Parisdə türk
dünyası ilə bağlı silsilə tədbirlər keçirilib
Parisdə Azərbaycanın
Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası:
maarifçilik və
identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun təşkilatçılığı,
Azərbaycan, Türkiyə və Qazaxıstanın
Fransadakı səfirliklərinin, UNESCO
yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Fəlsəfə
İnstitutunun və Fransanın Nis
Sofia Antipolis Universitetinin dəstəyi ilə baş tutub.
Konfransda çıxış edən
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mövzunun əhəmiyyətinə
toxunaraq, türkdilli dövlətlərin mədəniyyətinin və
irsinin dünya sivilizasiyasının ayrılmaz parçası
olduğunu bildirib. Qeyd edib ki, türkdilli dövlətlər
xalq yaradıcılığına və
yazılı ədəbiyyata bir çox yeniliklər
gətirib,
beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. “Kitabi Dədə Qorqud”,
“Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.
Qeyd olunub ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə
böyük töhfələr verib, türkdilli xalqların
dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər
qazanıblar.
Türk dünyasında qadının şərəfli yerindən,
diplomatiyada onların
rolundan söz açan
Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın
fəaliyyəti haqqında geniş məlumat verib.
Ölkəmizin UNESCO
yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən,
həyata keçirdiyi islahatlardan və dövlət
rəmzlərinin qəbul edilməsindən
danışıb, 1991-ci ildə
müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunub.
1993-cü ildə ümummilli lider Heydər
Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın
dirçəldiyini vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə
çatdırılıb. Səfir Birinci vitse-prezident Mehriban Əliyevanın
Azərbaycan-UNESCO
münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.
Qazaxıstanın
Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə
görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd,
latın əlifbasına keçidlə bağlı
“İctimai şüurun müasirləşdirilməsi” proqramlarından söz
açıb.
Sonra çıxış edən
Türkiyənin Fransadakı səfiri İsmayıl
Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə
böyük əhəmiyyət
verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirib. Səfir Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə
təşviqində mühüm
rol oynadığını diqqətə çatdırıb.
Konfransın
ikinci hissəsində
Fransanın Nis
Sofia Antipolis Universitetinin siyasi elmlər
və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə
İnstitutunun direktoru, professor
İlham Məmmədzadə və
beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə
Əliyeva
çıxış edərək, XIX-XX əsrlərdə
Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili,
Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və
inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.
Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasının professoru, rəssam Cəmilə Həşimovanın
əsərlərindən ibarət
“Türk dünyasının cənnət
bağları” adlı sərginin açılış mərasimi olub. Sərgi
çərçivəsində
türkdilli
ölkələrin nümayəndələri
- Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız)
və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli musiqi alətlərində
xalq musiqilərini səsləndiriblər.
Sonda tədbir
iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.
Xalq Cəbhəsi.- 2018.- 21 iyun.- S.16.