“Azərbaycan kinosu 120: tarixi, bu
günü və gələcək inkişaf perspektivləri”
Uzun illər Azərbaycanda kino
sənətinin yaranma
tarixi 1916-cı ildən hesablanırdı. Həmin il ekranlara
İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında çəkilmiş eyniadlı film çıxarılıb. Lakin 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino
tarixinin 1898-ci
ildən başlandığı
sübut olundu. Həmin il avqustun
2-də Anton Mişonun çəkdiyi “Balaxanıda neft
fontanı” adlı ilk film
Bakıda nümayiş etdirilmişdi.
Bununla da Azərbaycanda kino
sənətinin yaranma
tarixi dəqiqləşdirilib. Milli kinomuzun himayədarı ulu öndər Heydər Əliyevin 2000-ci
il 18 dekabr tarixli
sərəncamı ilə hər il 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.
Qeyd edək ki,
“Azərbaycanfilm”də indiyədək iki minə
yaxın müxtəlif növ və
janrda film
istehsal olunub. “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”,
“Sevinc buxtası”,
“İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına layiq görülüb. “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”,
“Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri beynəlxalq kinofestivalların mükafatlarını
alıb.
***
1991-ci ildə
Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında
keyfiyyətcə
yeni məqsəd və vəzifələr qoyub.
Azərbaycanda milli
ideologiyanın
və cəmiyyətin yeni inkişaf modellərinin qurulması
və digər bu
kimi sosial
problemlər
humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilib. 1990-cı
ildən sonra Azərbaycan kinosunda
(1990-2000) çəkilən filmlərin sayı
əvvəlki illərə nisbətən az
olub. Bununla
belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə
biləcək filmlər çəkiblər ("Yarasa" (rejissor A.Salayev), "Özgə
vaxtı" (rejissor H.Mehdiyev), Vaqif
Mustafayevin filmləri).
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olub. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirib, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli
ekran əsərləri yaratdıqlarını xüsusi vurğulayıb. Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi
dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı
və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın
kino sənəti xadimlərindən öz qayğı və
məhəbbətini əsirgəmədi. Azərbaycanın
kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehtiyevin,
Cavanşir Mehtiyevin, Yavər Rzayevin,
Nicat Feyzullayevin,
Ayaz Salayevin,
Eldar Quliyevin,
Rasim Ocaqovun,
Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülüb.
***
Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası
Kinematoqrafçılar
İttifaqının icraçı
katibi, Cəmil Quliyev
bildirib ki,
120 il ərzində
Azərbaycan kinosu şərəfli bir
yol keçib, salnaməsi yaranıb. Bu kino salnaməsinin formalaşmasında ümummilli lider
Heydər Əliyevin əvəzsiz, misilsiz xidmətləri olub:
“Ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni
inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun
təşəbbüsü ilə ekrana çıxdı,
Azərbaycan kinosunun ən
maraqlı nümunələrindən biri olan
“Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti
yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə respublikamızda kino
sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi
qərar qəbul olundu. Məhz Heydər Əliyevin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu”.
Cəmil Quliyev bildirib ki, ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu
sahəyə dair ilk
sərəncamlarından
biri Dövlət Film Fondunun yaradılması barədə oldu ki, bununla da o,
Azərbaycan filmlərini məhv olmaqdan qorudu.
O, 1998-ci ildə “Kino haqqında” qanunun qəbul olunmasının əhəmiyyətini qeyd
edib: “Bu qanun Azərbaycan kinosunun hüquqi bazasını yaratdı. 2000-ci ildən biz
ulu öndərin sərəncamı ilə peşə bayramımızı, 2 avqust - Milli Kino
Gününü qeyd etməyə başladıq”.
***
Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov
bildirib ki, son zamanlar böyük ölçüdə yeni filmlər
çəkilir. Onlardan bir çoxu ölkəni xarici festivallarda ləyaqətlə təmsil edir. Amma onların arasında elələri də var ki, bir çox hallarda tənqid hədəfinə çevrilirlər. Bir sözlə, kəmiyyət heç də həmişə keyfiyyət
demək deyil.
Onun sözlərinə görə,
2008-2018-ci illərdə kinonun inkişafına həsr olunan
proqramlar sayəsində “Azərbaycanfilm” kinostudiyası
bir sıra uğurlu layihələr həyata keçirib ki, hazırda onlar
ölkəmizi dünyada təmsil edir.
"Ölkədəki film
çəkilişləri ilə
bağlı situasiyanı ümumilikdə
qiymətləndirsək, kəmiyyət baxımından o rekord
həddədir. Tammetrajlı
kinofilmlərin
istehsalına
müstəqil prodüser şirkətləri də qoşuldu. Onlar böyük həcmdə, xüsusilə komediya əsaslı
yeni filmlər təqdim etdilər. Bu filmlərdən bir çoxu pul yığmaqda hətta ən
yaxşı Amerika
kinolarını
da arxada
qoyublar. Mən onların bədii keyfiyyətlərini nəzərdən keçirmirəm, amma ümid edirəm ki, kəmiyyətin keyfiyyətə
keçməsi qanunu
burada da
işləyəcək” — Hətəmov deyib.
