“Muğam
aləmi” V Beynəlxalq
Muğam Festivalı
Bakıda
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar
İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək.
Festivalın bədii rəhbəri
Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının
sədri, professor Firəngiz
Əlizadədir. Mədəniyyət
və Turizm Nazirliyindən bildirilib ki, festival çərçivəsində
Bakı və Gəncə şəhərlərində
Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq elmi simpozium və muğam müsabiqəsinin keçirilməsi
nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa,
İran, İraq, Özbəkistan, İordaniya,
Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan,
Hindistan, İsrail və digər ölkələrdən musiqiçi
və münsiflər
heyəti dəvət
olunub. Festivalın açılış mərasimi martın 7-də
Heydər Əliyev Sarayında reallaşacaq.
Tədbirdə tanınmış
kollektivlər - Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı
İmanova), Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri
və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə,
Toğrul Əsədullayev
və başqaları
iştirak edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasında martın
7-10-da “Muğam ənənəsi
elm və incəsənət
qovşağında” mövzusunda
beynəlxalq simpozium keçiriləcək. Simpoziumda
Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər. Azərbaycan Milli
Konservatoriyasında mart 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil
olunacaq. Müsabiqə
iştirakçılarını Azərbaycandan münsiflər
heyətinin sədri, Xalq Artisti, professor Siyavuş Kərimi, Polşadan Piotr Pucylo, Türkiyədən
Mehmet Bitmez, İrandan Fərhad Fəxrəddini və Tacikistandan Abduvali Abduraşidov kimi musiqi mədəniyyətinin
görkəmli nümayəndələri
qiymətləndirəcəklər. Müsabiqə instrumental və vokal
bölmələri üzrə
aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi
də nəzərdə
tutulub. Konsertlərdə
“Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı
görkəmli sənətçi
və tanınmış
musiqiçilər - Mənsum
İbrahimov, Ənvər
Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran
Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.
Beynəlxalq Muğam Mərkəzində
keçiriləcək konsertlərdə
“Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər”
və “Hümayun” muğamları istedadlı
ifaçılar - Elnur
Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən
tamaşaçılara təqdim
olunacaq. Festival günlərində
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri,
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə
də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət
Xor Kapellasının,
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının,
“Cəngi” etno-caz qrupunun çıxışları
da nəzərdə tutulub.
Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə
ithaf” vokal-xoreoqrafik
tamaşası təqdim olunacaq. Tamaşa ilk dəfə
2017-ci il mayın 18-də Fransada,
UNESCO-nun mənzil-qərargahında, Azərbaycan
şairi Nəsiminin edamının 600
illiyinə həsr edilmiş tədbirdə
nümayiş edilib. Azərbaycan Dövlət Akademik
Opera və Balet
Teatrının səhnəsində Üzeyir
Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili
komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri
əsasında “Leyli və Məcnun” marionet tamaşası festival
günlərində qonaqlar üçün təqdim olunacaq.
Gəncə şəhərində martın 8-13-də Fikrət
Əmirov adına Gəncə Dövlət Filarmoniyası
kollektivlərinin iştirakı ilə silsilə konsertlər
keçiriləcək. Festivalın təntənəli
bağlanış mərasimi isə martın 14-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında təşkil
olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii
rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri
çıxış edəcəklər.
Xalq Cəbhəsi.- 2018.-3 mart.-
S.16.