XIX əsrin əvvəllərində
Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti
2-ci
yazı
Tarix
üzrə elmləri doktoru, professor Tofiq Mustafazadə
yazır ki, bundan xəbər tutan Fətəli şah
Əbülfət ağanı beş min nəfərlik
qoşunla Qarabağa göndərdi. Şah
hökm etmişdi ki, Əbülfət ağa İbrahimxəlil
xanın «hüzurunda vəkil və naib kimi olub, dəxil vətəssəru
edənləri xususən Məhəmmədhəsən
ağanı, bir para Qarabağ bəyzadələri ilə Fətəli
şahın hüzuruna rovanə edə». İbrahimxəlil
xan əvvəlcə şahın təklifini qəbul etmək
istədi, lakin Məhəmmədhəsən ağa Mehdiqulu
ağa və Xanlar ağa öz aralarında ədavəti bir
kənara qoyub bırləşdilər və atalarından
Əbülfət ağanı Qarabağa buraxmamağı tələb
etdilər. Xəzaninin yazdığı
kimi, oğlanlarının təsiri ilə «dəxi Fətəli
şahın bir para təklifatını xoşagəlməz
bilib dubarə Əblüfət xana yazdı ki, qayıtsın
və Qarabağ torpağına gəlməsin».
Mirzə Camal da İbrahimxəlil xanın Əbülfət
ağaya məktub yazaraq ondan Qarabağ torpağına ayaq
basmamasını tələb etdiyini yazır. Əbülfət
xan anladı ki, cavab qardaşlarının təsiri ilə
verilib. Buna gorə də atasının sözünə
məhəl qoymayıb ixtiyarındakı qoşunla xanlığın
Zəngəzur və Qapanat mahallarına daxil oldu, hər kənd
və nahiyyədə Məhəmmədhəsən ağa və
Mehdiqulu ağanın digər bəylərin və
ağaların darğa və nökərlərini vəzifədən
kənarlaşdırıb, öz adamlarını onların
yerlərinə təyin etdi. Qapan, Zuldur və
Güney mahallarını tamamilə nəzarəti altına
aldı. Bərguşad çayı
yanında duşərgə saldı. Bir
sıra bəylər, o cümlədən Mirzə Əli boy və
Fazil bəy zahirdə İbrahimxəlil xana sədaqətlərini
saxlasalar da gizlində Əbülfət ağaya rəğbət
bəsləyirdilər. İbrahimxəlil
xanla Məhəmmədhəsən ağa Əbülfət
ağaya qarşı hərəkət edib Tuğ kəndinə
gəldilər. Burada Mehdiqulu ağa və
xanlar ağa onlardan ayrılıb Zəngəzura tərəf
hərəkət etdilər. Mehdiqulu ağa Uğurlu bəyi
bir dəstə atlı ilə göndərdi
və Əbülfət ağanın Xəzrək kəndində
qoyduğu bəyləri tutulub dustaq edildi. Əbülfət
ağa isə Məhəmmədhəsən ağa ilə
İbrahimxəlil xanın yanında az quvvə
olduğunu güman edib surətlə Dizaq mahalına gəldi.
Məqsədi, tarixçinin güman elədiyinə
görə «Məhəmmədhəsən ağanı və
İbrahim xanı dəxi bidəxil edib Şuşa
qalasını tutmaq idi».
Vəziyyətin
cətinləşdiyini görən İbrahimxəlil xan və
Məmmədhəsən ağa dərhal Mehdiqulu ağa və
Xanlar ağaya xəbər göndərdilər ki, iki gunədək
4-5 yüz atlı və piyada
döyüşçü toplayıb özlərini
çatdırsınlar. Sonuncular yeddi yüz nəfərə
qədər atlı və piyada
döyüşçü toplayıb tələsik özlərini
Tuğ kəndinə çatdırdılar. Tuğa
əlavə qüvvə gəlməsindən xəbəri
olmayan Əbülfət ağa sübh tezdən
Qızılqışlaqdan çıxıb qoşununu dəstələrə
bölərək kəndə yaxınlaşmağa
başladı. Hava buludlu və dumanlı
olduğundan kəndin izi görünmürdü. Əbülfət ağa kəndə bir verstə qədər
yaxınlaşdıqda duman dağıldı və o kənddə
xeyli hərbi qüvvə olduğunu gördü. Kiçik bir toqquşmadan sonra Əbülfət
ağa hücumunu dayandırdı. Gecəni
keçirib səhəri geri qayıtmaq fikrində idi. Ancaq Məhəmmədhəsən ağa və
Mehdiqulu ağanın dostları qəfil Əbülfət
ağanın qoşununa hücum etdilər. Əbülfət ağanın döyuşculəri
silah-sursatlarını atıb qaçmağa
başladılar. Cəbrayıllı,
Hacılı və Cavanşir tayfasından olan
döyüşçülər isə Əbülfət
ağadan üz döndərib qarşı tərəfə
keçdilər. Əbülfət ağa az
miqdarda tərəfdarı ilə qazıb Arazın o tayına
keçdi. Fətəli şah Əbülfət
ağanın uğursuzluğundan xəbər tutub, zahirən
onu məzəmmət elədi. İbrahimxəlil
xanın yanına adam göndərib,
Əbülfət ağanın guya ondan icazəsiz Qarabağa
hücüm etdiyini bildirdi.
