Güney
azərbaycanlıların diasporunun meydana gəlməsi və
təşkilatlanması
5-ci yazı
Xaricdəki azərbaycançı
milli-demokratik düşərgədə birləşən
güneyli mühacirlərin çoxu öz cəbhədaşlarının
baxışlarına sayğı ilə, rasional şəkildə,
axıradək diqqətlə yanaşmağı hələ də
gərəyincə bacarmırdılar. Bu isə həmin
düşərgədə qruplararası, şəxsiyyətlərarası
münasibətləri gərginləşdirirdi. Onların arasındakı qarşılıqlı
münasibətlərin gərgin olmasının və bir-birinə
qarşı ittihamlar irəli sürülməsinin, konkret
olaraq Los-Ancelesdə keçirilən konqresin müxtəlif
hücumlara məruz qalmasının ikinci mühüm səbəbi
də əslində həmin mənəvi-psixoloji problemlərlə
birbaşa bağlıdır. Məsələnin
bu tərəfi güneylilər arasında çoxlu yeni rəqabət
problemlərinin ortaya çıxmasını şərtləndirirdi.
Sonuncu isə ümumi işə daha çox
ziyan vuran, aradan qaldırılmayan çətinliklərdəndir.
DAK-ın yaranmasının iki mühüm əhəmiyyəti
oldu. Birincisi, mühacirətdəki azərbaycanlı
milli vətənpərvər qüvvələrin,
başlıcası güneylilərin ümummilli maraqları
Azərbaycançılıq ideyası ətrafında bir
araya gəlib fikir mübadiləsi aparmasının, hətta təşkilati
baxımdan birləşməsinin nəzəri, praktik
baxımdan mümkün və faydalı olduğunu bir daha
göstərdi. İkincisi, onların özünə
olan inamını daha da artırdı, bu qüvvələr
arasındakı ünsiyyət probleminin, ideoloj i-siyasi, mənəvi-psixoloji
baryerlərin aradan qaldırılmasında növbəti
dönəmlərindən birinə çevrilərək əməkdaşlıq
üçün geniş imkanlar açdı, ayrı-ayrı
qrupların mövqelərinin, baxışlarının
inkişafı, dəqiqləşməsi sahəsində
növbəti müsbət addım oldu.
AACB və DAK
öz mövcudluğunda emosional, cari və keçici məqamlardan
daha çox məhz rasional elementlər
daşıyırdı. Bu, xaricdəki azərbaycanlı
milli-demokratik qüvvələrin fəaliyyətinin daha iri
miqyaslı və rasional-realist fəallıq müstəvisi
üzərinə keçməyə başlamasının məntiqi
yekunu idi. Nəzərdən
qaçırılmamalıdır ki, Azərbaycanın və
azərbaycanlıların qlobal milli-ictimai maraqları naminə
ilk dəfə olaraq geniş lobbiçilik fəaliyyətinə
başlamağı planlaşdıran hər iki təsisat əslində
yalnız demokratik dəyərləri əsas götürən
əlaqələndirmə mərkəzi idi. Bu təsisatların təşkilinin ən müsbət
tərəflərindən biri də ondadır ki, onların hər
ikisi fikir ayrılıqlarının, ideya-nəzəri və
taktiki ixtilafların, məhdud siyasi maraqların və
ambisiyaların fövqündə dayanır.
Daxildəki
milli hərəkatın təsiri ilə ölkədən kənarda
fəaliyyət göstərən çoxsaylı
ictimai-siyasi, milli-mədəni qurumların təşkilatlanması
davam edir, yeni birliklər yaranırdı. Belə
qurumlardan ikisi İsveçdə yarandı - Azərbaycan
Türk Dərnəkləri Birliyi və Azərbaycan
Federasiyası İsveç (AFİ). Birinci qurumun əsas
məqsədi öz əksini onun nizamnaməsində
tapmışdı: “El gücü, sel gücü”
anlayışı İsveçdə yaşayan Azərbaycan
türkləri içərisində artıq öz yerini
almışdı. İsveçdə yaşayan
Azərbaycan türkləri öz səslərini dünyaya
daha düzgün, daha güclü çatdırmaq
üçün 1 fevral, 1998-ci ildə birlik yaratdılar.
