Güney azərbaycanlıların
diasporunun meydana gəlməsi və təşkilatlanması
4-cü yazı
I Millətlərarası Azərbaycan Türk Dərnəkləri Qurultayının (3-6 noyabr, 1990-cı il,
İstanbul) yekdilliklə
qəbul olunmuş qətnaməsi əsasında Dünya Azərbaycan Türk Dərnəkləri Birliyi (DATDB)
təsis olundu. 1993-cü ildən isə ABŞ-ın Los-Anceles şəhərində “Azərbaycan Kültür Cəmiyyəti” (mətbu orqanı
“Azərbaycan” dərgisidir) fəaliyyət göstərir. 1994-cü ildə Kanadada Azərbaycan Milli
Federasiyasının əsası
qoyuldu. Qurum əsasən lobbiçilik, təbliğat, ticari-iqtisadi, mədəni işləri həyata keçirirdi. Bütövlükdə isə bəhs olunan
dövrdə Avropa və
Amerika ölkələrində təxmini hesablamaya görə 120-dən çox yeni milli
mədəniyyət mərkəzləri və həmrəylik cəmiyyətləri formalaşmışdı. Onların yarısına qədəri qısa müddətdən sonra fəaliyyətini dayandırsa da, bu faktın özü təşkilatlanma prosesinin miqyası barədə müəyyən təsəvvür yaradır. Beləliklə, güney azərbaycanlıların təsisçiliyi və iştirakı ilə yaranmış qurumların proqramlarından göründüyü kimi, 80-ci illərin sonları
- 90-cı illərin əvvəllərində Güney Azərbaycan milli hərəkatı İranda özünü milli-mədəni hərəkat çərçivəsində göstərdiyi zaman xaricdəki hərəkat müstəqillik, Vahid Azərbaycan uğrunda hərəkat kimi
inkişaf etmişdi.
Təşkilatlanmanın sonrakı
mərhələsi çoxsaylı müxtəlif yönümlü və potensiallı təşkilatların
vahid mərkəz ətrafında birləşməsinə meylin artması ilə səciyyələnir. Avropadakı Azərbaycan milli
mədəniyyət mərkəzləri arasında işbirliyi və əməkdaşlıq yaradılması məsələsi müxtəlif vaxtlarda və
səviyyələrdə dəfələrlə qaldırılmışdı. Həmin ideya Avropadakı
güneyli demokratik qüvvələrin daha
qabaqcıl dəstəsi, xüsusilə də “Azərbaycan kültür ocağı”nın Fransa və
Almaniya qurucuları
fəallarının arasında hələ 80-ci illərin sonlarından dolaşmaqda idi.
1989-cu ilin oktyabrında Strasburqda fəaliyyət göstərən “Azərbaycan kültür ocağı”nın Berlindəki eyniadlı şöbəsi öz müraciətində buradakı mütərəqqi milli mərkəzlər arasında müntəzəm, qarşılıqlı faydalı əlaqələr yaradılması ideyasını irəli sürmüşdü. Bu, Avropadakı Azərbaycan milli təsisatlarının fəaliyyətində yeni bir
mərhələnin baş¬landığını göstərirdi. İdeyanın reallaşdırılması bir çox səbəblər ucbatından xeyli müddət, yəni 1997-ci il,
mayın 11-də Bonnda keçirilən növbəti toplantıyadək ləngidi. Məsələnin uğurlu sonluqla həllinin uzanmasının bu ideyanın müəlliflərindən - güneyli milli
demokratlardan asılı olan və
olmayan səbəbləri var
idi. Birinci
qrupdan olan
səbəblər kifayət qədər subyektiv idi və daha çox liderlik iddiası, ümummilli birlik
yaradılması mexanizminin həmin ziyalıların bilavasitə özləri üçün
kifayət qədər aydın olmaması
və s. faktorlarla bağlı meydana çıxırdı. İkinci qrupdan olan səbəblər isə obyektiv xarakter daşıyırdı. Avropadakı cənublular 80-ci illərin sonlarından etibarən Şimali Azərbaycandakı ictimai-siyasi atmosfer və proseslərdən şaquli asılılıq vəziyyətinə düşmüş, onların fəaliyyətində məhz Quzey faktoru aparıcı yer tutmağa başlamışdı. Cari problemlər mühacirətdəki cənublu milli-demokratlar üçün Qarabağ
müharibəsinin, Quzeyin azadlıq uğrundakı mübarizəsi məsələlərinin fonunda aktual
