“Kitabi-Dədə Qorqud” dastanında qəhrəman
və cəmiyyət münasibətləri
2-ci yazı
Qəhrəman
dövət başçısı kimi özünü iki
obrazda göstərir: Bayındır xan və Salur Qazan.
Əzizxan Tanrıverdi göstərir ki, Bayındır
xanın adı Drezden nüsxəsində iki cür
yazılıb: Bayandar, Bayındır. Semantik
yükü daha çox “varlanmaq”, “varlandırmaq” kimi izah
olunur. Atasının adı antroponimik modelində konkret
olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan
qızı Boyı uzun Burla xatun Qazanın gəldügin
eşitdi” cümləsi, eyni zamanda Qazanın bədii təyinlərindən
biri kimi işlənmiş “Bayındır xanıŋ
göygüsü” ifadəsi qızı Burla xatun və
kürəkəni Qazan barədə müəyyən təəssürat
yaradır.
Dastanda Bayındır xan fəal obraz deyil. O, demək olar ki, hadisələrdə
iştirak etmir. Ancaq bir çox boylar
Bayındır xanın təşkil etdiyi məclisin təsviri
ilə başlanır. Məsələn, dastanın
birinci boyu bu cümlə ilə başlanır: Bir gün Qam
Ğan oğlu Bayındır xan yerindәn durmuşdu. Şami
günlüyünü yer üzündә qurdurmuşdu. Hündür alaçığı göy
üzünә dirәnmişdi. Min yerdə
ipәk xalça
döşənmişdi...
Bundan başqa, dastanın 3, 7, 9-cu boyları da eyni şəkildə
başlanır. Bu göstərir ki, Bayındır xan
siyasi hakimiyyətin başçısıdır, Oğuz
elinin başında durur və o, mərkəzi fiqurdur. Süjet fəallığı olmasa da, dastandakı
bütün əsas obrazlarla əlaqələrə malikdir.
Bunu onun qohumluq əlaqələri daha aydın
göstərir. Ə.Tanrıverdi yazır:
“Bayındır xanın qohumluq əlaqələri də həmin
detallar və ümumən “Kitab”ın poetik strukturu kontekstində
açılır ki, bu da, əsasən,
aşağıdakıları əhatə edir: babası, nənəsi
və anası haqqında heç bir detala təsadüf
olunmur; arvadı – mətndə görünmür, amma Burla
xatuna görə bərpa oluna bilər; atası – Qam Ğan;
qızı – Burla xatun; qudası – Ulaş (Qazanın
atası); kürəkəni – Qazan; nəvəsi – Uruz
(Qazanın oğlu) ; nəvəsinin əri – Qarabudaq (Qazanın
qardaşı oğlu, Qaragünənin oğlu) ; kürəkəninin
qardaşı – Qaragünə (Qazanın qardaşı) ;
kürəkəninin qardaşı oğlu – Qara budaq
(Qaragünənin oğlu) ; kürəkənin dayısı –
Aruz (Qazanın dayısı) ; kürəkənin
dayısı oğlu – Basat; kürəkənin dayısı
oğlu – Qıyan Səlcik; kürəkənin dayısı nəvəsi
– Dondar (Qıyan Səlcikin oğlu); kürəkənin
dayısının əmizadələri – Baybican və onun
övladları: Dəli Qarçar; Banıçiçək...
(Aruzun əmizadələri)”.
Salur Qazana gəlincə o, həm xanlar xanı, həm bəylərbəyi
kimi təqdim olunur. O, dastanda Bayındır xandan sonra ikinci adamdır. Lakin elə məqamlar vardır ki, o, elə
birbaşa Bayındır xanın əvəzedicisi kimi göstərilir.
Bir çox boylar Bayındır xanla olduğu
kmi, Salur Qazanla başlanır. Hətta elə
olur ki, onlar eyni şəkildə təqdim olunurlar. 3-cü
boyun başlanğıcı: “Qam Ğan oğlu
Bayındır xan yerindәn durmuşdu. Qara yerin üstündə һündür ağ
evini tikdirmişdi. Uca alacığı göy
üzünә dirәnmişdi. Min yerdә
ipәk xalça
döşәnmişdi.
Dördüncü boyun başlanğıcı: “Bir gün
Ulaş oğlu Qazan bəy yerindәn durmuşdu. Qara yer
üzәrindә otaqlarını
tikdirmişdi. Min yerdә ipәk xalça döşәtmişdi. Hündür
alaçıq göy üzünә dirәnmişdi”.
Ə.Tanrıverdinin
apardığı tədqiqat göstərir ki, Salur Qazan
oğuz eli və cəmiyyətinə həm
də sıx qohumluq telləri ilə bağlıdır.