İkinci qurum - AFİ İsveçdə fəaliyyət
göstərən milli təşkilatlar tərəfindən
1997-ci ildə təsis edilib. AFİ ölkə üzrə
milli təşkilatların əksəriyyətini (“Durna”,
“Ulduz”, “Azlink”, “Günəş”, “Ərk”, “Savalan”, “Azərbaycan
Dostluq”, “Yanan”, “21 Azər”, “Təbriz”, “Akademik Linşopinq”,
“Azər” və başqa təşkilatları) özündə birləşdirə bilib.
Təşkilatın məqsədi
Azərbaycan mədəniyyətini, tarixini, dilini, adət-ənənələrini
yaşatmaq, Qarabağ və digər bölgələrin
işğal edilməsini, Güney Azərbaycanda yaşayan azərbaycanlıların problemlərini ölkə
ictimaiyyətinə, eləcə də İsveçdə fəaliyyət
göstərən beynəlxalq təşkilatlara və
dövlət strukturlarına çatdırmaqdır. Bu qurum siyasi, ideoloji və dini
bağlılığı olmayan, açıqlıq prinsipləri
və İsveç qanunları çərçivəsində
çalışan demokratik bir təşkilatdır.
1999-cu ildə
Avropadakı demokratik ruhlu azərbaycanlılar onların
arasında həmrəylik və işbirliyini inkişaf etdirmək
məqsədilə yaşadıqları ölkələrin
hüquq sisteminə uyğun olaraq yeni bir koordinasiya təşkilatı
yaratdılar.
Əvvəlcə 1999-cu il, iyulun 26-da
Bakıda Almaniyadakı federasiyaya üzv olan cəmiyyətlərlə
yanaşı üzv olmayan cəmiyyət və şəxslərin
iştirakı ilə yığıncaq keçirilmişdi.
Bu yığıncaqda bundan öncə Bonnda
keçirilmiş toplantıda (22 may, 1999-cu il)
hazırlanmış və qəbul edilmiş
konfederasiyanın ilkin əsasnamə layihəsi çərçivəsində
hansı mövzulara üstünlük verilməsi və
1999-cu il, avqustun 21-22-nə təyin edilmiş qurultay
haqqında danışıqlar aparılmışdı. Təyin olunduğu vaxt keçirilən qurultayı
Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri
Federasiyası İdarə Heyətinin üzvləri doktor Həsən
Ciddifər, mühəndis Firidun Pərvizniya və doktor Nurəddin
Qərəvi açmışdılar. Burada
konfederasiyanın əsasnamə layihəsi toplantının
müzakirəsinə verilmiş və Avropadakı Azərbaycan
Cəmiyyətləri Konfederasiyası
yaradılmışdı. Bu qurum mütəşəkkil
şəkildə fəaliyyət göstərmək, İran
daxilində gedən mübarizəyə dayaq durub xalqın
problem və dərdlərini, istəklərini dünya
ictimaiyyətinə açıqlamaq, daxildəki mübarizəyə
hər cür maddi-mənəvi yardım göstərmək və
Azərbaycan xalqının tarixində yaranmış bu yeni mərhələ
üçün günün vacib vəzifəsini icra etmək
məqsədilə təsis edilmişdi.
Qeyd etdiyimiz iri
birliklərlə yanaşı yeni təşkilatlar da
yaranırdı. 2001-ci ildən fəaliyyətə
başlamış “21 Azər” təşkilatı 2004-cü
ildə öz proqramını qəbul etmişdi. Proqrama görə, təşkilatın son məqsədi
Azərbaycan Milli Hökumətini bərpa etməkdən ibarətdir.
Bunun üçün İranın “bərabərhüquqlu
millətlər birliyi”nə, yəni milli dövlətlər
birliyinə çevrilməsi, ölkənin milli ərazi
vahidlərinə bö¬lünməsi zəruri hesab olunurdu.
Bu təşkilat qarşısına
qısamüddətli (taktiki) və uzunmüddətli (strateji)
məqsədlər qoymuşdu. Yuxarıda
qeyd olunan strateji hədəf bir qədər də dəqiqləşdirilir
və proqramda göstərilirdi ki, İranda bəlli ərazidə
yaşayan və çoxluq təşkil edən millətin
milli dövləti bəlli ərazidə mövcud olsa da
azlıqda qalan millətlərə mədəni muxtariyyət
haqqı rəsmən tanın¬malıdır. Taktiki hədəf assimilyasiya siyasətinə son
qoyulmasını, ana dilində təhsilin təmin edilməsini
əsas vəzifə kimi müəyyən edir. Təşkilatın əsas orqanı “21 Azər” dərgisi
bir müddət nəşr olunmuşdu.