mövzu kimi dayanmırdı. Ancaq
bu ideyanın nisbətən arxa plana
keçməsi onun
gündəlikdən birdəfəlik çıxarılması da demək deyildi. Avropadakı Azərbaycan milli-demokratik təsisatları arasında birlik
və əməkdaşlıq yaradılması məsələsinə sonralar Quzeyin milli
müstəqillik əldə
etməsi ilə bərqərar olan yeni
ictimai-siyasi
reallıqlar şəraitində ən
aktual bir
mövzu kimi qayıdıldı. Bu ideyanın həyata keçirilməsi yolunda ilk
əməli addım 1992-ci ilin
iyul ayına təsadüf edirdi. Almaniyadakı
cənublu milli-demokratik qüvvələrin müəyyən bir
hissəsinin - təxminən 65-70 nəfərlik ziyalı kontingentinin iştirak etdiyi I
Hannover toplantısını formal olaraq
“Azərbaycan kültür ocağı”nın (Bonn və
Berlin) Hannoverdəki yerli
təşkilatı
təşkil
etsə də bu tədbir əslində
bütün milli-demokratların
birgə səyləri əsasında hazırlanmışdı. Onun
işində Almaniyanın
müxtəlif şəhərlərindən olan
mütərəqqi milli ziyalılar iştirak edirdi. I Hannover toplantısı Almaniyadakı milli mərkəzlər arasında pərakəndəliyə son qoymağın
və təkcə bu ölkədə deyil, ümumiyyətlə, bütün Avropadakı mütərəqqi milli
qüvvələrin fəaliyyətinin əlaqə¬ləndirilməsinin zəruriliyi fikrini
qüvvətləndirirdi. Növbəti toplantı
1994-cü ilin martında Berlində keçirildi. Qaldırılan məsələlər I toplantı
dakından fərqlənməsə də, daha konkret və
aydın qoyulmuşdu. Bu təşəbbüslər sonralar daha ardıcıl şəkildə
davam etdirilmişdi. Analoji
konfrans və
toplantılar,
o cümlədən I
Kassel toplantısı (may,
1995), II Kassel
toplantısı
(oktyabr, 1995), I
Bonn toplantısı (may, 1997) keçirildi.
1997-ci ildə
Avropada Azərbaycan Cəmiyyətləri Birliyi
(AACB) tipli bir əlaqələndirmə mərkəzinin yaradılması prosesinin öz başlanğıcını məhz həmin tarixdən götürdüyünü söyləmək olar. Adıçəkilən bu toplantılar ayrı-ayrılıqda konkret
nəticə verməsə də, Avropa azərbaycanlıları arasında ümummilli həmrəyliyin və
əməkdaşlığın
yaradılmasına, səylərin vahid məqsəd uğrunda birləşdirilməsinə ciddi bir təkan oldu. Burada əsas
cəhət AACB
tələm-tələsik və heç bir hazırlıq olmadan deyil,
uzunmüddətli inkişafın gedişində, beləliklə də daha realist və
rasional məntiqi zəmin üzərində yaradılması idi. Belə rasionalizm isə AACB-ni Avropada monolit və demokratik Azərbaycan diaspor təşkilatının ilk
rüşeymi
və prototipi kimi nəzərdən keçirməyə müəyyən əsaslar
verir. Amma AACB
Avropada bu
qəbildən olan
ilk təsisat deyildi. Belə bir qurumun yaradılmasına hələ
1990-1991-ci illərdə Dünya Azərbaycan Türk Dərnəkləri Birliyinin təşkil olunması
ilə qismən nail
olunmuşdu. Amma DATDB
və AACB əslində məzmununa, məqsədlərinə, keyfiyyət göstəricilərinə görə bir-birindən kəskin şəkildə fərqlənən ayrı
ayrı proseslərin, azərbaycançılıq məsələsinə fərqli yönüml ərdən yanaşmaların məhsulu idi. DATDB AACB
ilə müqayisədə xeyli dərəcədə formal, təşkilati
baza və
aydın surətdə dərk olunmuş məqsədlər olmadan,
əslində “yuxarıdan” yaradılan bir
qurum kimi
meydana çıxmışdı. Sıralarında ictimai
cəhətdən fəal cənublu mühacirlərin də
bir çoxunu birləşdirən DATDB
Avropadakı Güney Azərbaycan diasporunun milli-demokratik təbəqəsinin həyatında elə bir mühüm və
ciddi hadisəyə çevrilə
bilməyərək epizodik akt
xarakteri aldı.
