Avropa və Amerikada yaşayan Güney Azərbaycanlıların
diasporunun fəaliyyətində ana dili məsələsi
1-ci yazı
İnternet, həmçinin dil
sferasında assimilyasiyanın ən təsirli, təhsil sistemi
ilə müqayisə edilə biləcək, bəlkə də
ondan daha təsirli vasitədir. İnternet resursları təhsildən
sonrakı dövrdə assimilyasiyanı davam etdirən,
genişləndirən, gücləndirən bir vasitəyə
çevrilib. İnternet ictimai, siyasi,
iqtisadi mədəni, məişət və bütün digər
sferaların universal əlaqə, bilik, məlumat vasitəsi və
mənbəyi olduğundan onun təsiri qat-qat artıqdır.
İranda əksər mərkəzi, regional, yerli internet
resurslarının fars dilində olması
onun assimilyasiya gücünü qat-qat artırır. Nəinki
İranda, eləcə də Güney Azərbaycanda Azərbaycan
dilində internet resursların azlığı, olanların da
rejimə xidmət etməsi ana dilinin ictimai həyatın ən
“milli” sahələrindən belə
uzaqlaşdırılmasına şərait yaradır, xaricdə
təşkil olunmuş internet saytlarının Azərbaycan
dilinin hüquqları və funksiyalarını genişləndirmək
səyini auditoriyasının məhdudluğu səbəbindən
asanlıqla neytrallaşdırır. İranda
medianın, o cümlədən internetin dövlət nəzarəti
altında olması Azərbaycan dilində saytların
yaradılmasını çətinləşdirsə də
qeyri-mümkün etmir. Ona görə Azərbaycan
dilində fəaliyyət göstərən internet resurslarının
yaradılması birinci dərəcəli əhəmiyyət
daşıyır. Azərbaycan türkcəsində
internet resurslarının çoxluğu Azərbaycan dili
uğrunda mübarizənin ön cəbhəsidir və onun
mövcudluğunun təminatçılarından biridir.
Azərbaycan mühacirətinin tarixi
çox qədimdir. Azərbaycanlıların öz tarixi vətənlərindən
(burada söhbət həm Quzey, həm də Güney Azərbaycandan
gedir) hicrət tarixinin başlanğıcı ilə
bağlı konkret nə isə demək mümkün deyil.
Bu proses həmişə baş verib. Çünki
mühacirət hər bir xalqın tarixində yaşanan davamlı,
arasıkəsilməz bir sosial hərəkatdır. Mühacirətdə nümayəndəsi və ya
icması olmayan heç bir böyük xalq yoxdur. Azərbaycan diasporunun təşəkkül tapıb
sosial bir faktor, ayrıca qüvvə kimi meydana
çıxması hər zaman baş verib.
Məsələyə “diaspor” məfhumunun
hazırda daha çox ictimai funksionallıq və milli
şüurun inkişafı kontekstində əsas
götürülən müasir anlamı baxımından və
konkret olaraq Güney Azərbaycan hüdudları çərçivəsində
yanaşdıqda isə onu söyləmək olar ki, güney
azərbaycanlıların dünya ölkələrinə nəzərəçarpacaq
sayda və kütləvi şəkildə yayılması əsasən
son 100 ilin hadisəsidir. Başqa sözlə,
xaricdəki Güney Azərbaycan diasporunun təşəkkül
tarixi böyük nisbətdə XX əsrin əvvəllərindən
etibarən hesablanmalıdır. Amma burada
belə bir məqamı bir daha xüsusi vurğulamaq
lazımdır ki, bu təsnifat şərti xarakter
daşıyır. Söhbət azərbaycanlıların
epizodik mühacirət aktlarından, onların
yaşadıqları ölkələrdə hətta çox
məhdud tərkibdə icmalaşmasından gedirsə, bu tarix
daha böyükdür. Amma bizim tədqiqatımız
konkret tarixi dövrü (XX əsrin 70-ci illərindən
çağdaş dövrə qədərki müddət) əhatə
etdiyindən qaldırılan məsələyə qısaca nəzər
salacağıq.
