Güney azərbaycanlıların
diasporunun meydana gəlməsi və təşkilatlanması
2-ci yazı
Dil uğrunda ictimai-siyasi mübarizə
problemini Güney Azərbaycan diasporunun fəaliyyətinin əsas
hissəsi kimi araşdırdığımız bu tədqiqatın
əsas obyekti də əsasən elə bu dalğada
mühacirət edənlər və onların ictimai fəaliyyətidir. Qeyd etdiyimiz kimi, bu dalğa
mühacirlər arasında siyasi cəhətdən aktiv fərdlərin
- cənublu hərəkatçıların
üstünlük təşkil etməsi ilə xarakterizə
olunur. Güneyli hərəkatçı
isə ilk növbədə ana dili və elementar milli
hüquqlar uğrunda mübarizə aparan, siyasi cəhətdən
hazırlıqlı və təcrübəli, artıq milli
özünüdərk mərhələsini keçmiş
passionar qüvvə deməkdir. Əsasən
bu nəsildən olan Güney Azərbaycan diasporu milli-ictimai fəaliyyətlə
məşğul olub.
Azərbaycan diasporunun
parçalanmış xalqın mühacirəti əsasında
formalaşması özü ilə başqa bir çətinlik
də gətirib. Bu da dünyanın hər yerinə səpələnmiş
mühacirlərın sayı ilə bağlıdır. Bu gün dünyada nə qədər azərbaycanlının
yaşaması, yəni Azərbaycan diasporunun da sayı məsələsi
mübahisəlidir. Bunun da obyektiv səbəbi var. Quzey
Azərbaycandan çıxan mühacirləri məskunlaş¬dıqları
ölkələrdə “rus” və ya “sovet vətəndaşı”,
Güney Azərbay¬candan olanları “iranlı”, bəzən hətta
“fars”, Türkiyə mənşəliləri isə “türk”
kimi qeydə alıblar. Amma burada bir məsələ
dəqiqdir ki, hazırkı Azərbaycan diasporunun ən
çoxsaylı hissəsini cənublu mühacir azərbaycanlılar
təşkil edir. Bu da üç amillə
bağlıdır. Birincisi, dünya
üzrə ən çox azərbaycanlı İran ərazisində
(Güney Azərbaycanda, habelə Tehranda və İranın
digər şəhərlərində) yaşayır. Onların ümumi sayının 30 milyondan çox
olduğu ehtimal edilir. Məsələyə
sadə arifmetik hesablama əsasında yanaşanda da
görünür ki, Güney Azərbaycanın xaricə
mühacir “ixrac etmək” üçün demoqrafik
potensialı daha böyükdür. İkincisi,
Güney azərbaycanlıların Avropa və Amerika qitələrinə
mühacirət etmək imkanları şimallılardan xeyli əvvəl
və daha geniş olub. Üçüncü
səbəb İranda, o cümlədən Güney Azərbaycanda
baş verən icti¬mai-siyasi və sosial iqtisadi proseslərin spesifikasında
və mahiyyətində gizlənir. Bunlar
SSRİ (Şimali Azərbaycan) və Türkiyədəki azərbaycanlıların
həyatında baş vermiş ictimai-tarixi proseslərdən
tamamilə fərqli proseslər idi.
Beləliklə, hazırda Azərbaycan
diasporunun, o cümlədən mühacirətə gedən cənublu
azərbaycanlıların dəqiq sayı barədə
yuxarıda göstərilən səbəblər üzündən
konkret söz demək olmur. Diasporun coğrafiyasına gəlincə isə o, kifayət
qədər genişdir - ABŞ və Kanadadan, Avstraliya və
Yeni Zelandiyadan Hindistana, Avropa ölkələrindən Asiya qitəsinə
qədər uzanır.
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr boyunca
bir neçə mühacirət dalğası nəticəsində
təşəkkül tapmış Güney Azərbaycan
diasporunun heç bir diasporda rastlaşmayan spesifik xüsusiyyətləri
var. Bu spesifika: a) azərbaycanlı mentalitetilə; b) Vətənin
parçalanmış vəziyyətindən yaranan
özünəməxsusluqlar; c) Qərb sivilizasiyasına
inteqrasiya yolunu seçmiş azərbaycanlıların Qərb-Şərq
fərqlərindən törəyən təzadların təsirlərinə
məruz qalmaları ilə şərtlənir.
Dünyanın müxtəlif ölkələrinə
səpələnmiş azərbaycanlıların sosial-mədəni
oriyentasiyası, milli şüur səviyyəsi və iqtisadi
durumu arasında ciddi fərqlər var. Onların
yaşadıqları ölkələrin sosial, mədəni və
iqtisadi şərtlərinin də göstərdiyi təsir
özünü sonda dias¬pora qruplarının ictimai fəaliyyətində
bu və ya digər dərəcədə büruzə verir.
