tədris xarakterli yazılar da verilirdi.    “Yol” dərgisi hökumətin təyin etdiyi çərçivədə fəaliyyət göstərsə də, üstüörtülü şəkildə, dolayı vasitələrlə Güney Azərbaycan millətçiliyini təbliğ edən məqalələr də çap edirdi.    Məsələn, dərginin saylarının birində Avropada olan fəal Güney Azərbaycan millətçi təşkilatlarının fəaliyyətini tənqid edən məqalə dərc edilmişdi. Əslində həmin təşkilatın fəaliyyəti barədə informasiyalar verilərək bu yolla dərgi sözügedən qurumların məlumatlarını təbliğ edirdi. “Yol” dərgisi İran azərbaycanlıları arasında çox geniş yayılmışdı və hökumət bu meylin özü üçün təhlükə olduğunu görüb iki ildən sonra onun nəşrini qadağan etdi. Belə ki, hökumət naşirlərin xəyal etdiklərinin əksinə olaraq, türk millətçiliyi hərəkatına dini don geydirərək fürsətdən yararlanmalarını başa düşdü və siyasətlərini dəyişdi. Nəticədə əlavələrin bir çoxu bağlandı. Sonralar ”Yol” dərgisi xüsusi olaraq uşaqlar üçün “Kəpənək” əlavəsini buraxmağa başladı. Bu mətbu orqanları ədəbi-mədəni-folklor nəşrlər idi. Bu səbəbdən də kütlə içərisində çox böyük rəğbətlə qarşılandı.

1991-1992-ci illərdə İranın “Keyhane həvayi”, “Ettelaat”, “Comhuriye İslam” kimi çox mühüm mətbuat orqanlarında da Azərbaycan türkcəsinə kiçik həcmdə məqalələr çap olunurdu. İranın geniş tirajlı “Keyhan”, “Ettelaat”, “Cümhuriye Eslami” kimi qəzetlərində azərbaycanlılar öz qohumlarını axtarır və bu barədə Azərbaycan türkcəsində elanlar verirdilər.

   Dünyada gedən siyasi dəyişikliklər, o cümlədən müstəqil Azərbaycan Respublikasının yaranması İrandakı Güney Azərbaycan mətbu orqanlarının da siyasi baxışlarının formalaşmasına, mövqeyinin müəyyən olunmasına mühüm təsir göstərdi. Dövri nəşrlərin milli məsələnin həllinə münasibəti qeyd etdiyimiz kimi, həm Quzey Azərbaycan, həm də    Güney Azərbaycandakı ictimai-siyasi atmosfer və proseslərdən asılı olaraq tez-tez dəyişməsi müşahidə olunurdu. Azərbaycan dili məsələsi qəzet səhifələrində bəzən digər problemlərin fonunda aktual məsələ kimi qoyulmur, arxa plana keçir, bəzən də bu problem ən aktual bir mövzu kimi qabardılırdı. 1990-cı ilin aparıcı media orqanlarından biri Zəhra       Vəfainin rəhbərliyi ilə buraxılan türkcə-farsca “Çuvalduz” dərgisidir. 1994-cü ilədək nəşr olunan bu dərgi keçən əsrin əvvəllərində mövcud olan “Molla Nəsrəddin”in ənənələrini davam etdirir, xalqın bütün problemlərini çılpaqlığı ilə işıqlandırırdı.

