Güney Azərbaycan mətbuatı ana
dili uğrunda mübarizənin aparıcı vasitəsi kimi
3-cü
yazı
Təbriz Tibb
Universitetində yayımlanan “Səhər” dərgisi ədəbi
mədəni mövzulara çox yer verir, Şimali Azərbaycan
ədəbiyyatından zəngin nümunələr çap
edirdi. Bu dərgi Azərbaycan
ədəbiyyatı və ədəbi dilinin
inkişafını daimi gündəmdə saxlayırdı. Ərdəbildə və
İsfahanda nəşr olunan “Dan ulduzu” dərgisində daha
çox Şimali Azərbaycandakı ədəbi dil prosesi, Azərbaycan
folklorunun qaynaqları öz əksini tapırdı. Burada əsas məqsəd Azərbaycan dilinin
qorunması, genişlənməsi, öyrədilməsi,
Şimali Azərbaycan ziyalılarının Cənubda
tanıdılması idi. “Öyrənci” dərgisi
Əmir Kəbir adına Tehran Politexnik
Universitetinin tələbələri tərəfindən nəşr
olunurdu. Əsas məqsədi Azərbaycan milli mənsubiyyətinin
kütlə tərəfindən mənimsənilməsi, Tehran
radio-televiziya verilişlərində azərbaycanlıların
assimilyasiyasına yönəldilmiş məqsədli siyasətə
qarşı durmaq və mübarizə aparmaq idi. Tusi adına Tehran Sənaye Universitetində
yayımlanan “Çağrı” dərgisinin naşirləri Azərbaycan
dilinin qorunmasını, milli oyanışa, dirçəlişə
dəstək verməyi, ictimai, mədəni sahədə azərbaycanlıların
haqlarını qorumağı əsas məqsəd hesab edirdi.
Zəncanda tələbələr tərəfindən
nəşr olunan “Səs” dərgisində daha çox
ziyalılarla aparılan müsahibələr nəşr
olunurdu. Tehran Universitetinin nəşri olan “Yol”, Ərdəbildə
“Pəyamenur” Universitetinin “Sayan” dərgisi Azərbaycan Milli Hərəkatının
müxtəlif komponentləri arasında informasiya mübadiləsi
və əlaqələndirici vasitə rolunu yerinə yetirməkdə
əvəzsiz idi. Həmin dərgilərdə tələbələr
Azərbaycan xalqının etno-milli varlığı,
İranın siyasi və milli münasibətlər sistemində
tutduğu yer, milli məsələnin həlli perspektivləri
ilə bağlı məsələləri iki səviyyədə:
empirik və nəzəri, üç ölçüdə:
qlobal, regional və yerli, nəzərdən keçirərək
milli ideologiyanın müxtəlif aspektlərini işləyib
hazırlayırdılar. Bu istiqamətdə fəaliyyət
İranda azərbaycanlı ziyalıların milli zəmində
mövqeyini müəyyən etməklə yanaşı, eyni
zamanda ölkədə nisbətən demokratiyanın, söz
və əqidə azadlığının vəziyyəti
haqqında müəyyən təsəvvür yaratmağa əsas
verir. Lakin mübarizənin çərçivədən
çıxa biləcəyindən narahat olan fars
milliyyətçi-ruhani rejimi öz qabaqlayıcı tədbirlərini
də görməkdə idi. Milli-mədəni
haqlar uğrunda hərəkat gücləndikcə, rejim milli
qüvvələrə basqılarını daha da
artırırdı. Milli kimliyi haqda
düşünən və bu yöndə fəaliyyət
göstərən fəallara təzyiq edilir, onlar aradan
götürülürdülər. Məsələn,
İranın Həmədan şəhərində “Vahid”
jurnalının sahibi, Şəhriyar adına
Tələbə Birliyinin rəhbəri, universitetin tibb
fakültəsinin tələbəsi Ruhulla Dindar qətlə
yetirilmişdi. Adıçəkilən tələbə
sahibi olduğu dərgidə milli oyanışa təkan verən
məqalələr dərc etdirirdi və Bütöv Azərbaycan
ideyası uğrunda mübarizənin öncüllərindən
idi. Beləliklə, bir tərəfdən
maddi vəsait və maddi-texniki imkanların məhdudluğu,
digər tərəfdən milli-siyasi və milli-ictimai problemlərin
kəskin şəkildə qoyulması qeyd olunan mətbu
orqanlarının tez-tez bağlanmasına səbəb olurdu.
Yuxarıdakı təsnifatdan göründüyü
kimi, 90-cı illərin ortalarında İranda yaranmış
nisbi liberal mühit şəraitində nəşrlərin
sayı sürətlə artmışdı. 1997-ci ildə hakimiyyətə
gələn islahatçılar (1997- 2005-ci illər) kütləvi
informasiya vasitələrinin inkişafı üçün
dövlət büdcəsindən böyük vəsait
ayırmışdılar. Gündəlik qəzetlərin
sayının 5-dən 26-ya qalxması, ümumi tirajın 1,2 milyondan 3,2 milyona çatması da bunu
sübut edir. Dərgilərin sayı 778-dən
1.375-ə çatmış, cəmi 118 milyon yeni kitablar və
s.