Mütəxəssisin fikrincə, müasir kinonun
problemləri
istehsalın
bütün mərhələlərində prosesi tənzimləyəcək bir sistemlə
bağlıdır ki, bu da təkcə Azərbaycanla əlaqədar deyil. SSRİ-nin süqutundan sonra bütün postsovet ölkələri kinematoqrafda işçi
mexanizminin olmaması
problemi ilə
qarşılaşdılar. Kinostudiyanın
direktorunun dediyinə
görə, hazırda bütün istehsalat məsələləri yeni yolla
tənzimlənir və
ölkəyə çəkiliş üçün
ən yaxşı
avadanlıqlar
gətirilir. Bu isə
texniki cəhətdən dünya standartlarına yaxınlaşmağa kömək edir.
“Çoxlu işləmək lazımdır ki, dünyada bizim
musiqimizi, incəsənətimizi və
mədəniyyətimizi tanısınlar. Bu
mənada kinematoqraflara həm asandır, həm də çətin. Bu, incəsənətin bütün növlərindən ən baha
başa gələnidir. Hazırda biz lazımi əlaqələri qurmuşuq, qalıb yaxşı filmlər yaratmaq. Biz hazırda bunun
üzərində işləyirik. Bu məsələdə avropalılara və
amerikalılara
oxşamaq lazım deyil. Biz heç
vaxt onlar
kimi kino
çəkə bilməyəcəyik, biz öz filmlərimizi çəkməliyik” – Hətəmov bildirib.
Məşhur
rejissor İlqar
Safat da
hesab edir
ki, əgər 10 il və daha əvvəlki dövrü xatırlasaq, hazırda kino
istehsalında
vəziyyət bir
qədər yaxşıdır. Azərbaycan kinematoqrafı tədricən çətin vəziyyətdən çıxaraq
özünü bərpa edir.
"Bizimkilərin
ən böyük problemi odur
ki, bizim filmlər tamaşaçıya çatmır. Ona
görə onları nümayiş etdirmək lazımdır. Filmlər çəkilir və
unudulub gedir”
– rejissor deyib.
Xarici tamaşaçını
maraqlandırmaq
üçün keyfiyyətli
film çəkmək lazımdır. Bunun üçün
də kino sahəsindəki mütəxəssislər həm texnologiyalar baxımından, həm də
bədii cəhətdən standartlara uyğun olmalıdırlar. Bu isə
çox çətindir. Safatım sözlərinə görə, burada əsas rolu
təcrübə oynayır və
istehsalat infrastrukturuna da
ehtiyac var.
Bu isə
zamanın işidir.
***
Bu gün Azərbaycan kinosu
inkişafının yeni dövrünü yaşayır. Hazırda “Azərbaycanfilm” kinostudiyasının ildə
7-8 bədii film çəkmək imkanı
var. Azərbaycan Prezidenti
İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı”nda kinostudiyanın istehsalat bazasını köklü şəkildə
modernləşdirmək nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulan bir
sıra vacib tədbirlər artıq həyata keçirilib. “Azərbaycanfilm” kinostudiyası ötən il
milli kino
tariximizdə rekord
sayda beynəlxalq film
festivallarında
müvəffəqiyyətlə iştirak edərək dünya kino auditoriyasının diqqətini cəlb edə bildirib. Azərbaycan filmlərinin 52 beynəlxalq festivalda nümayiş olunması mədəniyyət tariximizdə çox
əhəmiyyətli hadisədir. Son illər mötəbər Kann
Beynəlxalq Kinofestivalında
ardıcıl olaraq
Azərbaycan pavilyonu təşkil olunur. “Sonuncu” filmi
ilə ilk dəfə həmin festivalın
qısametrajlı filmlər müsabiqəsində Azərbaycan da
iştirak edib. Bundan başqa, Asif Rüstəmovun “Axınla aşağı” filmi 49-cu Karlovı Varı (
Çexiya) kinofestivalında “Şərqdən Qərbə” müsabiqə proqramında, “Nabat” filmi isə
Venesiya (İtaliya)
Beynəlxalq Film Festivalında iştirak edib.
Azərbaycanda uşaqlar üçün
film istehsalı
xeyli vaxt
idi ki,
dayandırılıb. Artıq bu məsələ diqqət mərkəzindədir və ötən il uşaqlar üçün
“Dərs” adlı bədii film
istehsal olunub.
Son illər istedadlı gənclərin kinoya gəlişi bu sahənin gələcək inkişafına əsaslı təminat yaradıb.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film,
ümumilikdə isə
344 film çəkilib:
"Bu illər ərzində
Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı
film, dəfələrlə ən
yaxşı aktyor,
rejissor, ssenari
nominasiyasında
qalib olub.
Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”.
***
Milli kino
sahəsində bəzi çətinliklər
hələ də qalmaqdadır. Çəkilən filmləri dünya ekranlarına çıxararaq
nümayiş etdirmək imkanları hələ kifayət qədər deyildir. Bu məsələni həll etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino
şöbəsində filmlərin çəkilişlərinin və
nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə
bağlı layihə həyata keçirilir. Kino sahəsində əsas
problemlərimizdən biri
də dublyaj işi ilə bağlıdır. Ona görə də dublyajın
mərkəzləşdirilmiş
qaydada və
ixtisaslı kadrlar
tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir. Digər problem isə
prokat məsələsidir. Çəkilən filmlərin prokatı
yoxdur. Yəni milli
və xaricdən alınan filmlər kinoteatrlarda və
lisenziyası olan
telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə
əldə edilərək evlərdə baxıldığına görə kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı
sərəncamda pirat
filmlərin nümayişinə də qadağa qoyulub. İnanmaq istərdik ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvəsinə ucalacaqdır.
Cavid
Şahverdiyev
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
Xalq Cəbhəsi.-
2018.- 28 iyun.- S.12.