Güney Azərbaycanda ana
dilinin statusunun yüksəldilməsi uğrunda mübarizədə
yeni medianın rolu
4-cü
yazı
“Araz” qəzetinin
məsulu Ə.N.Şeyx Əhməd qəzetin vəziyyəti
barədə Amiliyə məlumat verərək bildirmişdi:
“Ərdəbil əyalətinin məsullarını tənqid
etmək olmur. Hər hansı idarə rəhbərini tənqid
etmək az qala qəzetin bağlanmasına
gətirib çıxara bilir. Biz
çalışırıq ki, qanun çərçivəsində
hərəkət edərək qırmızı xətləri
keçməyək. Biz Azərbaycan
xalqının hüquqlarını müdafiə edirik. Ələlxüsus ana dilində təhsil və Ana
Yasanın 15-ci maddəsinin icra olunmasını istəyirik”.
Görüşdə iştirak edən digər höccətül-islam
Əzimi isə Qurani-Kərimin “Rum” surəsinin 22-ci ayəsinə
istinad edərək demişdi: “Bu ayə dillərin müxtəlif
olması haqdadır. Əgər Allah məsləhət
bilsəydi, bütün insanları birdilli yaradardı. Millətlərin ana dilini məhv etmək, onu
farslaşdırmaq nəzəriyyəsi məntiqə ziddir.
Bu nəzəriyyə türkdillilərin tarixini
təhrif etməkdir”.
Höccətül-islam
Əzimi Sulduz şəhərində çıxan
“Ərmağane-Azərbaycan” qəzetində İran hökuməti
qarşısında qoyduğu tələbləri qruplara
bölərək yazırdı: “Biz
aşağıdakıları istəyirik:
- müxtəlif millətlərin öz ana dilində
təhsil almasının ölkə Təhsil Nazirliyi tərəfindən
həyata keçirilməsini;
- yerli dildə televiziya verilişlərinin
yayımlanmasını;
- türk, kürd və başqa dillərdə
akademiyanın yaranmasını;
-
Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq qanun çərçivəsində
nəşr olunan yerli qəzetlərin fəaliyyətinə
maneələrin törədilməməsini;
- türkdillilərin tarixini təhrif edən şovinist
tarixçilərin qarşısının alınması”.
Əzimi qeyd edirdi ki, “Dövlət orqanlarında işləyənlər
iğtişaş salıb türklərə yuxarıdan
aşağı təhqiredici münasibət göstərirlər. Biz belə
davranışlara qarşı mübarizə etmək istəyirik”.
Beləliklə, hakimiyyətdə təmsil olunan mühafizəkarların
azərbaycanlı nümayəndələri belə ana dilinin
funksiyalarının genişləndirilməsi və bu
mübarizədə uğur qazanmaq üçün vahid
mövqedən çıxış etmək və siyasi cəhətdən
təşkilatlanmağı vacib sayırdılar: “Yerli qəzetlər,
ziyalılar, türkdilli şüurlu tələbələrimiz
siyasi partiyaların olmaması ucbatından təkbaşına
emosionallıqla siyasi təşkilatların da
funksiyalarını öz üzərinə götürüblər.
Partiya və başqa ictimai təşkilatların
yoxluğu üzündən pərakəndə fəaliyyət
göstərirlər”.
“Can Azərbaycan”
qəzetində ana dili ilə bağlı tələblərini
əks etdirən Hüseyn Sədiq “İslam inqilabı və ədəbiyyatımız”
adlı məqaləsində qeyd edirdi: “İslam
inqilabının düşmənləri ədəbiyyatımızın
da qaniçən düşmənləridir. Onlar
yenə də şahənşahlıq dövründə
olduğu kimi, İran türklərinin savadlanmasına,
türkcəni akademik və elmi olaraq öyrənmələrinə
qarşı çıxır, ədəbiyyatı zəiflədirlər.
Bununla da İslam inqilabına zərbə
vururlar”. Müəllif İslam inqilabının nəticələrinin
inkişafı üçün Azərbaycan türkcəsinin
özünə layiq inkişafı və genişlənməsi
üçün gənclərə aşağıdakı
tövsiyələri etmişdi:
1. Öz
dilini övladına öyrətməkdən utanan və
çəkinən hər bir azərbaycanlını
qınayıb, onu bu çirkin və mənfi hərəkətdən
çəkinməyə təşviq edin.
1. Dilimizdə
nəşr olan kitab və mətbuatın hərtərəfli
yayılmasına yardım edin.
2.
Danışdığımız kimi məktublaşma da
türkcə aparılsın.
3. Mədrəsələrdə
və daneşqahlarda dövlət orqanlarının
yardımı ilə türkcə dərs kilasları
açaq və nəşr olan türkcə mətbuat və
kitabları uluslara aparaq.
Müəllif
bu tipli tövsiyələri, eyni zamanda, məsul nümayəndələr
üçün də ünvanlamışdı:
İranın türk əyalətlərində ibtidai məktəblərdə
dərslər türkcə və farsca aparılmalıdır.