Fətəli şah İbrahimxəlil xanın Rusiya himayəsinə
keçməsindən çox qorxurdu. Buna gorə Kərim
xan və Abdulla xanı onun yanına göndərib
yazmışdı ki, «Allah rizasına namusi-islamı mənzur
edib hər nə təvəqqeyi var» ondan etsin, «urus
padşahına itaət etməsin. Şuşa
qalası toxunulmazdır və məmləkətdə səddi
mətindir və İranın giriş qapısıdır,
Urus dövlətinə verib Rusiya qoşunlarını daxili
şəhr və [onların] qalası eləməsin”.
Şah Qarabağı ruslardan müdafiə etmək
üçün Şahbulağı qalasına Qacar qarnizonunun
yerləşdirilməsini təklif edir, bildirirdi ki, ikinci
oğlu Abbas Mirzəni göndərəcək, Qarabağ
xanlığı ilə duşmənçilik edən
qonşu sakinləri cəzalandırsın. Qarabağdan
qazan elatları toplayıb geri qayıtsın.
Şahın təklifinə görə əlavə iki
min piyada sərbaz toplarla gəlib qalalarda yerləşməli
idi. İbrahimxəlil xan şahın elcilərinə
qeyri-muəyyən cavab verib geri yolladı. Fətəli şah Kərim xan və Abdulla xanı,
habelə Rəhim xanı qiymətli hədiyyələrlə
yenidən Şuşaya göndərib əvvəlki təkliflərini
təkrar etdi. Bu dəfə İbrahimxəlil xan elciləri
geri qaytarmayıb ev dustağı kimi
Şuşada saxladı və bu barədə Sisianova xəbər
verdi.
Qarabağ xanlığının hərbi yolla itaətə
gətirməyin mümkün olmadığını görən
Fətəli şah İbrahimxəlil xanı diplomatik yolla
Rusiyanın himayəsi altına kecməkdən çəkindirmək
qərarına gəldi. Şah Kərim xan, Rəhim xan və
Abdulla xandan ibarət olan elçilərini xüsusi fərmanla
Qarabağa göndərdi. Fərmanın məzmunundan
aydın olur ki, Fətəli şah indiyə qədər
heç kəsə etmədiyi güzəşti İbrahimxəlil
xana etməklə onun Rusiya himayəsinə keçməsinə
imkan vermək istəmir. Belə ki, Fətəli
şah «Qarabağ mahalına, şah xəzinəsinə
çatmalı olan mədaxili ilə birlikdə əbədi
olaraq İbrahimxəlil xana verməyi, habelə öz
övladlarımdan iki nəfərini onun yanına girov gondərməyi
öhdəsinə götürürdü".
Edilən
bu güzəştlərin müqabilində rus
qoşunlarının hücumlarının
qarşısını almaq üçün Tiflis və Gəncə
yolunun üstündə olan Əsgəranın hər iki
qalasında İran ordusu yerləşdirilməli, Şuşa qalasının
yaxınlığında qazıllmış səngərlər
də bu ordunun ixtiyarına verilməli idi. Bütün
xərcləri şah hökumətinin xəzinəsindən
ödənilməli olan bu ordu İbrahimxəlil xanın itaət
və əmrindən boyun qaçırmamalı idi. Lakin şahın bu təklifləri də heç
bir nəticə vermədi. İbrahimxəlil
xan Qarabağ xanlığının Rusiyanın hakimiyyəti
altına keçməsi siyasətini daha böyük
inadkarlıqla davam etdirirdi. Bu
addımın gələcəkdə özü
üçün hansı ağır nəticələrə
gətirib çıxaracağını dərk etməyən
İbrahimxəlil xan müqavilə layihəsi üzərində
aparılan işləri daha da sürətləndirərək
onu tezliklə başa çatdırmağa tələsirdi.
Onun rus komandanlığı ilə
xanlığının müstəqilliyini əsasən
qorumaq şərtilə himayə haqqında müqavilə
bağlamaq üçün danışıqlara başlamaq təşəbbüsü
də boşa çıxdı. 1804-cü ilin
yanvarında Gəncəni zəbt etdikdən sonra Sisiyanov
İbrahimxəlil xana məktub yazaraq onu «qorxaq tülkü»,
«ağacda bitməyən yarpaq» kimi ifadələrlə təhqir
edərək xanın danışıqlar haqqında təklifini
rədd etmişdi. Sisiyanov kinayə ilə yazırdı:
«Dünyada harada görünüb ki, qartal milcəklə
danışıqlar aparsın, zəif güclüyə itaət
etmək üçün yaranıb».
