Daşkənddə Qara
Qarayev adına Mədəniyyəti və
İncəsənəti Mərkəzi açılıb
Daşkənddəki Sənət və Mədəniyyət
İnstitutunda (SMİ) Azərbaycan
mədəniyyəti günü
keçirilib və Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və
İncəsənəti Mərkəzinin
açılışı olub. Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşkilatçılığı
və layihəsi ilə yaradılan mərkəzə ölkəmizin
tarixi, mədəniyyəti,
musiqisi, incəsənətinə
dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii
filmlər, milli geyim və milli
musiqi alətlərimiz
hədiyyə edilib. Mərkəzdə Azərbaycan mədəniyyətinə
dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin
portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına
dair banerlər yerləşdirilib.
Açılış mərasimində məlumat
verilib ki, mərkəz qardaş ölkədə Azərbaycan
mədəniyyətini, musiqi
sənətini geniş
təbliğ edəcək
və xalqlarımız
arasında dostluq körpüsünü daha
da genişləndirəcək. Mərkəzdə mədəniyyətin müxtəlif
sahələrinə dair
açıq dərslər,
tələbələr üçün
Azərbaycan bədii filmləri, milli mədəniyyətimizə, musiqimizə
dair görüşlər
və tədbirlər
keçiriləcək. Azərbaycan mədəniyyəti günü
çərçivəsində AMM ilə SMİ arasında əməkdaşlığa dair
memorandum imzalanıb. Memoranduma əsasən
tərəflər mədəniyyətin
müxtəlif sahələrinə
dair əməkdaşlıq
edəcək, təcrübə
mübadiləsi aparılacaq.
Mədəniyyəti gününün
açılışında institutun prorektoru, professor Davlat Mullacanov dost Azərbaycan xalqının mədəniyyəti
ilə yaxından tanış olmaq imkanı yaratdığı
üçün AMM-nə
öz təşəkkürünü
bildirib. O, xarici ölkənin institutlarında
ilk mədəniyyət gününün
keçirildiyini, bunun
iki ölkə arasında mədəni əlaqələr sahəsində
yeni imkanlar açacağını bildirib.
Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Daşkənd və Səmərqənd şəhərlərində
dəfələrlə Azərbaycan
mədəniyyəti günlərinin
keçirildiyini qeyd edib, əsas məqsədin milli mədəniyyətimizin təbliğindən
ibarət olduğunu vurğulayıb. Samir Abbasov
son zamanlar ölkə
rəhbərliyinin uğurlu
siyasəti nəticəsində
Azərbaycanın bütün
sahələrdə böyük
inkişaf əldə
etdiyini, mədəniyyət,
turizm sahəsində də uğurlar qazandığını qeyd
edib.
O, Bakının mədəni
həyatının olduqca
zəngin olduğunu, gün ərzində mədəniyyət sahəsində
çoxsaylı və
rəngarəng tədbirlərin
keçirildiyini, Azərbaycanın
mədəniyyətlər və
sivilizasiyalar arasında
dialoq məkanına çevrildiyini vurğulayıb.
O, erməni işğalı
nəticəsində Azərbaycan
mədəniyyətinə dəyən
ziyan və milli mədəni irsimizin dağıdılması
haqqında da məlumat verib. Sonra S.Abbasov iki ölkə arasında elmi-mədəni
əlaqələrin inkişafında
xidmətlərinə görə
institutun rektoru,
professor İbrahim Yuldaşova
Mədəniyyət Mərkəzinin
fəxri diplomunu və öz unikallığı ilə
seçilən Azərbaycan
xalça sənətini
özündə əks
etdirən “İrəvan
xalçaları” kitabını
hədiyyə edib.
Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində və digər işğal olunmuş torpaqlarda tarixi abidələrə
dair sənədli film
nümayiş etdirilib.
Bədii hissədə institutunun tələbələri
Qarabağın milli geyimlərini nümayiş etdirib. Qeyd edək ki, “Qarabağ şikəstəsi”nin sədaları
altında nümayiş etdirilən geyimlər
AMM-nin kolleksiyasına aiddir.
Tədbirdə böyük Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən
səhnələr nümayiş olunub, AMM-nin nəzdindəki
“Azərbaycan qızları” və oğlanlardan
ibarət “Süvari” rəqs ansamblı milli rəqslərimizi ifa
ediblər. Çıxışlar iştirakçılar tərəfindən
maraqla qarşılanıb. Tədbirin
sonunda Azərbaycan Milli
Kitabxanası tərəfindən instituta
göndərilən nəşrlər kitabxanaya
təqdim edilib.
Xalq Cəbhəsi.- 2018.- 2 mart.-
S.16.