Rahnəmai və dəbiristanlarda ən azı,
həftədə iki dərs türkcə tədris edilməlidir.
İranın bütün mötəbər
daneşqahlarında türk dili və ədəbiyyatı
bölmələri açılmalıdır.
Bütün dövlət orqanları fars
dili ilə yanaşı, türkcə mətbuat və kitablar
buraxmalıdırlar. “Fərhəngestane zəban
və ədəb farsi” yanında bu milli inqilabi namusumuzu qurmaq
üçün “Türk dili şöbəsi”
yaranmalıdır. “Mədəni
İnqilabın Ali Şurası”nda da “Türk dili” şöbəsi
yaranmalıdır.
H.Sədiq İslam inqilabını müsbət qiymətləndirir,
lakin hökumət dairələrini inqilabın nəticəsində
əldə olunmuş çox məhdud milli hüquqları
yerinə yetirməyə çağırırdı. Azərbaycan
dilinin qorunması və inkişaf etdirilməsi
baxımından silsilə məqalələrin dərc
olunduğu nəşrlərdən biri də “Dilmanc” dərgisi
idi. Dərgidə ana dili ilə
bağlı elmi, publisistik ma¬teriallar çox geniş əks
olunurdu. Fəridə Əsgərniya, Camal
Ayrımlının və İsmayıl Mədədi Ülkərin
həmin dövri nəşrlərdə işıq
üzü görən bu səpgili məqalələri maraq
doğurur.
Beləliklə,
1979-2005-ci illərdə nəşr olunan mətbu
orqanlarının fəaliyyətini izlədikdə
aşağıdakı nəticəyə gəlinir:
- Bu nəşrlərin
tematikasına nəzər salanda aydın görünür ki,
orada radikal siyasi mübarizə elementləri, siyasi
çağırış və tələblər yoxdur və
ya varsa da qabarıq deyil, onların səhifələrində
ana dili, elementar milli-mədəni haqlar məsələlərinə
daha çox yer verilir.
-
Böyük bir qismi Azərbaycan dilində nəşr olunan mətbu
orqanları fars dilinin mütləq
üstünlüyünü aradan qaldırır, ana dilində
yazıb-oxumağın nəinki mümkün, həmçinin
zəruri olduğunu açıb göstərməyə
çalışırlar.
- Bəzi
hallarda bəsit və kortəbii xarakter daşımalarına,
Azərbaycan ədəbi dili üslubuna riayət
olunmamasına, fars təhsilinin və təfəkkür
tərzinin təsiri altında olub fikirlərin çox halda
dolaşıq şəkildə ifadə edilməsinə
baxmayaraq, bu mətbu orqanlar mütərəqqi və demokratik əhval-ruhiyyəli
olmaları ilə seçilir.
1997-ci ildən yeni media kimi formalaşan internet
resursları qısa bir müddətdə təbliğat
mexanizminə çevrildi. XXI əsrdə internet
dünya miqyaslı, çap mediası ilə müqayisədə
daha geniş fəaliyyət sisteminə çevrilməklə
insanları, xalqları yaxınlaşdırdı,
dünyanı “kiçik bir kəndə” çevirdi. Belə bir dövrdə bir-birindən ayrı
salınmış, hüquqları tapdalanan xalqlar yeni
mübarizə meydanı və vasitələri əldə
etdilər. Müasir informasiya və
kommunikasiya texnologiyaları söz azadlığı
qarşısında yaradılan maneələri aradan
qaldırmağa yardım etdi. İnternet Cənubi
və Şimali azərbaycanlıların
yaxınlaşmasında, vahid Azərbaycan
ideologiya¬sının yayılmasında və azərbaycanlıların
bu ideya uğrunda mübarizəsinin şəbəkəli idarəçilik
əsasında təşkilatlanmasında böyük rol
oynadı və bu istiqamətdə fəaliyyət hazırda
genişlənməkdədir. İranda Azərbaycan
dilinin statusunun yüksəldilməsi, Azərbaycan dilinə fars dili ilə bərabər hüquqların
verilməsi, həmçinin İranda yaşayan azərbaycanlıların
mədəni, siyasi və iqtisadi hüquqlarının təmin
edilməsi uğrunda həm İranda yaşayan, həm də
mühacir ziyalıların mübarizəsinin əlaqəli təşkilatlanmasında
yeni medianın rolu danılmazdır. Həm yerli
və diaspor təşkilatlarının, həm də mətbuat
orqanlarının internet saytları vasitəsilə yayılan
informasiyaları çox böyük əhəmiyyət kəsb
edir və tədqiqat işində məhz bu saytlarda olan
informasiyalara da istinad edilib. Bu sırada www.akbar-rooz.com; www.varliginsesi.com;
www.gamoh.org; www.tribun.com; www.deergIlerfestIvalI.18.com; http:azerbaijan -
conqress.com; http:www.gunaskam/com; www.türkfederasyon.com; www.amc.org;
oyrenci.orq; araznewes.net; gunaz.tv; gunazport.com; tebrizsesi.com; arkqalasi.com;
http://az.azadtribun.net; shamstabriz.com; achiq.orq; danulduzu.20.com;
meskin-students-bt.bloqfa.com; ardabil.net; azbil.top.com; sayan.bloqfa.com və
digər saytlarda yerləşdirilmiş informasiyalardan istifadə
edilib.