2002-ci ildən
etibarən Güney Azərbaycan Milli Oyanış Hərəkatının
(GAMOH, Güney Azərbaycanda yaranıb) xaricdə nümayəndəlikləri
və təmsilçilikləri açılmışdı və
24 bürosu fəaliyyət göstərirdi. Artıq GAMOH beynəlxalq təşkilat
kimi tanınırdı: BMT, Avropa Birliyi, Avropa Parlamenti onu
tanıyır. Xaricdə fəaliyyət göstərən
digər təşkilat Azərbaycan Demokratik Firqəsidir.
Qurumun proqramında İranın ərazi
bütövlüyü və müstəqilliyini müdafiə
etdiyi Azərbaycana geniş muxtariyyət verilməsi tələbi
əks olunub. Həmçinin sonuncu tələb dəqiqləşdirilmiş
və Azərbaycan Milli Məclisi, müxtəlif səviyyəli
əncümənlər təşkil edilməsi, Azərbaycan
dilinin Azərbaycanda dövlət dili elan edilməsi, fars
dilinin millətlərarası dil kimi işlənməsi zəruri
tədbirlər hesab edilib.
2003-cü il,
martın 21-də İsveçdə Əli Rza Avşar və
Mir Musa Haşimi tərəfindən Azərbaycan Milli Cəbhəsi
yaradıldı. Təşkilatın proqramı
12 maddədən ibarət müraciətdə əks olunub.
Burada:
1) tarixi
torpaqlarda milli quruluşun (siyasi sistemin, parlamentin, icra hakimiyyətinin,
məhkəmənin) yaradılmasının;
2) müstəqil
millətin öz dilini, tarixini, mədəniyyətini qo¬ruyub
saxlamasının vacibliyi qeyd olunur. Həmin sənədlə
yanaşı yerləşdirilmiş Azərbaycan Milli Cəbhəsinin
fərmanının A bəndində
göstərilir ki, “məqsəd Azərbaycanı assimilyasiya
durumundan qurtarmaqdır, bunun üçün milli hüquqlar
qorunmalı, hamının seçim haqqı tanınmalı,
milli quruluşlar bərpa edilməlidir”. Siyasi
proqram adlandırılan B bəndində “vətənpərvərlik,
azadlıq, tərəq- qixahlıq, ədalətpərvərlik”
ideyaları əks olunub. Fərmanın B bəndinin
1-ci paraqrafında Güney Azərbaycanın tarixi sərhədlər
daxilində ərazi bütövlüyünün
tanınması, milli dövlətinin qurulması və
varlığının müdafiə olunmasının zəruriliyi
vurğulanır. 2-ci paraqrafda isə azərbaycanlıların
öz talelərini özlərinin seçməsi məsələsində
azad olduqları bəyan edilir. 3-cü
paraqrafda azərbaycanlıların öz müqəddəratını
yalnız öz iradələri ilə təyin etmələrinin
vacibliyi qeyd olunur. 6-cı paraqrafda Azərbaycan
türk dilinin milli və rəsmi dil olması tələbi irəli
sürülür.
Beləliklə,
əgər Avropa və ABŞ-ın yerli şəraiti və
mühitinin özünəməxsusluqlarından irəli gələn
cüzi fərqlər nəzərə alınmazsa, burada
yaranan təşkilatlar və iri birliklər arasında elə
bir prinsipial fərq yoxdur. Onların məqsədləri
eynidir və bu planlar vahid bir xətt üzərində
güney azərbaycanlıların məsələlərini
dünyaya tanıtdırmaq istiqamətində qurulub.
Əvvəllər dağınıq fəaliyyət göstərən
ayrı-ayrı mütərəqqi milli qurumların, qüvvələrin
bütün təşəbbüslərinin konkret təşkilat,
mərkəzlərin hüdudları ilə məhdudlaşdırılması
ənənələri daha qabaqcıl iş üsulları ilə
- həmrəylik və əməkdaşlıq prinsipləri
ilə əvəz olundu, eləcə də konkret əməli
fəaliyyət proqramının işlənib
hazırlanması isti¬qamətində mühüm irəliləyişlər
oldu. Mədəni sferadan siyasi sferaya keçid baş verdi.
Yeganə Hacıyeva
Xalq cəbhəsi.-2018.- 30 iyun.- S.14.