Xatəminin prezidentlik illərində mətbuata
münasibət mülayimləşsə də əsas hakimiyyət
rıçaqlarını əldə saxlayan mühafizəkar
dairələr bu sahəyə nəzarəti əldən verə
bilməzdilər. Sərt xətt tərəfdarlarını
qayğılandıran əsas məsələlərdən
biri ölkəni informasiya blokadasında saxlamağın
get-gedə çətinləşməsi idi. Çünki informasiya azadlığı
plüralizmə aparırdı. 1999-cu il iyulun əvvəlində
İran Məclisinin 22 mühafizəkar deputatı tərəfindən
hazırlanmış və müzakirəyə
çıxarılmış “Mətbuat haqqında qanunun
islahı” adlı sənəd mətbuata dövlət nəzarətinin
gücləndirilməsi məqsədini güdürdü. Bu yeni qanunda bir çox məsələlərin
işıqlandırılması qadağan edilirdi. Qanunu pozanlara qarşı cəza tədbirləri
daha da gücləndirilir və inqilab məhkəməsinə
mətbuat barədə şikayətlərə baxmaqda daha
böyük səlahiyyətlər verilirdi. Beləliklə, rejim özü üçün təhlükəli
ideya və tələblərin qarşısını
zorakılıq və “qanun çərçivəsində”
almağa başlamışdı.
Hərəkatın
güclənməsindən narahat olan hökumət milli
hüquqlar uğrunda mübarizə aparan KİV-lərə
qarşı yenə də təzyiqləri gücləndirməyə
başladı. Fikir və söz
azadlığı ilə bağlı məqalələr
çap edən qəzetlər bir-birinin ardınca
bağlanırdı. Bu azadlığın qurbanı
olaraq qapanan “Came” qəzetinin keçmiş redaktoru Şəmsül
Vaizi bir müsahibəsində ölkədəki fikir və
söz azadlığı haqda belə demişdi: “Ölkədəki
söz və fikir azadlığı onu bəyan edənədəkdir,
ondan sonra yoxdur”.
2000-ci ildən sonra demək olar ki, Cənubi
Azərbaycan mətbuatında müstəqillik
şüarları ara-sıra eşidilir, yuxarıda qeyd
etdiyimiz kimi, demokratik dəyərlərin bərqərar edilməsi
meyli güclənirdi.
İran hakimiyyəti isə bu meylin rüşeym halında
boğulmasına can atır, azad mətbuatı
sıxışdırır, qəzet müdirlərini məhkəməyə
çəkir, həbsxanaya salırdı. Söz
azadlığına dözə bilməyən qüvvələr
bütün bunları dini hakimiyyətin möhkəmlənməsi
adı altında həyata keçirirdilər.
2000-ci il fevralın 7-də doktor Çöhrəqanlının
siyasi baxışlanna görə həbs edilməsinin
ardınca, fevralın 11-də Ərdəbil şəhərində
“Can Azərbaycan” jurnalının əməkdaşları,
Birliyi Gücləndirmə Təşkilatı və tələbələr
Çöhrəqanlının və silahdaşlarının
həbsinə, eyni zamanda parlament seçkiləri ərəfəsində
həyata keçirilən qanun pozuntularına etiraz
nümayişi keçirmişdilər. Nümayişçilər
“Yaşasın elimiz, dirçəlsin dilimiz”, “Azərbaycan
yatmayıb, arzusuna çatmayıb” və s. bu tipli
şüarlar səsləndirmişdilər. Polislə
toqquşma zamanı nümayişçilər, o cümlədən
millət vəkilliyinə namizəd Kamal Muradi
döyülmüş, 5 nəfər həbs edilmişdi.
Fars şovinizminin ana dilinə qoyduğu qadağalar ana
dilində məktəblərin fəaliyyət göstərməməsi,
danışıq dilində daha çox fars
kəlmələrinin işlədilməsi adı çəkilən
dövrdə milli mətbuatın əsas mövzusuna
çevrilmişdi. “Güneydə türkcəmizin
qorunması üçün milli iradəyə sahib
olmalıyıq” başlıqlı məqalənin müəllifi
Kəyan Səfərli türk dilinin bugünkü vəziyyətini
aşağıdakı kimi təsvir edir: “Balaca bir quşun
ölməsi kədərləndiricidirsə, bir insanın
ölümü dəhşətli və qorxunc deyilmi? Yeni minilliyin başlanğıcında Güney azərbaycanlılarının
95 faizi öz ana dilində yazıb-oxumaqdan məhrumdur. Daha doğrusu, yazıb-oxumağa qadir deyil. Bu isə milli faciədir. Dil mədəniyyətin
zirvəsi, düşüncənin anasıdırsa, milli
kimliyin tanınması və tanıtdırılmasında
başlıca amildirsə, bu zaman biz Güney azərbaycanlılarının
Azərbaycan mədəniyyətindən danışmağa
hüququmuz çatırmı? Manqurtlaşma
yolunun yol¬çusu deyilikmi?”