Azərbaycan mühacirətinin tarixi
spesifik tarixdir və o, heç bir xalqın mühacirəti ilə
müqayisə oluna bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan
mühacirəti XIX əsrdə iki yerə parçalanan, iki
ayrı və çox fərqli imperiyanın zülmü
altında, çox fərqli siyasi sistemlərin və
ideologiyaların təsirinə məruz qalan, son 200 ildə gərgin
ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddülatların,
çoxsaylı inqilab və çevrilişlərin episentrində
olan bir xalqın mühacirətidir. Doğrudur, bu gün
dünyada parçalanmış xalqlar və onların diasporu
az da olsa var. Amma hazırda Quzey Amerikadakı və Uzaq Şərqdəki
çoxsaylı Çin diasporu ilə Azərbaycan diasporu
arasında ciddi fərqlər var. Bu fərqi şərtləndirən
ən böyük amil ana dili və milli mədəniyyətin
daşıyıcısı və ifadəçisi olmaq
problemidir. Ancaq Çin dili və ya mədəniyyəti
nə Çin, nə də Tayvan mənşəli çinli
üçün yad və anlaşılmaz deyil. Ona görə də, tutaq ki, ABŞ-dakı
çinli icmasının klassik anlamda diaspor kimi
formalaşması və təşkilatlanması prosesi
çox rəvan getmişdir. Belə ki, bu ölkədə
hətta çinli mühacirlərin kompakt halda
yaşadığı, öz dilində orta təhsil
aldığı, TV və qəzetlər aça bildiyi əlahiddə
şəhərciklər (şəhərlər içindəki
bu cür qapalı şəhərciklərə “çayna-
taunlar” deyilir) var. Buna görə də burada köhnə və
yeni nəsil mühacirlər, yaxud üçüncü nəsildən
olan emiqrantlar problemi yaşanmır. Bu isə həmin
icmanın milli şüuru və milli mənlik amilləri zəminində
yaxınlaşmasını daha da sürətləndirən
amildir.
Azərbaycan diasporunun özünün
çox spesifik bir sosial orqanizm olduğunu anlamaq
üçün gətirdiyimiz bu nümunədən
çıxış edərək söyləyə bilərik
ki, burada çoxsaylı obyektiv problemlər var. Onlardan ən başlıcası
budur ki, hazırkı Azərbaycan diasporu üç fərqli
siyasi və dövlət sisteminə, fərqli sosial-mədəni
inkişaf səviyyəsinə, sosial tərbiyəyə,
davranışa və təcrübələrə, fərqli
icti¬mai baxışlara malik iki müxtəlif ölkədən
- İrandan Güney (Azərbay¬can) və SSRİ-dən (Quzey
Azərbaycan, 1991-ci ildən sonra isə müstəqil Azərbaycan
Respublikası) çıxmış azərbaycanlı
müha¬cirlər ordusundan təşəkkül tapıb. Bu fərqlər özünü azərbay¬canlıların
milli konsolidasiyası prosesində mütləq göstərir.
Özü də təəssüf ki, çox vaxt
neqativ planda göstərir.
Mövzudan kənara çıxmamaq şərti
ilə qısaca onu deyə bilərik ki, 1991-ci ildən - Azərbaycanın
quzeyində müstəqil milli dövlət yaranandan bu günə
qədər iki ölkədən çıxmış azərbaycanlıların
nümayəndələrinin birləşdiyi heç bir
güclü və effektiv diaspor təşkilatı
yaranmayıb və ya bu istiqamətdəki azsaylı təşəbbüslər
uğursuz olub. Məsələyə
XX əsri əhatə edən mühacirətin səbəbləri,
dalğaları, sosial şərtləri prizmasından
yanaşdıqda cənubi azərbaycanlıların mühacirətində
üç əsas dövrün olduğu aydın
görünür:
1) XX əsrin 20-40-cı illərindəki
dalğa;
2) II Dünya müharibəsindən sonra
başlayıb 1979-cu il İran İslam
inqilabına qədər davam edən dalğa;
3) inqilabdan sonrakı
dalğa.
Bu köç dalğalarının hər
birinin özünəməxsus səbəbləri, ictimai motivləri
və sosial təbiəti var. Birinci mərhələdə
güneylilər ikinci vətən kimi əsasən Avropa
ölkələrini seçirdilər. Bəhs olunan dövrdə
onların Amerika ölkələrinə (əsasən ABŞ
və Kanadaya) kütləvi axını cüzi istisnalarla
müşahidə edilməyib. Bu
dövrü səciyyələndirən ən qabarıq cəhət
həmin dalğada siyasi mühacirlərin olmama¬sı, yaxud yox
dərəcəsində olmasıdır. Bu
mərhələdə mühacirəti daha çox şərtləndirən
amil iqtisadi, qismən də sosial xarakterli idi. Başqa
sözlə, bu mərhələdə daha çox tacirlər,
iş adamları və qismən də təhsil almaq
üçün Avropa ölkələrinə (ən çox
da Almaniya, Fransa və Belçikaya) gedən gənclər
mühacirət etmişdi. O dövrdə Güney Azərbaycandan
mühacirət edənlərin çoxu elitanın nüma¬yəndələri
idi. Ölkədən kapitalı və ailəsi
ilə birgə köçən Güney Azərbaycan biznes
dairələrinin nümayəndələrinin Avropaya
axını 30-cu illərdə daha güclü idi. Burada o zamankı beynəlxalq vəziyyətin də
müstəsna rolu vardı. Belə ki, faşist
Almaniyası ilə İranın münasibətləri
çox isti olduğundan bu ölkə iranlı iş
adamla¬rının mühacirətini açıq-aşkar təşviq
edir, onlara burada işləmək, təhsil almaq və
naturallaşmaq üçün maksimum yaxşı şərait
yaradırdı. İş o yerə
çatmışdı ki, 30-cu illərdə təkcə
Almaniyada deyil, Avropanın digər iri şəhərlərində
də Güney Azərbaycan mənşəli tacirlər
zümrəsi yaranmışdı. Onların
əksəriyyəti sonradan bir daha geri qayıtmadı. Bu dalğada köçənlərin törəmələri
hətta bu gün də Avropada yaşamaqdadır. Eyni sözləri 20-30-cu illərdə Avropaya təhsil
almaq məqsədilə gedib bir daha geri dönməyən cənublular
haqqında da söyləmək olar.