Bu sırada “Günün xəbərləri” mətbuat
orqanının www.ahbar-rooz.com saytında Cənubi Azərbaycanda
dil problemi ilə bağlı yayımlanan məqalələri
xüsusi maraq doğurur. Həmin saytda Vahid Qarabağlının
“Dil bəşəriyyətin mədəni xəzinəsi kimi”
sərlövhəli məqaləsində İranın Azərbaycan
dilinin məhv edilməsi istiqamətindəki siyasəti pislənilir,
dilin məhv edilməsi millətin məhv edilməsi kimi qiymətləndirilirdi.
“Tribun” dərgisinin www.tribun.com saytında eyni mövzulu
məqalələr yayımlanırdı. Burada Tehran, Təbriz, Urmiya,
Ərdəbil, Zəncan, Meşkin, Əhər və Azərbaycanın
bir çox şəhərlərində şeir gecələrinin
qurulması və türkcə yazıb-oxumanın məqsədli
şəkildə həyata keçirilməsi haqqında məlumatlar
yerləşdirilirdi. Saytda Rza Bərahaninin Azərbaycan
dilinin inkişaf tarixi haqqında yayımlanan tədqiqatları
böyük maraq və əhəmiyyət kəsb edirdi.
Rza Bərahani İranda insan
hüquqlarının pozulması, milli dillərin
assimilyasiyası, milli mədəniyyətlərə və ilk
növbədə Azərbaycan mədəniyyətinə
qarşı təzyiqlər haqqında məlumat verir,
ayrı-ayrı siyasi rejimlərin hakimiyyəti dövründə
Azərbaycan dilinin mövqeyini analiz edir. “Tribun”un veb-səhifəsində dillə bağlı
ya¬yımlanan maraqlı araşdırmalardan biri də
Siyavuş Hüseynəlizadə- nin “Dil psixolojisi” adlı məqaləsi
idi. Millətin və milli şüurun formalaşmasında
dilin psixoloji təsir xüsusiyyətlərini öyrənən
müəllif, belə qənaətə gəlir ki: “dilin dəyişməsi
düşüncənin, kişiliyin, kimliyin dəyişməsinə
gətirib çıxarır”. Siyavuş
Hüseynəlizadə əmindir ki, dilin tələffüz
xüsusiyyətləri millətin üz cizgilərinin,
fizionomiyasının formalaşmasında da əhəmiyyətli
rola malikdir.
Azərbaycan dili ilə bağlı maraqlı məqalələrin
çap olunduğu saytlardan biri də shamstabriz.com-dur. Burada “Ana
dilində təhsilin vacibliyi” haqqında yerləşdirilən
məqalə xüsusi maraq kəsb edir. gunazport.com
saytı da güney azərbaycanlıların
hüquqlarının qorunması uğrunda mübarizə
aparırdı. Tebrizsesi.com saytı da cənubi
azərbaycanlıların milli, mədəni, siyasi və digər
hüquqlar uğrunda mübarizəsini əks etdirən
tribunalardan biri idi. Saytda həm Güney, həm
də Quzey Azərbaycanın ictimai inkişaf tarixi, müasir
siyasi vəziyyəti, xüsusilə də Qarabağ
münaqişəsi ilə bağlı məqalələr yer
alırdı.
Qeyd olunan internet resurslarının hər birində
bütöv Azərbaycan ideologiyası təbliğ olunurdu. Həmin
saytlarda Azərbaycanın müasir inkişaf istiqamətlərini,
mövcud problemlərini, xüsusilə Qarabağ problemi ilə
bağlı vəziyyəti təhlil edən məqalələr
yayımlanırdı. Qeyd edilən veb-səhifələrin
Güney Azərbaycanın müstəqilliyini, cənubi azərbaycanlıların
azadlıq uğrunda mübarizəsini, İran şovinizminin
assimilyasiya siyasətinin ifşa olunması istiqamətində
diasporun fəaliyyətini əks etdirən məlumatlar yer
alırdı. Beləliklə, cənubi azərbaycanlılar
mübarizələrini həm də virtual məkanda aparmaqla
onun miqyasını, təbliğ və təsir dairəsini
genişləndirə bildilər. Bu da ana
dili uğrunda mübarizənin şəbəkəli təşkilatlanmasına
və idarə edilməsinə şərait yaratdı.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 22 iyun.-
S.14.