Azərbaycan türklərinin
mifologiyası
2-ci yazı
Mifoloji düşüncə
Azərbaycan türklərinin
mentalitet stereotiplərini,
kökə bağlanan
qırılmaz telləri
üzə çıxardır,
eləcə də mifoloji düşüncənin
rituallaşmış formaları
insanların davranışlarını
tənzimləyir. Mərasimlərlə sintezləşən folklor nümunələri
mifik düşüncənin
əsas daşıyıcılarından
biri olmaqla yanaşı yeni yaradıcılıq meyllərinin
və bədii formaların da meydana gəlməsinə təkan vermişdir.
Çoxaspektli təhlil əsasında
məlum olur ki, mifoloji personajlar,
spesifik süjet və motivlərin kompleksi tükənməz
xalq yaradıcılığının
struktur-semantik əlamətlərini
mədəni kodlarla zənginləşdirib.
Türk mifologiyası tədqiqatda
Azərbaycan mifoloji mətnləri əsasında
araşdırılıb bərpa
edilir, mifik dünya modeli və təsnifat məsələlərinə aydınlıq
gətirilir, Azərbaycan-türk
mifoloji-epik təfəkkürünün
arxetipləri öyrənilir,
mifoloji strukturlar daşıyan mətnlərin
təsnifat prinsipləri
hazırlanır və
bu əsasda onun klassifikasiyası aparılır. Mifologiyanın milli mədəniyyətin
əsasında durmasını,
ümummilli mədəni
dəyərlərin mifoloji
dəyərlərin tarixi
şüur kontekstində
transformasiyası olduğunu
nəzərə alsaq,
ümumiyyətlə, mifologiyanın
öyrənilməsi təkcə
Azərbaycan folklorşünaslığı
problemləri baxımından
deyil, bütövlükdə
milli-humanitar düşüncənin
araşdırılması və
üzə çıxarılması
baxımından vacib və zəruridir. Tədqiqatda mətnləri tutuşdurma
aspektindən (qədim
yazılı mənbələrlə
çöl təcrübəsi
materiallarının) istifadə
edilməsi Azərbaycan
mifologiyasının modellərini
ümumtürk ibtidai düşüncəsinin mühüm
tərkib hissəsi şəklində götürməyə
imkan verir və onun fərqli
cəhətlərini üzə
çıxardır.
Mif və Azərbaycan xalqının
tarixi milli etnik-mədəni sistemin siyasi-ictimai mövcudluq kodu ilə onun
düşüncə kodunun
uzlaşdırıcı modellərinin
tapılmasına söykənir. Mifoloji düşüncənin
genezisi ağır və çətin elmi problemlərdəndir.
Ona münasibətdə gerçəkləşdirilmiş
düşüncə modelləri
dinamizmi ilə əlamətdardır. Dünyanın mənimsənilməsinin arasıkəsilməz
şəkildə verdiyi
məlumatlar mifogenezin
mahiyyətinə baxışları
radikal şəkildə
dinamikləşdirməkdədir. Bu mənada mifik
görüşlərin xalqın
məişəti, qədim
tarixi, fəlsəfi, dini baxışı, adət-ənənələri, bayram və mərasimləri, dili və elmi fəaliyyəti
ilə əlaqələndirilməsi
maraqlı nəticələr
əldə edilməsinə
imkan verib. Bu problemin qoyuluşu
dünya mifoloji fikrinin daha çox
sabitləşmiş aksioloji
parametrlərinə söykənir.
Məsələlərin kateqorial aparat
səviyyəsində işləməsi
onun kosmoqonik düşüncənin ölmdə
mövcud struktur modellərini mənimsədiyini
əyani olaraq göstərir. Azərbaycan türklərinin
mifologiyası hər bir mifoloji düşüncə
kimi öz arxetipik simvollarına malikdir.
İlkin mifoloji anlayışların
(zaman, məkan və kəmiyyət), sakrallaşmanın, arxetipik
simvolların bədii
yaradıcılığın, mədəniyyət növlərinin
rüşeymləri olduğu
əsaslandırılır. Mifin sakral
strukturunun qabardılması
milli mədəniyyətimizin
funksional strukturu baxımından ciddi əhəmiyyətə malikdir.
Müqəddəs ilə
adinin, sakral ilə profanın mədəniyyətdə yaratdığı
total metastruktur öz invariantı səviyyəsində
mifdən başlanır.
Erkən din sistemlərində, arxaik rituallarda və əski inanclarda işlənən mifoloji anlayışlar qruplaşdırılıb
təhlil edilir. Rituallar milli
mədəniyyətin başlanğıcından
tutmuş bugünə
qədər onu diaxron və snxron səviyyədə təşkil etməkdədir.