Müəllif yazır: “Beləliklə, Qazanın qohumluq əlaqələri
ilə bağlı aşağıdakı nəticələri
söyləmək olar: atası – Ulaş; anası – adı
çəkilmir, amma ona birbaşa işarə olunur,
Qazanın qarıcıq anası; arvadı – Burla xatun;
qayınatası – Bayındır; qayınatasının
atası – Qam Ğan (Bayındırın atası); oğlu –
Uruz; qızı – ona işarə edilir (Qarabudağın
arvadı)... qardaşı, həm də qudası – Qaragünə;
qardaşı oğlu və kürəkəni – Qarabudaq; gəlini
– Uruzun arvadı... dayısı – Aruz; dayısı oğlu –
Basat; dayısı oğlu – Qıyan Səlcik; dayısı gəlini
– Aruzun gəlini, Qıyan Səlcikin arvadı; dayısı nəvəsi
– Dondar (Aruzun nəvəsi, Qıyan Səlcükün
oğlu); anasının əmizadələri – Baybican, Dəli
Qarçar, Banıçiçək; anasının əmizadəsinin
qudası – Baybicanın qudası Baybörə; anasının
əmizadəsinin əri – Banıçiçəyin əri
Beyrək”.
Salur
Qazanın Bayındır xandan bir əsas fərqi var: o,
qılınc qəhrəmanı, alp igid, qazi ərəndir. Bütün bu ifadələrin hamısı onun bir
döyüşkən qəhrəman tipi olduğunu göstərir.
Ümumiyyətlə, oğuz cəmiyyətini
Salur Qazan olmadan təsəvvür etmək mümkün deyil.
Onun oğuz cəmiyyətindəki yeri, rolu, əlaqələri
dastanın ikinci boyunda aşağıdakı epitetlərlə
təqdim olunur:
Tüklü
quşun balası,
Yazıqların
ümidi,
Amit
soyunun aslanı,
Qaracığın
qaplanı,
Qonur
atın yiyәsi,
Uruz
xanın ağası,
Bayındır
xanın kürəkәni,
Qalın
oğuzun dayağı, igidlәrin arxası
Ulaş oğlu Salur Qazan.
Salur Qazan oğuzların sərkərdəsidir. Dastanda sərkərdə
vəzifəsində ondan başqa heç kəs təqdim
olunmur. Oğuzların “kafir”
adlandırdıqları düşmənləri ilə
apardıqları bütün müharibələrin
başında Salur Qazan durur. Tarixdən məlumdur
ki, Oğuzlar 24 boydan ibarət olmuşlar. Salur Qazanın
dastanda “bəylərbəyi” kimi təqdim olunması onun
bütün bəylərin başçısı, sərkərdəsi
olduğunu, “xanlar xanı” kimi təqdim olunması isə
Qazanın Bayındır xandan sonra Oğuz elinin həm də
siyasi başçısı, yəni hökmdarı, xaqanı
olduğunu göstərir.
Dastanda ata-oğul münasibətləri oğuz cəmiyyətini
birləşdirən əsas bağlardan biridir. Məsələn, Salur Qazan
və onun oğlu Uruz, Alp Aruz və onun oğlu Basat, Baybura və
onun oğlu Bamsı Beyrək, Bəkil və onun oğlu
İmran, Dirsə xan və onun Buğac və s. Maraqlı və
həm də səciyyəvidir ki, bu ata-oğul münasibətləri
həm də qəhrəmanlıq münasibətləridir. Atalar oğuz elinin adlı-sanlı xanları, bəyləri
olduğu kimi, onların övladları da ataların yolu ilə
gedib, atalarına və oğuz elinə layiq olduqlarını
sübut edirlər.
Dastanda diqqəti cəlb edən əsas cəhətlərdən
biri odur ki, ata-oğul münasibətləri qəhrəmanlıq
silsiləsi kimi birtərəfli təqdim olunmur. Dastanda
atanın qəhrəmanlığı uca tutulduğu kimi,
oğulun da ataya və oğuz elinə sədaqəti eyni səviyyədə
təqdim olunur. Dastanın ikinci boyunda
düşmənə əsir düşən Uruzu
xatırlamaq kifayətdir. Kafirlər Salur
Qazanın namusunu ləkələmək üçün onun
arvadı Burla xatunu məclisə gətirib, şərab
paylatdırmaq və başqa namusa, əxlaqa sığmayan hərəkətlər
etmək istəyirlər. Lakin onlar 40
qızın içərisində Burla xatunu tanıya bilmirlər.
Şöklü Məlik əmr edir ki, Uruzun ətindən
kabab çəkib qızlara yedirtsinlər. Hər kim yeməsə, Burla xatun odur. Çünki
bir ana öz oğlunun ətindən yeməz. Burla xatin tərəddüd
edir: bir tərəfdə ərinin namusu, o biri tərəfdə
oğlunun canı. Oğluna deyir: “Kafirlәr fikirlәrini dәyişiblәr; deyiblәr ki, Qazan oğlu Uruzu һəbsdәn çıxarıb, ərkәnlә boğazından asın. İki
kürәyindәn çәngәlә sancın, qıymaqıyma ağ әtindәn
çәkin. Qara qovurma edib, qırx bәy qızına aparın. Hәr kim yedi,
o deyil, һәr
kim yemәdi, o
Qazanın xatunudur; çәkin-gәtirin, döşәyimizә salaq, şәrab paylatdıraq! «Sənin
әtindәn, ay oğul, yeyimmi? Yoxsa iyrәnc
dinli kafirin döşәyinə
girimmi? Ağan Qazanın namusunu
tapdayımmı? Neylәyim, ay oğul?!» —
dedi.