II Dünya müharibəsindən sonra
başlayıb 1979-cu il İran İslam
inqilabına qədər davam edən ikinci mühacirət
dalğası birinci ilə müqayisədə həm say, həm
də sosial tərkib nöqteyi-nəzərindən xeyli əhatəli
idi. Bu mühacir kütləsinin strukturunda həm
kəmiyyət, həm keyfiyyət baxımından ciddi dəyişikliklər
nəzərə çarpır. Əvvəla,
bu dalğa daha çox sayda insanı əhatə edirdi.
İkincisi, Güney Azərbaycan cəmiyyətinin az qala bütün sosial təbəqələrinin
nümayəndələri bu axına qoşulmaq imkanı
qazanmışdı. Birinci mərhələdə
yalnız yuxarı təbəqənin, daha varlı
adamların, xüsusilə də orta təbəqələrin
mühacirəti izlənirdisə, ikinci dövrdə hətta
kənd yerlərindən olanlar da, orta və kasıb təbəqələrin
təmsilçiləri də mühacirətə getməyə
başlamışdı.
Üçüncüsü, bu dövrdə
mühacirətin coğrafiyası da genişlənmişdi. Şah hökumətinin
ABŞ-la strateji tərəfdaşlıq siyasəti
yürütməsi azərbaycanlıların İran
mühacirətinin tərkibində ABŞ və Kanadaya gedən
yolunu da açmışdı. Dördüncüsü,
bu mərhələdə mühacirəti şərtləndirən
səbəblərin siyahısı yetərincə genişlənmişdi.
Başqa sözlə, 50-70-ci illərdə xaricə
mühacirət edən cənublu azərbaycanlılar ölkədən
həm iqtisadi (iş qurmaq, sərmayə yatırmaq), həm
sosial (əsasən təhsil almaq, hətta evlilik səbəbi
ilə), həm də siyasi (60-ci illərdəki “ağ inqilab”
repressiyalarından qaçaraq) səbəblərdən
gedirdilər. Bu dövr azərbaycanlıların
mühacirətinin ən intensiv mərhələlərindən
sayılır.
Güney azərbaycanlıların
mühacirətinin üçüncü dalğası isə
1979-cu il İran İslam inqilabından
sonra başlayıb və bu günə qədər davam edir. Bu mərhələ cənubluların siyasi
mühacirətinin ən yüksək zirvəsini təşkil
edir. Həmin dalğa sosial tərkibinə
görə çox rəngarəngdir. Bura gənclər,
orta və yaşlı nəslin nümayəndələri,
şəhərlilər, kəndlilər, təhsillilər, təhsilsizlər,
ətalətli kütlə, siyasi cəhətdən fəal
olanlar, siyasi mübarizəni uduzaraq hakimiyyətə gələ
bilməyən sol fikirli inqilabçılar və
islahatçılar, hakimiyyəti əlində saxlaya bilməyən
iqtidar yönümlü və şahçı-mühafizəkarlar
daxildir. Bu mərhələnin ən xarakterik
xüsusiyyəti siyasi motivin aparıcı və daha
qabarıq olması, passionar qüvvələrin
çoxluğudur. Mühacirətin əsas
səbəbləri çoxmillətli ölkə olan
İran¬da insan hüquq və azadlıqlarının məhdudlaşdırılması,
millətlər arasında ayrı-seçkilik siyasəti,
siyasi, mədəni fəaliyyətin demək olar ki, qadağan
edilməsi, iqtisadi böhran, işsizlik və təhsil
imkanlarının məhdudluğu idi. Bu zaman bir məsələyə
də xüsusi diqqət yetirmək lazımdır ki,
İranı tərk edib yaşamaq və ya işləmək
üçün xaricə üz tutanlar arasında təkcə
azərbaycanlılar, ərəblər, bəluclar yox, farslar
da var. Digər qruplardan fərqli olaraq sonuncular milli haqları
uğrunda yox, İranda sadəcə hakimiyyət dəyişikliyi
uğrunda mübarizə aparırdılar və əksəriyyəti
hətta sonradan şahçılara və
respublikaçılara qoşulurdu.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.-
2018.- 23 iyun.- S.14.