   1991-ci ildən Zəncanda “Omide Zəncan” (2000-ci ilə kimi mövcud oldu), 1996-cı ildə Təbrizdə “Şəms Təbriz” (2001- ci ilə qədər fəaliyyət göstərdi), 1997-ci ildən Ərdəbil şəhərində “Avayi Ərdəbil”, 1998-ci ildən Urmiyada nəşr olunan “Peyam Urmiya” kimi mətbu orqanları milli məsələnin həll olunması, İİR Əsas Qanunun 15-ci və 19-cu maddələrin reallaşdırılması tələblərini demək olar, hər nömrədə qoyurdular. “Peyam Urmiya” sonra “Nəvide Azərbaycan” adı ilə çıxmışdı. Əvvəl Tehranda, sonra Zəncanda nəşrini davam etdirən “Peyke Azər” adlı türkcə-farsca aylıq dərgisi 1999-cu ildən buraxılmağa başlamışdı. Bunlardan əlavə, 2000-ci ildən Ərdəbildə “Araz” və “Savalan”, Təbrizdə “Əxtər”,    Zəncanda “Bəhar Zəncan”, “Pəyame Ərdəbil”, “Saray”, “Mehre Ərdəbil” Urmiyada “Sədaye Urmiya”, “Fərdai ma”, “Ulduz”, “Asan”, 2001-ci ildən Həmədanda “Sina”, Sulduz şəhərində “Ərməğane Azərbaycan” və s. dövri nəşrlər çap olunurdu ki, bu media vasitələrində də milli məsələlərə yer verilirdi.

   Tələbələr də siyasi, mədəni, maarifçilk fəaliyyəti ilə yanaşı, həmin fəaliyyətin elmi cəhətdən əsaslandırılması, onun ideologiyasının yaradılması üçün mətbu vasitələrdən istifadə edirdilər. Onlar yeni dövrün, yeni ideyaların çarçıları olan “Səhər” (Təbriz Tibb Universiteti), “Kimlik” (“Kürdüstan Universiteti”), “Sayan” (Ərdəbil Pəyamenur Universiteti),    “Öyrənci” (Tehran Əmir Kəbir Universiteti), “Oyanış” (Urmiya Universiteti) və başqa ikidilli dərgilər nəşr edirdilər. Bəhs olunan dövrdə bu tipli məqalələrə “Məhde Azadi”, “Nəvide   Azərbaycan”, “Peyame no”, “Ərk”, “Saheb”, “Fəcre Azərbaycan” və s. kimi mətbu nəşrlərin də ayrı-ayrı saylarında rast gəlinir.

2001-ci ilin baharında yeni prezident seçkiləri ərəfəsində azərbaycanlı tələbələr Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Mahabad, Həmədan, Qəzvin, Kərəc, Ərak, Meşkin,   Əhər, Mərənd, Xoy, Marağa, Miyandoab, Sarab, Binab şəhərlərindən başqa, İranın Tehran, İsfahan, Kerman, Yəzd, Şiraz, Rəşt, Bircənd, İlam, Sənəndəc və s. şəhərlərində də ikidilli dərgilər nəşr etdirirdilər. Onlar dövri nəşrlərin fəaliyyətini əlaqələndirmək sahəsində də addımlar atırdılar. 2001-ci ildə 30-a yaxın nəşrin iştirakı ilə Azərbaycan tələbə dərgilərinin ilk sərgi-müsabiqəsi keçirilmişdi. Bu sərgini “Azərbaycan tələbə dərgiləri əncüməni” təşkil etmişdi. Lakin İranın Elm Nazirliyi həmin təşkilatın rəsmi şəkildə fəaliyyət göstərməsinə icazə verməmişdi. Sərgi-müsabiqə zamanı dərgilərdə dərc edilmiş türk dilində yazılar qiymətləndirmə obyekti olmur, qiymətləndirmə zamanı isə Güney Azərbaycan nəşrlərinə obyektiv yanaşılmırdı. Ölkənin müxtəlif ali məktəblərində çap olunan dərgilər azərbaycanlı tələbələrin milli şüurunun formalaşmasına geniş imkan yaradırdı. Tehran Tibb İnstitutunda nəşr edilən “Çiçək” dərgisinin əsas məqsədi Azərbaycan dilinin elmi şəkildə araşdırılması, milli ədəbiyyatın nümayəndələrinin tanıdılması, Türk dünyasında olan durumu tədqiq və təbliğ etmək idi.

 

 

   Yeganə Hacıyeva

 

   Xalq Cəbhəsi.- 2018.- 15 iyun.- S.14.