Müasir Güney Azərbaycan diasporu yetərincə
böyük və mürəkkəb bir etno-siyasi və
sosial-mədəni təsisatdır. Burada Həsən Şəriətmədari, Rza Urmulu
kimi transmilli iqtisadiyyat təmsilçilərinin, İbrahim
Əhrari, Əkbər Behkəlam, Yaqub Zürufçu kimi mədəniyyət
və incəsənət xadimlərinin mənsub olduğu
sosial təbəqələrdən tutmuş savadsız
işçi miqrantlara qədər ən müxtəlif
yarımqruplar müvafiq ardıcıllıqla sıralanır.
Həm bu sosial qruplaşmanın doğurduğu
fərqləri, həm azərbaycanlıların mədəniyyət
və təhsil səviyyəsində fərqləri, həm də
hazırda yaşadıqları ölkələrin fərqli
mühitlərinin təsirini nəzərə alaraq onların
təşkilatlanmasını nəzərdən keçirək.
Çünki
sadalanan amillərin təşkilatlanma prosesinə təsiri əhəmiyyətlidir.
İndiyə
qədər belə təsəvvür var idi ki, xaricdə ilk
Azərbaycan milli təşkilatları Bakıdakı 1988-ci il
meydan hərəkatının təsiri altında yaranıb.
Bu, kökündən yanlış fikirdir. Doğrudur,
diasporun, o cümlədən cənublu mühacirlərin Quzey
Azərbaycandakı ictimai-siyasi durumdan şaquli
asılılıq vəziyyətinə düşməsi, bu
olayların təsiri altında təşkilatlanması məhz
o vaxtdan müşahidə olunur. 20 Yanvar faciəsi və
dövlət müstəqilliyinin əldə edilməsi güney
azərbaycanlıların milli ideya ətrafında sıx birləşərək
təşkilatlanmasına həlledici təkan vermişdi. Amma nəzərə almaq lazımdır ki, Avropada
ilk Azərbaycan təşkilatları (özü də
sırf milli dil, milli mədəniyyət, milli kimlik
şüarları ilə) güneyli mühacirlər tərəfindən
Quzey Azərbaycanda başlayan milli-azadlıq hərəkatından
xeyli əvvəl - hələ 80-ci illərin əvvəllərində
qurulub. Bu prosesin mərkəzi Almaniya idi. Bu da səbəbsiz
deyildi. Güney azərbaycanlıların Avropada böyük
sayda yaşadığı və Güney Azərbaycan
diasporunun milli zəmindəki fəaliyyətinin ən
güclü olduğu ölkə Almaniyadır. Burada bir neçə faktorun rolu var.
Birincisi artıq vurğuladığımız kəmiyyət
(say) amilidir. İkincisi, ənənələr və indiyə qədərki
təcrübə amilidir. İran mənşəli
mühacirlər bu ölkədə hələ XX əsrin
30-cu illərindən çoxsaylı, fəal və mütəşəkkil
olublar. Üçüncüsü
parçalanmış ölkə olmaq təcrübəsini
yaşamış Almaniya dövlətinin
parçalanmış xalqın nümayəndələri olan
azərbaycanlıların bu tipli təşəbbüslərinə
aşkar-gizli rəğbətlə yanaşması amilidir.
İkinci amildən danışsaq deyə bilərik
ki, Almaniyada hələ 70-ci illərdə də güneyli
mühacirlərin yaratdığı, özü də zahirən
sol baxışların çətiri altında, amma sırf
milli məzmunda qurduğu Azərbaycan təşkilatları
var idi. Bəlli olduğu kimi, Almaniya
iranlı tələbələrin təhsil aldığı
ölkələr arasında həmişə öndə olub.