“30 milyonluq millətimiz
və 7 minillik tariximiz var” yazan müəllif “bu 30 milyon nə
biçim insanlardır? sualını da,
sualın cavabını da verir: “Bunlar ən ilkin
hüquqlarından belə məhrumdurlar. Çoxu
hələ öz hüquqlarının
tapdandığından belə xəbərsizdirlər. Öz uşaqlarına ana dilini yox, başqa bir dili
öyrədən, bununla da öz milli kimliklərini itirən
ailələrin sayı artmaqdadır. Bu
gün danışılan dilimizi “türkcə” adlandırmaq
olmur. İşlətdiyimiz sözlərin
80 faizi alınma sözlərdir. Belə
gedərsə, dilimiz ölümə yaxınlaşır”.
Kəyan Səfərli daha sonra “bunun qarşısını
almaq üçün nə etmək lazımdır?”
sualını qoyur və ona cavab verir: “Konstitusiyanın 15-ci
maddəsi icra olunmalıdır. Bu maddənin
icra olunması başlıca tələblərimizdən
biridir. Bu gün uşaqlarımız üçün
ana dilimizin öyrədilməsi məktəblərdə
mümkün deyilsə, azca çalışmaqla öz evlərimizdə
buna nail ola bilərik. Belə
olanda hər bir ev bir məktəbə çevriləcək”.
Belə tələblər “Şəms Təbrizi”
(“Azərbaycan istənilən zaman heyranedici gücünü
göstərə bilər” adlı məqalədə), “Omide-Zəncan”
(“Məktəblərdə türk dilinin tədrisi” adlı
yazıda) kimi qəzetlərdə kəskin şəkildə
qoyulmuş və geniş şərh edilmişdi.
Bütövlükdə, Azərbaycan tarixi və dili ilə
bağlı elmi əsaslarla hazırlanıb dərc olunan
yazılar fars şovinizmini artıq daha
tez-tez və ciddi narahat edirdi. Tehranda
çıxan, mürtəce paniranist və panfarsist fikirlər
yayan mətbu orqanlar bu tipli yazılara qarşı
açıq savaşa keçmişdi. Belə
nəşrlərdən biri olan “Ariya” və bu kimi digər qəzetlər
Azərbaycan tarixini, milli varlığını davamlı olaraq
saxtalaşdıraraq şübhə altına alırdılar.
Cənubi Azərbaycan qəzetlərindəki
milli ruhlu yazılardan və ziyalıların mövqeyindən
narahat olan şovinist düşüncənin nümayəndəsi
Faruq Səfizadə “Nəvide Azərbaycan” qəzetinə həmin
iddialarla dolu bir məqalə göndərmişdi. O, məqalədə
qəzetə “nəsihət” verərək cənubi azərbaycanlıların
“türk” adlandırılmasını qeyri-elmi sayırdı.
2001-ci
ilin əvvəllərində İranda hakimiyyət daxili
qarşıdurmanın dərinləşməsi ölkədəki
antidemokratik vəziyyəti daha da pisləşdirdi. Bu vəziyyət Cənubi Azərbaycanda qanun çərçivəsində
aparılan milli mübarizədən də yan keçməmişdi.
Qəzetlərin bağlanması, mətbuat
nümayəndələrinin təzyiqlərə məruz
qalması, milli hüquqların qorunması tələbi ilə
bağlı məqalələrə senzura qoyulması, bir
sıra siyasi xadimlərin həbs olunması daha da genişləndi.
Güney Azərbaycanda demokratik mətbuatın
bağlanması hökumət tərəfindən planlı
şəkildə və sürətlə həyata
keçirilirdi. Belə ki, Cənubda çap olunan 22 adda
qəzetin 10-u (“Azərbaycanın səsi”, “Əhrar”, “Şəms
Təbrizi” və s.) barədə cinayət işi
açılmışdı.
Bəhs olunan illərdə Azərbaycan
türklərinin təbii haqlarını müdafiə edən
milli fəallarla yanaşı, rejimi təmsil edən bir
sıra din xadimləri də var idi. Ərdəbildə dərc olunan “Araz” qəzetinin
redaksiya heyəti ilə vilayəti-fəqihin Ərdəbildəki
nümayəndəsi, şəhərin imam-cüməsi,
höccətül-islam Amili arasında keçirilən
görüşdə o, bir sıra sualları
cavablandırmış və türklərin mədəniyyətinin
qədimliyinə və kamilliyinə işarə edərək
qeyd etmişdi: “Bizim keçmiş ədəbiyyatımız
və tariximiz ibrət götürülməli, öyrənilməli
məsələlərlə doludur. Biz tariximizi
öyrənməliyik. Ana dilində məktəb
və universitetlərə icazə verilməsini zəruri
sayırıq. Burada pis əməl görmürük”.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.-
2018.- 21 iyun.- S.14.