Lakin Uruz öz
ölümünə razı olur ki, atasının namusu ləkələnməsin:
Uruz dedi: «Ağzın qurusun, ana! Dilin çürüsün,
ana! «Ana һaqqı
— tanrı һaqqı»
deyilmәsәydi, qalxıb yerimdən
durardım, yaxandan-boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ
üzünü qara yerə çırpardım. Ağzından-üzundәn qan şoruldayardı. Can şirinliyini sәnә göstәrәrdim. Bu nә sözdür?
Saqın, xanım ana! Mәnim üzәrimә gәlməyәsən! Mәnim üçün ağlamayasan! Qoy
mәni, xanım
ana, çәnkәlә sancsınlar! Qoy әtimdәn çәksinlәr, qara qovurma edib, qırx bәy qızının
önünә
aparsınlar. Onlar bir yeyәndә, sәn iki dәfә ye! Kafirlәr duymasınlar, sәni tanımasınlar. Tәki murdar
dinli kafirin döşәyinә düşmәyәsәn. Onlara şәrab paylayıb, atam Qazanın
namusunu sındırmayasan. Saqın!».
Dastanda oğuz qəhrəmanları həm də namuslu ər, ləyaqətli ailə başçıları kimi təqdim olunurlar. Bu əsərdə, əsasən, Salur Qazan və onun arvadı Burla xatun, Bəkil və onun xanımı kimi xətlərdə özünü göstərir. Lakin dastanda sağlam ailə təməlinin necə qurulması da təsvir olunur. Bu, Beyrəklə Banuçiçək arasındakı münasibətlərdə təzahür edir. Beyrək on altı il həbsdə yatır, lakin öz nişanlısına xəyanət etmir. Banuçiçək də 16 il gözüyaşlı öz sevgilisinin yolunu gözləyir.
Bu xətt də özünü bir çox münasibətlərdə təzahür etdirir. Bunu biz bacı-qardaş münasibətlərində - Beyrəklə onun bacıları arasında görürük. Dastanın onuncu boyunun mövzusunu isə birbaşa qardaş münasibətləri təşkil edir. “Uşun qoca oğlu Səyrək” boyunda göstərilir ki, Səyrəyin böyük qardaşı Əyrək kafirlərə əsir düşür. O, uzun illər ərzində əsirlikdə qalır. Bu müddətdə Səyrək böyüyüb cəsur bir igidə çevrilir. Qardaşıın əsirlikdə olduğunu öyrənən Səyrək əsil oğuz qəhrəmanı kimi ölümün gözünün içinə dik baxır, heç nədən qorxmadan qardaşının dalınca gedir və bir çox qəhrəmanlıqlardan sonra iki qardaş kafirləri məhv edərək, sağ-salamat oğuz elinə dönürlər.
Ümumiyyətlə, dostluq, yoldaşlıq, dosta-yoldaşa sədaqət oğuz igidlərini fərqləndirən ən ümdə keyfiyyətdir. Dastanda bütün oğuz igidləri sədaqətli, çörək itirməyən qəhrəmanlar kimi təqdim olunurlar. Lakin dastanda bəzən bu sədaqət, dostluq sınağa çəkilir. Məsələn, dastanın sonuncu boyunda Daş Oğuzun başçısı, Alp Aruz Salur Qazandan narazı qalır və ona asi olur. O, Beyrəyə onların tərəfinə keçməyi təklif edir. Lakin Beyrək sədaqətli dost kimi öz ölümünə razı olur, ancaq Qazana xəyanət etmir. O, Aruza belə deyir:
Mən Qazanın nemәtini çox yemişəm, bilmәzsәm, gözumü tutsun!
Qaracıqda Qazlıq atına çox minmişәm, bilmәzsәm, tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişәm, bilmәzsәm, kәfәnim olsun!
Böyük, geniş oqağına çox girmişəm, bilmәzsәm, zindanım olsun!
Mәn Qazana dönük
çıxmaram, qәti bilin!
Oğuz elinin adlı-sanlı qəhrəmanlarından
olan Beyrəyin bu sözləri oğuz qəhrəmanlarının
mənəvyyatının parlaq ifadəsidir. Oğuz qəhrəmanlarının
səciyyəvi keyfiyyətlərindən biri onların elə,
obaya, vətənə sədaqətli oğullar
olmasıdır. Bu keyfiyyət dastanın
bütün boylarında əks olunmuşdur. Dastanın hər bir qəhrəmanı öz
el-obasını sevir, ölüm təhlükəsi
qarşısında belə el-obaya, yurda, torpağa, vətənə
xəyanət etmirlər. “Kitabi-Dədə
Qorqud” dastanının hər bir boyu, hər bir epizodu bu
müqəddəs amala xidmət edir.
Aynur Fərəcova
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2018.-3 mart.- S.14.