Təqvim miflərinin yazqabağı
ritmi mütləqləşdirilməklə
mifoloji-kosmoqonik dövriyyənin
mühüm elementlərindən
biri kimi öyrənilir. Səciyyəvidir ki, problem həm faktoqrafik, həm də təhlil səviyyəsində normal kontekstə
reallaşdırılır. Azərbaycan türklərinin mifologiyasına
onun diaxron dinamikası səviyyəsində
baxılır. İlkin
dünyagörüşü sistemləri, ibtidai dini formalar olaraq
totemizm, şamanizm və s. nəzərdən
keçirilir. Dinin arxetipik
formalarından olan mifoloji şüurun konkret strukturunu təşkil edən türk totemizmi öz təsdiq işarəsini alır.
Türk totemizminin Türkiyədə
və Azərbaycanda müəyyən tədqiqatlarda
inkar olunmasını nəzərə alsaq, Azərbaycan türklərinin
mifoloji düşüncə
tarixinə totem mifləri
kontekstində yanaşılması
bu kateqoriyanın movcudluğunu nümayiş
etdirir. Totem strukturu mifoloji-folklor mətninin poetik strukturu səviyyəsində
bərpa edilir. Qeyd edək ki, türk totemizmi
problemini inkar edənlərin həmin məsələni heç
də bütün hallarda profesional səviyyədə qoya bilmədiklərini, o cümlədən
bu cür nəhəng problemə münasibətdə öz
fikirlərini, demək
olar ki, fraqmentar şəkildə
irəli sürdüklərini
hesaba alsaq, bizim yanaşma öz aktuallığı
ilə bərabər,
problemin həlli yolunda atılmış konkret elmi addımdır.
Azərbaycan mifoloji mətnləri etioloji-kosmoqonik, təqvim və esxatoloji miflərə ayrılır. Əsas bölgünün, ənənəvi olaraq, kosmoqonik, etnoqonik və təqvim mifləri istiqamətlərində aparıldığını nəzərə alsaq, qeyd etməliyik ki, bu yanaşma mifoloji mətn fondunun ümumtəsnifat strukturundan qırağa çıxmır və ona fərqli baxışı reallaşdırır. Etioloji-kosmoqonik mif tipi «dünyayaratma» kateqoriyası səviyyəsində, təqvim mifləri «dünyanın yaşarlığı» anlayışı kontekstində, esxatoloji mifləri «dünyanın sonu» kontekstində götürülür. Beləliklə, ulu əcdad gerçəkliyə addım-addım, pillə-pillə alışıb və təbiətdə baş verən hadisələrlə, yaranan varlıqlarla miflərin dili ilə danışa-danışa ilkin peşələri: ovçuluğu, bağçılığı, maldarlığı mənimsəmişdi; onlar miflərin dilini bilməsəydilər, nə əkib-becərə, nə toxuya, nə daş alətlər və silahlar qayıra, nə də dünyanın sirlərinə bələd olardılar; onlar göyü sakrallaşdırmasaydılar, təbiətə tapınmasaydılar, nə bir nəğmə qoşar, nə rəqs edər, nə də oyun-tamaşalar qurardılar. Mifologiyanı bəşəriyyətin şüurlu həyatının astanasında duran düşüncə tərzi və kortəbii yaradıcılıq hadisəsi kimi götürüb arxaik rituallardan ayırmaq çox çətindir. Faktlar göstərir ki, Azərbaycan türk mifologiyasının təkamülü əsasən dörd mərhələdən keçib:
a) təbiətə tapınma – totemçilik;
b) təbiətlə ünsiyyətə girmə - şamançılıq;
c) varlıqların bir-biri ilə əbədi mübarizə aparmasına inam – atəşpərəstlşik və
d) dünyanın Vahid yaradıcı tərəfindən idarə olunması ideyasına gəliş – tanrıçılıq və islam.
Sonuncu ümumiləşdiricilik funksiyasını yerinə yetirmiş, əvvəlkilərin işıqlı, uğurlu tərəflərini öz içərisində əritməklə Yaradıcının qüdrətinə sığınmağı təbliğ edib. Əslində islam mərhələsi sırf dini, ictimai-siyasi mahiyyətli mərhələ olub, «super müsəlman» etnosunun formalaşmasına xidmət etdiyi üçün Azərbaycan türklərinin özünüdərkinə müəyyən mənada əks təsir göstərib, dünyaanlamını ümumtürk axarından ayırıb ümumşərq, ümumərəb, ümumislam konteksinə yönəldib.
Ramazan Qafarlı, professor
Xalq Cəbhəsi.- 2018.- 7 mart.-
S.14.