Bir müddət sonra general İbrahimxəlil xandan Rusiya
himayəsini qəbul etməsini ultimativ tərzdə tələb
etdi. Professor Tofiq Mustafazadənin araşdırmasında
bildirilir, bu zaman Qarabağ xanhğının daxili vəziyyəti
murəkkəb idi. Ağa Məhəmməd
şah Qacarın viranedici yuruşləri nəticəsində
xanlığın əhalisi var-yoxdan çıxmış ərzaq
məhsullarının qıtlığı hiss olunurdu. Qarabağ həm Rusiya, həm də Qacarlar dövləti
üçün böyük strateji əhəmiyətə
malik idi. Şuşa o zamankı İran sərkərdələrinin
və o cümlədən şahın özünün rəyinə
görə Cənubi Qafqazın açarı, Rusiya
üçün İranın qapısı hesab edilirdi.
Qarabağ xanlığını dinc yolla itaətə gətirmək
xəttini davam etdirən Sisianov öz şəxsi numayəndəsi
- əslən gürcü zadəganı Corayevlə
bağlanması təklif olunan müqavilə mətnini
göndərdi. Daha sonra mayor Lisaneviçi Şuşaya
göndərib xanı Rusiya himayəsini qəbul etməyə
razı salmasını tapşırdı. Həm də Lisanevicə verilmiş təlimatdan
görünürdü ki, xanın layihəyə duzəliş
etməsinə icazə verilmir. Lisaneviç
Şuşaya gələn kimi xan nüfuzlu bəyləri də
çağırmaqla divan topladı. Altı
günlük məsləhətləşmələrdən
sonra bütün bəylər Rusiya himayəsini qəbul etmək
haqqında təklifi rədd etdilər. Ancaq
İbrahimxəlil xan onların rəyi ilə hesablaşmayaraq
himayəyə keçmək haqqında muqavilə mətnini
qəbul etdi. Sisianov Lisaneviçlə
İbrahimxəlil xana ünvanladığı məktub da
göndərmişdi. Baş komandan
bildirirdi ki, müqavilə xanlığı İran təcavüzundən
qorunmasına, varislərinin hakimiyyətinin saxlanmasına təminat
verəcək. Müqavilənin imzalanması haqqında
İbrahimxəlil xanın prinsipal razılığını
alan Sisianov 1805-ci il martın 14-də
İbrahimxəlil xana yazdığı məktubunda bununla əlaqədar
məmnunluğunu bildirirdi. O, eyni zamanda aprelin 7-də
çara raport gondərərək İbrahimxəlil xanın,
eləcə də onun qohumu şəkili Səlim xanın
müqaviləni imzalayaraq imperatora sədaqət andı
içməyə razılaşdıqları haqqında məlumat
verdi. General ümid etdiyini bildirirdi ki,
xanların ödəyəcəyi bac
Gürcüstandakı rus adminstrasiyasının xəzinəsini
xeyli zənginləşdirəcək. İbrahimxəlil
xan və şəkili Səlim xan öz əyanları və
xidmətcilərinin sayı 600 nəfərə
çatırdı.
1805-ci il mayın 14-də [yeni təqvimlə
26-sı] İbrahimxəlil xan Sisianovun Gəncədən 20
verst aralıda Kurəkcay sahilindəki düşərgəsinə
gələrək himayə müqaviləsini imzaladı və
sədaqət haqqında andlı öhdəlik
götürdü. Müqavilə giriş və
11 maddədən ibarət idi. Girişdə
İbrahimxəlil xan və Sisianov təntənəli şəkildə
müqavilə bağladıqlarını bəyan edirdilər.
Müqavilənin birinci maddəsində deyilirdi
ki, İbrahimxəlil xan İrandan, yaxud hər hansı digər
bir dövlətdən asılı olmamağa and içir.
İkinci maddəyə görə Rusiya
imperatoru özü və varisləri adından İbrahimxəlil
xanın və varislərinin və mülklərinin
bütövlüyünün qorunmasını vəd edirdi.
Müqavilənin üçüncü maddəsində
xan hakimiyyətinin ötürülməsi qaydası muəyyənləşdirilirdi.
Qərara alınırdı ki, İbrahimxəlil
xandan sonra hakimiyyət onun böyük oğluna və sonra
eyni qaydada keçəcək. Bu zaman yeni
xana çarın təsdiq fərmanı verilməli idi.
Xan müstəqil xarici siyasətdən imtina edir və
Qafqazdakı rus qoşunlarının komandanı ilə əvvəlcədən
razılaşdırmadan qonşu hakimlərlə əlaqə
saxlamamalı idi, əgər onlardan elçilər, yaxud məktublar
gələrsə, mühümlərini baş komandana göndərməli,
az mühümləri barədə isə xanın yanında
qoyulmuş rus zabiti ilə məsləhətləşməli
idi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 22 iyun.- S.13.