Şah hökumətinin dəstəkləyib təşviq
etdiyi Qərb yönümlü təhsil siyasəti 50-70-ci illərdə
İrandan Avropa və ABŞ-a, o cümlədən Almaniyaya,
Fransa, Belçika və Böyük Britaniyaya böyük bir
tələbə-gənc kütləsinin axışmasına
səbəb olmuşdu. Bu kütlədə
minlərlə cənublu da var idi. 60-cı
illərdə Qərbi Avropanı bürüyən və
sosial haqsızlığa, milli zülmə, dini və irqi
ayrı-seçkiliyə etirazını ifadə edən
solçu tələbə hərəkatı bu cərəyanın
içində olan güneyli mühacirlərə təsir
etmiş, onların dünyagörüşündə, mütərəqqi
ideyalar mənimsənməsində ciddi rol
oynamışdı. Beynəlxalq tələbə
hərəkatı milli zülmə etiraz edərkən bu hərəkatın
sıralarında Afrikaya azadlıq tələb edən,
Çexoslovakiya hadisələrini pisləyən cənublu gəncin
öz xalqının parçalanmış durumu haqda
düşünməməsini zənn etmək sadəlövhlük
olardı. Bu tələbə hərəkatında
müəyyən təcrübələr toplamış
güneyli gənclərin bir çoxu təhsilini başa
vurandan sonra geri - İrana qayıtmayaraq Avropada
qalmışdılar. Tələbə hərəkatı
onları artıq milli məsələyə çox
yaxınlaşdırmışdı. Fəaliyyət
dairəsi bütün Avropanı əhatə edən
İranlı Tələbələr Konfederasiyasının (mərkəzi
Almaniyada idi) sıralarında xeyli sayda cənublu mühacir
vardı. Onlar bu qurumun çərçivəsində
hətta açıq milli tələblərlə
çıxış etməyə, milli kimlik, dil
azadlığı məsələlərini müzakirələrə
çıxarmağa başlamışdılar. 60-70-ci
illərdə Almaniyanın Qərbi Berlin, Hamburq, Köln, Han-
nover, Maynts universitetlərinin tələbə
yataqxanalarında cənublu tələbələrin
iştirakı ilə mütəmadi olaraq toplantı, disput və
müzakirələr keçirilir, parçalanmış Azərbaycan,
Güneydə dil və milli mədəniyyət məsələləri
qızğın müzakirə edilirdi. Söz
yox ki, belə müzakirələr Güney Azərbaycanın
müstəqilliyini tələb etmək
çağırışlarına qədər gedib
çıxmırdı. Həmin tələbə-gənclik,
ümumiyyətlə İranlı Tələbələr
Konfederasiyası solçu baxışların
daşıyıcısı idi. Güneylilər
məhz solçu siyasi baxışlardan çıxış
edərək İran daxilində federasiya tərəfdarı
kimi çıxış edirdilər, yəni federalistlər
idilər. Onlar hər cür açıq
antirejim çağırışlardan qaçaraq Güney Azərbaycana
İran sərhədləri daxilində yalnız dil və mədəniyyət
azadlığı tələb edirdilər. Bu tələblər öncə əsasən
güneyli tələbələrin hər həftə
yataqxanalarda qurduğu ədəbi-musiqili gecələrdə və
disputlarda səslənirdi. Milli haqlar
uğrunda mübarizənin bu tipli tədbirlər formasında
aparılması həmin mübarizəyə hər hansı
siyasi-ideoloji damğa vurulmasına yol verməməyə xidmət
edirdi. Amma zaman keçdikcə milli dil və
mədəniyyət tələbləri açıq şəkil
almağa başladı. İranlı Tələbələr
Konfederasiyasının 1976-cı ildə Almaniyada
keçirilmiş I konqresində cənublu tələbələrin
təkidi ilə Azərbaycan Komitəsi yaradıldı. Komitə Güney Azərbaycanın İran daxilində
milli-mədəni muxtariyyəti tələbini irəli
sürdü. Bəyan olunurdu ki, İran
hakimiyyəti Azərbaycan xalqına öz dilində təhsil
almaq və mətbuat və ədəbiyyat yaratmaq imkanı
verməlidir. Azərbaycan Komitəsinin qərarı
ilə 1976-cı ildən Kölndə Azərbaycan dilində
“Səttarxan bayrağı” adlı qəzet nəşr
olunmağa başlandı. Qəzet 1979-cu
ilə qədər Kölndə, 1979-1980-ci illərdə isə
Təbrizdə nəşr edildi. Azərbaycan Komitəsinin
yaranması və onun milli-mədəni muxtariyyət tələbini
açıq şəkildə qoyması mühacirətdəki
güneyli mühacirlərin milli hüquqlar uğurundakı
mübarizəsinə yeni təkan verdi. Bunun nəticəsi özünü onların primitiv
səviyyədə olsa belə hər halda milli ideya ətrafında
təşkilatlanmasının daha da güclənməsində
göstərirdi. Bu dövrdə Azərbaycançılıq
məfkurəsinin mühacirlərdən ötrü prioritet
olduğunu iddia etmək çətindir. Həmin
dövrdə siyasi şüur milli şüuru üstələyirdi.
Ancaq fakt budur ki, milli məsələ artıq onların
fəaliyyətində özünə əhəmiyyətli
yer tutmağa başlamışdı.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 26 iyun.- S.14.