1997-ci ili
Güney Azərbaycan diasporu üçün müəyyən dərəcədə canlanma ili
adlandırmaq olar. Çünki
bu ildə
Güney Azərbaycan diasporunun milli-vətənpərvər təbəqəsinin həyatında mühüm hadisə
baş vermişdi. 1997-ci il iyunun
27-dən 29-dək Amerikada yaşayan, əsasən Güneydən olan azərbaycanlılar
ilk dəfə bir araya gələrək birlik
nümayiş etdirib yüksək səviyyədə ümummilli tədbir keçirmişdilər. Bu
tədbirə ABŞ-da yaşayan azərbay¬canlı elitası Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə toplaşmışdı. 65 professorun, 91 elmlər doktorunun və 300-dən artıq iş adamının toplaşdığı
bu konqres
Azərbaycan tarixində möhtəşəm
bir hadisə
idi. Yeni qurumun rəhbəri Ziya Sədrul Əşrəfi konqresin əsas məqsədi haqqında bunları
demişdi: “Biz bir
qüvvəyə çevrilməliyik. İran azərbaycanlıları bütün dünyaya dağılıb. De¬mokratik ölkələrdə yaşayırıq və bu demokratiyanın
verdiyi imkanlardan istifadə edib dilimizi,
kültürümüzü qorumalıyıq, ölkələrin siyasi
həyatında fəal olmalıyıq”. DAK-ın İdarə Heyəti 9 nəfərdən ibarət idi:
doktor Ə.Nəzmi (DAK-ın sədri), M.Sələhşur (I katib),
R.Şahbazi, Fərid (texniki mühəndislər), doktor M.Xeşti (maliyyə məsələləri üzrə), Ceyhun Mollazadə
(beynəlxalq məsələlər üzrə) və H.Qarapapaq (təşkilati məsələlər üzrə sədr). Bu
tədbir mühacirətdəki mütərəqqi milli qüvvələrin böyük bir hissəsini öz ətrafında toplayaraq hər cür məhdud ideoloji-nəzəri ixtilafların, siyasi fikir ayrılıqlarının fövqünə yüksələ bildi. Onun
işində Azərbaycan diasporunun daha
çevik və
aparıcı təbəqəsinin, yəni ziyalıların və
iş adamlarının nümayəndələri fəal iştirak etdi.
Mühacirətdəki güneyli milli-vətənpərvər qüvvələrin başqa mühüm və faydalı təşəbbüsləri kimi, bu tədbir də güclü hücumlarla qarşılaşmışdı. Ona qarşı
bir çox ittihamlar irəli sürülürdü. Səbəb isə
mühacirətdəki cənubluların yetərincə siyasiləşmiş təbəqəsi arasında gedən mürəkkəb sosial-mənəvi-psixoloji, ideoloji-siyasi
və nəzəri mübarizədə, nəzəri-konseptual çəkişmədə gizlənir. Güneylilərin sosial
davranışı, siyasi
mədəniyyət sistemindəki
bu ziddiyyətlər, mürəkkəblik onlar hələ İranda
olarkən yaranmışdı. Məsələni mürəkkəbləşdirən də odur ki, Avropa və Amerika ölkələrinin daha
qabaqcıl, demokratik mühitinin buradakı
güneylilərə təsiri də
həmin ziddiyyətləri axıradək aradan qaldıra bilməyib. Problemə xaricdəki güneyli qüvvələr düşərgəsinin öz daxilində
gedən sosial-siyasi, mədəni proseslər, yəni o
qüvvələrin özlərinin qarşılıqlı münasibətləri baxımından yanaşsaq, deməliyik ki, öz cəbhə və məsləkdaşlarına qarşı daha
çox yönəldilən bu
cür ittihamların
ortaya çıxması
ən azı
iki başlıca səbəbə bağlıdır.
Birincisi, bu
illərdə xaricdəki cənublu milli-demokratik qüvvələr
düşərgəsində iki böyük fraksiya (ideya cərəyanı)
var idi. O fraksiyalardan biri radikal yönümlü
milli-demokratik qüvvələrdən (yəni həm
yaxın, həm də uzaq perspektivdə istisnasız olaraq
yalnız Bütöv Azərbaycan uğrunda mübarizə
aparanlardan), digəri isə federalistlərdən (yəni
bütöv Azərbaycan ideyasını mərhələ-mərhələ
həyata keçirmək taktikasını
müdafiə edən, Quzeylə addım-addım birləşmək
variantını irəli sürən təkamülçülərdən)
təşəkkül tapmışdı. Milli məsələnin
həlli yol və üsullarına münasibətdəki bu
taktiki-strateji müxtəliflik adıçəkilən
fraksiyalar arasında daimi nəzəri-konseptual
çəkişmələrə, fikir
ayrılıqlarına, barışmazlığa gətirib
çıxarırdı. Bu cür fikir və mövqe
toqquşmaları, taktiki və ideya-nəzəri ixtilaflar isə
özünü bütün prinsipial məsələlərə
münasibətdə labüdən, özü də əksər
hallarda qeyri-məqbul formalarda göstərir. Los-Anceles
konqresinin çeşidli adlar altında gözdən
salınmasını belə qruplararası qarşıdurma
kontekstində normal, məntiqi reaksiya kimi dəyərləndirmək
olar. Konqres təşkilatçılarının özlərinin
federalist-təkamülçü cinahın təmsilçisi
olduqlarını bildirmələri nəzərə alınsa,
bəlli olacaq ki, ittihamların kəskin şəkildə
üzə çıxmasında qeyri-adilik yoxdur.
Yeganə Hacıyeva
Xalq Cəbhəsi.-
2018.- 29 iyun.- S.14.